Rauf Canıbəyov: “Cərrahlıq
özü də incəsənətdir”
Budəfəki
həmsöhbətim qeyri-adi istedada malik maraqlı şəxsiyyət,
ixtisasca cərrah olan və bu sahədə uzun illər fəaliyyət
göstərən, eyni zamanda, özünü həm də
incəsənətdə tapan, müxtəlif janrlarda çəkdiyi
rəsm əsərləri ilə
tamaşaçılarını heyran edən, bəzən nostalji, bəzən
heyrət, təəccüb, bəzən kövrəklik, kədər,
sevgi... aşılayan rəssamdır. O, həmişə
özündən danışarkən rəssamlıq təhsili
olmadığını xüsusi vurğulayır, bu sahədə
bir gün belə hansısa peşəkardan dərs
almadığını, qəlbindən gələn,
şüurunda əks olunan duyğularını çəkdiyini
deyir. Biz isə düşünürük ki, onun
duyğularına valeh olmamaq, onunla birgə həmin hissləri
yaşamamaq mümkün deyil. Beləliklə, müsahibim əsərləri
ilə heyrətləndirməyi bacaran Rauf Canıbəyovdur.
- Söhbətimizə
ənənəvi sualımızla başlayaq. Səhhətiniz
necədir?
- Təşəkkür edirəm, yaxşıyam. Hələ şikayətim yoxdur, özümü tam sağlam hiss edirəm.
-
Sağlamlığınızın qayğısına
qalırsınız?
- Özüm həkim olsam da, əksər azərbaycanlılar kimi, tez-tez həkimə müraciət etməyi xoşlamıram. Amma çalışıram təbiətin qanunlarına zidd getməyim. Buna baxmayaraq, heç də hər şey özümüzdən asılı deyil. Əgər hazırkı dövrdə gündəlik fəaliyyətimizin, ünsiyyətimizin, yaşadığımız ətraf mühitin əksər hallarda zərərli vərdişlərdən və ünsürlərdən ibarət olduğunu nəzərə alsaq, görərik ki, onlardan tam uzaq qalmaq mümkün deyil.
- Doktor,
müsahibələrinizin birində qeyd etmisiniz ki, məktəb
illərində diplomat olmağı arzulamısınız.
Amma tamamilə fərqli sənətə – həkimlik peşəsinə
yiyələnmisiniz. Niyə fikrinizdən yayındınız?
- Təvazökarlığı kənara qoysaq, deyə bilərəm ki, əksər uşaqlar kimi, mən də erkən yaşlarımdan bir çox sahələrə – texniki fənlərə, incəsənətə, xüsusən rəssamlığa, biologiyaya, tibbə maraq göstərmişəm. Amma artıq orta məktəbin yuxarı siniflərinə çatanda diqqətimi daha çox beynəlxalq əlaqələr, diplomatiya sahəsi, bu istiqamətdə perspektivlər cəlb edirdi. Nəhayət, təhsilimi bu yöndə davam etdirməyə qərar verdim. O zaman Moskvada Sovet İttifaqının tərkibindəki respublikaların hərəsinə MİMO-ya – Moskva Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmaq üçün ildə cəmi iki yer ayrılırdı. Həmin yeri qazanmaq isə heç də asan başa gəlmirdi. Onun üçün müəyyən xarici dil bilikləri, yüksək təhsil səviyyəsi, şəxsi və psixoloji keyfiyyətlərin, tərcümeyi-halın tələblərə uyğun olması və sair şərtlər qoyulurdu. Belə ciddi seçimə baxmayaraq, məqsədimə çatdım – saysız-hesabsız mərhələlərdən keçdikdən sonra iki yerdən birini mən qazandım. Amma elə bu uğurla diplomatiyaya olan ehtirasım sanki söndü və qısa zamanda, ruhən mənə daha yaxın olan tibb sahəsinə yönəldim. Sənəd qəbulunun sonuncu günü işlərimi Azərbaycan Tibb İnstitutuna verdim və daxil oldum. Təhsilimi başa vurduqdan sonra uzun illər cərrah işlədim.
- Amma bu sahəni
də tərk etdiniz və növbəti dəfə rəssamlığı
fəaliyyətinizin ana xəttinə çevirdiniz. İllərinizi
həsr etdiyiniz sənətinizdən uzaqlaşmaq çətin
olmadı?
- Əlbəttə, çətin idi. Amma bu dəfə
situasiya fərqli oldu. Mən birdən-birə, istəyərək
cərrahiyyədən uzaqlaşmadım. İşlədiyim
yeri tərk etmək məcburiyyətində qaldım. 1992-ci ildə Səhiyyə Nazirliyinin rəhbərliyi
ilə aramızda anlaşılmazlıq yarandı. Hətta bir müddət Səudiyyə Ərəbistanına
gedib cərrah-mütəxəssis vəzifəsində
çalışdım. Orada da çox
qala bilmədim. Vətənə qayıtdıqdan sonra isə
bir neçə il müxtəlif özəl
klinikalarda əməliyyatlar apardım. Amma belə iş
prinsipi məni qane etmədi və tədricən səhiyyədən
uzaqlaşmağa başladım. Mövcud vəziyyət
mənim üçün kritik nöqtəyə çatanda
isə – 2004-cü ildə cərrah kimi fəaliyyətimi tam
dayandırdım.
