Baba
Vəziroğludan maraqlı etiraflar: “Bilin ki, ondan bir daha
olmayacaq”
Xəbər
verdiyimiz kimi, İlham Əliyev Baba Məsimovun (Baba Vəziroğlu)
doğum günü münasibətilə “Şöhrət”
ordeni ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Dünən
66 yaşını qeyd edən tanınmış şair iki əlamətdar
hadisə haqqında təəssüratlarını və
yaşam fəlsəfəsini publika.az-la
bölüşüb.
–
Baba bəy, ilk növbədə 66 yaşınız tamam
olduğu əlamətdar bir gündə “Şöhrət
ordeni” almağınız münasibətilə sizi təbrik
edirəm.
– Təşəkkür
edirəm. Bu yüksək diqqətə görə, mənə
verdiyi dəyər üçün hörmətli Prezidentimiz
İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Təşəkkür edirəm ki, bu məmləkət
üçün etdiyimiz kiçik xidmətləri
görür, nəzərə alır və yüksək qiymətləndirir.
Oxucuların, tamaşaçıların böyük sevgisi və
diqqəti məni yüksək mərtəbəyə
çatdırıb ki, cənab Prezident məni bu ordenlə təltif
edir.
–
Avstraliyalı yazıçı Kolin Makkalou deyir ki, qocalıq
tanrının ən böyük qisasıdır. Allahın bu
“qisası” sizi qorxutmur ki? Ümumiyyətlə, qocalıq
qorxusuna qalib gələ bilmisiniz?
–
Qorxmaq qəti ola bilməz, onda gərək həyatda hər
şeydən qorxasan. Həyat səni bəzən
uşaqlıqdan, yeniyetməlikdən, cavanlıqdan
sındırmağa və ömür boyu əyməyə
çalışır. Gərək zəiflik göstərməyəsən.
Qocalıq da, ölüm də bizimlə əbədi olaraq
mücadilədədir. Mübariz olmalısan ki, basılmayasan
və əyilməyəsən. Həmişə bu fikirdəyəm
ki, dünyadan küsməyə, inciməyə, çəkinməyə
dəyməz. Dünyaya bel bağlamaq da lazım deyil, dostun
da, düşmənin də özünsən. Bizim bir
damcı göz yaşımız belə qat-qat qiymətlidir.
–
Geriyə dönüb baxanda “Zəngin ömür
yaşamışam” deyə bilirsiniz?
– Həyatımı
qiymətləndirmək öz iqtidarımda deyil.
Görünür ki, belə yazılıb və
kodlaşdırılıb. “Niyə belə alındı” və
ya “Niyə elə etmədim” deyə fikirləşmək və
sonradan peşmançılıq çəkmək insanın
ruhunu yorar. Ümumiyyətlə, peşmançılıq
hissi insan energetikasının tükənməsinə yol
açır. Bu, həyatdan bezməyə gətirib
çıxara bilər. Məşhur “Moşu Göyəzənli”kimi
optimist şairəm. Heç vaxt keçmişin səhvlərini
çiynimdə yük etmirəm. İnamsız yaşaya bilmərəm,
gələcəyə də inamlı baxıram ki, hər
şey daha yaxşı olacaq. Yəqin ki, mənə
güc-qüvvət verən də müsbət
düşüncələrdir.
–
Dünyaya gəldiyiniz üçün heç peşman
olmusunuz?
–
Allaha qarşı asilik olar ki! Bütün müqəddəs
kitablarda yazılır ki, nəinki özünə,
başqasına qıymaq böyük günahdır. İnsan
bu xoşbəxt həyatı ona bəxş edən Tanrıya
qarşı necə çıxa bilər? Bizim
ömrümüz böyük zamanın fövqündə bir
an belə deyil. İnsan gecə-gündüz Allahına onun
üçün şükranlı olur ki, həyata pəncərədən
baxmaq anını ona qismət edib. Bu gözəllik ona bəxş
olunmaya da bilərdi. Mən də bu şükranlıq
içində yaşayan insanlardanam.
–
Şairlərin əsas missiyalarından biri də həyatda nələrəsə
etiraz səsini yüksəltməkdir. Bəs siz həyatda bir
şair kimi nələrə üsyan edirsiniz?
