“Şaman nəvəsi – Rüstəm Behrudi”

 

əvvəli ötən sayımızda

 

Boz Qurd obrazı onun poeziyasını mifoloji düşüncəyə söykəyirsə, Şaman obrazı bu poeziyanı İlahi başlanğıca bağlayır. Bu poeziyada Şaman ayrıca vəsf olunmur, onun şəninə söylənən misralar yoxdur. Amma Şamana, onun duasına böyük inam var. Bu inam Behrudi poeziyasının güc mənbəyidir, oxucuda şairin duasının qəbul ediləcəyinə böyük ümid yaradır:

 

                 Şaman kimi sözlərdən

                       mən tale toxuyuram,

                 Ürəyimdə səksəkə,

                      ruhumda bir zəlzələ…

                 Hər gecə göy üzünə

                      mən dua oxuyuram:

               – İlahi, bu milləti

                    yox olmaqdan hifz elə!

 

    R.Behrudi heç kəsi təkrar etmir. Əslində o, kimisə təkrar etmək istəsə belə bu, mümkün deyil. Çünki Rüstəm Behrudinin çapdığı atın meydanı başqa məkandır. Bu məkanın bir tərəfində gün batanda o biri tərəfində günəş yenidən doğur. Onun poeziyasında özünəməxsus milli hiss və duyğudan enerji alan daxili dinamizm və səmimilik öz gücünü həmişə saxlayır. Səmimiyyəti, məhrəmliyi qoruyan və yaşadan poeziya isə oxucuya daha çox doğmadır.  Rüstəm Behrudinin “Salam, Dar ağacı “şerinin geniş yayılmasının və müəllifinə şöhrət gətirməsinin əsas səbəbi şerin misralarına hopmuş səmimilik və məhrəmlikdir. Oxucu eşitdiyi salamı ala-ala, ona “əleyküm-salam” cavabını verə-verə özü də bilmədən şerin ruhuna uyur. Elə bil salam oxucunu dalınca dartıb aparır.

Rüstəm Behrudinin Dar ağacı cəza ağacı deyil ki, günahkarları asasan, ölümün qınaq sahibi olasan. Rüstəm Behrudinin Dar ağacı əsr-əsr, nəsil-nəsil bölünən bir xalqın dərdiylə üz-üzə dayanan, Tanrının bəndədən aralı düşməsinə şəhadət verən bir ağacdır. Dar ağacına verilən salam oxucuya verilən salama çevrilir, ağac da ruhən yaxınlaşır, doğmalaşır.

      Rüstəm Behrudi şeirində Dar ağacı oxucu yaddaşında qalan quru, günahkar ağac deyil. Rüstəm Behrudinin dilində bu ağac budağı, yarpağı olan həyat ağacıdır:

 

                              Çarxı tərs fırlanır fələk qarının,

                              Turan kölgəsində budaqlarının,

                              Rəngi bayrağımda yarpaqlarının,

                              Salam, Dar ağacı!

                              Əleyküm-salam.

 

R.Behrudi yağmalanan obalara, bölünən ellərə, tapdanan torpaqlara, quruyan çaylara görə Dar ağacı ilə haqq-hesab çəkməyə gəlib. Amma bu haqq-hesab məqamında hakim olmaq iddiasında deyil, o, yaxşı bilir ki, haqq-hesab məqamı Tanrının ixtiyarındadır. Rüstəm Behrudi Dar ağacının hüzurunda dəli bir şair kimi dayanır, heç Dar ağacının özünə də qürrələnməyə imkan vermir:

 

                                  Qəbul et, növbəti qurbanın mənəm,

                                  Mənim canım səndə, bil, canın mənəm,

                                  Elə qürrələnmə… hər yanın mənəm,

                                  Salam, Dar ağacı!

                                  Əleyküm-salam.

