İstiqlal
Mücahidi Mirzə Bala Məmmədzadənin “Azərbaycan
tarixində Türk Albanya” əsəri
Mirzə
Bala Məmmədzadənin ən dəyərli elmi əsərlərindən
biri də 1951-ci ildə Ankarada nəşr olunan “Azərbaycan
tarixində Türk Albanya” adlı əsəridir. “Giriş” və
dörd bölmədən ibarət bu əsərində
müəllif Albaniyaya dair özünəqədərki tədqiqat
əsərlərini incələyərək qısa, lakin
sanballı bir əsər meydana gətirmişdir.
Əsərinin
“Giriş”ində müəllif qədim yunan, latın, suryani,
erməni və Klassik İslam müəlliflərinin əsərlərinə,
arxeoloji qazıntılar nəticəsində o dövrdə əldə
edilən elmi məlumatlara əsaslanaraq göstərir ki,
Albaniya bir türk məmləkəti olmuş və bu məmləkətdə
yaşayanlar “Turani bir qövm” olmuşdur. Klassik müəlliflərin
Turani bir qövm olaraq təsvir etdikləri bu məmləkətin
xalqı haqqında başqa bir hökm vermək
qeyri-mümkündür. Belə bir hökm Albaniyanın guneyə
doğru davamı və yaylasını təşkil edən
Atropatenaya (Azərbaycana- müəllif) və ya ümumiyyətlə,
Midya haqqında da verilmiş, Medya üçün də
“Turan Medyası” deyilmişdir.
Alban
xalqından bəhs edərkən müəllif Strabona əsaslanaraq
qeyd edir ki, gözəllikləri, boyları,
dürüstlükləri, doğruluqları ilə tanınan
Albanlar at minməkdə, ox atmaqda, qılınc işlətməkdə
məharət sahibi idilər. Yaxşı cins atlar
yetişdirirdilər. Köçəri olmaqla bərabər, əkinçiliklə
də məşğul olurdular. Albanlar Günəşə və
Aya tapınırdılar( Seçmələr bizimdir- A.M. bax :
Mirzə Bala, Azərbaycan tarihində Türk Albaniya, Ankara,
Yeni Cezaevi Matbaasi, 1951, səh. 3)
Mirzə
Bala Heredota, Çin mənbələrinə, Deqiuqnesə və
digər mənbələrə əsaslanaraq Massaget Türkləri,
Saka Türkləri, Hun Türkləri və Göy Türklərlə
Alban Türkləri arasındakı oxşarlıqları
şərh etdikdən sonra göstərir ki,
Xristianlığın zühurundan və ondan daha öncədən
başlayıb altı yüz il sürən Turani
Arsakalıların( Arsakların) hakimiyyəti dövründəki
müştərək bir həyatın təsiri altında
Alban Türkləri ilə erməni və digər xalqlar
arasında bir çox müştərək mədəni
müəssisələr meydana gəlmişdi. Albaniyadan ən
çox bəhs etmiş olan erməni mənbələrində
Albanya “Arqvanya, Aqvank və Aquank” yunan və latın mənbələrində
isə “Albanya” kimi göstərilmişdir. Qədim erməni
müəllifləri yabancı xüsusi isimlərdə “l” hərfinin
“q” ilə ifadə edildiyini açıq şəkildə
göstərmişlər. Erməni müəllifləri
“Aqu”nu “lətif və dadlı” mənasında “Ank” və
“Vank” ədatlarını da “məmləkət və diyar” mənasında
şərh etməyə çalışmışlar.
Albaniyalı müəlliflərdən Kaqankatvatsinin “Aqvanlar
tarixi” adlı əsərinə 1860-cı ildə bir müqqədimə
yazan Şahnəzəryan ermənicə, yunanca, latınca,
keltcə və almanca “Aq, Alb, Albus və Alp” kimi “dağlıq
və ağlıq(bəyazlıq)” mənasına gələn
sözləri qarşılaşdıraraq Albanların
“açıq rəngli saça və gözlərə” malik
olduqları və yaxud dağlıq bir yerdə sürü bəsləməklə
məşğul olduqları üçün belə ad
almış olduqları nəticəsinə varmışlar.
Müəllif qeyd edir ki, əslində bu nəzəriyyə
orijinal olmayıb çox qədim zamanlara aiddir. Belə ki,
vaxtilə Plinius və Hellnus göstərmişdilər ki, təbiət
bura əhalisinin gəncliklərinin ilk çağlarında
acıq rəngdə saçlarla boyadığı
üçün Albanya öz adını “Ab Ablus Cabillis”-dən
almışdır.
