Türk dünyasının milli
iftixarı Üzeyir Bəy Hacıbəyli
Azərbaycan Türklərinin mədəni həyatında
böyük rol oynayan, Türk dünyasının milli
iftixarı Üzeyir bəy Hacıbəylinin (1885-1948)
aydınlar arasında xüsusi yeri vardır.
Yazıçı, jurnalist, bəstəkar və ictimai xadim
olan Üzeyir bəyin bu məsləklərin hamısında
böyük başarılar əldə etməsi onun dahiliyinə
dəlalət edir. Fəaliyyəti və ixtisasının rəngarəngliyi
ilə dövrünün ən maraqlı şəxsiyyətlərindən
olan Üzeyir bəy Şərqin ilk opera
yaradıcısıdır. Böyük bəstəkar
Üzeyir bəylə böyük söz ustası və
böyük ziyalı Üzeyir bəyin bu səviyyədəki
vəhdəti dünya mədəniyyət və sənət
tarixində nadir hadisələrdəndir.
Üzeyir Əbülhüseyn oğlu Hacıbəyli
18 sentyabr 1885-ci ildə Quzey Azərbaycanın Qarabağ
bölgəsinin Ağcabədi qəsəbəsində
ziyalı ailəsində anadan olmuşdur. Atası
Əbülhüseyn Hacıbəyli Şuşanın maarifpərvər
ziyalılarından biri, anası Ağcabədili Kərbəlayı
Ələkbər bəyin qızı Şirin xanımdır.
Üzeyir bəyin uşaqlıq və ilk gənclik
çağları Şuşada keçmişdir. Azərbaycanın
ilk musiqi ocağı kimi şöhrət qazanan Şuşa
şəhəri Üzeyir bəyin də ilk
yaradıcılıq qaynağı olmuşdur. Üzeyir bəy
özü haqqında yazdığı bir yazısında göstərmişdir
ki:”Mən, ilk musiqi təhsilimi uşaqlıq zamanı
Şuşada ən yaxşı xanəndə və sazəndələrdən
almışam. O vaxt mən “Muğam” və “Təsnif”
oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi.
Onlar məni oxudar və öyrədərdilər”
(Bax: Qulam Məmmədli, Üzeyir bəy Hacıbəyov
1885-1948. Həyatı və yaradıcılıq səlnaməsi,
Bakı 1984, səh 7).
Üzeyir bəy ibtidai təhsilini
Şuşadakı Camal bəy Fətəlibəyovun
İkisinifli məktəbində, sonra Haşım bəy Vəzirovun
müdür olduğu mülki rus-tatar məktəbində,
daha sonra isə Zaqafqaziya Qori müəllimləri
seminariyasında almış, oranı bitirdikdən sonra Cəbrayıl
uyezdinin Hadrud kənd məktəbində
müəllimlik etmşdir. Üzeyir bəy 1905-ci ildə
Bakıya gələrək “Həyat” qəzetində işə
girmiş, eyni zamanda 1905-1908-ci illərdə Bibiheybətdə
müəllimlik etmiş, “Kaspi” və “Həyat” qəzetlərində
bir sıra publisistik məqalələrlə
çıxış etmiş, “İrşad” qəzetində
katib işləmiş, Qoqolun məşhur
“Şinel” əsərini Azərbaycan Türkcəsinə tərcümə
edərək çap etdirmiş, “Rusca-Türkcə və
Türkcə-rusca” lüğət tərtib etmiş, 1907-ci
ildə Bakıda keçirilən “müsəlman müəllimlərinin
Qurultayı”nda iştirak etmiş və katib seçilmiş,
1908-ci ildə ibtidai məktəblərin 1-2-ci şöbələri üçün “Hesab” dərsliyi hazırlayıb
çap etdirmişdi. İsmayıl bəy
Qaspıralının redaktoru olduğu “Tərcüman” qəzeti
28 dekabr 1908-ci il nömrəsində bu haqda məlumat verərək
bildirmişdi ki, “Hesab məsələləri” dərsliyi
müəllim Üzeyir Hacıbəylinin əsəridir.
Gözəl üsul ilə tərtib edilmişdir… Azərbaycan
Türk şivəsində olduğundan məhəlli məktəblər
üçün faydalı və lazımdır” (“Tərcüman”
qəzeti, 28 dekabr, 1908).