 

   R.Behrudi vətənimizə sevgisi, vətənə, millətə olan məhəbbəti onun bütün misralarından, şeirlərindən, ümümiyyətlə hər kəlməsindən süzülüb vərəqlərə tökülür. Onun hər bəndi, hər kəlməsi vətən qoxuyur. Behrudi  yaradıcılığı başdan-ayağa vətənə həsr olunur desək yanılmarıq. Şeir ürəyin, beynin kardioqramıdır. Şeir yalnız ürəyin yox, həm də ömrün çövhəridir. Rüstəm Behrudinin  kitablarında yalnız bircə ömrün deyil, nəsillər və əsrlər ömrünün cövhəri verilmişdir. Xoşbəxt o şairdir ki, xalqını təmsil edə bilir, bu halda onun ilham vergiləri yalnız özünün deyil, bütün ulusun, yurdun mənəvi kardioqramına çevrilir. Şeir və dastanların çoxu əsrimizin son rübündə yazılsa da, ehtiva, dairəsi çox böyük, çox  əzəmətlidir.   

  Bir az qəribə səslənsə də, mənimlə razılaşarsınız ki, hər bir şairin harda adı çəkilir çəkilsin, həmin an onun ya bir məşhur misrası, ya bir bənd, ya da bütöv bir şeirin özü yada düşür. Rüstəm Behrudinin də adı çəkilən kimi yaddaşlarda  aydınlaşan belə bir sadə, təbii, həm də məhəbbətin özü kimi ölməz misraları var:

 

                    Mən kiməm? Özünə qılınc qaldıran,

                    Özündən intiqam, qisas alan da.

                    Mənəm Çaldıranda, mənəm Şuşada

                    Elə qalib gələn, məğlub olan da…

 

      Rüstəm Behrudi poetik düşüncələrinin  coğrafi sərhədləri və imkanları çox geniş və zəngindir. Şairin bütün yaradıcılığının ruhunu təşkil edən təbilik və müasirlik, güclü vətənpərvərlik və xəlqilik, dərin beynəlmiləlçilik ideyaları, zəngin, incə, oynaq formada, yüksək obrazlarla öz bədii həllini tapır. Sülh, azadlıq, türkçülük,  demokratiya uğrunda mübarizə şairin  yaradıcılığında geniş yer tutur. Şair bu mövzunu həmişə vətən və xalq anlayışı ilə vəhdətdə görür. Onun vətəndaş duyğuları ilə lirik qəhrəmanın ehtiras və düşüncələri çox vaxt eyniləşir.

     Rüstəm Behrudi şeirləri ilə yol gedir. O, yüz illik, min illik yolun yolçusudur. Bu yol Rüstəm Behrudinin qəlbindən başlayır, onu yurd yerinə aparır, amma həmin yolun üstündə Türkmənçay, Gülüstan, Çaldıran var. Qardaş qovğasını yaşadan tarixi yaddaş içində şairin “Beyrəyin köynəyini qanlı-qanlı gəzdirmək” istəyi təbii və inandırıcıdır. Çünki Rüstəm Behrudinin yurd yerinə çatmaq istəyinin görk yeri yalnız Beyrəyin köynəyi ola bilərdi. Mövzu, ideya və bədii detal arasındakı qırılmaz bağların təbiiliyinin sübutu üçün şeir tariximizdə bundan gözəl nümunə tapmaq çox çətindir. Rüstəm Behrudinin poeziyasında tarixi məkanlar da – Təbriz, Dərbənd, Ötükən; tarixi şəxsiyyətlər də-Teymurləng, Xətai, İldırım Bəyazid, Sultan Səlim, Qacar; mifoloji obrazlar da – Qorqud, Beyrək, Leyli, Məcnun, Əsli, Kərəm həm poetik mətnin içinə daxil olurlar, həm də müəllif ideyasının qavramına təminat verirlər. Rüstəm Behrudinin vətən, yurd sevgisinin məkanı bugünkü deyil, tarixi coğrafiyanın sərhədlərinə dayanır: Qarayazı, Göyçə, Ərzurum, Kərkük bu coğrafiyanın adi məkanlarıdır.

