Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
ŞEYX MƏHƏMMƏD
XİYABANİ
əvvəli ötən
sayımızda
Xiyabaninin
başçılıq etdiyi Milli hökumətə “Azadistan”
adı verməsi də birmənalı
qarşılanmamışdır. Bəzi tədqiqatçılara görə, onun Azərbaycan
əyalətini “Azadistan” (“Azadllıq ölkəsi”) adlandırmasına
səbəb quzey
Azərbaycandakı Azərbaycan Cümhuriyyətinin
varlığı olmuşdur. Yəni Xiyabani artıq
dünyada Azərbaycan adlı bir dövlət olduğu
üçün, Milli hökumətə “Azadistan”
adını vermişdir. Xiyabaninin tədqiqatçılarından
Şövkət Tağıyeva hesab edir ki, o dövrdə Azərbaycan
Cümhuriyyəti rəhbərliyinin Güney Azərbaycanla
birləşmək niyyətinə ADF və onun lideri
Xiyabaninin münasibəti mənfi olmuşdur.
Xiyabaninin başqa bir tədqiqatçısı
prof. Vüqar Əhməd isə hesab edir ki, Şeyx Məhəmməd
Sovet Rusiyasının qurucusu
V.İ.Leninə və Qırmızı Orduya müsbət
meyil bəsləmiş, Azərbaycan Cümhuriyyəti və
onun liderlərinə isə hüsn-rəğbət göstərməmişdir:
“Tarixi mənbələr göstərir ki, Xiyabaninin “Azərbaycan”
adının “Azadistan”a çevirməsinin səbəbi məhz
bu olmuşdur. Onun Quzey Azərbaycanın 1918-ci il may
ayının 28-də elan olunan müstəqillyinə qeyri-səmimi
münasibəti, onun Quzey Azərbaycanı “XI qızıl
ordu” işğal edənə qədər, Quzey Azərbaycanla
bütün əlaqələrinin kəsilməsinə səbəb
olmuşdu. Xiyabaninin “Turançılıq ideyası”na da münasibəti müsbət
olmamışdır. Lakin Nəriman Nərimanov kimi, Xiyabani də
sonradan Leninin və bolşeviklərin
riyakarlığını görüb
peşimançılıq çəkmişdir”.
Prof. Cəmil Həsənli isə bu barədə bir qədər
fərqli fikir yürüdərək hesab edir ki, Quzey Azərbaycanın
zorla sovetləşməsinin gedişində Rusiya bolşeviklərinin
ölkənin müstəqilliyinə məhəl qoymaması
Xiyabanini ehtiyatlı hərəkət etməyə vadar
etmişdi.
Belə ki, rus bolşeviklərin Quzey Azərbaycanda
işğalçılıq siyasəti
yürütdüyü üzə çıxınca Xiyabani
Sovet Rusiyasının yardımlarının təmannasız ola bilməsinə şübhələri
artmağa başladı. Ona görə də,
o, Sovet Rusiyasının yardımlarından imtina edib, “hərəkatın
ilkin mərhələsində kiçik hallar istisna olmaqla,
Ş.M.Xiyabani bolşevizmə qarşı barışmaz
mövqe tutub”.
Fikrimizcə,
Vüqar Əhmədin də qeyd etdiyi kimi, Nəriman Nərimanovun
timsalında Sovet Rusiyasına başqa dövlətlərdən
çox ümid bəsləyən Xiyabani, rəsmi
Moskvanın da işğalçılıq siyasətini (buna ən
bariz örnək doğma Azərbaycan Cümhriyyətinin
işğalı idi) açıq şəkildə
gördükdən sonra rus bolşevizminə ümidləri
xeyli dərəcədə azalmışdır. Ancaq bu
heç də, Xiyabaninin milli-demokrat əqidəsindən əl
üzməsi də ola bilməzdi. Hər halda onun lideri olduğu ADF-nin məramnaməsində
sosial-demokrat, liberal-demokrat prinsiplər də öz əksini
tapmışdır ki, ancaq onlar daha çox demokratlar, ya da
milli-demokratlar kimi tanınırdılar. Artıq
milli-demokratlar isə başda Xiyabani olmaqla, rus bolşevizminin
iç üzünü daha real şəkildə
gördükdən sonra onlarla da əlaqələrini kəsmişdilər.
