Ölüm adası Nargin

 

Almas İldırımın unudulmuş şeiri

 

 

Almas İldırım 1907-ci ilin martın 25-də Bakının Qala kəndində doğulub. Əsl adı Əbülhəsən olub. Ədəbiyyat Cəmiyyətinə daxil olarkən orada adını İldırım, soyadını Almaszadə kimi yazıb. Bakıdakı ilk kitabında ad-soyad Almaszadə Yıldırım, Türkiyədəki ilk kitabında isə Elmas Yıldırım kimi yazılıb. Mühacirətdəki mətbuatda əsas imzası “Elmas Yıldırım” olub.

 

1914-1915-ci illərdə Güney Azərbaycandan gəlmiş fəhlələrin övladlarının dərs aldığı “İttihad” məktəbində oxuyan Almas fars dilinə yiyələnir. Onun ilk şeiri hesab edilən “Qaldı” rədifli qoşmasının burada oxuyarkən yazdığı ehtimal olunur. 1925-ci ildə buranı bitirdikdən sonra Abdulla Şaiqin “Nümunə” məktəbində təhsil alır. Bu məktəbdə o, Qafur Əfəndiyev, Qantəmir, Seyid Hüseyn Tağızadə, Abdulla Şaiq kimi şəxslərdən dərs alır, rus dilini öyrənir. 1927-ci ildə Almas Azərbaycan Dövlət Universitetinin Şərqiyyət fakultəsinin Ədəbiyyat bölümünə daxil olur, lakin atasının tacir olması əsas gətirilərək xaric olunur. Bolşeviklər həmçinin Əbdülməhəmmədin Şüvəlandakı bağını, Çəmbərəkənddəki evlərini də ələ keçirirlər.

 

Almas İldırım təhsili ilə yanaşı o dövrdə fəaliyyət göstərən ədəbi dərnəklərin də üzvü idi. O, 1919-cu ildə Seyid Hüseynin qurduğu “Yaşıl qələmlər”, 1922-ci ildə Əhməd Cavadla Hüseyn Cavidin təşəbbüsü ilə qurulan, gizli şəkildə fəaliyyət göstərən “Yaşıl yarpaq” dərnəklərində yer alır. A.İldırım daha sonra Azərbaycan Ədəbiyyatı Cəmiyyəti, 1928-1929-cu illərdə qurulan Kitab Dostları Cəmiyyətində təmsil olunur. O, sonuncu dərnək vasitəsilə Mirzə Ələkbər Sabir adına Dövlət Kitabxanasında tərdib edilən toplantılarda iştirak edir. “Kitab Dostları Cəmiyyəti”nin üzvləri arasında Süleyman Rüstəm, Seyid Hüseyn, Hüseyn Namiq, Zərbəli Hafiz, Məmməd Rahim, Mikayıl Müşfiqi kimi şair və yazıçılar da vardı.

 

1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti yaradılır. Almas İldırım bu quruma üzv olmaq məcburiyyətində qalır. Almas İldırımın Əhməd Cavad, Hüseyn Cavid kimi şairlərin yanında olması, sovet rejiminin əmrlərinə canla-başla əməl etməməsi başda Cəmiyyətin sədri Mustafa Quliyev tərəfindən olmaqla ağır tənqidlərə məruz qalır. Proletar şairlərin və tənqidçilərin (Əkbər Ruhi, Əsəd Əyyubi, Süleyman Rüstəm) onun haqqında yazdıqları şairə sürgün qapısını açmış olur. Şair hətta “Vahid Türküstan”, “Vahid Cağatay” adlı dövlət qurmaq istəməkdə də ittiham edilir.

 

Şair əvvəlcə Dərbəndə, daha sonra Aşqabada sürgün edilir. Aşqabadda Şamaxıdan sürgün edilən, əslən Güney Azərbaycandan olan bir ailənin qızı ilə tanış olur. 1932-ci il mayın 1-də Zivər xanımla ailə həyatı qurur. Lakin ÇeKa şairi burada da təqib etdiyi üçün çıxış yolunu İran üzərindən Türkiyəyə qaçmaqda görür.

