“Diaspor
fəaliyyətində qadınların az
olması mentalitetimizlə bağlıdır”
Azərbaycan Ukrayna ilə strateji
müttəfiq olmaqla yanaşı, bu ölkədə
çoxsaylı soydaşlarımız yaşayır.
Ölkəmizin xarici
münasibətlərində Ukrayna özünəməxsus yer
tutur. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə
də quru sərhədlərin olmamasına baxmayaraq, iki
ölkə arasındakı strateji müttəfiqlik
münasibətləri durmadan möhkəmlənir və
genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik
münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki
dövlət bir-birinin müstəqilliyini qısa
müddətdə tanısa da, diplomatik nümayəndəliklərin
açılması bir qədər sonra- ya təsadüf edir.
Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il
mayın 5-də fəaliyyətə başlayıb.
Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il
martın 17-də açılıb.
Ölkələr
arasındakı münasibətlər sürətlə, inkişaf
edir. Bu günlərdə
Ukrayna prezidenti Vladimir Zelenskinin Bakı
səfərindən sonra münasibətlər yeni mərhələyə qədəm qoydu.
Uzun illərdir Ukraynada yaşayan Azərbaycan cəmiyyətinin sədri Kifayət Cəfərova hazırda bu ölkədə soydaşlarımızın mədəni, ictimai durumu haqqında danışır:
-Bizim Azərbaycan məktəblərini yaratmaqda məqsədimiz təkcə
öz övladlarımızı
yox, buradakı bütün uşaqları
milli ruhda, vətənə bağlı
böyütməkdir. Mənim iki övladım var: qızım həkimdir, oğlum Milli Polis idarəsinin Ağır Cinayətlər bölməsində çalışır. Hər iki övladım kiçik yaşlarından Ukraynada yaşamasına baxmayaraq, Azərbaycan dilində
çox səlis danışır, Azərbaycan həqiqətləri, mədəniyyətimiz, tariximiz, dəyərlərimiz haqqında məlumatlıdırlar. Gələcəkdə nəvələrimin də bu ruhda böyüməsinə çalışacağam ki, milli kimliklərini unutmasınlar, tarixi Vətənə, millətinə bağlı
olsunlar. Bu yöndə
son zamanlar dünyanın müxtəlif ölkələrində Azərbaycan dili məktəblərinin fəaliyyətinə diqqətin gücləndirilməsi xüsusi təqdirəlayiqdir. Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
Diasporla İş üzrə
Dövlər Komitəsinin açılışını etdiyi “Qarabağ” məktəblərini ayrıca bizim də motivasiyamızı artırır.
-Hazırsa Xarkovda nə
qədər azərbaycanlı
var?
-Deyim ki, rəsmi olaraq 50 min azərbaycanlı
yaşayır, amma əlbəttə ki, qeyri-rəsmi daha çoxdur.
Bizim təşkilatda təmsil olunanlar da kifayət qədərdi. Bütün tədbirlərimizdə üzvlərimiz bir arada olur.
-Siz, ömrünüzün böyük bir hissəsini Ukraynada yaşamısız, necə oldu ki bu ölkəyə
köçəsi
oldunuz?
-Azərbaycan Pedaqoji Universitetini bitirdikdən sonra bir müddət təyinatla İsmayıllının Baskal kəndində müəllimə işlədim. 1985-ci ildə isə
ailə
qurub Ukraynanın Xarkov şəhərinə
getdim və elə o vaxtdan burada məskunlaşmışıq. Burada bir müddət uşaq bağçasında işlədikdən sonra Xarkovda fəaliyyət göstərən “Xətai” Azərbaycan Cəmiyyətinə müraciət etdim. Bu təşkilatı çox vətənpərvər soydaşlarımızdan olan Mövsüm Həsənov yaratmışdı və
onun fəaliyyəti, inkişafı üçün böyük əmək sərf edirdi. Təşkilata üzv olduqdan sonra cəmiyyətin nəzdində həftəsonu Azərbaycan dili məktəbini yaratdıq, Bahar Nəsibova, Almaz Şıxəliyeva ilə
birgə
burada təmənnasız çalışmağa başladıq. Demək olar bir çox azərbaycanlı
ailələrin övladlarını məktəbə cəlb etdik. Çox böyük həvəslə Azərbaycan dilini, ədəbiyyatım tarixini tədris edir, maraqlı təbirlər təşkil edirdik. Bu məktəb uzun illər bu məktəb fəaliyyətini davam etdirdi.
-Bəs, “Aynur Xatun” qadınlar cəmiyyətini yaratmaq ideyası necə yarandı?
-“Xətai” cəmiyyətinin qadın üzvlərinin sayının artması ilə təşkilatın tərkibində
qadınlar şurası yaratdıq, 40 nəfərdən çox üzvümüz vardı. Biz artıq məktəbdə dərs deməklə kifayətlənməyib, buradakı
qadınların, ailələrin problemləri ilə maraqlanır, onları aradan qaldırmaqda soydaşlarımıza kömək edirdik.
Təəssüf ki, bizim bəzi kişilər qadınlara həmişə problem yaradır, onların irəli getməsinə mane olmağa çalışırlar. Görürdüm ki, cəmiyyətdə qadınlara hər hansı
qayğı
yoxdur, qadınların probleminin həlli onlar üçün maraqlı deyildi, onlara münasibət çox səthidir. Bütün bu səbəblər yeni bir qadın təşkilatının ortaya çıxmasına zəmin yaratdı.
