Ədalət
Tahirzadə: “Uşaqlığım gözümün
qarşısına gələndə ürəyim
ağrıyır”
Deyirlər
ki, insan yaşlandıqca doğulduğu yurda, körpəliyinin,
uşaqlığının, gəncliyinin keçdiyi yerə
meyli daha da artır. Başqa sözlə desək, torpaq
insanı özünə çəkir. Yaşlı
insanların uşaqlıq xatirələrini necə içdən,
kövrək hisslərlə ifadə etdiklərini görəndə,
bir daha əmin olursan ki, boşuna belə demirlər… Bu xatirələri dinlədikcə,
insanda qəribə duyğular yaranır.
Saytımızın
“Mənim kəndim” rubrikasının növbəti
qonağı, professor Ədalət Tahirzadə də bizimlə
söhbət zamanı eyni kövrəkliklə uşaqlıq
illərinə qayıtdı. Qəbələ rayonunun
Xırxatala kəndində, təbiətin qoynunda,
müdhiş saflıq mühitində həyata
addımlarını atan həmsöhbətimiz unudulmaz
anlarını Modern.az-la bölüşüb.
Molla Çərkəz əfəndinin
nəvəsi…
Mən
doğma kəndimə o qədər bağlı insanam ki,
yurdum haqqında məlumatları gələcək nəsillərə
çatdırmaq üçün kitab da yazdım. 19 il ərzində
ərsəyə gələn, kiril qrafikalı əlifba ilə
yazılan bu kitabın adı “Xırxatala kəndinin tarixi və
uruqlarının soyağacı” adlanır. “Uruq” deyəndə
nəsil nəzərdə tutulur. 1996-cı ildə
işıq üzü görən kitabda 1300 nəfərin
şəcərəsi əks olunub.
Ailəmdən
danışım… Atam Şərif Tahirli Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür, 42 il müəllim
işləyib. Halbuki çox kasıb ailənin övladı
olub və bu kasıblıq bizim ailəyə də sirayət
edib. Anam kolxozda çalışırdı, ali savadı yox
idi. İnandırım sizi, ali savadı olmasa da, mənim anam
savadı olanlardan qat-qat çox bilirdi. Kənddə “Molla
Çərkəz əfəndinin qızı Ruqiyyə” deyəndə,
hər kəs ona rəhmət oxuyur. Molla Çərkəz əfəndi,
yəni mənim ana babam ruhani idi. Tək Qəbələdə
deyil, ətraf bölgələrdə də böyük
hörməti vardı. Babamın mollalığı
dövründə kəndə bir nəfər də olsun polis
gəlməzdi. Kənddə münaqişə düşəndə
o dəqiqə deyərdilər ki, gəlin Molla babanın
yanına gedək, şərimizi o kəssin. Hətta kəndimizdə
camaatın bir andı vardı: “Molla babanın oxuduğu qara
(böyük) Quran haqqı!”.
“Mənim kəndim üç nəsildən
yaranıb”
Kəndimizdə
üç nəsil birləşib, camaatı
formalaşdırıb. Birinci nəsil Alı uşağı
(bizim kənddə nəslə, tirəyə “uşaq” deyirlər;
Alı uşağı bizim nəsildir), ikincisi Məmmədsüflü
uşağı (Məhəmmədyusifin nəsli),
üçüncüsü Mollamətdi uşağı (Molla
Məhəmmədin nəsli). Bu üç nəsil birləşərək,
Xırxatala kəndini yaradıblar.
Ata
babam Yusif kişi oğlan nəvələrini həmişə
çox istəyirdi. İlk nəvəsi də mən
olduğumdan, məni lap başqa cür sevirdi.