 

İldırım ailəsi 19 iyun 1933-cü il saat 21:30-da evdəki lampanı da söndürməyərək yola çıxırlar. İranda keçən 6-7 aylıq sürgün həyatından sonra 1934-cü ildə Türkiyənin Van şəhərinə sığına bilirlər. Vanda onlara Əhəd Əlizadə Ural adlı şəxs yardımçı olur. 10-15 gün Əhəd bəyin evində qaldıqdan sonra Elazığa yollanırlar.

 

Almas İldırım 1934-1935-ci təhsil ilində Palu ilçəsinə bağlı olan Karaca Bucağı/Karacabağ ibtidai məktəbində müəllimlik edir. 1935-ci ilin sonu - 1936-cı ilin əvvəllərində Palunun Karaçor nahiyəsinə müəllim təyin edilir. Ümumilikdə o, bu dövrdə müxtəlif fasilələrlə 1935-1946-cı illərdə Elazığın mərkəzində və mərkəz nahiyələrində çalışır. 1940-cı ilin əvvəllərində isə Paluya bağlı Karabegan nahiyəsinə müdir təyin edilir.

 

Bu illərdə “Boğulmayan bir səs” (1936, İstanbul, “Tecelli Basımevi”) adlı kitab çap etdirir. Azərbaycan Kültür Dərnəyinə üzv olur, yazıları “Çinaraltı”, “Orxun”, “Gökbörü”, “Boz qurd”, “Kommunizmlə mücadilə” və digər qəzet və dərgilərdə dərc olunur. Müsavatçılarla əlaqələr qurur, Rəsulzadənin tərəfində yer alır, Mirzəbala Məhəmmədzadə ilə məktublaşır, Berlində çap olunan “Kurtuluş” jurnalına yazılar göndərir. Çətin günlər görür, Eldəgəz və Yurdavar adlı əkiz övladlarını bir gündə itirir.

 

Ailənin Türkiyədə daha sonra üç övladı olur: Aras (Keban, 22.03.1937), Odkan (Ağın, 09.03.1944) və Mehmet Bakühan (Elazığ, 28.07.1950).

 

Bakının Qala kəndində doğulan şair 1952-ci il yanvarın 14-də Malatyanın Qala qəsəbəsində dünyasını dəyişir. Malatyanın Sancaktar məzarlığında dəfn edilən şairin qəbri təəssüf ki, hazırda bilinmir.

 

Anım münasibətilə şairin kitablarına düşməyən, “Kurtuluş” dərgisində çap olunmuş “Nargin – Ölüm adası” şeirini təqdim edirik. Şair bu şeiri hələ Türkiyəyə gəlməmişdən öncə - 27 aprel 1930-cu ildə Bakıda yazıb. Şeir Azərbaycan Cümhuriyyətinin işğalından sonra Nargin adasında güllələnən gənc vətəndaşlarımızın faciəli taleyi ilə bağlıdır.

 

O kiçik bir ada, yalçın bir ada

Bir ölüm qaynağı, bir qanlı məzar...

Həp cəsədlər udaraq oynamada

Onu hirs ilə boğan qanlı Xəzər!

 

Gecə qorxunc və atəşlər açılıb

Səslər əks etdi dərindən dərinə...

Bağlanıb iyirmi cəsəd iyirmi daşa

Getdi coşqun dənizin ta dibinə...

 

Gecə qorxunc, qayalar səsləniyor

Ayı gizlər qapalı göydə bulud

Qara bir pərdə buluddan eniyor

Qanlı bir səhnə qapanmış və sükut...

 

Orda hər bir quyu bir məzbəhədir

Sürünən haqqı ölüm qamçılıyor

Duyulan səs həp acı qəhqəhədir

Qayalar qan deyərək hayqırıyor.

 

Gecə qorxunc, dönüyor şəhrə motor,

Andırır qəlbi dələn bir cidayı

Səbayıl daşları məhzun duruyor

Qanlı bir dalğa salamlar burayı

 

Yaşlı bir ana açıq pəncərədən

Baxır Narginə qəlbində yara

Qanlı əncamı o duymuş gecədən

“Nərdə, yavrum?” soruşur dalğalara.

 

Susuyor qanlı Xəzər bağrıyanıq

Acıyor verdiyi qurbanlarına

Susuyor şimdi o, lakin oyanıq

Qara bir fırtına saxlar yarına.

 

Dilqəm Əhməd

 

Türküstan. – 2020. – 18-24 fevral. – S.15