Şair bu yolu gedərkən Araz üstə körpü olmaq istəyir. Bu yol çox uzundur, bəzən heç axırı da görünmür. Amma o, öz yolundan dönməzdir və dönməməkdə çox qərarlıdır:

 

                                Bəlkə də, ölümə aparır məni,

                                Mənə gəl-gəl deyib yanan ocaqlar.

                                Yolumdan dönmərəm, dönük şairin

                                Şerinə od vurub yandıracaqlar.

 

Şairin poeziyasında həyatla ölüm bir yerdədir, vəhdətdədir, ayrılmazdır:

 

                               Bir ömürdüm,-sevinci az, qəmi çox,

                               Necə göynər könlümdəki yaram, ox!

                              Bu dözümdən daha mənə haray yox…

                              Bax, öldürüb:

                              Başdaşımı ağlar hey!..

 

      Müasir insanı öz əcdadı ilə birləşdirən yeganə doğru yol ruhdan keçir. Bu ruh tarixi yaddaşın da əzəli və əbədi məkanıdır.

Rüstəm Behrudi əqidəsi şairliyi ilə harmoniya təşkil edir. Bu yolda ölmək də var. Çünki bu yol şairin (həm də türkün!) taleyidir.

Rüstəm Behrudi poeziyasında xalqdan və millətdən ayrıca bir şair ömrü yoxdur. Şairin yaşadığı hiss və duyğular millətin həyatı, xalqın taleyi ilə vəhdətdədir. Onun yaradıcılığında şair şəxsiyyəti ilə millət obrazının birliyi yaranır. Bu xətt Rüstəm Behrudi yaradıcılığını fərqləndirir.

Rüstəm Behrudinin şeirləri müasir şairlərin heç birinin şeirlərini xatırlatmır. Bu fərqlilik poetik novatorluğun şeirdə ifadə olunan fikirlərdən qaynaqlanması, həmçinin şeirin daxili hərəkətinin tənzimləməsi ilə bağlıdır. Nümunələrdə rast gəlinən “Tanrı öz yanından göndərib məni”, “Qurd kimi uladım gecələr elə”, “Orda-Tanrı dağda Gurşad gözləyir” kimi misralar bir bəndin sonuncu, digər bəndin isə birinci misrasına çevrilməklə dinamizm yaradır. Əslində isə Tanrı, Boz Qurd, Gurşad adlarını içinə hopduran həmin misralar şeri ruh kimi dolaşır.

      Dünyada ilk qədəmlərimizi atarkən doğulduğumuz torpağın adı bizim hələ sadə, təfəkkürümüzdə Vətən mənasındadır. Sonra bu ad məktəb dəftərimizin üstünə yazılır, məktublarımızın üstündə bir ünvan kimi dünyanı dolaşır. Daha sonralar  ömür pasportumuza yazılaraq bütün həyat boyunca bizimlə birgə yaşayır. R.Behrudi də ədəbiyyatımıza, poeziyamıza öz imzası, adı, soyadı ilə yazıldı. Şanla-sanballa yazılan bu imza poeziyamıza silinməz möhür vurdu və daha neçə-neçə əsərlər yazıldıqca da, vurulacaq… Ürəyinizə hərarət, qələminizə bərəkət, gözəl şairimiz. Yaşayın və yaradın!..

 Qoy ilham pəriniz sizi müjdələsin yeni-yeni şeirlərə, pıçıldasın qulağınıza misraları, bəndləri. Tanrı sizi və sizin simanızda vətən övladlarını qorusun!

 

Başımdan dumanlı uyğular keçir-

Görəsən, xoşbəxtmi yazdığım yazı!

Görəsən, aldatmır bu fikir məni

Ki, “quzu” sözündə yazıqlıq yatır,

Ya “yazıq” sözıq sözündə yaşayır quzu.

Başımdan dumanlı uyğular keçir,

Fikrə, düşüncəyə  qorxu,

Fikirdə yaşayır azadlıq ancaq!

 

Aynurə Əliyeva

 

Turkustan.- 2019.- 17-23 sentyabr.- S.24.