Kəndimizdə
keçən uşaqlığımı yadıma salanda
velosipedlə bağlı bir hadisə ağlıma gəlir. Kəndimizdə
ilk velosiped Rəhman dayıda idi. Mən də o vaxtlar
çox balaca idim, məktəbə belə getmirdim. Bizim
taxtadan köhnə iri bir darvazamız var idi. Rəhman kişi
gəlib bizim darvazanın yanından keçəndə, mən
əlimdəki çubuğu düz velosipedin təkərinin
arasına atdım. O vaxtı da kəndin yolları yayda toz,
qışda isə əl qalınlığında
palçıq olurdu. Elə çubuğu atmışdım
ki, gördüm Rəhman kişi göydə uçur.
İnanın, qorxumdan həyətə necə girdimsə, onu
bir Allah bilir. Sonra dayanıb, qapının arxasından gizlincə
xeyli baxdım. Bir də gördüm Rəhman kişi əlində
təkəri əyilmiş velosipedlə bizə gəlir. Sən
demə, babama şikayət eləməyə gəlib ki, sənin
nəvən mən boyda kişini yıxıb. Həmin gün
axşama qədər qonşularda gizləndim ki, babamın əlinə
düşməyim. Axırda gördüm yox, acından
ölürəm, evimizə gəlib, sakitcə süfrənin
qırağında oturdum. İndi gözləyirəm ki, babam
mənə nəsə deyəcək, amma demədi. Mənə
nə qədər hirsli olsa da, xətrimə dəyməzdi,
çünki məni həddindən artıq çox istəyirdi.
“Atam əsgər gedəndən
üç ay sonra mən dünyaya gəlmişəm...”
- Mən
dünyaya gələnədək atam əsgər gedib.
Üç il yarım ata üzü görməmişəm.
Atam əsgərlikdən məktub yazıb ki, oğlum olsa,
adını Ədalət qoyun.
Ailədə
4 uşaq olmuşuq: 1 bacı, 3 qardaş. Evin
böyüyü mən, sonbeşiyimiz isə bacım olub.
Çox pis oluram ki, bir dənə də olsun, uşaqlıq
şəklim yoxdur. İndi kimin uşaqlıq şəklini
görsəm, həsəd aparıram ki, mənim niyə şəklim
yoxdur?
Atam
kəndimizdə müəllim işləyirdi, 120 manat maaş
alırdı. Az maaş almasına baxmayaraq, hər birimizə
ali təhsil verib. Maddi vəziyyətimiz çox ağır
idi. Atam bizi çox çətinliklə böyüdüb,
boya-başa çatdırıb. Bizim kənddə məktəb
8 illik olduğuna görə orta məktəbi Zarağan kəndində
oxumalı oldum. Ailə vəziyyətimiz o qədər
acınacaqlı olub ki, hələ də
uşaqlığım gözümün qarşısına gələndə
ürəyim ağrıyır. İnanın, atamın bəzən
20 qəpiyi olmurdu ki, mənə yolpulu versin…
Məktəb illəri...
-
Orta məktəbdə dərslərimi yaxşı
oxumuşam. Ən çox qorxduğum müəllim də atam
olub. Çox sərt adam idi. Düzdür, uşaq vuran deyildi,
ancaq bir baxışı ilə şagirdi sakitləşdirməyi
bacarırdı. İnanın ki, lövhədə yazı
yazırdı, deyirdi “filankəs, sakit dur!”. Elə bil, arxada da
gözü var idi.
Mən
“Səfillər” romanını 5-ci sinifdə oxuyub bitirmişəm.
Kəndin kitabxanasında elə bir kitab qalmamışdı
ki, onu mən oxumayım. Yeganə oxuya bilmədiyim əsər
Lev Tolstoyun “Hərb və sülh” əsəridir. Bu
yaşıma qədər üç dəfə cəhd etdim
ki, oxuyum, alınmadı.
Kəndimizdə
kolxoz hesabına ayda, iki ayda bir dəfə camaata kino göstərirdilər.
