Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar:
ŞEYX MƏHƏMMƏD XİYABANİ
III Yazı
Xiyabani yazırdı ki, qorxu milliyyət,
azadlıq və bəşəriyyətin əsaslarını
pozduğu halda, cəsarətlilik, igidlik həmin əsasları
möhkəmləndirir, sarsılmaz edir, qoruyur. Xiyabaniyə
görə, cəsarətlilik ya da igidlik iki cürdür:
maddi igidlik və mənəvi igidlik. O, yazırdı: “Maddi
igidlik təhlükə və xəbər
qarşısında soyuqqanlıqdan ibarətdir ki, onun ən
yüksək dərəcəsi “ölümə qarşı”
etinasız olmaqdır. Çünki ən böyük təhlükə
ölümdür və heç kim ölümlə iki dəfə
qarşı-qarşıya gəlməyəcəkdir. Maddi
igidlik elə bir həqiqətdir ki, onu mənimsəmək
mümkündür... Qorxaq bir əsgər müharibə
meydanında on dəfə qəhrəmanlıq göstərsə,
cəsarətlənə bilər. Qorxmaz əsgər isə
daha cəsarətli olar. Maddi igidliyi təmrin etmək (yəni
ölümə alışdırmaq) bədənimizi sükunət
və mətanətə, daimi aramlığa öyrədər”.
Xiyabaniyə
görə, mənəvi igidlk isə insanın öz
ehtiraslarına hakim olmaq və onları özünə tabe edə
bilməyindən ibarətdir. Başqa sözlə,
ehtirasına, hissiyyatına, ümumiyyətlə nəfsinə
qapılmayan insan cəsarətli və igid adamdır. O,
yazırdı: “Təbiətin zəruri qanunlarına çox
vaxt qələbə çalmaq mümkün olmur, buna
baxmayaraq bacarıqlı şəxslər öz nəfslərinə
üstün gələ bilərlər. Belə şəxslər
yaralanır, canını qurban verər, ölər lakin
qorxmazlar. Belə adamlar məğlubedilməzdirlər. Bu
igidlik məziyyətdir, o, məntiqi təhlil və möhkəm
iradədən doğulur. O, sərbəst fikirlə qəbul
edilən bir qərarın təcəssümüdür.
“Qorxmamalıyam, buna görə nə qorxuram, nə də
qorxmaq istəyirəm!” – igidin qərarı belə
olmalıdır. İndiyə qədər elə bir insan
qüvvəsi yaxud təbii qüvvə olmamışdır
ki, bu qərara qarşı qələbə çala bilsin.
Dediyimiz kimi, mənəvi igidlik insanın əzmidir, iradəsindən
asılıdır və buna görə də mənəvi
igidliyin “vaxtı” vardır. Bu vaxtı təyin edən zaman
ölçüsü isə bizin şərəf və izzəti
nəfsimzidir. İnsanın hərəkəti və işi
“qorxu” adlana biləcək bir dərəcəyə
çatarsa o zaman igidliyin çoşub-daşmaq vaxtı və
qorxunu tamamilə məhv etmək vaxtı da çatar”.
Xiyabanidə güclü optimizm və gələcəyə
inam var idi. O hesab edirdi ki, xalqın bu gün verdiyi şəhidlər,
qurbanlar onun keçmişdəki ətalətinə,
ixtiyarsızlığına son qoymaq, bunun əvəzində
gələcəyinin öz əllində olmasına inamına
işarədir. Onun fikrincə, bu baxımdan azadlıq
uğrunda şəhid olanları ağlamaqla deyil, əksinə,
şadyanalıqla qarşılamaq lazımdır. Xiyabaninin nəzərində
bu, “varlıq gülşəninə acizlik, nalə və
miskinliklə deyil, ümid və şərəf
gülüşləri ilə girmək” üçün vacib
idi. Çünki bir fərdin, ya da ayrı-ayrı fərdlərin
ah naləsi bütövlükdə cəmiyyəti pessimizmə
aparır. O, yazırdı: “Dəfələrlə dediyim kimi,
fərd ilə cəmiyyətin əhvali-ruhiyyəsində
böyük fərq vardır. Cəmiyyətin əhval-ruhiyyəsi
fərdlərin əhval-ruhiyyəsinin yekunudur. Lakin bu əhval-ruhiyyə
həmin cüz olan əhval-ruhiyyədən tamamilə fərqlənir.
