Repressiya dalğasının qurbanı –

Məmməd Kazım

 

Ya rəbb, bu nə dəhşət,nə fəlakət!

 Ya rəbb, bu nə vəhşət, nə zəlalət!

 Yox kimsədə insafü mürüvət,

 İblisəmi uymuş bəşəriyyət?!

 H.Cavid

Bağlı qapıları döyürük... Sıxıntı hisslərində çırpına-çırpına,

həyəcan içində titrəyə-titrəyə... Bağlı qapıları döyürük... Açılanı

da var, açılmayanı da.

Açılmayan qapıların bir rəngi bir qara ağrıya dönüb içərimizə

dolur. Sıxır, ağrıdır bizi. Dayanıb sakit-sakit bağlı qapılara

baxırıq. Bəlkə də bu bağlı qapıları dünyanın ən yaxşı rəngləri ilə

boyasalar da yenə qara kədərini silib getməyəcək. Nə qədər

sular axacaq, neçə qış, bahar gəlib keçəcək insanların ömründən,

amma o kədər ürəyə düşən qara xal kimi qalıb yaşayacaq ki,

dünyaya gələn azərbaycanlıya “qanlı 37-dən” faciəli ağrılar

pıçıldasın. O adamların günahsız olduğunu, xalqı, vətəni bütün

varlıqları ilə sevdiyini danışsın.

 ...Bağlı qapıları döyürük... Açılanı da var, açılmayanı da.

Açılan qapılar bir anlığa sevindirir bizi. Düşünürük ki, nə yaxşı

ki, oğul-uşaqlarından, övladlarından yaşayıb qalanı var. Demək

ki, hələ də ocaqları yanır, tüstüsü tüstülənir o vətən fədailərinin.

O ocaq başında illərlə gözü yolda qalanlar da var, haqqın,

ədalətin əsl təntənəsini gözləyənlər də. Gör neçə ilin ağrısını

çəkiblər... Gör neçə il cəmiyyət də, cəmiyyətdəki adamlar da, elə

dost-doğmalar da üz döndərib onlardan. Görəndə bir salamı belə

əsirgəyiblər onlardan. “Xalq düşməni” nin ailəsinə kim yaxınlıq

edə bilərdi ki?..

 ...Bağlı qapıları döyürük... Açılanı da var, açılmayanı da.

Açılan qapılardan içəri girib, ağrılı-acılı söhbətləri dinləyirik.

Qan donduran həqiqətləri dinləyirik. Həqiqətlər varaq-varaq

aralanır. Bu ağrılı, keşməkeşli ömür sahiblərindən biri də,

neçə-neçə dəyərli insanın ömrünə balta çalmış, həyatını zülmə

döndərmiş 1937-ci ilin qara tufanının qurbanlarından Məmməd

Kazım Ələkbərlidir. Məmməd Kazım Ələkbərli Azərbaycan

yazıçısı, tənqidçi, filosof, Azərbaycan Yazıçılar Birliyinin

(AYB) ilk sədri olub. Bütün fəaliyyəti, bədii yaradıcılığı doğma

xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli

ədibimizin, talesiz Məmməd Kazım Ələkbərlinin keçdiyi həyat

yolunu oxuculara çatdırmaq məqsədilə və eyni zamanda böyük

ədibin 115 illik yubileyi münasibətilə bu vəsaiti işləməyi

özümüzə borc bildik. Vəsait iki hissədən ibarətdir. I hissə

“Məmməd Kazım Ələkbərli yanğısı” adlanır və Məmməd

Kazım Ələkbərlinin həyat və yaradıcılığından bəhs edilir. II

hissədə isə “Tufanlı yollardan qalan iz” adlanır və Məmməd

Kazım Ələkbərlinin yaradıcılığından bəhs edən tədbirlərdən

söhbət açılır.

Repressiya dalğasının qurbanı

1934-cü ildə ölkə yazıçılarının Bakıda keçirilən I

qurultayında Azərbaycan Yazıçılar İttifaqı yarandı. Bu vaxta

qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin

tərkibində fəaliyyət göstərir, müxtəlif ədəbi məclislərin ətrafına

yığışırdılar. Onların bir təşkilat daxilində birləşməsi həm də

həyatın tələbi idi. Belə bir ittifaqın yaradılması ilə bütün ədəbi

qüvvələri bir məqsədə yönəltmək mümkünləşdi.