Güney
Azərbaycanda yaranan Milli hökumətə “Azadistan”
adının verilməsi məsələsinə gəlincə,
C.Həsənli onu da belə izah edir: “Xiyabaninin
silahdaşlarından olan İsmayıl Əmir Xizinin təklifi
ilə yeni yaranmış dövlətin adını “Azadistan”
qoydular. Əmir Xizi məsləhət gördü ki, Azərbaycan məşrutə
yolunda çox səylər və İrana azadlıq gətirdiyindən,
dünyada artıq Azərbaycan adlı dövlət
olduğundan milli azadlığa qovuşmuş ölkənin
adını “Azadistan” qoysunlar. Xiyabani bu fikri qəbul
etdi”. Doğrudan da, Xiyabani Əmir Xizinin bu məsləhətindən
sonra demişdir: “Azərbaycanın adını Azadistana dəyişərək,
bu gündən bu adı rəsmi ad kimi elan edirik”. Xiyabaninin Azərbaycan
Cümhuriyyətinə olan mövqeyini isə C.Həsənli
belə izah edir ki, onun Quzey Azərbaycana münasibətdə
ehtiyatlı mövqeyi hərəkatın ilk dövrlərində
rəsmi Bakının ingilislərin təsirində olması,
sonrakı dövrdə isə Sovet Rusiyası tərəfindən
işğal olunması ilə bağlı idi. Başqa
sözlə, Xiyabani istər İngiltərə, istərsə
də Rusiya tərəfindəın olsun, bütövlükdə
xarici müdaxilənin əleyhinə olub. Tanınmış
tarixçi alim T.Svyatoçovski də yazır ki, Azərbaycan
Cümhuriyyətinin Sovet Ruisyası tərəfindən
işğalı Xiyabaniyə çox pis təsir göstərmişdir.
Bizcə də, Xiyabaninin “Azadistan” adının üzərində
dayanmasımda artıq Azərbaycan adlı dövlətin
mövcudluğu mühüm rol oynamışdır. Həmin Azərbaycan
Cümhuriyyəti adlı dövlətlə yaxından
münasibətlər qura bilməməsində də, bir tərəfdən
İngiltərənin, o biri tərəfdən Sovet
Rusiaysının imperalizm siyasəti öz təsirini göstərmişdir.
Əlbəttə, bu heç də Xiyabaniyə
tamamilə haqq qazandırmaq anlamına da gəlməməlidir.
Ancaq dövrün şərtlərini və
bölgənin xaotik durumunu da nəzərə almamaq
mümkün deyildir.
Xiyabaninin dini-fəlsəfi baxışlarının
formalaşmasında ona fiqh və üsul elmlərini öyrədən
Hacı Mirzə Əbülhəsən Ağa Əngəcinin
mühüm rolu olmuşdur. Yuxarıda da qeyd etdiyimiz kimi
İslam fəlsəfəsi, İslam tarixi ilə yaxından tanış olan Xiyabani müctəhidlik dərəcəsinə
yüksəlmiş, bir müddət Hacı Kərimxan məscidindinin
axundu, imamcüməsi, ya da vaizi olmuşdur. Xiyabani irsinin
araşdırmaçısı, prof. Vüqar Əhməd
hesab edir ki, Sovetlər Birliyi dövründə “sosializmin “iti
baltası” altında tədqiqat aparan
publisistlər onu az qala ateist, eyni zamanda materialst
adlandırmaqdan belə çəkinməsələr” də,
əslində Xiyabani haqqındakı bu fikirlər heç də
həqiqəti özündə əks etdirmir. V.Əhməd
yazır: “Xiyabani İslami dəyərlərə, müqqəddəs
Qurani-Kərimə xüsusi əhəmiyyət verir,
demokratiyanı, azadlığı və ümumiyyətlə,
hürr yaşamağı bunsuz təsəvvürünə gətirmirdi.