Üzeyir bəy pedaqoji fəaliyyətlə
yanaşı jurnalistlik fəaliyyəti ilə də məşğul
olmuş, 1905-ci ildən başlayaraq əksər dövrü
mətbuatda onlarla məqalə və felyeton çap
etdirmişdi. “Molla Nəsrəddin”, “Kaspi”, “Həyat”,
“Tərəqqi”, “İrşad”, “İqbal”, “Yeni iqbal”, “Tərcüman”
və digər qəzet və dərgilər Üzeyir bəyin
publisist kimi yetişməsində böyük rol
oynamışdır. Üzeyir bəy daha çox Əhməd
Ağaoğlunun redaktoru olduğu “İrşad” və “Tərəqqi”, həmçinin “Həqiqət” qəzetləri
ilə bağlı olmuş, bir jurnalist və publisist kimi bu mətbu
orqanlarında parlamış, 1906-cı ilə qədər
“İrşad”ın katibi, 1909-cu ildə gündəlik “Həyat”
qəzetinin redaktoru, Əhməd Ağaoğlu 1909-cu ildə
Türkiyəyə gedəndən sonra isə “Tərrəqi” qəzetinin müdiri olmuşdursa da sabiq
redaktora sonsuz ehtiram əlaməti olaraq, Əhməd
Ağaoğlunun redaktor imzasını qəzetdə axıra qədər
saxlamışdır. Üzeyir tədqiqatçılarının
da yazdığı kimi:”1920-ci ilə qədər publisist
Üzeyir, bəstəkar və yazıçı Üzeyirlə
“çiyin-çiyinə səviyyədə inkişaf
etsə də əsrin (XX əsrin – A.M) birinci onilliyində bəzən
publisist Üzeyir, yazıçı və bəstəkar
Üzeyiri üstələmişdir” (Abdulla Abbasov, Sənətkar
ömrü. Bax: Üzeyir Hacıbəyli, seçilmiş əsərləri,
Bakı 2005, səh 8).
Üzeyir bəy Hacıbəylinin
jurnalistlik fəaliyyətinin son günləri “Yeni iqbal” və
“Azərbaycan” qəzeti ilə bağlı olmuş, o,
1915-1916-cı illərdə “Yeni iqbal” qəzetində müdir
və baş mühərrir vəzifəsində işləmiş,
1919-cu ildə isə Milli Məclisin orqanı olan “Azərbaycan”
qəzetinin müvəqqəti redaktoru
olmuşdur. Ümumiyyətlə XX əsrin iki onilliyi
Üzeyir bəyin dövrün qabaqcıl nümayəndələri,
ayrı-ayrı teatr cəmiyyətləri, Müxtəlif nəşriyyat
və mətbuat orqanları ilə əlaqə və
yaxından təmasda olduğu illər kimi xarakterizə edilir.
Belə ki, XX əcrin 20-ci illərinə qədər
Azərbaycanda elə bir teatr cəmiyyəti, nəşriyyatı
və ədəbi klubu olmamışdır ki, Üzeyir bəy
bu və ya digər dərəcədə onlarla əlaqədə
olmasın. Bu dövrdə Üzeyir bəy bir tərəfdən
güclü sosioloq kimi xalq, dövlət, vətən, əxlaq
və məişət məsələləri ilə
bağlı ciddi publisistik əsərlər yazmış, digər
tərəfdən də dövrünün qabaqcıl
ziyalısı, maarif xadimi və qüdrətli
bəstəkar-yazıçı kimi dövrün demokratik və
inqilabi hərəkatı ilə səsləşən ilk iki
onilliyi həm Üzeyir bəyin, həm də
bütövlükdə Azərbaycan Türklərinin mədəni
və siyasi həyatında ən uğurlu və ən əlamətdar
illər olmuşdur. Üzeyir bəyin əvəzsiz
dühası sayəsində milli operanın əsası məhz
bu onilliklərdə qoyulmuş, ilk musiqili komediyalar bu illərdə
yaranmış, ilk maarif dərslikləri və ilk ikidilli
lüğət bu illərdə meydana çıxmış,
ilk siyasi partiyalar bu illərdə formalaşmış ən
başlıcası Azərbaycan milli ziyalılarının gərgin
əməyi, əzmi və qeyrəti sayəsində
Şərqdə ilk Azərbaycan Xalq Cümhuriyyəti bu illərdə
yaradılmışdır. Üzeyir bəyin bütün bu
sahələrdə böyük xidmətləri olmuş, onun
bu xidmətləri yalnız Azərbaycan üçün
deyil, bütün Türk dünyası və Şərq
üçün əlamətdar hadisə olmuşdur. Onun ən böyük xidməti onda idi ki, o, öz
xalqını dərindən tanıdığından
yaşadığı dövrün ictimai-siyasi, etik və
estetik xarakteri və zövqünə uyğun siyasi publisistika
və musiqi dili ilə danışmış, zəngin daxili
dünyasını bütünlüklə Azərbaycan
Türklərinin yüksəlişinə sərf
etmişdir.
“Leyli və Məcnun”
operasından “Arşın mal alan”a qədər qısa bir
dövrdə Üzeyir bəy “Ər və arvad”, “Şeyx Sənan”,
“Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Şah
Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” kimi
ölməz sənət əsərləri yaratmışdır
ki, bu əsərlər Üzeyir bəyə əsrlərə
sığmayan böyük şöhrət
qazandırmışdır.
