Dul qadının azadlıq saatı
Yasəmən ağacı elə
güclü ətir saçırdı ki! Gümüşü ay işığı
divarları elə qüssəli aydınlatmışdı
ki! Qadın isə yenidən
onun haqqında düşünməyə başlamışdı.
Onu haradasa bir qanlı döyüş udmuşdu
və düz bir il olardı ki, uzaqlarda bir yerdə
dəfn edilmişdi.
Həmin
vaxt qadın öz sevimli ağ paltarında
bağa çıxmışdı,
onun portretinin yanına qoymaq üçün tər qızılgül dərmək
istəyirdi; və birdən bu xəbəri eşitdi. Bu adsız ağrıya
hakim olmağa gücü
yetmədi, göz yaşı axıtmadan, qızılgül əvəzinə
tünd sarmaşıq
gülləri dərərək,
onun şəklinə
sarı apardı.
Çünki şəklin sahibi
artıq ölmüşdü.
Gecə küləyi onu yasəmən ətrinə
qərq eləmişdi. Bir neçə
yarpaq qadının qara donuna düşdü.
- Ölmək, – o, pərişan
halda dedi, – ölmək. – Və qeyri-ixtiyari olaraq gözlərindən iri damlalar süzüldü.
Çox çalışdı ki,
onun haqqında düşünməsin. Dərin
ağrı ilə
hiss edirdi ki, xəyalında canlandırdığı
o sima getdikcə solğunlaşaraq uzaqlaşır,
həyat da mənasını itirir, cansıxıcı olur. Bunu anladığı zaman ruhunu kəskin sancı yaxaladı. Başını daş masanın
üzərinə söykədi
və qırıq-qırıq
kəlmələrlə sevgidən
və həsrətdən
danışmağa başladı.
Ötən günləri geriyə
çağırdı. O günlər ki, onların ruhları bütövləşirdi, birlikdə
tarlaları, meşələri,
bağları dolaşırdılar.
Bir dəfə mərhum kiçik
evin qarşısında
xoşbəxt gələcək
barədə ağızdolusu
fikirlər deyirdi.
- Ah, sən mavi yay
gecəsisən, – qadın
inilti ilə dilləndi, – axı niyə belə darıxıram sənin üçün? Yəni heç
vaxt rahatlıq tapmayacağam?
Qəfil üzünü çevirdi. Ona elə
gəldi ki, kimsə arxadan nəsə pıçıldayır.
- Bu gecə, – dedi. – Gecə... öz həyatı ilə... yaşayır... Təbiət
ölməyib... hələ
yaşayır – daşlar,
ulduzlar, sakitlik...
Qadın qorxmuş halda susdu. Hardandır axı bu sözlər? Necə oldu
ki, özünü unudaraq belə ucadan dilə gəldi?
Daha sonra yaddaşında o uzaq axşam canlandı: gecəyarısına
qədər birlikdə
oturub, Tusitan və İzolda haqqında danışmışdılar.
Məhz həmin axşam mərhum deyirdi ki, heç nə əbədi deyil, amma eyni
zamanda, hər şey ölümsüzdür.
Deyirdi ki, həyat – təbiətin çiçəklənməsidir,
canvermə dövrü
isə – yeni həyat öncəsi istirahət. O, ölümün
dağıdıcı olmadığını,
öz övladını
oyatmaq üçün
yuxuya verən anaya bənzədiyini deyirdi.
Anidən qadının könlü
nəsə izaholunmaz duyğu ilə doldu. Ayağa qalxdı.
- Hə, – o, nəsə qəribə, sanki yad adama məxsus
bir səslə danışırdı, – həyat,
ölüm… hamısı
vəhdətdədir!
Sonra isə ayaqlarını
hiss etmədən, ayın
işıqlandırdığı cığırla evə doğru addımladı. Nə etdiyini özü də anlamırdı.
Əynindən qara matəm paltarını çıxardı, çox
sevdiyi ağ
donunu geyinib, saçlarını çiyinlərinə
buraxdı. Və bağa qayıtdı.Yasəmən
ağacının budaqları
onun alnına dəyirdi. O, əllərini
yuxarı qaldırıb,
ətirli çiçəklər
olan budaqları bir-bir qırmağa başladı. Bir azdan daş
masa ətirli yasəmənlərlə örtülmüşdü.