Eyni zamanda, insanların İslam ehkamlarına
riayət etmədikləri halda, onların mənsub olduğu cəmiyyətin
mədəniyyətinin tənəzzülə
uğramasını dilə gətirirdi”.
Prof.
Əkrəm Rəhimli de hesab edir ki, Xiyabani özünün
dini-fəlsəfi baxışlarında islam
dəyərlərinə, islamın müqqədəs
kitabı Qurani-Kərimdəki ədalətə çağırış
olan prinsiplərə riayət olunmasını əsas şərt
kimi sürürdü. Ə.Rəhimli yazır: “Xiyabani islamda
dini-fəlsəfi prinsiplərin pak əxlaq, halallıq, bərabərlik
və ədalət üzərində qurulduğunu söyləyirdi.
Başqasının hüququna təcavüzü,
haqqının əlindən alınmasını, zülm və
zorakılığı islama xəyanət hesab edirdi və
ona qarşı çıxmağı özünün
mübarizəsində əsas hədəf kimi qəbul
etmişdi”.
Doğrudan da, Xiyabaninin yazılarında və nitqlərində
İslam dininə, islamlığa daima həssas
yanaşdığını görürük. Belə ki, o,
İslam dinini yeni mədəniyyətlərin yaranması
yolunda mane deyil, tam əksinə yolgöstərəni
olduğuna inanırdı. Xiyabani yazırdı: “Allah-təalanın
İslamın bizim üçün istədiyini yenidən əldə
etmək, müasir dünyada yeni mədəniyyət yaratmaq,
ya heç olmasa istər-istəməz meydana gələcək
bir mədəniyyətin yaranmasında fəal iştirak etməkdə
öz layiqli borcunu yerinə yetirmək üçün biz
müsəlmanların iki əsas işdə səy göstərməsi
zəruridir: bunlardan biri ağıl və təfəkkür,
digəri isə səbat və hımrəylikdir. Bu iki qiymətli
gövhəri əldə etmək üçünsə
müqəddəs Qurani-Kərimdən faydalanmaqdan daha qənaətbəxş
bir iş ola bilərmi? Quran kimi hansı bir
kitabda varlıq aləmində, dünyada elmə, səbrə,
təfəkkürə və tədbirə, millətlərin,
xalqlaırn taleyindən nəsihətamiz məsələlərə
bu qədər diqqət verilmişdir? İrqi,
milli, hətta məzhəb ixtilaflarının və dil fəqihilə
mövcud olmasına baxmayaraq, Quran bizim vəhdət amilimiz,
bizi bir-birimizə bağlayan ən möhkəm kəndirimiz –
vasitəmizdir. Əgər onun qədrini
bilsək, bir tərəfdən durğunluqdan və adətpərəstlikdən,
digər tərəfdən başqalarının
qarşısında özümüzü itirməkdən uzaq
olsaq, ağılla ona müraciət etsək, bugünkü həyatımızı
və gələcəymizin üfüqlərini onun nuru ilə
işıqlandıra bilərik”.
Şübhəsiz, burada İslam dini ilə, ya da
İslam fəlsəfəsi ilə dünəyvi elmlərin
uzlaşdırlması çox vacibdir. Əlbəttə,
dünyəvi elmlər dedikdə, burada sözün həqiqi
mənasında bəşəriyyətə xidmət edən
elmlərdən, fənlərdən söhbət gedir. Yəni hər bir xalq öz dini dəyərlərini
bildiyi qədər, obyektiv xarakter daşıyan və millətin
inkişafına xidmət edən dünəyvi elmlərdən
də agah olmalıdır. Bunlar bir-birini
tamamlamalıdır ki, hər hansı xalq baqşa
xalqların, xüsusilə də daim qəsbkarlıq,
faşizm niyyəti güdənlərin qurbanına
çevrilməsin.