Üzeyir bəy Avropa musiqi nəzəriyyəsini
öyrənmək üçün öncə Moskvaya gedərək,
Moskva konservatoriyasının professoru İlyinskinin kursuna daxil
olmuş, harmoniyanı Sokolovskidən, solfecionu professor Ladioqindən
öyrənmiş, daha sonra 1913-1914-cü tədris ilində
Sankt-Peterburqa gedərək, professor Qarafatindən dərs
almış, Petroqrad Ali musiqi məktəbinin tam kursunun
bitirərək vətənə dönmuş və bir-birinin
ardınca musiqi təhsili və metodikasına dair yeni-yeni
musiqi əsərləri yazaraq çap etdirmişdir. Zamanla səsləşən
dərin məzmunlu əsərlər yaradan Üzeyir bəyin əsərləri
gerçək mənada Azərbaycan xalq həyatının
aynasıdır. XX əsrin
başlarındakı Azərbaycan həyatını
bütün xüsusiyyətləri ilə bu əsərlərdə
artıqlaması ilə buluruz” (Yavuz Akpınar, XIX və XX
yüzyıllarda Azer edebiyyatı. Bax: Türk
dünyası el kitabı, III cild, ikinci baskı, Ankara 1992, səh
639-640).
1914-cü ilin avqust ayında
Peterburqdan qayıdan Üzeyir bəy Bakıda “Vətən
dili” adlı qəzet çıxarmağa
hazırlaşmış, “Əsli və Kərəm”
operasının şəhər teatrında tamaşaya
qoyulmasına rəhbərlik etmiş, ilin sonunda “Harun və
Leyla” operasını bəstələmiş, “Rüstəm və
Söhrab” operası üzərində yenidən
işləməyə başlamışdı. 1915-ci ilin may
ayının 1-də Azərbaycanın demokratik
ziyalıları və Azərbaycan səhnəsinin qabaqcıl
xadimləri Üzeyir bəyin şərəfinə tamaşa
təşkil etmiş, Üzeyir bəy də Azərbaycan
teatrını tənəzzüldən qurtarmaq məqsədilə
yenidən əməli fəaliyyətə, öz “müqəddəs
vəzifəsi”ni yerinə yetirməyə başlamış,
“Yeni iqbal” qəzetinə rəhbərlik etmiş, onun baş
redaktoru olmuşdur. Onun “Yeni iqbal”dakı fəaliyyəti istər
ideya məzmunu, istər sənətkarlıq xüsusiyyətləri
ilə onun jurnalist yaradıcılığının
davamı idi. Bu qəzetdə çıxan felyeton və məqalələrinin
ideyası əsasən, ana dilinin saflığı uğrunda
mübarizəyə, mənliyini itirmiş, qeyrətsiz
“intiligent”lərin, boşboğazların tənqidinə həsr
edilmişdir.
Üzeyir bəy bu dövrdə məqalə
və felyetonlarını daha çox ictimai mövqeyini, fikir
və mülahizələrinin, əsərlərinin əhəmiyyət
və dəyərini müdafiə etməyə həsr
etmiş, ictimai hadisələrə açıq mənfi
münasibətini bildirmişdir.
Üzeyir bəy jurnalistlərdən
sadə, xalq dilində yazmağı tələb etdiyi kimi,
oxuculardan da həm həqiqi jurnalist sözünə ciddi
münasibət, həm də milli mətbuata hörmət, qəzet
oxumağa həvəs göstərməyi xahiş
etmişdir. Bu münasibətlə yazdığı
yazılarında Üzeyir bəy jurnalistlərə və
oxuculara müraciətlə yazırdı ki:”Gəlin, öz
dilimizi danışaq. Yəni, qəzeti o dil ilə yazaq ki,
basavad (savadlı) da başa düşsün, bisavad
(savadsız) da… Sən gərək onu oxuyanda bütün
hissiyyatın, ruhun inciyə, qəlbin yana, ürəyin xarab
ola, başın ağrıya”.
Dövrün bir çox
ziyalıları Üzeyir bəyə böyük ümidlər
bəsləmiş, bir çox dövrü mətbuat haqlı
olaraq, onu “XX əsr müsəlman aləminin
gözünün ağı-qarası” saymış, onun nadir
istedadına yüksək qiymət vermiş, oxucuları onun əsərlərində
toxunduğu ictimai problemlərə biganə qalmamağa,
kinayələrindəki örtülü mənaları
axtarıb tapmağa çağırmışdılar.
Öz əsərlərində Azərbaycan
Türkünün fərdi və ictimai həyatının dərinliklərinə
nüfuz edən Üzeyir bəy Hacıbəyli sözün həqiqi
anlamında Azərbaycan xalq həyatının
güzgüsüdür. Yaradıcılığa
bir yazıçı və jurnalist kimi başlayan Üzeyir bəy
Sovet dövründə daha çox musiqi sahəsində
çalışmış, xalqının zövqünə,
ruhuna uyğun dərin məzmunlu musiqi əsərləri
yaratmışdır ki, bunların içərisində
1937-ci ildə yazdığı və 1938-ci ildə Moskvada
keçirilən Azərbaycan ədəbiyyatı və
incəsənəti dekadasında birinci yer tutan “Koroğlu”
operası bəstəkarın musiqi
yaradıcılığının zirvəsi sayılır.