 Görkəmli ədəbiyyatşünas – alim Kamal Talıbzadə yazırdı:

“Tarix boyu Azərbaycan yazıçıları, bədii söz ustaları olmazın

işgəncələrə, təzyiqlərə məruz qalmışlar. Bircə sovet hakimiyyəti

illərində yüzlərlə Azərbaycan yazıçısının uzaq Sibir çöllərinə

göndərilib məhv edilməsini, on illərlə qaranlıq zindanlarda

saxlanılıb qətlə yetirilməsini, İkinci Dünya müharibəsinin qızğın

atəş nöqtələrinə sürgün edilməsini xatırlamaq kifayətdir”. Təbii

ki, belə ziddiyyətli bir dövrdə Azərbaycan Yazıçılar İttifaqının

yurdumuzun istedadlı qələm sahiblərini öz ətrafına yığaraq

fəaliyyətə başlaması çox çətin idi. Bir tərəfdən pərakəndəliyə

son qoyulur, digər tərəfdən isə yazıçılar sovet ideologiyasına

xidmət etməli, onun prinsipləri əsasında yazıb-yaratmalı idilər.

Əlbəttə, çətin bir şəraitdə xalqa və ədəbiyyata xidmət etmək,

onun inkişafına nail olmaq həyat bahasına başa gəlsə də, milli

təfəkkür sahibləri bu ağır işin öhdəsindən gəlməyə çalışırdılar.

Qaranlığın içində işıq yandırmağın nə demək olduğu aydındır.

O dövrün yazıçı və şairləri bəzən də sovet prinsiplərini qalxan

kimi əllərində tutaraq onun arxasında milli düşüncənin, şüurun

məhsulu olan bədii yaradıcılıq nümunələrini hifz etməyə

çalışırdılar.

Belə ağır və ziddiyyətli bir zamanda Azərbaycan Yazıçılar

İttifaqının ilk sədri Məmməd Kazım Ələkbərli olmuşdur. O,

Moskvada (1934) keçirilən sovet yazıçılarının I qurultayında

iştirak və çıxış etmişdir. Dövrün ədəbi mənzərəsini anlamaq

baxımından Xalq yazıçısı Mirzə İbrahimovun “Birlik və ilham”

adlı məqaləsi çox əhəmiyyətlidir. Məqalədə oxuyuruq: “O

zaman ədəbiyyatımız hələ gənc idi. Hələ mübahisəli məsələlər

çox idi. Lakin bu ədəbiyyatın bütün nəsillərindən olan əsas

qüvvələrini işıqlı, qüdrətli ideyalar birləşdirir, monolit birliyə

sövq edirdi. Onlar yeni dünyanı – əmək səltənətini yaradanların

bədii abidəsini ucaltmaq eşqi ilə coşurdular.” Amma bu

coşqunluğun az vaxtda hansı faciə ilə üzləşə biləcəklərini, hansı

şər qüvvələrin qara caynaqlarına keçə biləcəklərini ağıllarına

belə gətirmirdilər.

 

Həyatı

 

Məmməd Kazım Ələkbərli 1905-ci ilin yanvar ayında

Dərbənd şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta

məktəbi doğma şəhərdə bitirdikdən sonra Bakıya gələrək

Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində

təhsil almışdır. Hələ gənc yaşlarında partiya və sovet rəhbərləri

ona inam göstərərək məsul vəzifələr etibar edirdilər. Ali məktəbi

bitirdikdən sonra Gəncə Vilayət Xalq Maarif Şöbəsinin müdiri

işləyən Məmməd Kazım Ələkbərli pedaqoji işlə bərabər bədii

yaradıcılığa, xüsusilə də mətbuata yaxın və meyilli adam olub.

Mətbuat tarixindən bəllidir ki, o, Gəncədə yaşayarkən həm də

“Qızıl Gəncə” jurnalının baş redaktoru olmuşdur. Məmməd

Kazım Ələkbərlinin bu sahədəki fəaliyyəti diqqət çəkirdi. O

özünü bacarıqlı, istedadlı qələm sahibi və mətbuat təşkilatçısı

kimi təsdiqləyə bilmişdi. Bu səbəbdən də tezliklə Məmməd

Kazımı Mahaçqala şəhərinə “Dağıstan füqərası” qəzetinin

redaksiyasını yaratmağa göndərirlər. Məmməd Kazım burada

nəinki qəzetin çapını təşkil etmiş, eyni zamanda iki il də “Maarif

yolu” jurnalının məsul redaktoru olmuşdur.