Mirzə
Bala daha sonra göstərir ki, bu fərziyyə və nəzəriyyələr
arasında Azərbaycan və Ermənistanda səyahət
etmiş olan Euqene Boreyə aid orijinal olan bu nəzəriyyə
də vardır. Bu cəsarətli nəzəriyyəyə
görə, “Albanya” sözü türkcədən
latıncaya tərcümə edilmiş bir kəlimədir.
1848-ci ildə irəli sürülən bu nəzəriyyəyə
görə, Albaniyanın mərkəzində axan “Ağsu”
çayı Romalılar tərəfindən “Fluvius Albus” və
yaxud “Aqua Alba” olaraq latıncaya çevrilmiş və məmləkətə
bu ad verilmişdir. Vaxtilə “Albanus” adını
daşıdığı təxmin edilən bu çayın
Türkcədən Latıncaya tərcümə edilmiş
olması iddiası mühüm bir iddiadır. Lakin bu iddia həqiqətin
tamamilə ifadəsi sayıla bilməz. Biz(Mirzə Bala
özünü nəzərdə tutur-A.M) “Albanya”
adının mənşəyini araşdırdığımız
zaman “dağlıq, yüksəklik, bəyazlıq,
parlaqlıq, qəhrəmanlıq, hurriyyət və hakimiyyət”
kimi bir çox mənaları da içinə alan xalis
Türkcə bir kəlimə olduğunu və bütün digər
bənzər kəlimələrin də (“sönməz odlar
ölkəsi”, “od yeri, od yurdu”, “lətif” və “dadlı”,
“dağ” və s.) bundan nəşət eyləmişdi. Buna
baxmayaraq Azərbaycandakı Albanyaya (Bəllidir ki, Albanya həm
də Balkanlardakı Arnavutun və Britaniya adalarındakı
Şotlandiyanın qədim adıdır-Mirzə Bala, göstərilən
əsəri, səh.6) “Türk Albanya” dediyimizin səbəbi
yalnız bu deyildir. Albanyanın etnik təşəkkülü,
təkamülü və tarixi müqəddəratını tədqiq
etdiyimiz zaman bu məmləkətin Türklərə məxsus
olduğunu tamamilə anlaşılacaqdır- deyən Mirzə
Bala sonrakı bölmələrdə Albanyanın coğrafi
durumunu, etnik təşəkkülünü, tarixini və
“Albanya” adının mənşəyini elmi dəlillərlə
sübut etmişdir.( seçmələr bizimdir-A.M.Bax: Mirzə
Bala, göstərilən əsəri, səh.3-32)
Əsərinin
“Albaniyanın coğrafi durumu” adlı birinci
bölümündə Mirzə Bala Abbasqulu Ağa
Bakıxanovun “ Gülüstani-İrəm” adlı əsərinə,
Ptolomeyin və Xorenatsinin “Coğrafiya”larına, Plinus və VII
əsr Alban tarixçisi Moyses Kaqankatvasinin əsərlərinə
əsaslanaraq Albaniyanın coğrafi sərhədləri,
Albaniyanın tərkibində olan prensliklər və
Albaniyanın təbii sərvətləri haqqında məlumat
vermiş və göstərmişdir ki, V əsrdə Hun
Türklərinin dünyaya yayıldığı və
Albanyaya bir neçə dəfə səfər etdikləri,
Ermənistanda hakimiyyətdə olan Arsakli Türk sülaləsinin
süquta uğradığı dövrdə Albanlar Kür ilə
Araz çayları arasındakı əraziləri içinə
alan Arana yerləşmiş, VI-VII əsrlərdə
şimaldan gələn digər Türk axınlarının
basqıları nəticəsində isə Dərbənd ətrafındakı
Albanya paytaxtı da o zamankı adı “Partav” olan Bərdəyə
köçmüş və Bərdə Albanya dövlətinin
yeni “Böyük Mərkəzi” halına gəlmişdi(
Seçmələr bizimdir-A.M. Bax: Mirzə Bala, göstərilən
əsəri, səh.8-11)
“Albanyanın
etnik təşəkülü” adlı ikinci bölümdə
müəllif göstərir ki, Albanların Araz ilə Kür
arasına çəkilməsi Dərbənd keçidi ilə
güneyə axın edən Hun, Bulqa, Sabir, Xəzər və
s. Türklərin basqısı altında baş vermişdi. Və
hələ VII əsrin əvvəlində Albaniya tamamilə xəzərləşmişdi
ki, həmin əsrin ortalarında ərəblər Azərbaycanı
istila etdikləri zaman bütün Qafqaz ilə bərabər
Albanyaya da “Xəzər məmləkəti” adını
vermişlərdi. X əsrdə Azərbaycanda bulunmuş
Müqqəddəsi Araz, Savalan və Ərdəbil bölgəsində
müxtəlif dillərdə
danışıldığını İbn Havkal bu dillərin
nə azəri farscasına və nə də xalis farscaya bənzədiyini,
Asəmülkufi isə Ərdəbilin şimalında Ars və
Baykalın bölgələrində Xəzər Türkcəsinin
yayqın olduğunu, hətta fars əslindən olanların
belə təmiz Xəzər Türkcəsində
danışdıqlarını açıq şəkildə
qeyd edirlər.