“Koroğlu” operası Üzeyir bəyin
“Düyagörüşünün milli mahiyyəti, Üzeyir
fantaziyası və istedadının qüdrət və əzəmətinin
ifadəsi idi. Xəlqilik, vətənpərvərlik
ideyaları ilə yoğrulan “Koroğlu” operası yalnız
bir musiqi əsəri kimi deyil, həm də klassik irsə,
xalqın tarixinə, el ədəbiyyatına yanaşmaq,
onlardan yaradıcı şəkildə istifadə etmək və
xüsusilə də mədəni irs və folklor ənənələrinin
müasir dövrün tələb və
prinsiplərinə uyğun davam etdirməyin gözəl
nümunəsi idi… Əsər eyni zamanda Azərbaycan
xalqının qəhrəmanlıqlarla dolu zəngin tarixini,
xalqın əyilməzliyini əks etdirən, təbliği
bir əsərdir” (Abdulla Abbasov, Sənətkar ömrü.
Bax: Üzeyir Hacıbəyli,
seçilmiş əsərləri, I cild, Bakı 2005, səh
13).
Üzeyir bəy bütün mənalı
həyatını, bilik və bacarığını mənsub
olduğu Türk millətinin yüksəlişinə, onun mədəniyyətinin,
musiqi elmi və musiqi sənətinin inkişafına, dünya
səviyyəli kadrların yetişdirilməsinə, Azərbaycan
musiqi tarixi və musiqi nəzəriyyəsinin
yaradılmasına, müxtəlif musiqi məktəblərinin
və Azərbaycan Dövlət Konservatoriyasının
açılmasına sərf etmişdir. Üzeyir bəy
“Leyli və Məcnun”, “Koroğlu” kimi cahanşümul operalar,
“O, olmasın, bu olsun” və “Arşın mal alan” kimi əbədiyaşar
musiqili komediyalarla yanaşı, musiqi təhsili
və metodikasına aid dərslik və dərs vəsaitləri,
“Azərbaycan Xalq Türk musiqisinin əsasları”, “Azərbaycan
xalq mahnılarının adlarını öyrənmək
üçün təlim”, “Çahargah” mövzusunda “Birinci
fantaziya”, “Şur” üzərində “İkinci fantaziya” və
s. kimi monumental əsərlər yazaraq mənsub olduğu millətin
qəlbində əbədi iz buraxmışdır.
XX əsr Azərbaycan tarixi
Üzeyir bəyə öz qızıl səhifələrində
yer ayırmış, onu əsrin ən böyük
ziyalılarından biri, milli operanın banisi, musiqili komediya
janrının ilk yaradıcısı, mahir jurnalist, yeni
publisistik ədəbiyyatın banilərindən biri, ilk maarif
və mədəniyyət işçisi, qüdrətli
bir dramaturq və pedaqoq kimi qəbul etmişdir.
Onun mənalı və zəngin ədəbi-bədii
irsi hər cəhətdən kamil, müdrik ziyalı şəxsiyyəti,
bir örnək, məftunedici musiqisi qəlbləri oxşar
bir simfoniyadır.
Üzeyir bəy Hacıbəyli 1948-ci ildə
63 yaşında Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn
edilmişdir. Ruhu şad olsun!
Üzeyir sənəti, Üzeyir irsi haqqında
xeyli elmi-nəzəri məqalə və tədqiqat əsərləri
yazılmış və bundan sonra da yazılacaq. Biz bu dahi
şəxsiyyətə, əsil ziyalıya həsr etdiyimiz bu
kiçicik yazımızda ədibin jurnalistlik fəaliyyətinin
zirvəsi sayılan publisistik yaradıcılığına
az da olsa işıq tutmağa çalışacağıq.
Üzeyir bəyin jurnalistlik fəaliyyəti
və ədəbi-publisistik irsi haqqında ən geniş tədqiqat
əsəri Mir Abbas Aslanovun “Üzeyir Hacıbəyov –
jurnalist” adlı əsəridir (Bax: Mir
Abbas Aslanov, Üzeyir Hacıbəyov – jurnalist, Bakı 1985).