Moskvada Qırmızı Professorlar İnstitutunda 5 il təhsil

aldıqdan sonra onu Azərbaycana partiya işinə göndəriblər. Hətta

bir müddət Azərbaycan Dövlət Universitetinin rektoru olub.

Yazıçılar İttifaqı yaranan kimi ona rəhbərlik də Məmməd Kazım

Ələkbərliyə etibar edilib. Elmi-pedaqoji fəaliyyətlə bərabər

Məmməd Kazım dövri mətbuatda müntəzəm çıxış edən jurnalist

kimi də fəaliyyət göstərirdi. “Kommunist” nəşriyyatının

direktoru, “Ədəbiyyat qəzeti”, “Bakinski raboçi”, “Vışka”

qəzetlərində, “Zərbəçi”, “Sürət”, “İnqilab və mədəniyyət”,

“Firqə işçisi” jurnallarında baş redaktor olmuşdur.

Məmməd Kazım Ələkbərli həm görkəmli mətbuat işçisi, həm

ədəbiyyatşünaslıqla məşğul olan tədqiqatçı idi. Zəngin ədəbi

irsə mənsub olan Məmməd Kazım mətbuat səhifələrində həm

istedadlı publisist, həm də obyektiv tənqidçi kimi çıxış edirdi.

Onun haqqında araşdırmalar aparanlar Məmməd Kazımı

filosof-ədəbiyyatçı, alovlu publisist kimi dəyərləndirirdilər.

Ədəbiyyatşünas-alim Nazif Qəhrəmanlı Məmməd Kazım

Ələkbərli haqqında qələmə aldığı məqalələrinin birində belə

yazıb: “Azərbaycan ədəbiyyatına dair axtarışları xüsusi dərinliyi

əhatəliyi ilə fərqlənməsə də, özünəməxsus ideyalar və

fikirlərlə zəngindir... M.K.Ələkbərli Azərbaycan ədəbiyyatı

tarixinin təbliğinin, onun faktlarının üzə çıxarılmasının, əhatəli

mükəmməl şəkildə toplanıb nəşr edilməsinin tərəfdarı idi. O,

həmişə istər nəzəri, istərsə də praktik fəaliyyətində klassik irsə

qayğı və diqqətin təmsilçisi kimi çıxış edirdi”.

Görkəmli ədəbiyyatşünas, tədqiqatçı Məmməd Kazım

Ələkbərlinin anadan olmasının 115 illik yubileyi ilə əlaqədar bir

sıra tədbirlər; kitab müzakirəsi, oxucu konfransı, rəsm və digər

müsabiqələr, xatirə gecəsi, ədəbi-bədii gecə keçirilə bilər. Bu

görkəmli şəxsiyyəti uşaqlara tanıtmaq, sevdirmək, yaradıcılığını

gənc nəslə və şagirdlərə çatdırmaq məqsədilə kitabxanada kitab

sərgisi də təşkil oluna bilər. Sərgiyə aşağıdakı başlıqları vermək

olar: “Tufanlı yollardan qalan iz”, “Azərbaycan ziyalısı

Məmməd Kazım Ələkbərli”, “Azərbaycanın say-seçmə oğulları

sırasında Məmməd Kazım Ələkbərli”, “Şərəfli yolun sonu”,

“Amansız hökmün qurbanı”, “Qara taleyin dastanı”, “Qara

yolların izi”, “Ölümə doğru”, “İlk ağrı, ilk şikayət” və s. verilə

bilər. Bundan başqa, sərgidə Məmməd Kazım Ələkbərlinin foto

şəkilləri (stend halında) və kitabları öz yerini almalıdır. Müxtəlif

ədiblərin, alim və folklorşünasların Məmməd Kazım Ələkbərli

haqqında yazdığı məqalələr, söylədikləri sitatlar da sərgidə

nümayiş oluna bilər.

Məmməd Kazım Ələkbərlinin yubileyi ilə əlaqədar

kitabxanada keçirilə biləcək tədbirlərdən biri də konfransdır.

