Üçtəkərli yaşıl velosiped
Hekayə
...Göyün
altında üzən adda-budda buludların kölgəsi yerin
üstündə yoldan-yola süründü, damdan-dama
tullandı, bulud buludu qovdu, bulud bulud dalınca qaçdı,
qış parkında – Füzuli küçəsi ilə Təbriz
prospektinin kəsişməsindəki beşmərtəbəli
binanın başında bir-birinə yetişdilər,
baş-başa verdilər, bacada isinən bozumtul işıq
ilməsi canını götürüb gümüşü
deşikdən sivişdi.
Yaşlı
qapıçı doğum evinin həyətindəki
küçə itlərini qovur, parkda yoluq şam
ağaclarının altında yağışın kəsməyini
gözləyənlər bir-bir, iki-iki azalır, yollar
boşalır. Yaşlı qapıçı
üst-başını çırpa-çırpa pəncərənin
çərçivəsindən çıxır.
Özümü
atsam, ölən deyiləm, uzağı, əl-ayağım
sınacaq. Belə intihar olar? Mən boyda adam...
Dördüncü mərtəbədən...
Hündürlükdən qorxuram, yoxsa...
Yoxsa nə? Hündürlükdən qorxmasaydım, guya özümü öldürəcəkdim?
Sabah günəşli olacaq... Qızıma üçtəkərli
yaşıl velosiped alacam...
***
Sürücü bərk-bərk tapşırdı
ki, artıq sual verməyim, yeyəndə marçıldatmayım.
Boyu balacadır,
səsi yorucu deyil. Düzü, televizorda belə
görsənmir, məncə,
səmimidir. Yəqin,
mən bir o qədər yaxşı adam deyiləm.
Yəqin, puldan ötrü… Yox, doğrudan, səmimidir… Bəlkə, qızına
görə… Axı mən bu naziri
həmişə söymüşəm…
Həyəcanlandım, özümdən xoşum
gəldi.
...İşə bax, nazirin qızı məndən uşaq istəyir!
O deyəndə ki hər şey pulla ölçülmür,
əl-ayağım boşaldı,
qürurlandım. Balacalaşdı...
Bir-iki ağız zingildədi.
Gözünün ağı-qarası bir
qızı var, onun da ayaqları
yoxdur...
Elədikləridir, özünə qayıdıb...
Yox, yox, qızın nə günahı...
Mən də atayam, o, qızından ötrü
pul xərcləyir, mən də ki...
Axı mənim
günahım nədir? Qızımın şəkillərini görüb,
istəyir ki, onun da mənim
qızım kimi qızı olsun.
Atadır,
nə etsin... Qızı istəyir, gözünün ağı-qarası...
On min!..
Takka-takk,
takka-takk...
Qatar ürəyimə çatdı, ürəyimin
içindən keçdi,
uzaqlaşdı, uzaqlaşdı
- çayın o tərəfində,
dağların arxasında
- uşaqlığımla üzbəüz
nərildədi.
Yerin bağrı yarılır,
yoxsa tarixin özüdür, - çayın
o tərəfində, dağların
arxasında - uşaqlığımla
üzbəüz köks
ötürür, yorğunluğunu
çıxarır...
Atam hər axşamçağı bostanın
ətəyindəki sinab
almasının dibindən
- təkcənəliyindən harasa - lap uzaqlara zillənir, dağları dinşəyir, hərdən
gözlərini bərəldir,
hərdən kövrəlir;
orda yerin bağrı yarılır,
burda atamın.
Elə ki bir cibindən qızılı dəstəkli
bıçağını, bir cibindən armud çıxardı, qaçıb ayaqlarının
arasına soxuluram. Səbrnən, səliqəynən soyur, birinci dilimi elə bıçağın
ucundaca ağzıma verir. Bax bu qoxu!
Dəmir qoxusuynan armud qoxusunun qarışığı...
- dağların dalından
keçən sirli-sehrli
şey kimi.
…və danışmağa
başlayır.
Alayarımçıq bildiyi köhnə rus nağıllarının
içərisinə öz
obrazlarını, hərdən
mənim özümü
də qatır. Mən onun dilindən çöllərə, iynəyarpaqlı
meşələrə, qərib
komalara düşürəm,
ayaqlarım yerə dəymir, uçuram, uçuram...