VII əsrdə
yaşamış olan Alban katolikosu Viro tərəfindən
qeyd edilən Xəzər orduları baş komandan Cebu
Xaqanın oğlu Şadın şərəfinə 6 şəhər
inşa etdiyini və XIII əsrdə Gəncəli Kirakosun bu
şəhərlərin Şatar, Şaki, Şirvan,
Şamaxı, Şabran və Şamxordan ibarət olduğunu
qəbul etməyən Mirzə Bala göstərir ki, bu şəhərlərin
bəziləri Alban katolikosu Virodan çox daha öncə
mövcüd olduğu üçün bu məlumatlar bu şəhərlərin
inşasından daha çox onların
abadlaşdırılması mənasında qəbul edilməlidir.
Həmçinin bu məlumatlarda Xəzərlərin bu
bölgədə VII əsrdə artıq yerləşdikləri
və Şirvanın Xəzərlərə aid bir Türk
şəhəri olaraq göstərilməsi xüsusi əhəmiyyətə
malikdir. Zira, “Şirvan dövlətinin” öz adını “
Şirvan” şəhərindən aldığı haqqında
dəlillər vardır. Lakin bəzi fars tədqiqatçılarının
“Şirvan”ı farsca “Şir” sözünə və ya
Firdovsiyə dayanaraq “Ənuşirəvana” bağlamaları
heç bir ciddi elmi əsasa dayanmır. Bir qövm adı
olaraq “Şirvan” təbirinə Ənuşirəvandan əsrlərcə
əvvəl rast gəlirik. Belə ki, əsərini III əsr
süryani müəllifi Mar-Aras-Katinanın əsərlərindən
tərcümə etmiş olduğu isbat edilmiş olan V əsr
müəllifi Xoranatsi hökmdarlarına “xaqan” deyən və
bugünki Şimali Qafqaz ilə Şərqi Avropanın
Don-Aral bölgələrini də içinə alan “Asya
Sarmatyası” əhalisindən bəhs edərkən bu əhalini
təşkil edən Hun, Xəzər, Barslı və Masaget
Türkləri ilə bir arada 44-cü millət olaraq
“Şirvanlar”dan bəhs etmişdir. Sasani hökmdarı I
Xosrovun ləqəbinin ərəbcə şəkli olan
“Ənuşirvan” isə X əsrdə Firdovsi tərəfindən
uydurulmuşdur. Bu ləqəbin Sasanilər dövründəki
əsil şəkli pəhləvicə “Enoşek” və “Ruan”
kəlimələrinin birləşməsindən ibarətdir.
Firdovsi bu “Enoşek-Ruan”ı “Nuşirəvan” şəklinə
salmışdır.
Nə
olursa olsun “Ənuşirəvan”ın mənşəyini təşkil
edən “Enuşek-Ruan” təbiri hələ mövcud olmadan və
bu ləqəbi işlədən Sasani hökmdarlarından əsrlərcə
əvvəl qaynaqların “Şervan” şəklində qeyd
etdiyi “Şirvan” mövcud bulunurdu. Bu “Şirvan” ilə bu
günkü Bakı və Quba arasındakı “Şabran”
şəhəri arasında bir əlaqə arayanları
haqlı bulmamaq imkansızdır. Qədim qaynaqların
Türk xaqanı Əfrasiyabın paytaxtı olaraq zikr etdikləri
bu “Saberan” ilə Alban katolikosu Vironun Xəzər şahzadəsi
“Şat” üçün yapdırılan bir şəhər
kimi göstərdiyi “Şaporan” arasındakı münasibət
isə gözə batacaq dərəcədə
açıqdır. (Seçmələr bizimdir-R.Ə.Bax:
Mirzə Bala, göstərilən əsəri, səh.12-14)
Mirzə
Bala tarixi mənbələrə əsaslanaraq bu əsərində
belə bir elmi fikir irəli sürür ki, Sakaların miladdan
öncə V əsrdə yapdıqları axılar əsnasında
bu əraziyə gələn Barslı Türkləri bu
günkü Borçalı Türklərinin əcdadlarıdır.