“Azərbaycanın say-seçmə oğulları sırasında Məmməd Kazım

Ələkbərli” başlıqlı konfransda alimlər, tarixçilər,

folklorşünaslar, müəllimlər, ali məktəb tələbələri və s. qonaqlar

iştirak edə bilərlər. Konfransda Məmməd Kazım Ələkbərlinin

həyat və yaradıcılığı, keçdiyi şərəfli ömür yolu haqqında

qonaqlara geniş məlumat verilir. Konfransın ikinci hissəsində

isə ali məktəb tələbələri iştirakçı qismində çıxış edirlər.

 Sən kimsən, ey qatil, hansı millətsən?

 Vicdan pəncəsilə canın didilsin!

 Sən nasıl öldürdün bütün milləti,

 Nasıl sərdin yerə böyük şövkəti!

 Ə.Cavad

Məmməd Kazım Ələkbərli 1905-ci il yanvarın 24-də

Dərbənddə anadan olub. Uşaqkən məhəllədə “od-alov”, orta

məktəbdə “ən sütül professor” adları qazanıb. Yeniyetməliyində

ailə-ətrafından eşitdiyi, ilk gənclik çağındasa fərqinə vardığı

balıq dəryada böyüyər” məsəlinə binaən, çoxdanlardan

eşidib-eşqinə düşdüyü Bakıya üz tutur. On yeddi yaşında qəbul

olunub iyirmi ikisində bitirdiyi Azərbaycan Pedaqoji

İnstitutundan (Dil-ədəbiyyat fakültəsi) sonra təhsilini Moskvada

davam etdirib.

1934-cü ildə Bakıya dönən bu gənc fenomen tarixin qarşıdakı

dörd (taleyinsə iki cüt nakam) ilində, müasirlərindən birinin

təbirilə desək, “ərzin işləri” ni görüb. Gəncə Vilayət Xalq Maarif

Şöbəsinin müdiri işləyən Məmməd Kazım Ələkbərli pedaqoji

işlə bərabər, bədii yaradıcılığa, ümumən mətbu sahəyə çox

meyilli olub.

 22 yaşında “İdealizm və materializm və yaxud yeni

fəlsəfə”, 24 və 30 yaşlarında “Yeni əlifba və orfoqrafiya”,

“Azərbaycan ədəbiyyatı” kimi sanballı kitablar yazmış bu

ədəbiyyatşünas-alimin səs-sədası bütün ölkəni bürüyüb. Hələ 30

yaşı tamam olmamış Azərbaycan Dövlət Universitetinin (BDU)

ikinci azərbaycanlı (birinci T.Ş.Simurğ) rektoru, 1934-cü ildə

təsis edilən Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin

sədri seçilib. Azərbaycan KP MK yanında “Kommunist”

nəşriyyatının direktoru və bir neçə qəzet və jurnalın baş

redaktoru işləyib.

Müasirlərindən bəziləri “M.Ələkbərli müasiri olduğu şair və

yazıçılar, tənqidçilər, eləcə də klassik ədəbiyyatımız haqqında

söz deyərkən müəyyən mənada ehtiyatlı olmağa çalışırmış”, “Bu

görkəmli ədəbiyyatşünas-alim xeyli milli çabaları ilə bahəm,

bəzən, zəmanə ilə addımbaaddım ayaqlaşırdı da” kimi fikirlər

işlətsələr də, öz kristal dönməzliklərinin güdazına getmiş

Mikayıl Rəfili, Əhməd Cavad, Almas İldırım və başqalarının

onun haqqında yazdıqları rəğbət hissi ilə dolu məqalələr şəhadət

verir ki, bu adam dövrün “mübahisəli” lərindən çox,

mübarizlərindən olub. Elə onun 1938-ci ilin məlum “cəza

təqdirləri” ndə güllələnməsi də bunu təsdiq edir və sonda bu

qənaətə işləyən xatirələrdən –

 Fraqmentlər

 “Mənim... üzdə “qırmızı”, içdə qızıl professor dayım”...

 Bu hekayət, Mircəfər Bağırovun eynəyini sındıran bir qızın -

həyatın saysız-hesabsız keşməkeşlərini yaşaya-yaşaya 90 ili

geridə qoymuş Asya xanımın dilindəndir.

 “Biz əslən dərbəndliyik. Ana tərəfim Fətəli xan nəslindəndir.

O vaxtlar vəziyyət çox ağır idi; adambaşına üç yüz qıram çörək

verirdilər, onu da ki, çox zaman yavan yeyirdik.