Bu əsərdə müəllif
Üzeyir bəyin mətbuata gəlişi, “İrşad”, “Həyat”,
“Tərəqqi” və “Molla Nəsrəddin”lə əməkdaşlığı,
publisistik yaradıcılığının ümumi
xarakteristikasından bəhs etmiş,
üzeyirşünaslıqda o dövrə qədər məlum
olmayan bir sıra arxiv sənədlərini üzə
çıxarmış, dövrünə görə
sanballı bir tədqiqat əsəri meydana gətirmişdi. Lakin əsər sovet dövründə
yazıldığından müəllif bütün məsələlərə
sovet ideologiyası prizmasından yanaşmış,
“İrşad” və “Tərəqqi” qəzetlərinin redaktoru
Əhməd bəy Ağayevi “İrşad” qəzetinin əsas
yazarlarından olan Əlibəy Hüseynzadə və Əhməd
bəy Kamalı, milli
ziyalılarımızdan olan Haşım bəy Vəzirovu “təfriqəçi”,
“Tərcüman” qəzetinin baş redaktoru, məşhur “dildə,
fikirdə, işdə birlik” ideyasının müəllifi
İsmayıl bəy Qaspıralını “məsləkini dəyişən”,
“sifətdən-sifətə düşən”, Azərbaycan
Xalq Cümhuriyyətinin yaradıcılarından
olan milli ziyalı Əlimərdan bəy Topçubaşovu
“qorxaq kadet” adlandırmış, onları “pantürkizm və
panislamizm”də ittiham etmiş, az qala Üzeyir bəyi onlara
qarşı mübarizə aparan bir şəxs kimi qələmə
vermiş və onu sosializm ideyalarının təbliğatçısı
kimi göstərməyə cəhd göstərmişdir
(Bax: Mir Abbas Aslanov, Üzeyir Hacıbəyov
– jurnalist, Bakı 1985, səh 21-41, 68).
Üzeyir bəy istisnasız
olaraq bütün əsərlərində çar hökumətinin
öz qarımış vücudunu saxlamaq məqsədilə
dəbdən düşmüş uğursuz idarəçiliyinə,
oyuncaq Dövlət Dumasına, məmur mundiri geyib
zorakılıq edənlərə, simasız
cızma-qaraçılara, dövrə, zamana uyğun gəlməyən
köhnə adətlərə, bir sözlə, ictimai
inkişafa mane olan iqtisadi, mədəni və siyasi-hüquqi tərəqqiyə
əngəl törədən nə varsa, kim varsa
hamısını öz publisist qələmi ilə ifşa
etmişdir.
XX yüzilliyin I və II onilliyində
Azərbaycan, Türkiyə, İran, Rusiya, Yaxın Şərq
və Qərbi Avropada ictimai-siyasi və mədəni həyatın
elə bir ciddi məsələsi, mühüm hadisəsi
yoxdur ki, Üzeyir bəyin publisistik güzgüsündə
öz əksini tapmamış olsun. Ümumiyyətlə, XX əsrin
əvvəllərində Cəlil Məmmədquluzadə
yeni realist-satirik publisistikanın və hekayənin, Mirzə
Ələkbər Sabir yeni satirik şeirin bayraqdarları idilərsə,
Üzeyir bəy inqilabi-demokratik publisistikanın yeni
çalarlarının, Azərbaycan ədəbiyyatı
tarixində “misli görünməyən yeni, realist məzhəkələrin
yaradıcısı” olmuşdur (Bax: Əli Sultanlı, Azərbaycan dramaturgiyasının inkişaf tarixindən,
Bakı 1964, səh 276).
Özünün publisistik
yazılarında çar Rusiyasının Duma və Dövlət
Şurası siyasəti (“Dövlət Dumasının
qurulması”, “Dövlət Dumasının buraxılmasına
dair”, “Dumada müsəlman fraksiyası”, “Dövlət
Şurası və Rusiya müsəlmanları”, “Dövlət
Duması buraxılacaqmı, yoxmu?”, “Hökumət
bəyannaməsi və Duma”, “Dövlət Duması”,
“Hökumət və Duma”, “Dumanın halı”, “İkinci Duma”
və s), müstəbid İran şahının zülm və
istibdadı (“İran işləri”, “İranda inqilab”, “İran
və “Novoye vremya”” və s), İngiltərə, Avstriya,
Fransa, Almaniya, İspaniya və Rusiyanın müstəmləkəçilik siyasəti (“Dövlətlər gəzirlər”,
“Mədəni ingilislərin vəhşi
yırtıcılığı”, “Gələcək avropa
konfransı”, “Qalmaqal”, “Köçürtmək məsələsi”,
“Dərin quyular”, “Rusiyaya dair” və s) kəskin tənqid və
ifşa edilmişdir. (Bax: Üzeyir Hacıbəyli,
Seçilmiş əsərləri, iki cilddə, Bakı 2005,
I cild, səh 374, 376, 387, 388, 389, 396; II cild səh 39, 86, 90,
207, 238, 250, 265, 271, 280, 284, 287, 291, 312 və s.).