Fərdin əhval-ruhiyyəsi fərdin əhval-ruhiyyəsinə
tabe olmalıdır. Çox nadir hallarda elə bir əhval-ruhiyyə
tapıla bilər ki, özünü bu tabelikdən xilas edə
bilsin. Dəfələrlə elə olmuşdur
ki, alim və ya bilikli bir
adam cəmiyyətin əhval-ruhiyyəsinin
təsiri altında öz hikmət və biliyini əldən vermişdir”.
Deməli, fərd və cəmiyyət arasında sağlam münasibətlər qurulmayanda,
hər ikisi zərər çəkmiş
olur. Belə ki, pozulmuş bir cəmiyyətin
təzyiqi altında əxlaqlı, sağlam
düşüncəli adam da məhv olub gedə bilər.
Yəni bir cəmiyyətdə
rüşvətxorluq, adam aldatmaq,
yalan danışmaq kimi
hallar adi hala çevrildiyi bir dövrdə, bunun doğru olmadığını bildiyi halda, eyni şeyi təkrarlayanların
bu vəziyyətin səbəbkarlarından
çox da fərqi yoxdur. Ancaq əgər fərd
öz əxlaqında, düşüncəsində
möhkəm dayanarsa, cəsarət və
igidlik ortaya qoyarsa o zaman
müəyyən anlamda cəmiyyəti də
yaxşılığa doğru dəyişə
bilər. Başqa sözlə, bir şeyə dur deməyi
bacarıb, vəziyyəti dəyişdirmək, yeni imkanlar ortaya
qoymaq bacarığı insanın, ya da ayrı-ayrı
insanların öz əlindədir. Ancaq bunun üçün həmin
fərd, ya da fərdlər
ağılda, cəsarətdə, bacarıqda güclü
olub bir sistem qurmalıdırlar ki,
bu günə qədər mövcud
olan mənfi yönlü
tabuları məhv edib, onun
yerində müsbət yönlü
işlər ortaya qoysunlar.
Xiyabani hesab edirdi ki, həmin dövrə
qədər “İran” xalqı
özbaşına həyat sürmüş,
alaq otu kimi təbiətin qoynunda
kor-təbii şəkildə yaşamışdır və bundan da istibda
rejimləri daim yararlanmışdır. O,
yazırdı: “İran xalqı möhkəm
əqidə olmadan, təcrübə və
imtahanlardan sayıqlıqla istifadə etmədən,
təşkilat və tərtibatsız şəkildə uzun müddət özbaşına və təbii
yol getmişdir. O, bugünkü günə kortəbii surətdə
yaşayıb gəlmişdir. Bu
özbaşına göyərmiş ağaca
peyvənd vurulmalıdır. Yeni, sağlam və düzgün
nəzəriyyəni bu camaata
təlqin etməklə, onun mühitində
bir təcəddüd-təkamül
yaranmasına nail olmalıdır”. Xiyabaniyə görə, “təcəddüd-təkamül”
fəlsəfəsini də, yalnız xalqın iradəsi ilə
həyata keçirmək mümkündür.
Çünki xaqlın iradəsi nəzəri
baxımından bütün bəşər
kütlələrinin fövqündədir. O,
yazırdı: “Xalqın iradəsinin istədiyi şey müqəddəs və möhtərəmdir.
Lakin bu iradə
müstəqil yaşamaq üçün
vicdana (xalq vicdanı
– F.Ə.) malik olmalıdır. O (xalq vicdanı – F.Ə.), nəzərlərdə
saf, səmimi və parlaq
şəkildə aydın olmalı və öz
varlığını sübut etməlidir.
