Babək müstəqil dövlətin hökmdarı kimi

Əsrlərlə gizlədilən gercək tariximiz

 

Ənənəvi tarixşünaslıqda Babəkin sadə xalq kütlələ­rinin mənafelərinin müdafiəçisi olmuş bir üsyan­çı kimi göstərilməsi sovet tarix konsepsiyasının tələblərindən irəli gələn bir baxış idi və bu gün müstəqil Azərbaycanda tarix elminin inkişaf yoluna qədəm qoyması bir çox digər məsələlər kimi, bu problemə də yeni baxış sərgiləməyin zəruri olduğunu ortaya qoyur. Əlbəttə, nə cür təqdim olunmasından asılı olmayaraq, Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz ismini qızıl hərflərlə yaz­mış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Lakin hər bir tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amallarını hər hansı ictimai qurulu­şun tələbləri çərçivəsində yox, məhz tarixi həqiqətlərin bər­pası düşüncəsi ilə obyektiv tədqiq etmək lazımdır, Azər­baycan tarix elminin qarşısında bu gün dayanan ümdə vəzi­fələrdən biri, zənnimcə, bu olmalıdır.

Babəkin həyat və mücadiləsinin bir dövlət başçısı şəklində indiyədək araşdırılmaması müxtəlif səbəblərlə izah oluna bilər. Bu yöndə ayrı-ayrı araşdırmaçıların fikir və təklifləri olsa da, Azərbaycan tarixinin IX yüzillik dövründə mövcud olmuş dövlət qurumlarımızın adları sırasında Hürrəmilər dövlətinin ismi keçmir. Ən başlıca səbəb, əlbəttə ki, Babək barədə sovet tarixşünaslığının xüsusi konsepsiyası­nın olmasıdır. Babəkə sinfi qəhrəman donu geydirməyə çalışan bu konsepsiya, əlbəttə ki, Azərbaycanın müstəqil milli dövlətçilik tarixinə hansısa Hürrəmilər dövləti kimi bir faktoru əlavə etməyə imkan verə bilməzdi. Bu baxımdan sözügedən məsələyə, yəni Hürrəmilər hərəkatının nəticə etibarilə heç bir dövlətdən asılı olmayan müstəqil bir dövlətin qurulmasına gətirib çıxarması və Babəkin də 22 il ərzində bu dövlətin hökmdarı olması fərziyyəsinə diqqətdən kənarda qalmış bir sıra obyektiv tarixi faktların gözü ilə baxmaqda, düşünürəm ki, böyük fayda vardır.

Babəkin bir dövlət başçısı olması faktını ortaya qoyarkən hər şeydən əvvəl erkən orta əsrlərdə tarix səhnəsində mövcud olmuş hər hansı bir tarixi dövlətin varlığını təsdiqləyən başlıca amilləri nəzərdən keçirməyə və bunların Babək dövrü Azərbaycanında nə dərəcədə əks olunduğunu təhlil etməyə ehtiyac vardır. Hər hansı bir tarixi dövlətin həmin dövrdə müəyyən ərazilərdə qurulduğunu əsasən aşağıdakı amillər təsdiq edə bilər:

 

* xalqın yekdil iradəsini ifadə edən kütləvi xalq üsyanı, işğalçı qüvvəyə qarşı xalq-azadlıq hərəkatı dalğasının və ya kütləvi etirazın təşkilini həyata keçirən qüvvənin varlığı;

* konkret ərazilər üzərində üsyan, yaxud hərəkat rəh­bərliyinin davamlı nəzarəti;

* konkret idarəetmə orqanının fəaliyyətinin möv­cudluğu;

* dövlətçilik atributlarının (bayraq, taxt-tac, möhür, xəzinə, pul sikkəsi və s. atributların) mövcudluğu;

* nəzarət edilən ərazilərin başkəndinin olması;

* nəzarət edilən ərazilərin qorunması missiyasını daşıyan ordunun varlığı;

* tarixi mənbələrdə həmin ərazilərdə dövlət qurumu­nunonu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu;

* sözügedən əraziləri idarə edən şəxsin digər xarici dövlətlərin hökmdarları ilə əlaqələr qurması;

* idarə edən şəxsin idarəetmə sahəsindəki əməli fəaliyyətinin mövcudluğu.