İstər adı çəkilən
əsərlərində, istərsə də onlarla
“Ordan-burdan” və “O yan – bu yan” başlıqlı felyeton,
pamflet, qaravəlli, miniatür və hekayələrində
Üzeyir bəy müasirlərinin çoxundan fərqli olaraq
etibarlı informasiya mənbələrindən məlumatlar
alaraq Dumada baş verən hadisələrdən, çar
hökumətinin
özbaşınalığından, dərindən izlədiyi
İran “Məşrutə inqilabı”ndan oxuculara “xoruz səsi
eşitməyən” xəbər və məlumatlar
çatdırmış, Qərbi Avropa imperializminin müstəmləkəçilik
siyasətini, imperialist Qərb dövlətləri və
Rusiyanın Osmanlı İmperatorluğunu parçalayıb ərazilərinə
sahib çıxma siyasətlərinin iç üzünü
açıb göstərmiş, İranda əksinqilabın
arxasında duran beynəlxalq irtica qüvvələrini, ilk
növbədə ingilis imperializmini kəskin tənqid
etmiş və göstərmişdir ki:”Yevropa
öz-özlüyündə baxırsan ki, mütəməddin,
mütərəqqi, hürriyyətpərvər, insaniyyətcüstər
bir aləmdir”. Lakin politikası məxluqu hürriyyət və
mədəniyyət işığına çıxarmaq
deyil, məxluqun üstündə hökmfərma olmaqdır”
(Bax: “İrşad” qəzeti, 13 avqust 1906, 190-cı nömrə)
və ya :””…Azadəlik sayəsində
dolanan mədəni ingilislər XX əsrdə də adam
öldürməkdən, yəni qatillikdən əl
götürməyiblər. Özü də kimi
öldürürlər? Sahibsiz, başsız, əl-ayaqsız
əhalini! Nə tövr öldürürlər?…
Arvadların ah-naləsinə, kişilərin
yalvarmağına baxmayıb, dürlü-dürlü cövr
və sitəmdən sonra öldürürlər! Harada
öldürürlər? Misirlilərin sahibsiz
qalmış öz vətənlərində. Təəccüb
burasıdır: ingilis hökumətinin belə vəhşi
yırtıcılığına azad və mədəni
ingilis parlamenti, yəni ingilis camaatı bir söz belə deməyib…
Bu isə mədəniyyət üçün nə
böyük istehzadır… Bu “liberalizm” sözünü
ayaq altına alıb, tapdalamaq deyilmi?!. Bilirsinizmi,
ingilislərin Misir əhalisinin başına gətirdikləri
bu cinayətlər Misir əhalisindən intiqam alıb onu vahiməyə
salmaqdan ibarətdir. Çünki Misirlilərin meyli və məhəbbəti
Osmanlı dövlətinə olub, qasiblərə qarşı
isə qəlblərində yalnız bir nifrət bəsləyirlər”
(Seçmələr bizimdir – A.M. Bax:Üzeyir
Hacıbəyli, Seçilmiş əsərləri, II cild, səh
239).
Üzeyir bəyin şəxsi keyfiyyətləri,
fərdi xüsusiyyətləri, dünyagörüşü,
onun publisistikasının “ətinə-qanına” hopmuşdur. O, istər satirik hekayələrində, istərsə
də kiçicik səhnəciklərində, istər misilsiz
məzhəkələrində, istərsə də felyeton və
siyasi məzmunlu məqalələrində elə ciddi məsələlərə
toxunmuşdur ki, bu əsərlərin hər biri onun çap
olunduğu qəzetin hakimiyyət tərəfindən
bağlanmasına əsas verirdi. Zatən də “İrşad”
və “Tərəqqi” qəzetləri hökumət tərəfindən
qapadılmışdı.
Üzeyir bəyin
publisistikasını səciyyələndirən onun
ideyalılığı, operativliyi, uzaqgörənliyi, hadisələri
qabaqlamaq bacarığı, gülüş, eyham, kinayə, məsxərə,
yumor, satira və onların sintezindən yaranan əsas cəhətlərdir.
Ədib dövrü mətbuata yüksək qiymət
vermiş, qəzeti bilik mənbəyi, informasiya
daşıyıcısı, insanlar və xalqlar arasında əlaqə
və ünsiyyət vasitəsi, müəyyən ideya
uğrunda mübarizənin kəsərli silahı
saymış və göstərmişdir ki, mətbuat hürr
olmalıdır. Millətə, camaata bir təhlükə
üz verəcəyi zaman qəzet dördgözlü
olmalıdır ki, təhlükə bir tərəfdən
üz verdikdə, digər tərəfdən qabağı
alınsın. Qəzeti xalqın qiymətli “dərs
kitabı” adlandıran Üzeyir bəy qeyd edirdi ki, hər bir
qəzetin və qələm sahibinin müəyyən məsləki
olmalıdır. Çünki “Məslək hər kəsin
etiqad etdiyi yoldur” – deyən publisist göstərir ki:”Məsləkin
yaxşısı da var, yamanı da. Məsləksizlik
yoxsulluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz
insan yaman məsləkli adamdan daha zərərlidir” (Seçmələr
bizimdir – A.M. Bax:”Həqiqət” qəzeti,
25 dekabr 1909, I nömrə).