Hind filmləri olanda hətta qonşu kəndlərdən də
gəlib baxırdılar. O vaxtlar filmə baxmaq bizim
üçün əlamətdar
hadisəyə çevrilirdi.
“Atamdan sonra dayağım, köməyim
əmim olub”
- Böyük
əmim Nəriman rayonda zərgər işləyirdi, mən də
o vaxtları tələbə idim. Bir tələbəyə əsas
nə lazım idi: ərzaq və pul. Ən çətin məqamımda
əmim əlimdən tutub, tez-tez pul, ərzaq göndərirdi
ki, mən korluq çəkməyim. Mənə ata əvəzi
olub, ona görə də əmimin xətri həmişə mənə
əzizdir.
O
vaxtlar indiki kimi deyildi ki, hər şey yaxşı olsun. Deməli,
rayona getmək üçün avtovağzala gedirdin, birdən
bilet olurdu, birdən də yox. Bilet tapmayanda 360 km-lik yolu
avtobusda ayaqüstə getməli olurdun.
İsmayıllı
rayonunun Topçu kəndində təyinatla 3 il müəllim
işləmişəm.
Ömrümün 3 ən gözəl və unudulmaz ili
bu kənddə keçib. Topçu camaatı məni öz
balası kimi sevib, çünki onların uşaqlarına hətta
şənbə və bazar günləri də dərs
deyirdim. O kənddə elə bir ev olmayıb ki, məni qonaq
etməsin. Məndən soruşsalar ki, dünyanın ən
gözəl insanları kimlərdir, deyərəm ki,
topçulular!
Toy, yas mərasimlərində kəndin
birliyi…
-
Bizim kəndin bir özəlliyi var. Tutaq ki, bir insanın yas mərasimi
düşdü, ölü nə vaxt götürüldü,
məzarı nə vaxt qazıldı - bundan ev yiyəsinin xəbəri
olmur.
Keçmişdə
adət idi, ölü öləndə camaata çay və qənd
paylayardılar. Qonşumuzda Nabat nənə
ölmüşdü, hər kəsə qənd, çay
paylanırdı. Nəhayət, mənə də qənd veriləndə
sevinmişdim. Çox balaca idim, anlamırdım, deyirdim “ay
Allah, ölənlər tez-tez olaydı...”.
Keçmiş
toylarımız çox maraqlı keçirdi. Səsi-sədası
qonşu kəndlərə kimi gedib çatırdı.
İki gün, iki gecə toy çalınırdı. Həm
də əsas musiqi aləti zurna və kos (böyük
nağara) idi. Bizim toylarda içki olmurdu. Qonaqlar gəlib
yeyirdi, yorulana qədər oynayırdı, şabaş verib
gedirdi. Gəlinin başına düyü, konfet atardılar.
Biz uşaqlar da o konfetləri elə həvəslə
yığardıq ki, adama ləzzət eləyirdi.
Bir əhvalat
danışım. Mənim əmim bir qızı istəyirdi,
elə onunla da evləndi. Əmimin toyu idi. O vaxt mən 1-ci
sinifdə oxuyurdum. Toyda bir dava düşdü ki, gəl
görəsən. Sən demə, əmimin evləndiyi
qızı başqa birisi də istəyirmiş. Toy
günü həmin bu adam öz dəstəsi ilə davaya gəlmişdi.
Dava qızışdığı vaxtda mən qorxumdan evin
damında gizlənib baxırdım.
“Çox dəcəl olmuşam”
- Bir
məsəl var: yerdə yeri, göydə göyü
yandırır. Mən də elə uşaq olmuşam. Bir yerdə
sakit durmurdum. “Quzuluğuma” görə sol qolum bir dəfə
çıxıb, iki dəfə sınıb. İndi
saatı da sağ qoluma vururam, çünki sol qolum
yaxşı işləmir. 1950-ci illərin ortaları idi Kəndimizə
ilk maşın gəlmişdi. Bu da Nəsrullah əminin VF
60-51 QAZ-51-i idi. Kəndin ortasında bir dəmirçixana var
idi. Nəsrullah əmi maşını onun yanındakı qoz
ağacının altında saxlamışdı. Əlim dinc
dayanmayıb maşının təkərinin havasını
boşaltdım. Təkərdən hava çıxanda
fışıldayırdı, bu da çox xoşuma gəlirdi.