Və
beləliklə, qadınların problemlərinin həllində
daha yaxından iştirak etmək üçün müstəqil təşkilat - “Aynur Xatun” qadınlar cəmiyyətini qurduq. Mövsüm Həsənov təşkilatın adını
şahmatçı
Aynur Sofiyevanın adı ilə
əlaqələndirmişdi və deyirdi ki, istəyirəm burada şahmat klubu da yaradaq, uşaqlarımız daha ağıllı
böyüsünlər.
...Xarkovun 11 rayonunda Azərbaycan dili məktəbi və
şahmat kursları yaratdıq, heç
bir maliyyə dəstəyimiz olmadan, üzvlük haqqı
yığmadan çox böyük çətinliklə bütün bunların öhdəsindən gələ
bildik.
Təəssüf ki, bu gün maliyyə problemləri ilə əlaqədar cəmi 4 məktəbimiz fəaliyyətini davam etdirir.
-Ümumiyyətlə, Ukraynada azərbaycanlı qadınların hansı problemləri var?
-Qadınların problemi əvvəl də
çox idi, indi də var. Onların hər probleminə
dəstək göstərməyə çalışırıq. Adi bir misal çəkim, şagirdlərimizdən birinin atası qəfil rəhmətə getdi və ana 4 uşaqla tək, köməksiz qaldı.
Cəmiyyətin sədri Mövsüm Həsənov uşaqlardan birini övladlığa götürdü, qalan uşaqları
isə
çox böyük çətinliklə
internata düzəldə bildik. Qadının özünü isə işlə təmin etdik, daha sonra o xəstələndi, bu dəfə onun müalicəsinə yardım göstərdik. Yəni qadınların sosial, səhiyyə,
ailə
və
digər problemləri həddindən artıq çoxdur.
-Sizcə diaspor rəhbərləri və
fəalları arasında qadınlar niyə azıdır?
-Bu bizim mentalitetimizlə bağlıdır, Ukraynada yaşasalar azərbaycanlı
kişilərin düşüncəsi bir qədər fərqlidir: həyat yoldaşlarını ancaq evdar xanım kimi görmək istəyirlər. Təkcə
Ukrayna yox, MDB üzrə ilk qadın cəmiyyətinin yaradıcısı mən olmuşam. Bu iş vətənpərvərlik, vaxt, əmək, zəhmət, ailənin dəstəyini tələb edir ki, heç
də
hər kəsdə
bu imkanlar olmur.
-Təşkilatınız daha hansı istiqamətdə fəaliyyət göstərir?
-Bizim təşkilat istər Ukraynada, istərsə
də
Azərbaycandakı siyasi proseslərdən uzaqdır. Biz yalnız mədəniyyətimizi təbliğ edir, uşaqları milli ruhda böyütməyə çalışır, milli-mənəvi dəyərlərimizi, kimliyimizi qoruyub saxlamağa çalışırıq. Əsasən ciddi problemləri olan qadınlara, qocalara, köməksiz insanlara hüquqi yardım edirik. Bir misal çəkmək istəyirəm: 32 yaşlı
Qəndab adlı soydaşımız Ukraynada qeyri-leqal yaşayır, xəstə olduğu üçün həyat yoldaşı uşaqlarını ondan alıb ayrılmaq istəyir. Həddindən artıq köməksiz, çarəsiz vəziyyətdə və məndən kömək istəyirdi. Ailəcə onun problemi ilə
məşqul olduq və 1 aya, cəmi 100 qrivn rüsum ödəməklə həll etdik. Bu mənim uzun illər hüquq-mühafizə orqanlarında çalışmış
yoldaşımın və oğlumun nüfuzu hesabına mümkün oldu.... Belə
problemlər, orada hər 5 nəfərdən birində var. Demək düşzgün deyil, bir dəfə zəng gəldi ki, iki nəfər azərbaycanlı
oğlan ac-susuz vağzalda qalıblar, telefon budkasında yatırlar. Onlara Bakıya qayıtması üçün kömək etdik...
-Xarkovdakı digər cəmiyyətlərlə
əlaqələriniz necədir?
-Milli bayramlarımıza həsr olunmuş tədbirlərdə, şəhər rəhbərliyinin təşkil etdiyi mərasimlərdə mütəmadi görüşlərimiz olur. Biz çalışırıq şəhər rəhbərliyi tərəfindən keçirilən bütün tədbirlərə qatılaq ki, burada çoxluq təşkil edən ermənilərdən geri qalmayaq. Xarkovda ermənilər fəal olsalar da, onların öz aralarında çox böyük konflikt var və hətta təhqir səviyyəsinə qədər gəlib çatıb. Bununla belə, təxribatçı əməlləridən də qalmırlar: festivalların birində “Uzun dərə”
rəqsini erməni xalq rəqsi kimi təqdim etdilər.
Etirazımı bildirim, böyük qalmaqal oldu və sonralar bir daha belə bir hal təkrarlanmadı. Qeyd edim ki, şəhər rəhbərliyi ilə çox yaxşı münasibətlərimiz var və bizimlə əməkdaşlığa da çox üstünlük verirlər.
Kifayət
Cəfərova
Müsahibəni
apardı: Mövlud Ahıskalı
Türküstan.–
2020.– 7-13 yanvar. S. 10.