 Xatirələrim içərisində ən acı və ən şirini Məşədi Məmməd

Kazım dayımla bağlı olanlardır. Çox savadlı, ziyalı adamlardan

idi mənim o bəxt-talesiz dayım. Bizim Pedaqoji İnstitutdan

sonra təhsilini Moskvada davam etdirib. Xüsusi istedadı və

bacarığına görə, bir kərə Stalin ona “Krasnı professor” deyib və

onu Azərbaycan KP Mərkəzi Komitəsinə birinci katib təyin

etmək istəyirmiş. Bu məqsədlə dayımı Moskvadan Azərbaycana

göndəriblər. Gələndə nə anasına, nə də xətrini hamıdan çox

istəyən mənciyəzə heç nə demədi. Elə hey susurdu. Sən demə,

ürəyində bu baş vəzifəyə layiq bildiyi Mircəfərin adını

Moskvada necə dilə gətirmək haqda düşünürmüş.

 Mircəfər bizə hər gələndə məni qucağına alırdı. Qəribə kişi

idi. Heç gülər üzü olmazdı. Bir dəfə də məni qucağına alanda

eynəyini gözündən alıb oynadarkən əlimdən düşüb sındı.

Dayımın mənə çox sərtliklə təpinməsi heç vecimə olmadı, amma

qucağında oturduğum kişi ona “işin yoxdur, lap əcəb elədi!”

deyəndə yaman qorxdum...”

 Mircəfər dayımın yaxın dostlarından idi. İstəyirdi onu qabağa

çəksin. Nəhayət, bir kərə cəsarətə gələrək, Bağırovun

təqdimatını eləyib Stalinə. Özününsə elmi araşdırmalarla

məşğul olmaq istədiyini bildirib.

 Bağırov Mərkəzi Komitəyə rəhbər təyin olunandan sonra da

bizə tez-tez gələrdi. Onda artıq Məmməd Kazım dayım bizi də

Dərbənddən Bakıya gətirmişdi.

 O dövrün (əslində, bütün zamanların) ən dramatik

dramaturqu Cəfər Cabbarlı ilə ilgili epizodu da çox təsirlidi...

 Belə ki, 1934-cü il, 31 dekabr, səhər saat 10-da onunla

birlikdə (Yazıçılar İttifaqının sədri olaraq) M.Bağırovun

qəbulunda olub, elə bu rəhbərin öz tapşırığıyla “Pravda” qəzeti

üçün yazdığı (sonralar “Firuzə” adıyla məşhurlaşası) “Bakı”

novellasını oxuyası böyük sənət-səhnə sənətkarının ömür

pərdəsi, həmin görüşdən 6 saat əvvəl (gecə saat 4-də), bütün

Azərbaycan tamaşaçısı və ailə üzvlərinin xəbəri olmadan enir;

həyat yoldaşı Sona xanım qəflətən yuxudan ayılıb işığı yandırır

onun çöhrəsində müəmmalı bir təbəssüm, yanaqlarında iki

damla göz yaşı görür...

 Və... ötən əsrin 70-lərində həmin hadisənin davamı qismində

eşitdiyim bir xatirə: “Cəfərin dəfnində, mərasimin təşkilatçısı

Məmməd Kazım Ələkbərli heç özünə gələ bilmirdi, həddən

ziyadə pəjmürdə idi, capcavan alnının düyün-qırışlarına çırtma

vursaydın, qan sızardı...”

 XX əsrin əvvəllərində Şimali Azərbaycanda

ictimai-fəlsəfi fikrin milli-demokratik yönü birmənalı şəkildə

türkçülük (Türk birliyi), islamçılıq (İslam birliyi), qərbçilik

(Qərb mədəniyyətini mənimsəmək, ya da müasirləşmək,

yeniləşmək) və istiqlalçılıq (müstəqil Azərbaycan) ideyaları ilə

bağlı olmuşdu. Burada başlıca məqsəd milli və dini məsələlərin

əsas prinsiplərindən kənara çıxmamaq şərti ilə Qərbin müsbət

demokratik dəyərlərini də təbliğ etmək idi. Deməli, bu dövrdə

milli-demokratik cərəyan Azərbaycan milli ictimai-fəlsəfi

fikrində önəmli yer tutmuşdur.