Bu baxımdan Xiyabaninin o fikri ilə
razılaşırıq ki, artıq günün tələblərinə
cavab verməyən, üstəlik milləti geriçiliyə
sürükləyən dini, ya da milli olsun adətpərəstlikdən
əl çəkilməli, baqşa xalqarın
inkişafına səbəbə olan texnologiyaları milli-dini
özünəməxsusluqları qotumaq şərtilə, tətbiq
etmək lazımdır. Digər tərəfdən də unutmaq
lazım deyil ki, milli-dini irsimizin özündə də kifayət
qədər lazımlı olub, ancaq unudulmuş dəyərli
elmi bazamız var ki, onlara yenidən müraciət
olunmalıdır. Xiyabani yazırdı: “Bizim dərdimiz
budur ki, bir zamanlar elm, hikmət və mədəniyyət
bayraqdarı olan İslam ümməti son əsrlərdə zəifləmiş
və geri qalmışdır. Zamanın qalib, böyük
nüfuza malik mədəniyyəti qarşısında kədər
doğrucu bir ətalət üzündən, hətta bu mədəniyyətin də
əldə etdiyi nailiyyətlərdən bəhrələnmək
fürsəti və imkanı tapmamışdır. Bizim bu zəifliyimiz, bir zaman bəşər taleyinin
başı üəzrində parlaq bir ulduz kimi işıq
saçmış, dövrünün qalib mədəniyyətinin
də borclu olduğu və indinin özündə də bir
sıra əsərləri və təsirləri həmin pərəstişin
yadigarı olaraq qalmış bir mədəniyyətin sona
çatmasının nəticəsidir”.
Xiyabani çox doğru qeyd edirdi ki, milli-dini irsimizi yetərincə
bilmədiyimiz üçün, onu çox vaxt arxa plana qoyub,
ancaq hazırda inkişafda olan mədəniyyətlərin
arxasınca sürünürük. Halbuki bu gün inkiafda olan mədəniyyətlər,
xüsusilə də Qərb mədəniyyəti öz
uğurlarına görə yalnız Yunan-Roma mədəniyyətinə
deyil, eyni zaamnda Şərq məədniyyətin, o cümlədən
də İslam mədəniyyətinə borcludur.
Sözün açığı, bu həqiqəti 100 il əvvəl olduğu kimi, bu gün də
anlayanlar hələ də yetərincə deyildir. Bütün hallarda, Xiyabani kimi filosoflarmızın
yalnız ictimai-siyasi məsələlərdə deyil, eyni
zamanda, fəlsəfi və dini fəlsəfi məsələlərdə
də öz sözlərini deyə bilməsi, yeni fikirlər
irəali sürməsi qürurvericidir.
Beləliklə, Xiyabanin ictimai-fəlsəfi, ictimai-siyasi və dini fəlsəfi görüşləri ilə bağlı düşüncələrimizi yekunlaşdıraraq, hesab edirik ki, o, öz dövrünün sözün həqiqi mənasında müdrik bir şəxsiyyəti olmuşdur. Xiyabani daha çox fərd və cəmiyyətin bir-birinə bağlılığı, yəni ayrı-ayrı fərdlərin kollektiv halda birləşib ümumi ruhu ifadə etməsi fəlsəfəsi üzərində çalışmışdır. Onun bu fəlsəfəsinə görə, fərdlər daima “xalqın vicdanı” olamldır ki, xalq köləliyə və səfalətə sürüklənməsin. Bu anlamda “xalqın vicdadnı”nını hər daim ayaq üstə tutmaq üçün, yeri gələndə onun eyiblərini göstərməyi də bacarmaq lazımdır. Bu o analma gəlir ki, hər hansı bir xalqın eyiblərini, nöqsanlarını göstərmək onu aşağılamaq niyyəti ilə də, ya da onu yüksəklərə qaldırmaq üçün də istifadə oluna bilər. Xiyabaninin fəlsəfəsində isə fərdin hər cür qorxunu və köləliyi içində öldürüb, cəsarətlə və igidliklə millət, vətən yolunda özünü şəhid etmək əsas yet tutmuşdur. O, özü də məhz bu fəlsəfənin bariz daşıyıcısı kimi vətən və millətin azadlığı uğrunda şəhid olmuşdur.
AMEA Fəlsəfə İnstitutunun
aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru
Faiq Ələkbərli
Türküstan.- 2019.- 17-23
sentyabr.- S.6.