Ancaq təbabətdən tam uzaqlaşmamışam,
ümumi profilli həkim kimi dənizdə tibb xidməti
göstərirəm.
Düşünürəm ki, tibbin hansı sahəsində
çalışmasından asılı olmayaraq, həkim hər
zaman pasiyentlərinin mənafeyini qorumalı, ancaq onların
sağlamlığını düşünməli,
vicdanlı olmalıdır. Pul, siyasət,
qohumbazlıq, rüşvətxorluq, vəzifəyə pərəstiş
və bu kimi təbabətə zidd ünsürlər
qarşısında güclü dayanmağı
bacarmalıdır. Əks halda, təbabət
də, həkimlərə olan hörmət də bitər.
- Geriyə baxanda heyifsiləndiyiniz, əməliyyat
etmək üçün darıxdığınız vaxtlar
olur?
-
Doğrusunu deyim ki, indi olduğum yerdən geriyə baxanda,
heç nəyə heyifsilənmirəm. Cərrah
kimi çalışdığım dövrdə həyatım
kifayət qədər aktiv, zəngin keçib,
saysız-hesabsız əməliyyatlar aparmışam. Üzərimə düşən vəzifəni məsuliyyətlə
və sevgi ilə yerinə yetirmişəm. Həkimlərin əksəriyyəti kimi, cəmiyyətə
faydalı olmaq, gücüm və imkanlarım çərçivəsində
insanların sağlamlığını qorumaq naminə var
qüvvəmlə çalışmışam. Amma indi desəm ki, o günlər üçün
darıxıram, yalan olar.
- Əsərlərinizdəki
qadınların estetik cəhətdən gözəl
görünüşlü, ideal bədən quruluşlu
olmasında sizin plastik cərrah kimliyinizin təsiri varmı?
- Mən
özümü təkcə plastik cərrah kimi təqdim etməzdim.
Çünki fəaliyyətim dövrundə cərrahiyyənin
bütün sahələrində əməliyyatlar həyata
keçirmişəm. İstər plastik cərrahiyyə,
istərsə də digər cərrahi müdaxilələr
zamanı pasiyentə həm konkret patologiyanın tələblərinə
uyğun, həm də incəsənət əsəri üzərində
iş prinsipi ilə yaxınlaşmışam. Axı,
cərrahlıq özü də incəsənətdir.
- Məlumdur ki, son dövrlər
plastik cərrahiyyə çox inkişaf edib. Amma təəssüf
ki, bu inkişaf ancaq qüsurların aradan
qaldırılmasına xidmət etmədi, həm də plastik
əməliyyatların dəb halını almasına gətirib
çıxardı. Sizcə, bu tendensiya insanlarda fərdiliyin,
özünəməxsusluğun, fərqliliyin tədricən
aradan qalxmasına səbəb olurmu?
- Deyərdim
ki, özünəməxsusluq təkcə xarici görkəmdən
asılı deyil. Plastik və estetik əməliyyatlara
olan tələbatın artması bu gün tibb elminin durmadan
inkişafı və imkanlarının genişlənməsi
ilə əlaqədardır. Çünki
inkişaf istər-istəməz təklifi artırır.
Məncə, müasir imkanlar çərçivəsində
istənilən şəxsin öz təkrarolunmaz xarici
simasını dəyişdirmək istəməsi onun ən təbii
haqqıdır. Dəb məsələsinə
gəlincə isə qeyd edim ki, bu, etnos, coğrafi mövqe,
sosial və digər səbəblərdən asılı olaraq,
hər zaman dəyişilib və dəyişiləcək.
Fikrimcə, əsas məsələ odur ki,
insanlar mənəvi və ruhi özünəməxsusluğunu
itirməsinlər.
- Rauf bəy, bəs, rəssamlığa
marağınız necə yarandı?
-
Düzü, bu barədə xüsusi düşünməmişəm.
Sadəcə, uşaqlıqdan rəsm çəkməyi
xoşlayıram. Bu həvəsimi görən
valideynlərim də rəsm çəkmək
üçün lazım olan hər avadanlığı
alırdılar. Əvvəlcə qələm,
kömür, tuş və boyalarla çəkirdim. Sonralar gildən də istifadə edirdim. Ağac üzərində oyma işlərim də
var. Bir sözlə, əlimin altında olan hər şeydən
yararlanmışam. Amma bunların
hamısından çox, boyalar məni cəlb edib. Onların ətrini həmişə, elə indi də
sevirəm. Hazırda yağlı boya,
karandaş və rəqəmsal qrafika ilə işləməyə
üstünlük verirəm.