 

Bunları sadaladıqdan sonra Babək dövrü Azərbaycanında adları çəkilən amillərin mütləq əksəriyyətinin var olduğunu çəkinmədən qeyd edə bilərik. Ərəb imperializminə qarşı Azərbaycan xalqının başlatdığı və Hürrəmilik tərəfdarları tərəfindən yönləndirilən xalq-azadlıq hərəka­tının öndəri olmuş Babəkin Bəzz qalası adlı paytaxt şəhəri, ordusu, sərkərdələrdən və qoşun bölüklərinin başçıların­dan ibarət Hərbi Şura adlı idarəetmə orqanı, Al rəngli bay­rağı, uzun müddət (22 il 5 ay) ərzində nəzarət etdiyi kon­kret ərazilər vardı. Bundan əlavə, Babək ayrı-ayrı vilayət və şəhərlərə valilər təyin edir, dövlətin təməlinə zidd yönümlü üsyan və qiyamları yatırdır, Bizans imperiyası ilə, eləcə də, Abbasilər xilafətinin baş sərkərdəsi Afşin Hidr ibn Kavusla, Təbəristan hakimi Məzyarla (Hürrəmilər hərəkatının Babək dövrünün sonlarına doğru (830-839-cu illərdə) Təbəristan valisi idi – C.B.) və s. rəsmi şəkildə məktublaşırdı.

Aydın məsələdir ki, Babəkin tarixdə hökmdar kimi təq­dim olunması sovet hakim konsepsiyasından çox-çox öncə onu səviyyəsiz və quldur birisi kimi göstərməyə çalışmış Abbasilər sarayının maraqlarına zidd idi. Bu baxımdan xilafət sarayının tarixçiləri öz əsərlərində Babəki daha çox bir qiyamçı kimi göstərməklə onun mücadiləsinin bizim üçün əhəmiyyətini kiçiltməyə çalışıblar, bununla yanaşı, bir çox əsərlərdə Babəkin əsl-nəsəbi, hansı nəsildən olması barədə geniş müzakirələr açıb fikirlər söyləyiblər. Hürrəmilər hərəkatı barədə məlumatlar yazmış olan tarix yazarlarının mütləq əksəriyyətinin əsərlərində Babək barəsində geniş və əhatəli məlumatlar yer alıb, hətta onun mübarizə təxəllüsü olan “Babək” isminin məna yozumlarının belə təhlil edildiyi mənbələrə rast gəlinir. “Adi bir qiyamçının” yaxudüsyan başçısının” əsil-nəcabətinin bu qədər geninə-boluna təhlil edilməsi əlbəttə ki, anlaşılmaz və şübhə yaradandır. Yalnız hökmdar statusu daşıyan, müəyyən bir dövrün ən görkəmli siyasi xadimi olan bir insan barədə bu qədər yazılar. Babək əsir alınarkən xəlifə Mötəsimin onu fəthnamələrdə “şimal hökmdarı” kimi qeyd etdirməkdə məqsədinin guya özünü qüdrətli göstərməkdən ibarət olması barədə müddəalar isə səhv düşüncədir və əsası yoxdur.

Qədim tarixi mənbələrdə həmin ərazilərdə konkret dövlət qurumununonu idarə edən hökmdarın varlığını söyləməyə əsas verən məlumatların mövcudluğu məsələ­sinə gəlincə, bu haqda mənbələrdə kifayət qədər məlumat­lar vardır ki, bu günədək diqqətdən kənarda qalmışdır. Bu məlumatları bölüşməyə, zənnimcə, o səbəbdən ehtiyac var­dır ki, ənənəvi tarixşünaslıq IX yüzilliyin ilk yarısında Azər­baycan ərazilərini sadəcə müvəqqəti olaraq Abbasilərin nə­zarətindən kənarda qalmış və heç bir idarəetmə mexaniz­minə malik olmayan torpaqlar kimi göstərməyə çalışmışdır. Buna görə də mənbələrdə diqqəti cəlb edən bir sıra mühüm məlumatları bir daha incələmək lazım gəlir.

Babək Hürrəminin hökmdar olmasi ilə bağli bəzi mənbə məlumatları

Bizə görə, Babəkin hökmdar olduğunu söyləməyə əsas verən daha önəmli mənbə məlumatları onun özünün dilin­dən söylənən fikirlərin əks olunduğu məlumatlardır. Bizlər üçün Abbasi saray tarixçilərinin, yaxud onların məlumatlarını qeydsiz-şərtsiz obyektiv qəbul edərək onlara istinad etmiş digər tarix yazarlarının fikirlərindən daha çox, Babək Hürrəminin özünü hansı məqamda görməsi mühüm əhə­miyyət kəsb edir. Çünki Abbasilər yox, məhz Babək Hürrəmi bizim tarixi qəhrəmanımız və dahi şəxsiyyətimizdir. Mənbələrdə bununla bağlı bir sıra maraqlı məlumatlara rast gə­linir.

Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbərinin “Tərix ər-rüsul və-l-müluk” adlı əsərində Babəkin Bəzz qalasını tərk edib Araz vadisindəki meşəlikdə olduğu zaman oğlun­dan gələn məktuba verdiyi cavabda bu cümlələrə yer verilib:

 

Ceyhun Bayramlı

Türküstan.- 2020.- 14-21 yanvar. S. 5.