 Bu dövrdə Azərbaycan türk aydınlarının böyük əksəriyyəti

(Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin

Rəsulzadə, Əlimərdan Topçubaşov, Nəsib bəy Yusifbəyli və b.)

milli fəlsəfi dünyagörüşlərində əsas üstünlüyü milli-dini

xüsusiyyətlərə və liberal-demokratik dəyərlərə vermişlər. Bu

aydınlar dövrünün tələblərini və ideyalarını da nəzərə almaqla

milli və dini dəyərlərə sadiq qaldılar. Onlar Azərbaycan Türk

millətinin fəlsəfi, mədəni və dini dünyagörüşü əsasında yeni

ideyalar irəli sürdülər. Bu ideyalar idealist dünyagörüşündən

əsasən kənara çıxmamış və milli fəlsəfi fikir zəminində təşəkkül

tapmışdır. Məhz bu aydınların irəli sürdüyü ideyalar nəticəsində

Azərbaycan çar Rusiyasının müstəmləkəsindən qurtularaq azad

müstəqil bir dövlətə çevrilmişdi. Belə ki ilk rüşeymləri XIX

əsrin ikinci yarısında qoyulan və XX əsrin əvvəllərində

sistemləşən milli azadlıq ideyası Azərbaycan Cümhuriyyətinin

yaranması (1918) ilə nəticələndi. Ölkənin siyasi-ideoloji

mənzərəsinin dəyişməsində I (1905) və II (1917) Rusiya

inqilabları çox mühüm rol oynadı. Şübhəsiz ki, bu inqilablar

dövründə xalq arasından milli liderlərin, ideoloqların xalqı öz

arxalarınca aparmaları müstəsna yerə malikdir. Məhz onların

sayəsində yeni dövrdə Azərbaycanda milli ideologiyanın təməl

prinsipləri müəyyənləşdirildi. Azərbaycanın siyasi azadlığı milli

muxtariyyətdən milli istiqlala qədər çox mühüm bir mərhələ

keçmiş oldu. Ən əsası odur ki, “tarixi-coğrafi Azərbaycan”

deyimini, müstəqil və milli Azərbaycan anlayışı əvəz etdi. Milli

istiqlalın birmənalı şəkildə ideoloqu olan M.Ə.Rəsulzadə

Azərbaycan türkçülüyü ideyasını Azərbaycan milli

ideologiyasına qədər yüksəldə bilmişdi.

 Məmməd Kazım Ələkbərlinin 115 illik yubileyi ilə əlaqədar

kitabxanalarda keçiriləcək tədbirlərdən biri “Fiziki və mənəvi

həyatını millətinin azadlığı uğrunda paymal etmiş mücahid”

adlı dəyirmi masa ola bilər. Tədbir oxucuların iştirakı ilə

kitabxanada keçirilir. İlk olararaq kitabxanaçı səhnəyə çıxıb

qonaqları salamlayır və sonra Məmməd Kazım Ələkbərlinin

yaradıcılığı haqqında qısa məlumat verir.

Kitabxanaçı: Məmməd Kazım Ələkbərlinin 1935-ci ildə çap

edilmiş “Azərbaycan ədəbiyyatı” adlı əsərində ədəbiyyatımızın

tarixinə, ayrı-ayrı dövrlərinə, konkret insanların yaradıcılığı ilə

bağlı müxtəlif fikirlərə rast gəlinir. Məmməd Kazım Ələkbərli

“Kitabi Dədə Qorqud” un azəri türklərinə aid dastan olduğunu

dəfələrlə söyləmiş və yazmışdı. Təbii ki, Məmməd Kazım

Ələkbərli dövrünün övladı idi. Onun elmi axtarışları bir tərəfdən

tarixə, faktlara, tədqiqatlara, axtarışlara, elmi təfəkkürə

söykənirdisə, digər tərəfdən üzləşdiyi maneələrin

istiqamət verdiyi yollarda da məcburi addımlar atırdı.

Ədəbiyyatşünas-alim Nazlı Qəhrəmanlının təbirincə desək,

M.K.Ələkbərlinin elmi-nəzəri irsi Azərbaycan ədəbiyyatı tarixi

üzrə araşdırmalara əhəmiyyətli rəng və müdrik nəfəs gətirmiş,

ədəbi mübarizələrin siyasi ehtirasını azaltmağa müəyyən

mənada xidmət göstərmişdir. Məmməd Kazım Ələkbərli

müasiri olduğu şair və yazıçılar, tənqidçilər, eləcə də klassik

ədəbiyyatımız haqqında söz deyərkən müəyyən mənada ehtiyatlı

olmağa çalışırmış.