Üzeyir bəyin fikrincə,
müqəddəs məslək cəmiyyətin xoşbəxtliyinə,
ümumxalq mənafeyinə, əmin-amanlığa, millətin
tərəqqisinə xidmət etmək, zülmün, cəhalətin
əleyhinə çıxmaq, fitnə-fəsaddan uzaq
olmaqdır. Ədibin qənaətinə görə, məslək
sahibi olmaq jurnalistin vətəndaşlıq
simasını, ictimai mövqeyini müəyyən edən
keyfiyyət olduğundan jurnalist əlinə qələm
götürəndə hər hansı bir hadisə və məsələ
barəsində həvəslə, ürəyinin qanı ilə
yazmalıdır. Əsarətin, hökumət məmurlarının
qəddar rəftarının yamanlığını
gözəlcə anlamaq və anlatmaq jurnalistin vicdanı vəzifəsi
olmalıdır. Xalqa xidmət edən qəzet də,
vətəndaş jurnalist də həqiqətpərəst,
doğruçu olmalıdır. Əks təqdirdə yalan məlumat
verməklə, əsası olmayan xəbər yaymaqla, xəbərsiz
olduğu məsələlərin müzakirəsinə
girişməklə qəzet özünü hörmətdən
salar, jurnalist bədnam olar. Ədib yazır:”Bir qəzet ki,
yalançıya deyir peyğəmbərsən,
doğruçuya deyir bizə düşmənsən, onun
özü nə, sözü nə?!” (Seçmələr
bizimdir – A.M. Bax:”İrşad” qəzeti, 17
aprel 1906, 91-ci nömrə).
Üzeyir bəy bir publisist kimi daha çox
ictimai-siyasi məzmun və bədii dəyəri olan felyetonlar
yazmışdır. Çünki felyeton əslində həm
publisist, həm də ədəbi “səlahiyyəti” olan əsər
növüdür. Felyeton bu hər iki “səlahiyyətini”
eyni dərəcədə ifa etməli, müvazinəti
gözləməlidir. Əgər bu iki tərəfdən hər
hansı biri üstünlük təşkil etsə, felyeton
öz dəyərini itirər, o heç felyeton olmaz. Ədib
bütün felyetonlarında məhz bu
tarazlığı qoruyub saxlamışdır. O, öz
felyetonlarının başlanğıclarının belə
bir-birinə oxşamayan, müxtəlif fəndlərdən məharətlə
istifadə edərək başlamışdır. Jurnalist öz felyetonlarının nağıl, lətifə,
oxucuya müraciət, atalar sözü, məsəl və
ayrı-ayrı söz və ifadələrin şərh və
izahı ilə başlamışdır ki, bu da onun
fedyetonlarının satirik hekayələrindən, pamfletlərindən,
qaravəlli və miniatürlərindən fərqləndirməyə
imkan verir.
Bir pubğlisist kimi Üzeyir bəy
gözəl böilirdi ki, publisistikanın vəzifəsi sadəcə
məlumat və hadisələri təsvir etmək deyil,
insanların şüuruna, qəlbinə təsir etməklə
onları ictimai həyatı dəyişdirməyə
hazırlamaq işinə xidmət etməkdir. Mütəfəkkirin bədii publisistikası, əsasən
satira və zahiri polemikadan ibarətdir. Ədib ya tənqid
etdiyi şəxslə üz-üzə dayanaraq
sözünü açıq-aşkar onun üzünə
deyir, ya da bədii publisistikanın bu formasından bir vasitə
kimi istifadə edərək ictimai bəlanı və ya satirik
tipi tənqid edir.
Tənqidi realizmi həqiqi sənət
yolu hesab edən Üzeyir bəyin polemikaya, elmi mübahisəyə
və müzakirəyə meylli olması onun həm
publisistikasını, həm də redaktorluq fəaliyyətini
səciyyələndirən mühüm xüsusiyyətlərdəndir.
Üzeyir bəy əsərlərində
bəşəri ideyalar, ali fikirlər təbliğ etmiş,
xalqa və vətənə dəyən zərər və
ziyanı “görüb dinməməyi,
danışmamağı xəyanət və
vicdansızlıq” adlandırmışdı. Bu işdə o,
jurnalistləri və müəllimləri daha mübariz olmağa, “millətə xidmətçi” olmağa, “müqəddəs
vəzifələri layiqincə icra etməyə”, yeri gələndə
xalqa “vəkillik etməyə” səsləmişdi. Öz mənfəətini
xalqın mənfəətindən üstün tutan, hər
cür xəyanət və cinayət etməyə hazır
olan, yalandan “millət, millət” deyib özlərini
xalq mənafeyinin müdafiəçisi kimi göstərən,
ictimai fikri aldatmaq məqşsədi ilə sinələrinə
döyən “millət canıyananı” rolunda
çıxış edən “intelligentlər”ə
qarşı isə Üzeyir bəy göstərmişdi ki,
“Milləti qabağa aparmaq hər yoldan ötənin
işi deyil! Nə etsəniz də, lap mil dursanız da sizdən
bir şey çıxmaz! Durun kənara! Yazıq milləti
damaq etməyin”. Və ya: “Deyək, məsələn, indi bu
gün sən özünə “millətpərəst” deməsən,
çörək pulu çıxmayacaqdır. Nə zərəri
var, lotuluğa sal, deynən ki, millətpərəstəm!