Nə vaxt ki qızımın boğazının altından
öpürəm, ya balıncına baş qoyuram, atamın danışdığı alayarımçıq
rus nağıllarının
içərisinə düşürəm,
yuxudan-yuxuya keçirəm,
yarpaqdan-yarpağa uçuram,
uçuram... uçub
atama çatıram, qucuram, qucuram.
Takka-takk...
Takka-takk...
Atamın
qızılı dəstəkli
bıçağından canıma
hopmuş qoxu qızıma keçibsə...
Bu günahın cəzasını
kim ödəyəcək,
görəsən?
Qızımmı? İlahi...
Atam mənim
yerimdə olsaydı, razılaşardımı? Bəlkə,
mən hansısa günahın cəzasını
ödəyirəm... Atamın
günahının...
On min manat... Azdır, yoxsa yaxşı
qiymətdir?
Göydəki sarımtıl deşiyə
boylandım, sarımtıl
deşikdən keçib
Füzuli küçəsi
ilə Təbriz prospektinin kəsişməsindəki
beşmərtəbəli binanın
dördüncü mərtəbəsinə
‒ qızımın yanına
düşdüm.
...O biri üzündə hekayə qaraladığım
kağıza çəkdiyi
üçtəkərli yaşıl
velosipedi intəhasız
çöllüyə sürdük,
yaşıllardan keçdik,
duruldum, yüngülləşdim,
balaca əllərini açdı, küləkdən
yapışdı, apağ
uzaqda uçduq, uçduq...
...Vuruldum ya təkcənəliyimin
yaşıl örtüyü
cırıldı, düşdüm,
düşdüm... Mən
velosipeddən, qızım
məndən yox oldu... Düşdüm, düşdüm... Novxanıya – nazirin evinə qayıtdım.
Əlli
min!
Həmişə elədiyim işdir. Üç-beş dəqiqə. Olsun,
on beş dəqiqə...
O öz arzusuna çatacaq, mən borclardan qurtulacam, qızıma üçtəkərli
yaşıl velosiped alacam...
Üçtəkərli yaşıl velosipedimin güzgüsü
qırılanda ağlamışdım,
ancaq nənəm ki haman
güzgünü pəncərənin
dibinə qoydu, o balaca güzgüdən həyət-bacaya sirli-sehrli,
gümüşü işıq
səpildi; gümüşü
saçlarının ucunu
düyünlədikcə mən
də xoşhallandım,
yıxıldım-durdum, sürməyi
öyrəndim.
Üçtəkərli yaşıl velosipedim köhnəldi, nənəmin
bir gözü tutuldu, mən böyüdüm və bir bahar ertəsi
atam öldü.
Nənəm haman güzgünü pəncərənin
dibindən götürüb
atamın sinəsinə
qoydu.
Nənəm inanırdı ki,
atamın canı üstündədir, nənəm
inanırdı ki, güzgü indicə tərləyəcək... gümüşü-gümüşü
işıldayacaq...
Atamın
ölümü köhnəldi,
nənəm öldü,
mənim qızım doğuldu, fəqət o güzgü bir də heç vaxt...
Bu güzgü... ölənəcən
saxlayacam.
Payızda, ikindi çağı köhnə şeyləri
eşələyirdim, şəkil-şəkil
darıxmağımı sanballayırdım,
- atamdanqalma bir-iki şey var, olur,
hamıdan inciyirəm,
yoruluram, məsələn,
saatını taxıram,
zamandan keçib başqa yerə gedirəm – qəfil güzgü tərlədi. Hə, hə,
bu güzgü.
Ürəyimin ortasından qatar keçdi, takka-takkk, takka-takk... – necə döyünür,
necə döyünür...
Deyərdin, bir vaqon adam
atlanıb-düşür içimdə.
Qatardı da, ötdü-keçdi. Çayın
buxarıyımış, hopubmuş
güzgünün üzünə,
çəkildi getdi...
Yoxsa özümə
təsəlli verirəm? Yox, yox!