–
Şair ümumiyyətlə, üsyankar doğulur. Bəzən
deyirlər ki, şair hər məsələdə üsyankar
olmalıdır. Razılaşmıram, ona görə ki,
şair məmurlara, JEK müdirinə qarşı və ya
küçədə zibil yaxşı təmizlənmədiyi
üçün şeir yazmaz. Şair dünyəvi məsələlərə,
müharibələrə qarşı üsyandadır, qlobal
arenanın döyüşçüsüdür.
– Həyatınız
haqqında film çəkilməsini istərdiniz?
–
Qibtə olunası zənginlik içində
yaşamamışam, amma keçmişimə nəzər
salanda görürəm ki, mənəvi baxımdan çətinliklərlə
dolu, çox maraqlı, rəngarəng və zəngin
ömür yaşamışam. Bunun üçün xoşbəxtəm.
Haqqımda çox filmlər çəkilsə də, hələ
heç birində özümü görməmişəm.
Rejissorlar ömrümün ancaq parlaq və işıqlı tərəflərini
göstəriblər, görünür ki, qəhrəmanın
kölgəli tərəflərini heç kim göstərmək
istəmir. İstərdim ki, filmdə həyatımın
bütün rəng spektoru əks olunsun. Axı yaxşı
ilə yaman həmişə paraleldir.
– Həyatınızın
qaranlıq səhifələrində bizim görmədiyimiz nələr
gizlənib?
– Bu
barədə çox uzun danışmaq olar, amma bu gün yox.
– Təvəllüdünüzü
bilməsəydiniz, özünüzə neçə yaş
verərdiniz?
–
Şairlərin yaşı olmur, onların ömrü illərlə
hesablanmır… Şairlərin yalnız doğum tarixi var.
Nizaminin və ya Füzulinin neçə yaşının
olması maraqlı məlumat deyil. Şairlər əlinə
qələm alıb ilk şeirini yazan andan artıq
adını min illik poeziya tarixinə yazdırır.
Onların hamısı həmyaşıddır.
Özümü həm Nizami, Füzuli, Əliağa Vahid, Səməd
Vurğun, Rəsul Rza ilə, həm də
yaradıcılığa yeni başlayan biri ilə
yaşıd hesab edirəm. Məncə, hamısı
cavandır, çünki poeziya qocalar üçün deyil.
–
Doğum gününüzdə keçmiş, ya gələcək
üçün daha çox darıxırsınız?
– Nə
keçmişin xiffətini çəkirəm, nə də gələcəyə
tələsirəm. Bu günümü yaşayıram ki,
xoş xatirələrlə dolu bir keçmişə
çevrilə bilsin və o dünyaya alnıaçıq
gedim. Gələcək haqqında çox düşünməyə
qorxuram, məşhur filmdə deyildiyi kimi, Allahı
güldürmək istəyirsənsə, gələcək
planlarından danış. Keçmişin xiffətini çəkmək
bədniyyət adamların peşəsidir. Gələcək
haqqında çox düşünmək də xəyalpərəstlik
əlamətidir. Praqmatik və realist adamam.
–
Tanrı niyə vücudumuzla birlikdə ruhumuzu da qocaltmır?
Bunun sirri nədir?
–
Sirri odur ki, qocalda bilmir. Bəlkə də ruhumuzu cismimizdən
daha tez qocaldıb bizdən qopara bilərdi. Bayaq qeyd etdiyim
kimi, əsas missiyamız həyatda qalmaqdır. Hamımız
həyatın zərbələri ilə daim mücadilədəyik.
Həyat bizi qocaldıb gücdən salmağa
çalışır, amma biz öz sərhədlərinin
keşiyini çəkən sayıq əsgər kimi formada
olmalıyıq. Mübarizə silahını əlimizdən
yerə qoymamalıyıq! Bu mənada görünür ki, həyat
bizdən güclü deyil ki, böyük məmnuniyyətlə
məğlub olur.
–
Sevilən qadın həm zahirən, həm də daxilən həmişə
gənc görünür. Bəs kişiləri gənc
saxlayan nədir?