Nəsrullah əmi təkərin yatdığını
görüb qəzəblənib, oradakı uşaqlardan
soruşub ki, bunu kim eləyib? Demişdilər ki, Ədalətin
işidir. O da məni əl-əl axtarırdı ki,
çırpsın. Həmin hadisədən xeyli vaxt
keçmişdi. Bir gün darvazanın ağzında
dayandığım yerdə Nəsrullah əmi
maşını düz yanımda saxladı. Kişi
maşından düşüb, yaxamdan yapışanda
yadıma düşdü ki, başına oyun
açmışam. Gördüm ki, Nəsrullah əmi məni
pis vuracaq, əli göydə olanda onu qabaqladım. Dedim, Nəsrullah
əmi, axşam qonaqlarımız gələcək, sən də
bizə gəl. İnanırsınız, kişini bir gülmək
tutdu, əli boşaldı, yaxamı buraxıb
çıxıb getdi.
İlk məhəbbət yada
düşər…
Əslində məhəbbət
mövzusu mənim yaralı yerimdir. İstər orta məktəbdə,
istərsə də ali məktəbdə sevgi macəralarım
olub. Həmişə yoldaşıma da zarafatla deyirəm ki, sən
mənim sonuncu ilk məhəbbətimsən. İlk məhəbbətim
yeddinci sinifdə oxuyanda olub. Sinfimizə yeni bir qız gəldi,
adını çəkmək istəmirəm. Bu qızı
görən kimi bir könüldən min könülə ona
vuruldum. Hətta adını balaca mıxlarla partaya həkk
etmişdim. Ancaq bu qızla münasibətimiz alınmadı.
Elə yaxşı ki, də alınmayıb. Sonradan eşitdim
ki, mənə də, başqa bir oğlana da eyni zamanda məktub
yazırmış.
Tələbəlik
illərində isə qrupumuzdakı qızların əksəriyyətini
sevmişəm. Hətta elə qızlar vardı ki, onları
sevdiyimdən özlərinin xəbəri belə olmayıb.
Onu da deyim ki, evlənənədək bir qızın əlinə
əlim dəyməyib. Mən qrup nümayəndəsi idim,
ona görə çalışırdım ki, sevdiyim
qızlara kömək edim. Nə problemləri vardısa, əlimdən
gələni edirdim, imtahanlarda köməklik göstərirdim.
Hər
imtahanda qızlara kömək edə-edə, hər dəhlizdə
bir qızı görüb aşiq ola-ola ömür keçməz
ki… Zaman keçdikcə, düşünürdüm ki, belə
olmaz, konkret biri ilə evlənməliyəm. Həyat
yoldaşımı isə atam məsləhət görüb.
Bir gün anam yanıma gəlib dedi ki, atanın ürəyində
şir yatır. Soruşdum ki, o şir kimdir? Dedi ki, Yusifin
qızını sənə almaq istəyir. Qızı
uşaqlıqdan tanıyıram. İnstitutda oxuyur. Sən demə,
onun da məndən xoşu gəlirmiş. Evləndik və 42
ildir bir yerdəyik. Sizə bir sirr də açım:
zamanında qızlardan mənə gələn məktubların
hamısını həyat yoldaşıma vermişəm.
Ondan heç vaxt heç nə gizləməmişəm.
Yoldaşım elə qadındır ki, indiyə qədər
ona xəyanət etməmişəm.
Aysel Aslan
Jalə Mehdi
Türküstan.– 2020.–
7-13 yanvar. S. 11.