Məni ürküdən, əslində,
qızın ayaqlarıdır. Daha doğrusu, ayaqlarının
yoxluğu...
Hə, hə,
yoxsa nə var? Üç-beş dəqiqəlik
işdir...
***
Çox
qəşəngdir!
Gözləri, saçları, dodaqları,
balaca əlləri... sinəsi... gülüşü,
səsi...
Otaqda mən,
o... dəhlizdə köməkçisi.
Başımda fillər, içimdə
qatar: takka-takk,
takka-takk...
Öpüşürük, qucağımdadır...
Mən,
o... içimdə qatar, cibimdə pul... Ətim ürpəşdi, buramdan azalmağa başladım...
Bəs uşaq? Tutalım,
bir qızı oldu... Anası belə, atası, Allah bilir, varmı, yoxmu...
Görə-görə, bilə-bilə...
Mən bunca təmizəmmi?
Qızımın arzuları o biri
üzünə hekayə
qaraladığım kağızda,
ölüm burda – burnumun ucunda...
***
Sanasan, dünənki adam
deyil: sürücü
Pirşağı çimərliyinəcən
ağzını açmadı,
gah başını yellədi, gah fısıldadı, gah fınxırdı.
O biri ayağım yerə dəyməmiş
toz-duman - dəbərdi.
Maşın gözdən itincə
çantanı açmaq
istədim, əlim qalxmadı, uzaqdan bir qatar
keçdi: takka-takk, takka-takk...
Çanta ağırlaşdı, ağırlaşdı. İçində
ölü, ya daşmı var, nədir, otuz min manat nə puldur,
tabut ağırlıqda...
Taksi gələnəcən pulu
böldüm: borcları
verirəm, ipotekanı
bağlayıram. Gələn
ay da iyirmi min verəcək... Onu da üstünə
qoysam, qırx min bütöv qalır.
...On-on beş metr
getmişdik, özümü
saxlaya bilmədim. Pulları əllədikcə
qoxusu yayıldı, pulların qoxusunu duyduqca içimdəki qatar uzaqlaşdı:
takka-takk, takka-takk...
***
Çox
qəşəngdir!
Gözləri dəniz yaşılı...
Saçları, dodaqları,
balaca əlləri... sinəsi... gülüşü,
səsi...
Üzünü oxşadım, sinəsi
qabardı, sinəsi qabardıqca canıma istilik yayıldı, sinəsi çəkildi, sehrə düşdüm,
ürəyim ayaqlarımın
arasında döyündü...
Al dodaqlar, dəniz yaşılı gözlər...
Qucağıma aldım...
Qollarım boşaldı, qızımı
xatırladım. Qızım boyda, qızım ağırlıqda...
İyrəndim... Ətim ürpəşdi...
Yox, yox... İlahi...
Buramdan boğuldum...
Hönkürdü, budlarına vurdu...
Mən də ağladım.
Ağladıqca dodaqları öləzidi,
gözlərindəki yaşıl
çəkildi.
Kitab rəfinin arxasındakı
çantanı xatırladım...
O pulu qaytarmaq ürək istəyir... O ürək də məndə yoxdur. Əlim dəyib, qoxusunu duymuşam...
Mən şərab içdim, o ağladı, mən şərab içdim, o ağladı, ağladı,
ağladı...
Göz yaşları
yumrulanıb dodaqlarımızın
arasında partladı.
Öpüşdük...
***
...göyün altında üzən adda-budda buludların kölgəsi
yerin üstündə
yoldan-yola süründü,
damdan-dama tullandı, bulud buludu qovdu,
bulud bulud dalınca qaçdı, qış parkında – Füzuli küçəsi
ilə Təbriz prospektinin kəsişməsindəki
beşmərtəbəli binanın
başında bir-birinə
yetişdilər, baş-başa
verdilər, bacada isinən bozumtul işıq ilməsi canını götürüb
gümüşü deşikdən
sivişdi.
Sabah günəşli olacaq... Qızıma üçtəkərli
yaşıl velosiped alacam...
avqust, 2021
Ömər Xəyyam
Türküstan.- 2021.- 24-30 avqust.- S.15.