- Əsərlərinizin
arasında rəqs edən qadınlar diqqətimi xüsusilə
cəlb edir. Hətta
balerina və ya rəqqasə kimi təsvir etmədiyiniz
qadınların da görüntüsündə rəqs
elementləri aydın sezilir. Bu nə ilə
əlaqədardır? Sizcə, qadınlar
rəqs edərkən daha gözəl və
füsunkardırlar?
- Məncə,
qadınlar rəqs edib-etməmələrindən asılı
olmayaraq, hər zaman gözəl və füsunkardırlar. Bu mənim səmimi fikrimdir. Sadəcə,
rəqs insan bədəninin plastikasını və emosional
varlığını daha əlvan əks etdirir.
- Bir də rəsmlərinizdə
İçərişəhər sevgisi hiss olunur. Bu bağlılığı, sevgini, xatirələrinizi
sözlə necə təsvir edərdiniz?
- İçərişəhər mənə ruhən
çox yaxın və əzizdir. Biz əvvəllər
İçərişəhərdə
yaşamışıq. Sonradan evimizin
bünövrəsi altında qədim hamam aşkarlandı və
biz Nizami küçəsinə
köçürüldük. Amma yenə
də, Qoşaqala qapısından təxminən 3 dəqiqəlik
məsafədə qalırdıq. Uşaqlıq,
yeniyetməlik dövrüm İçərişəhərdə
keçib və o illərdə yaşananlar indiyə kimi
gözlərimin önündədir. Orada gəzməyi,
köhnə binaları seyr etməyi, çoxəsrlik tarixi
olan daşlara toxunmağı sevirdim.
- Köhnə Bakı
üçün darıxırsınız?
- Əlbəttə ki, mən köhnə Bakı
üçün, onun tıxacsız, sakit küçələri
üçün, mehriban və ünsiyyət ənənələri
olan sakinləri üçün darıxıram. Çox
şey üçün darıxıram. Amma
zamanı dayandırmaq olmaz. Hər şey
– insanlar da, dəyərlər də, elə şəhərlər
də dəyişir. Bu günün
Bakısında da məni sevindirən çox şeylər
var. Məsələn, təkcə bulvarımız nəyə
desən dəyər. İnkişaf,
düşünülmüş rekonstruksiya, sözsüz ki,
lazımdır. Ancaq bu rekonstruksiya plastik əməliyyatdan
sonra bəzi orqanların silikonla doldurulmasına bənzəməməlidir.
Gərək hər şey ahəngə uyğun
olsun. Bakının hər zamankı fərdi
və təkrarolunmaz simasını əsaslı şəkildə
dəyişmək düzgün deyil. Düşünürəm
ki, yeni-yeni göydələnlər şəhərin lap
ürəyində deyil, haradasa kənarda, ətraf bölgələrdə
tikilməlidir. Bu sahədə Avropa ölkələrinin
təcrübəsinə əsaslanmaq olar. Onlar
da daim rekonstruksiya işləri aparırlar, amma heç kimə
ümumi ahəngi pozmağa, şəhərin tarixi
obrazını dəyişməyə icazə verilmir.
- Rauf bəy, adətən xanəndələrin
Qarabağdan, rəssamların isə Bakıdan, daha dəqiq
desək, Əmircandan olduğunu deyirlər. Bir çox
hallarda istedad, o cümlədən rəssamlıq qabiliyyəti
genetik yolla ötürülür. Sizin ailənizdə, nəsildə
kimdəsə bu qabiliyyət olub?
- Bəli,
ailəmizdə professional rəssam olmasa da, rəsm çəkmək
qabiliyyəti ilə seçilənlər var idi. Məsələn, atamın yaxşı şəkil
çəkmək istedadı olub. Amma buna heç vaxt
ciddi iş kimi yanaşmayıb.
- Bəs, siz bu
istedadınızı kiməsə
ötürmüsünüz?
-
Qızım hazırda Azərbaycan Dövlət İncəsənət
Universitində təhsil alır və onun incəsənətə
böyük marağı var.
- Sevimli rəssamınız kimdir?
-
Yaradıcılığı qarşısında baş əydiyim
sevimli rəssamlardan biri Rembrandtdır. Ümumiyyətlə
isə, böyük sənət ustalarının hər
birinin işlərinə baxmağı xoşlayıram və
onların hər birinin mənim qabiliyyətimə hansısa
bilik zərrəsi əlavə etdiyini düşünürəm.
- Ən çox hansı rəngi
sevirsiniz?
- Hər
rəngin öz yeri və öz gözəlliyi var.
- Sonda həkimlərimizə
arzularınız...
- Məncə,
insanı inam və ümid yaşadır. Həkimlərimizə
hər zaman inamlı, ümidli və vicdanlı olmağı
arzulayıram.
Ü. FƏRZƏLİYEVA
Türküstan.-
2019.- 24 sentyabr-7 oktyabr.- S.7.