Ay işığı onun saçlarında titrəyir,
güllərin üzərində
sürüşürdü. Gecə nağıllardakı kimi göy və sehrkar idi.
Qadın isə başqa dünyadan gəlmiş biri kimi sanki
daha insan olmaqdan çıxmış,
ağaclar və çiçəklərlə doğmalaşmışdı. O, ulduzların
yaxınlığını hiss edir və göy
gecə onun alnından öpürdü.
Sanki ilahi bir qüvvənin təsiriylə,
bir anlıq gözlərini yumub-açdı. Bütün ağaclar
ona köhnə tanışlar kimi, bütün ulduzlarsa doğmalarıtək görünməyə
başladı. Təbiət qadın, qadın da təbiət idi.
O an əllərini qaldıraraq dərin və cingiltili səslə, öz sözlərini özü
də anlamadan dilləndi:
- Təbiət! Ana və bacı! Həsrət və vüsal! Həyat! Qürub çağı günəşinin
parıltısı, gündüz
ulduzlarının bərq
vurması... Ölüm!
Sən, göylük!
Ah, ənginlik! İşıqlı
əlbisədə tünd
məxmər! Sən,
həyat, elə ölümsən sən! Sən, ölüm, həyatın özüsə!
Hər şey – təbiətdir! Mənsə
özüm deyiləm!
Mən kolam, ağacam! Küləyəm,
dalğayam! Tufan və mülayimlik! Və məndə dünyaların qanı axır! Bu ulduzlar da məndədir! Mənsə ulduzlardayam! Ulduzların bir hissəsi! Mən – həyatam! Mən kosmosam! Mən – sən deməkdir!
Ay işığı onun saçlarında gümüşü
rəngə çaldı.
O bir müddət susdu. Sanki işıq və qaranlığın
vəhdəti olan bu gecə pıçıldadı:
“Mən – sən
deməkdir!”
Qadın başını aşağı
saldı. Və indicə dediyi
sözlərin mənasını
qəfil dərk elədi.
- Mən – sən deməkdir, – çox sakit, sanki içində
təkrar elədi.
– Azad olmaq! – o, əllərini
güllərin üzərinə
qoydu. Qətiyyətlə bir daha dilləndi.
– Azadlıq! Bəli, sən ölməmisən.
Sən yaşayırsan. Mən elə
sən... sən elə mənsən.
Mənim
içimdə yaşayırsan.
Dünyada, təbiətdə,
kosmosda... Biz həmişə
bütöv olacağıq.
Sən və mən!...
Sonra isə dizləri üstə çökdü, səliqə
və incəliklə
bir sarmaşıq budağını yerdən
qaldırdı.
- Eşidirsən? Bu sənsən. Mən
səni öpürəm!
– qadın çəhrayı dodaqları
ilə soyuq budağa toxundu. Ayağa qalxdı və qızılgül koluna sarı əyildi.
– Eşidirsən? Mən səni sevirəm, – məlahət və nəvazişlə dedi.
Sonra alnını
ağaca söykədi.
- Sən burdasan ki, – incə təbəssümlə pıçıldadı.
Tünd göy rəngdə olan gecə səmasına baxdı. Və eyni nəvazişlə də davam etdi:
- Azadlıq! Barışıq!
Sülh! Sevgilim, sən ölməmisən!
Mən daha səni hər gün itirməyəcəm...
Sən həmişəlik
mənimsən... Bütünlüklə
mənə aidsən!
Sən, mən... biz bütövük!
Qadın üzünü çevirərək,
ayın işıqlandırdığı
cığırlarla addımlamağa
başladı. Onun üzü işıqlı
və məsud idi, gözlərindən sevgi yağırdı.
Lap ilk dəfə öpüşdükləri
gündəki kimi...
Yasəmən ağacı elə
xoş ətir saçırdı ki...
Və bağın
hansısa guşəsində
bir bülbül oxuyurdu.
Erix Maria Remark
Türküstan.- 2019.- 17-23 sentyabr.- S.22.