Onların yaşadıqları Albaniyanın Qərb
ucundakı ərazi Strabonun “Kambizenə”, Xorenatsinin isə
Albaniyanın üçüncü əyaləti olaraq
göstərdiyi “Kambeca”nın qərbə dogru davamını
təşkil edirdi. Kaqankatvatsi tərəfindən
“Kapiçan” olaraq şərh edilən “Kambizenə-Kambeçan”
isə savaş geyimləri- zireh yapan mənasında türkcə
“Köbəçi” demədir. Və bu gün eyni məsləkdə
davam edən “Kubacıların” bu Türklərin nəvələri
olduqları qəbul edilməkdədir. (Bax: Mirzə Bala,
göstərilən əsəri, səh.15)
Tarixi
mənbələrə əsaslanaraq Mirzə Bala göstərir
ki, Albaniyanın dördüncü əyaləti olan Şəkidən
ibarət bu Şəki prensliyinin səkkiz vilayətindən
birini təşkil edən və “Sakalar yurdu” mənasına gələn
“Şəki” “Sakaşenin” qısaldılmış bir çəkli
idi. Bu Saka-İskit adlarına Albaniyanın digər yerlərindədə
sıx-sıx rastlanmaqdadır. Mənası qədim erməni,
süryani, qədim və yeni farsca, yunanca və latınca izah
edilməyən “Si” qövmi də bu cümlədən idi. Bu
ad böyük və kiçik Siuni (Sisakan) prensliklərinin
başında gəlir və şəkilçiləri ilə
birlikdə “Si millətinin məmləkəti” mənasını
vücuda gətirirdi. Farslar bu məmləkətlərə
“Sisakan” deyirdilər. Bu kəlmə Plinusda “Sasani” şəklində
qeyd edilir. Burada ayrıca “Sisakan” şəhəri və
“Sakalar qayası” mənasına gələn “Şisakar”
mahalı da bulunurdu. Erməni müəlliflərinin kimliyini təyin
edə bilmədikləri “Si” qövmünü məşhur tədqiqatçı
Aristov özünün “Türk qövmlərinin etnik tərkibi”
adlı əsərində bu “Si”lərin Saka Türklərindən
ibarət olduğunu açıq şəkildə göstərmişdir.
Çin mənbələrinin “Si,Su, Şe, Şu və
Çu” şəklində zikr etdikləri bu Saka Türkləri
vaxtilə Tanrı dağlarının ətrafında
yaşarlardı. Bunların birər qol halında buradan
Hindistana, İrana, Azərbaycana və Avropaya
yayıldıqları məlumdur. Şərqi İran
yaylası üzərində “Şi-Stan” dövlətini qurmuş
olan bu Türklərin bir qolu olan Hunlar, Göy Türklər və
Moğollar zamanında olduğu kimi Şərqi Avropanı
istila etdilər. Yunan müəllifləri və daha başqa
bir çox qövmləri ehtiva edən “Skit” (İskit )
camiasının ən qüdrətli zümrəsi bilirdilər.
Bunula bərabər “Saka” adı isə Orta Asiyada hakim milləti
və onların Ön Asiyaya, indiki Azərbaycana keçən
qismini qəsd etməkdə idilər. Doğu Avropada
olanlarını isə sadəcə “Skit”
adlandırırdılar. Sakalar Şərqi Avropaya gələrkən
ŞimaliQafqazda yaşayan Kimmeriləri Qafqazın cənubuna,
yəni o zamankı Albanyaya, oradan da Kiçik Asyaya doğru
sürükləmişdilər. Yunan müəlliflərinə
görə Skitlər Türk qövmü kimi qımız
içər, südü qurudaraq “qurut” yapardılar. Əqidələri
Samani idi.
Aydın Mədətoğlu
QASIMLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Türküstan.– 2020.–
7-13 yanvar. S. 16.