Cəmiyyəti təşkil edən fərdlərdən hər
biri bir bəşşaş
ruh ilə, müstəqil vicdan
ilə silahlanıb, bu ruhiyyənin
qüvvəsini dünya
qarşısında nümayiş etdirməlidir”.
Bizcə, Xiyabaninin əsas məqsədi həm
ayrı-ayrı fərdlərin, həm də
bütövlükdə “xalqın vicdanı”nı oyatmaq idi ki,
o, bu yolda
hər bir şeyə qatlanmağa
hazır idi. Bu yolda, o, bir müdrik olduğu qədər də, fədai idi. Özündə müdrikliyi
və fədailiyi birləşdirən Xiyabani
açıq şəkildə yazırdı ki,
“xalqın vicdanı”nı oyatmaq üçün, onun
yalnız qəhrəmanlıqlarını, igidliklərini deyil, nöqsan və eyiblərini
də göstərmək lazımdır: “Biz tərəqqi və təkamül yolunu ona nişan
veririk. Batil təsəvvür
və xəyalları onun şüurundan
çıxardıb, bunların yerinə həyat bəxş
edən yeni fikirləri yerləşdirməyə
çalışırıq. Bu məqsədə çatmaq üçün deyirik: bu cəmiyyəti təşkil edən fərdlərdən
hər birisi xalqa olan böyük ruh yüksəkliyi ilə silahlanıb, öz varlığında saxladığı
azadlıq və istiqlal ruhunu
başqalarına da təlqin etsin”. Şübhəsiz, Xiyabaninin
dediklərində böyük bir həqiqət və gerçəklik var idi. Bu
elə bir həqiqətdir ki,
fərdləri və cəmiyyəti yeni bir mübarizəyə və dəyişilməyə
hazırlayır. Ancaq bu
mübarizə və dəyişilmənin qurbansız
olmayacağı ilə yanaşı, həmin qurbanların
qanları bahasına da millətin millət
olacağı fəlsəfəsi var idi. Ola bilsin
ki, Xiyabaninin bu fəlsəfəsini o zaman özü, ya da bir
neçə nəfər anlaya bilmişdir. Ancaq ən əsası odur ki, Xiyabaninin yeniləşmə
və təkamül fəlsəfəsi, yəni milləti millət
etmək naminə əvvəlcə ayrı-ayrı fərdlərdə
vicdanı oyatmaq, daha sonra da onu
xalqın vicdanını çevrib ümumi bir hala gətirmək çox
doğru yol idi. Bu anlamda S.C.Pişəvəri ilə
razılaşırıq ki, Səttarxan silah gücü və igidliyi ilə Azərbaycanın adını
ucaltdığı halda, Xiyabani
alimanə, yəni müdrik nitqləri və
yazıları ilə Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə
öz adını yazdıra bilmişdir. Pişəvəri Təbrizdə
Xiyabaninin abidəsinin
açılışı münasibətilə etdiyi çıxışında deyirdi: “Şeyx böyük mütəfəkkir idi. Onun nitqlərini oxuyanda insan təzə
şeylər öyrənir. Onun sözləri
dərin və mənalıdır. Onun
nitqlərinin içərisində artıq sözlər çox azdır. Lakin bir çox əməli təkliflər
vardır”. Pişəvəriyə görə, Xiyabani iman və əqidə
adamı olsa da, həm
mühiti müsaid
olmayıb, həm də ətrafındakıların çoxu onun fəlsəfəsini
başa düşməyib, o da çox
məsələləri açıq deyə bilməyib.