– Gəlin
bunu cinslərə ayırmayaq. Qadın və kişi sevgisi
ayrı deyil ki. Bütövlükdə dünyanı saxlayan
sevgidir. Sonsuz kainat bir-birinə necə bağlanır?
Heç bir planet bir-birinə gözəgörünən iplərlə
bağlanmayıb. Heç biri öz orbitindən bir sm də kənara
çıxmır. Onları saxlayan təbii ki, sevgidir.
İnsanları da həyatda gənc saxlayan eşq-məhəbbətdir…
– Həyat
sizə yaxşı ilə yamanı bir-birindən
ayırmağı öyrədə bilib? Ya sizi hələ də
təəccübləndirməyə davam edir?
–
Pisniyyətli adamın bircə yaxşı sözünə də
bəzən aldana bilirəm, xeyirə, yaxşılığa
xidmət edən şairəm. Odur ki, gözümdə
hamını yaxşı görmək istəyi bəzən
uğursuzluqla nəticələnir. Həyat məni öyrədə
bilməyib, yəqin ki, hələ kifayət qədər
böyüməmişəm. Nə yaxşı ki,
böyüməmişəm, içimdəki uşaqlıq
saflığının kiçik bir ərazisini də olsa,
qoruyub saxlaya bilmişəm. Aldana-aldana yaşayırıq və
deyəsən insan oğlu aldanmağı sevir ki, ondan hasil
olan nəticə sayəsində müdrikləşə
bilsin. İnsan ömür boyu özündən
nağıllar uydurur və özünü həmin
nağıllara inandırmağa çalışır. Bilir
və dərk edir ki, hardasa bunların hamısı
yalandır, amma həyat bunsuz maraqsız, bəlkə də
yaşamaq mümkünsüz olar.
– Həyatda
yerini doldura bilmədiyiniz boşluq varmı?
–
Şeirlərimdə bu mövzü “qırmızı xətt”
kimi keçir. “Məndən bir də olmayacaq” şeirini bəzən
eqoistlik kimi qiymətləndirirlər. Bu misraları tək mənə
aid etmək olmaz, çünki hər kəsin təfəkküründə
olan bir düşüncədir. Tanrı Yer üzündə 7
milyard insanı eyni cür yaratmayıb. Odur ki, hər bir
insanın qədrini bilin. Bilin ki, ondan bir daha təkrar olmayacaq,
bənzəri dünyaya gəlməyəcək. “Məndən
bir də olmayacaq” bir çağırışdır, hər
hansı bir dostu itirəndə düşünməyin ki,
yenisi onun yerini tutacaq. Yaxud da sevdiyiniz insandan ayrılanda
düşünməyin ki, yeni bir sevda sizi ovunduracaq.
– Həyat
fəlsəfənizi dinləmək maraqlıdır, lakin sizi
daha çox yormaq istəmirəm. Odur ki, söhbəti pozitiv
notlarla yekunlaşdıraq. Doğum gününüzü adətən
necə qeyd edirsiniz? Xüsusi ənənə varmı?
–
Ənənənin ən gözəl hissi yeyib-içməkdir.
Bu ənənə min illərdir yaşayır. İllər dəyişir,
yeni-yeni ənənələr yaranır, amma yeyib-içmək
ənənəsi əbədidir. Doğum günü ləziz
təamların düzüldüyü süfrə
arxasında tamamlanır. Hər an öz oxucularımla
ünsiyyətdəyəm. Əlavə məclis düzəldib
200 qonaq çağırmağa ehtiyac görmürəm. Ad
günümü evimdə ailəmlə oturub gözəl masa
ətrafında qeyd etməyə üstünlük verirəm.
Təbrik etmək istəyən də gəlib qapını
döyür, masada olan nemətlərdən dadır və məni
öpüb gedir. Bundan gözəl ad günü ola bilər?
–
Müsahibə üçün təşəkkür edirəm,
zəngin və mənalı ömür yaşamağı
arzu edirəm.
–
Maraqlı suallar üçün çox sağ olun.
Böyük məmnuniyyətlə danışdım.
Baba Vəziroğlu
Türküstan.-
2020.- 14-21 yanvar. S. 24.