 Məmməd Kazım Ələkbərli Moskvada Qırmızı Professorlar

İnstitunu bitirmişdi. “Oktyabr inqilabı” və “Azərbaycan

ədəbiyyatı”, “Şura ədəbiyyatı yüksəliş yollarında” “Aprel

ədəbiyyatı” kimi məqalələrin müəllifi idi.

Azərbaycan dilində “Fəlsəfə” dərsliyinin yaradılmasına

çalışırdı. Bütün bunlar isə onu 1937-ci ilin qara caynaqlı

tufanından xilas edə bilmədi. Repressiyanın dalğaları

Məmməd Kazım Ələkbərlini də apardı. Bir neçə il sürən

çək-çevirdən, şər şamatadan sonra 1938-ci ildə güllələnmişdi.

 Cəmi 33 il yaşamış Məmməd Kazım Ələkbərli Azərbaycan

ədəbiyyatının inkişafı üçün cani-dildən çalışan, dəyanət və

təmkini ilə seçilən qələm sahiblərindən biri olmuşdur. Bu

Azərbaycan ziyalısının repressiyaya məruz qalmış məğrur

insanların faciəli, fəqət şərəfli, taleyi idi. Görkəmli

ədəbiyyatşünas, tədqiqatçı Məmməd Kazım Ələkbərlinin

anadan olmasının 115 illik yubileyi ilə əlaqədar olaraq

kitabxanada “Ölümə doğru gedən yol” adlı oxucularla söhbət

keçirilə bilər. Bunun üçün kitabxanaçı kitabxananın oxu zalına

toplanmış oxucuları ədibin kitabları ilə tanış edir və ədibin

nakam həyat yolundan, eləcə də sanballı yaradıcılığından söhbət

açır.

Kitabxanaçı: Yazısına pozu, kəsdiyinə sorğu-sual olmayan

repressiya kompaniyası ərəfəsində ekranlara çıxan bir film -

sonralar milyonlarla şagird və tələbənin “Azərbaycan sovet

ədəbiyyatı” dərsliyindən tanış olub sevəcəyi məşhur imzalar

içərisində ən çox bu qeyri-məşhur ismi narahat edir və o,

“Ədəbiyyat qəzeti” nin 1 iyun 1936-cı il sayında, adını növbəti

ilin qara siyahısına salası bir məqalə yazır: “Pis ssenaristin oy

alıb gəldiyi yerdə”...

 O, həmin məqalədə milli namus-vicdan gözü ilə də baxdığı

bu filmin (“Mavi dənizin sahilində”) ilk epizodunu belə

məzmunlaşdırır: “Qara çadralı bir türk qadın, özündən başqa heç

kəsin olmadığı bir yerdə çadrasına bərk-bərk bürünüb oturmuş,

ağzında uzun tənbəki çubuğu tüstüləyir, ruzigar qadının yamaqlı

tumanını oynadır və onun cılız baldırları görünür...”

zlıqda qalan xalqları mədəniyyətsiz, cahil görməyə və

göstərməyə çalışan bolşevizm ideologiyasına bu tutarlı cavab,

tezliklə millətin qaymağını üzləyəsi repressiya sunamisinə

qədərki dövrdə bu xalqın əsl ziyalılardan xali olmadığını da

isbatlamırmı?

 Və maraqlıdır ki, məhz bu məqalədən sonra həmin epizod

filmdən çıxarılır...

 1936-cı ildə “Çapayev” filminin Azərbaycan dilinə

dublyajında da xüsusi əməyi olmuş, çox qısa bir ömürdə çox

belə vəfalı vətəndaş, milli ziyalılıq görəvləri görmüş- Məmməd

Kazım Ələkbərli.

 Ən gənc rektor, sədr, direktor, baş redaktor (üç qəzetdə), ən

kəsərli publisist, filosofanə ədəbiyyatşünas və... “xalq

düşməni”... Bunların hamısı cəmi-cümlətanı 33 yaşda yaşanıb!

Aynurə Əliyeva

 

Türküstan.- 2020.- 28 yanvar-3 fevral.- S.17.