Pişəvəri yazırdı: “Şeyxin
dedikləri bizim istədiklərimizin
müqəddiməsidir... Rəşidlik nəzəri ilə baxsaq, Səttarxan qəhrəman imiş. O, düşmən qabağında təslim
olmamışdır. Amma fikir,
elm və məlumat nöqteyi-nəzərindən
baxsaq, Şeyzin məqamı
fövqalədə böyükdür. Sərdar
rəşid imiş. Şeyx
o xasiyyətlərə malik
olduğu halda, bir də onun alimlik məqamı var idi”. Xiyabaninin əksər
tədqiqatçıları da Pişəvəri
kimi hesab edirlər ki, o, siyasi
fəaliyyəti, nəzəri-fəlsəfi
baxışları ilə Azərbaycan xalqının milli azadlıq və demokratiya
hərəkatı taixində dərin iz
buraxmışdır. Qafar Kəndli də
hesab edir ki, Xiyabani Azərbaycan fəlsəfi
fikrinin inkişaf
tarixində yeni bir dövr açmış, onun
“Təcəddüd” fəlsəfi məktəbində Azərbaycanın
böyük inqilabı nəsli yetişmişdir: “Doğrudan da, Xiyabaninin fəlsəfi məktəbində hər
şey yeni əsasla qurulmuş, hər şeyin
həllində millətin, füqareyi-kasibənin, zəhmət
adamlarının, şəhər və kəndlərdə
alın təri ilə çörək qazananların mənafeyi
əsas götürülmüşdür.
Köhnə siyasi məfhumlar alt-üst edilmişdir. Təcəddüd
məsləkində inqilabın əsas məsələsi olan hakimiyyət məsələsi
inqilabçı nöqteyi-nəzərindən daha radikal şəkildə
qoyulurdu”. Qafar Kəndlinin
fikirlərindən belə anlaşılır ki,
Xiyabani ictimai-fəlsəfi
baxışlarına görə, sosial-demokratlara,
bir qədər də dəqiqləşdirsək
marksisit sosil-demokratlara
yaxın olmuşdur. Xiyabaninin
siyasi-fəlsəfi dünyagörüşündə əməyə
münasibət və insan əməyinin ədalətli
şəkildə dəyərləndirlməsi də mühüm yer tutmuşdur. O, “Əmək və fəhlələr”
məqaləsində yazırdı ki, Versal Sülh
konfransında “Əmək” ünvanlı ayrıca maddənin
müzakirə olunub, bəşəriyyət
adına obyektiv bir qərar
alınması çox müsbət bir addımdır. Ona görə, son dövrlərdə baş
verən müharibələrdə, iniqlablarda
əsas yeri “iqtisadi
şərait” tutmuşdur ki,
maddi mahiyyəti olan bu amil səbəb və nəticə
olaraq bütün bəşəriyyəti
öz hakimiyyəti və nüfuzu
altına almışdır. Xiyabani
yazırdı: “O (iqtisadi
şərait), insanların həyatını bir-birinə zidd iki hissəyə: biri qulluq həyatı, digəri
isə rifah və xoşbəxtlik həyatına
bölərək sənayedə güclü
təbii qüvvələrdən istifadə zəminəsi və
nəhəng “maşinizm” zəminəsi
yaratmışdır. Həmin iqtisadi şərait həyat uğrunda
olan qanlı ölüm-dirim
mübarizəsi meydanında “muzdurluq rejimini” bərpa etmiş,
bədbəxt, muzdur fəhlə kütlələrinin
sümük və qanını mədəni
maddələr yaxud taxıl qalaqları tək
zavod və karxanaların çərxlərinin
dişləri arasında əzilib məhv olmasına və
beləliklə kapitalını artırıb, iqtisadi
bazarın möhkəmlənməsinə səbəb olmuşdur. Bəşəriyyət uzun illər boyu
qaranlıq zavodlarda maşının dəmir
çəkiclərinin yemi olmuşdur”.
AMEA Fəlsəfə
İnstitutunun aparıcı elmi işçisi, dosent,
fəlsəfə üzrə fəlsəfə
doktoru Faiq Ələkbərli .
Türküstan.- 2019.- 24 sentyabr-7
oktyabr.- S.6.