Sonra iş elə düşər ki, gərək labüd
sosialist olasan. Nə zərəri var, lotuluğa sal, deynən
ki, sosialistəm! Sonra lazım olar ki, deyəsən panislamistəm.
Nə zərəri var, lotuluğa sal, deynən
ki, panislamistəm!” Ədib açıq-aşkar
görürdü və göstərirdi ki, bu cür
dırnaqarası millətpərəslər, intelligentlər əslində
vətəni, milləti, məsləki qara pula satan, milli
şüurdan məhrum dırnaqarası ziyalılardır.
Ədib belə dırnavqarası ziyalılara
gülür, onları məsxərəyə qoyurdu.
Üzeyir bəyin gülüşü də
öldürücü və düşündürücü
gülüş idi. Onun gülüşü həm islahedici,
həm də ifşaedici gülüş idi. O,
bu gülüşləri hər şeydən əvvəl xalq
yumoru və satirasından, klassik Azərbaycan və dünya
yazılı ədəbiyyatından öyrənmsiş və
onları öz yaradıcılığında məharətlə
tətbiq etmişdir. Ədib həm ideya-siyasi
dünyagörüşü, həm də sənətkarlığı
ilə milli və təkrarolunmaz şəxsiyyətdir.
Bunun nəzərə alan Üzeyir tədqiqatçıları
göstərirlər ki: “Üzeyir bəyin gülmək
qabiliyyəti özünəməxsusdur – Üzeyir
gülüşüdür. Onun milli xarakteri
müəyyən tarixi dövrlə şərtlənən
predmetdən başlanır, sənətkarın məsləkindən,
qarşıya qoyduğu məqsəddən, tənqid obyektinə
münasibətindən irəli gəlir, rəngarəng
gülüşdoğurma vasitələri ilə tamamlanır.
O, hikmətli xalq kəlamlarını, frazeoloji
ifadələri aydın məqsəd üçün – ürəyindəkiləri
həm bisavad, həm də savadlı oxucularına anlatmaq,
onları həyata səsəmək məqsədilə
işlədirdi” (Seçmələr bizimdir – A.M. Bax: Mir Abbas Aslanov, göstərilən əsəri, səh
80).
Müasirlik Üzeyir bəyin bədii və
satirirk publisistikasının canı, bəzəyidir. Jurnalistlik fəaliyyətində həmişə hərəkətdə
olan Üzeyir bəy çox vaxt ictimai-siyasi hadisələrin ən
qaynar yerində olmuş, günün ən aktual məsələlərinə
toxunmuşdu. Ədibin yaradıcılığının bu
xüsusiyyəti müasirləri tərəfindən də
yüksək qiymətləndirilmiş, dövrü mətbuatda
müsbət anlamda “nadinc jurnalist” (Molla Nəsrəddin)
adlandırılmış, elmi-ədəbi və bəstəkarlıq
fəaliyyəti təqdir edilmişdir. Zamanın nəbzini
tutmaq, ictimai həyatın doğurduğu problemləri
ümumxalq müzakirəsinə çıxarmaq, xalqı
birliyə çağırmaq, birliyin yol və vasitələrini
göstərmək ədibin ən ümdə vəzifəsi
olmuşdur. O, bu vəzifələri yerinə
yetirməklə xalqın maariflənməsinə
çalışmış, geniş oxucu kütləsini mədəni
həyata səsləmiş, oxucuları
gözüaçıq olmağa alışdırmış,
mikrobları millətin bədənindən kəsib atmağa”
çağırmışdır.
Doğma ana dili olan Türkcəni sonsuz məhəbbətlə
sevən Üzeyir bəy ana dilini millətin varlığı
üçün mühüm vasitə “rifah və səlamət
üzrə əmr etməsinə zor təsiri olan amil”
saymış və göstərmişdir ki:”Bir
millətin ki, dili batdı, onda o millətin özü də
batar. Çünki bir millətin varlığına… səbəb
onun dilidir” (Bax: “Həqiqət” qəzeti,
24 yanvar 1910, 18-ci nömrə).
Bütün mənalı həyatını
Türk millətinin yüksəlişinə həsr edən
Üzeyir bəy aid olduğu millətin qəlbində əbədi
taxt qurmuşdur.
Mədətoğlu
Aydın
Türküstan.- 2020.- 29 sentyabr.-
S.14