“Əli və Nino”nun mübahisəli
müəllifi olan Cümhuriyyət səfiri kimdir?
“Onun çöhrəsi indiki kimi
gözümün qabağındadır. Ah, necə gözəl,
necə alicənab, necə namuslu, necə halal adam idi Yusif...
Heyif Yusifdən,çox heyif!
Necə istiqanlı, necə mehriban, necə zəkalı oğlan
idi...Yusif o qədər nurlu, o qədər şən adam idi
ki, qapıdan girəndə elə bil evimizin
işığı artırdı”.
Professor Şövkət Məmmədova
Gənc ictimaiyyətimiz Y.V.Çəmənzəminlini daha çox istedadlı yazıçı kimi tanıyır, o isə həm də bacarıqlı siyasi xadim, mahir diplomat, qabiliyyətli publisist, bir sözlə, fəal vətəndaş olub. Təxəllüsü atasının doğma kəndi olan Çəmənzəminin (Cənubi Azərbaycan) adı ilə bağlıdır. ( Başqa və daha dəqiq hesab olunan versiyaya görə, təxəllüs Çəmənzəmin kəndindən Şuşaya gəlmiş 3 qardaşın şərəfinə qəbul olunub) . Qardaşlar Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən aclıq əlindən baş götürüb Şuşaya gəlmişdilər. Məşədi Mirbaba onlara əl tutmuş, öz həyətində sığınacaq verib himayəsinə almışdı. Onlar ailədə 3 qardaş olublar. Amma heç birinin məzarı yoxdur. Özü sürgündə-Nijni Novqorod həbs düşərgəsində vəfat etdiyi üçün harda dəfn olunduğu bilinmir. Qardaşlarının biri Parisdə, digəri Şuşada basdırıldı. Yəni,bizim üçün heç birinin məzarı yoxdur.
Çəmənzəminlinin
son məktubu:
“Əli və Nino”nu necə qorumaq
istəyirdi?
Yusif
Vəzir Çəmənzəminli Sibirə sürgün ediləndən
sonra Bakıda qalan ailəsi çox əziyyət çəkir.
Məcburiyyət qarşısında qalıb bir neçə
dəfə yaşadıqları evi dəyişməli olurlar.
Bakıda ilk açdıqları qapı isə Yusif bəyin xanımı Bilqeyisin anası
Kiçikxanımın yaşadığı ev olur.
Kiçikxanım Yusif Vəzirin əlyazmalarını
özünün sandığında gizləyir. Yusif Vəzir məktublarını
“sizin Əli” imzası ilə
yazırdı.Yazıçının oğlu Orxan Vəzirov
atası ilə bağlı yazdığı xatirələrində
Yusif Vəzirin bu imza ilə məşhur “Əli və Nino” əsərinə
işarə etdiyini bildirib. “Əli və Nino”nun müəllifliyi
isə artıq yetmiş ildən çoxdur ki, həll
olunmamış qalır. Amerikalı B.Bleyer əsəri
Y.V.Çəmənzəminliyə aid etmək
üçün 101 ehtimal irəli sürür.
Cümhuriyyət və Yusif Vəzir
Çəmənzəminli...
AXC
hökumətinin Yusif Vəzirə, həmçinin
yazıçının da gənc dövlətə
münasibəti hər zaman yaxşı olub. O, ilk növbədə
F.X.Xoyskinin rəğbətini qazanmışdı. Bu səbəbdən
Xoyski tərəfindən ona vacib missiya
tapşırılır. O, Ukrayna ilə Azərbaycan
arasında münasibətləri bərpa etmək və Azərbaycan
tarixini, ədəbiyyat və mədəniyyətini
orada təbliğ etməli idi. O, Ukraynada səfir olmasına
baxmayaraq, məvacib almırdı.Hökumət diplomatik
nümayəndə kimi ona maaş təyin etməmişdi. Kirayə qaldığı evin pulu
güclə ödəyirdi. Bu vaxt Yusif bəyin cəmi 32
yaşı vardı. Yusif Vəzir Bakıya çox çətinliklə
qayıdır. O, Nəsib bəyin qəbulunda olarkən
İstanbulda Azərbaycan səfirliyi açılması təklifini
səsləndirir. Bu təklif etirazla qarşılanmır. Beləliklə,
1919-cu ildə səfirlik fəaliyyətə başlayır.
1921-ci ilin əvvəllərinədək bu vəzifədə
çalışıb, sonra Fransaya gedərək 4 il orada
yaşayıb. O zaman vərəmdən əziyyət çəkən
qardaşının(Mirinin) xilası üçün Parisdə
fəhləlik edib.
Çəmənzəminli
Mir Cəfər Bağırovun qara siyahısının əvvəlində
gələn 4 ziyalıdan biri idi. Buna görə də
ittifaqdan onun payına düşəcək evi
yazıçıya vermədilər. Onun həbs edilməsində
o vaxtın əsas reytinqli orqanı olan Azərbaycan
Yazıçılar İttifaqının rolu çox oldu.
Yazıçılar İttifaqı Y.Vəzirin illərlə
gözlədiyi 3 otaqlı mənzili tikilib hazır olduğu ərəfədə
“öz qruplarında” olan şəxsə verirlər.
“Hər bir məmləkətin yaxşı və
pisliyi onun qanunu ilə bilinir”
Yusif Vəzir Çəmənzəminli
8 illik həbs cəzasının üçüncü
ilində-1943-cü il yanvar ayının 3-də
Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs
düşərgəsində vəfat edir. 1956-cı ildə Yusif Vəzirə bəraət verildi. Sürgündən heç bir
əşyası doğmalarına
gəlib çatmadı.
Onun keçdiyi həyat yolunun səhifələrini
vərəqləyəndə, əmin olursan ki, ədib məşələ
dönmüş bir ömür yaşayıb.
O məşəlin işığını
isə həmişə
çox sevdiyi xalqının maarifi,müstəqilliyi,azadlığı yolunda yandırmışdır.
Firayə ALLAHVERDİYEVA
Türküstan.- 2020.- 28 yanvar-3
fevral.- S.24.