Yekəpər...
hekayə
Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə
"vətəndaş, sizinləyəm,
bizimlə getməlisən"
deyəndə, maşının
mühərrikinə sarı
əyilmiş usta qəddini düzəltmədən
başını səs
gələn tərəfə
çevirdi. Gənc
polis "bizimlə şöbəyə
getməlisən" söyləyəndə,
usta yenidən mühərrikə sarı
çevrilib etinasız
"görmürsən əlimdə
işim var... şöbədə nə
azarım qalıb"
- dedi, mühərriki,
sanki uşaq oyuncağı kimi yüngülcə qaldırıb
addımlayaraq azca aralıda bir-birinə bərkidilmiş qoşa milin üstünə qoydu. Təzə mühərriki asanlıqla
qaldırıb qucağına
alanda onun uşaq biləyi boyda yoğun barmaqları polisin gözündən yayınmadı.
Usta
"nə məsələdi...
bəlkə məni kiminləsə səhv salırsan?" - deyib maşına yaxınlaşdı. Ondan aralanan polis telefonla nə dedi, nə
demədi, heç on beş dəqiqə
ötməmiş dörd
cantaraq, ucaboy polis maşından düşdü.
Çirkli-mazutlu paltarını dəyişməyə
macal vermədən ustanı maşına oturdub apardılar.
Qərbi
Azərbaycanın uzaq
dağ kəndindən
olub him-cim anlamayan qırx beş yaşlı bu zorba qaçqının
bir aydan sonra yaşadığı
rayonun məhkəməsinə
çağırıldığını
bilən qaraj rəisi hirslə ustaya "nəyə, kimə arxayınsan, ay zırrama, qoymadın işi yerindəcə xətm
edək. Çoxda ki oğurluqda
sənin əlin yoxdu. İndi get çavab ver, orda səni beşqat artıq soymasalar... beş-altı il yatıb
dincələndə ağlın
başına gələr.
Qanunları orda bitdəbit öyrənərsən...".
Məhkəməyə getməyəcəyini
bilən iş yoldaşları kimi, qoca atası da oğluna dediyi sözlər "getməsən, işini daha da ağırlaşdırassan"
ustanın ağlına
batdığından birinci
çağırışda məhkəməyə getdi.
Bütün günü ac-susuz
qalsa da, növbəsi çatmadığından
onu sorğu-suala çağırmadılar. Məhkəmə işçilərindən
biri "səhər tezdən mütləq burda olarsan" deyəndə usta gün ərzində bir neçə adamdan eşitdiyinin dəqiqliyini bilmək üçün astadan
"sədr xalq şairinin oğludumu?"
soruşanda, adam
başını tərpətməklə
onun sözünü təsdiqləsə də,
ucadan "bunun mətləbə dəxli
yox" - deyib tələsik ondan aralandı. Usta evlərinə kefikök
qayıtdı.
Səhərisi gün məhkəmə
sədrinin verdiyi suallarda onun səsinin getdikcə sərtləşdiyini hiss edən
usta pencəyinin cibindən çıxardığı
bükülü kağızdan
ayırdığı on il öncə çəkilib qıraqları
saralmış fotonu onun qarşısına yaxınlaşdıraraq yoğun barmağını
şəkildəki gəncə
tuşlayaraq "mənə
oxşayırmı?" soruşdu.
Sədr diqqətlə
iki yol gah
fotoya, gah bu nəhəng adama baxdı, fotonu almaq istəyəndə
usta əlini tez geri çəkərək
"dünya dağılsa
da bunu heç
kimə vermərəm.
Çiynimdəki xalqımın
bayrağıdı..." deyəndə
sədr "yoxsa bu montajdı?" təəccüblə, azacıq
hirslə soruşanda usta - montaj nədi?
- dedi. Sədr "qurama şəklə
oxşayır, buna görə əlavə məsuliyyət daşıyırsan!"
kəskin söylədi.
Usta "Atannan soruşsan, deyər...".
Səhərisi gün hakim yöndəmsiz,
o nataraz adamı birinci qəbul elədi. Usta qapını
açıb içəri
girəndə onun oturmasını gözləmədən
sədr azca gülümsünərək "Çıx get, bir də ayağın buralara dəyməsin"
- dedi.
Azneftdən azca aralı köhnə İnturistin yaxınlığındakı Bəhram
Gur heykəlinin fonunda çəkilmiş
rəngli fotoda əli irəli uzanmış, alnı qırış-qırış, çalsaç, çəlimsiz,
ağzıaçılı əsəbi Xalq şairi nəhəng gənc oğlanın çiynindəydi. O vaxt izdiham içində "Şair danışsın!
Şair danışsın!"
sözləri səslənəndə,
adamların arasından
səkiyə doğru
irəliləyən bir
gənc iki gün öncə televiziyanın giriş qapısı qarşısında
yağı generalının
üzünə tüpürdüyünü,
həmin an mühafizəçilərin
əlindəki avtomatların
şaqqıltıyla şairə
tuşlandığını, anındaca general əlini yuxarı qaldırıb
"dayanın!" işarəsini
verdiyini bu gənc aralıdan görüb sarsılmışdı.
Bəhram Gur heykəli önündə
hansı taksi sürücününsə gətirdiyi
balaca stulun üstündə nitq söyləyən şairi
izdihamın arxasında
qalan adamlar yaxşı görmədiyindən
otuz beş
yaşlı yekəpər
bu gənc adamları bir sayaq kobudcasına sağa, sola itələyərək,
tələsik şairə
yaxınlaşıb arxadan
başını onun paçası arasına soxaraq çiyinləri üstünə qaldıranda,
izdihamdan şapalaq,
fit, qışqırıqlar alqış əlaməti
göyə yüksəlmişdi.
Sevimli şairi və onun ürəyindən
qopub gələn sözlərini hamının
görüb eşitməsi
üçün o yekəpər
adam, saat
əqrəbi istiqamətində
dayanmadan yavaş-yavaş
hərlənmişdi. Sonra izdiham
küçəboyu ləngərli
çay kimi axaraq Azadlıq meydanına sarı irəliləmişdi. Şair nə
qədər cəhd eləyib "a bala, yoruldun, qoy düşüm
özüm gedim" söyləyəndə, gənc
"başımın tacını
heç vaxt yerə qoymaram" demiş, onun ayaqlarından bərk tutaraq, ata sevimli,
əziz balasını
bayram şənliyində
olduğu kimi düz meydanın ortasınacan gətirmiş,
kiminsə "yan-yörə
əli silahlı düşmənlə doludu,
vurallar" həyəcanlı
xəbərdarlığından sonra o, ehmalca əyilərək şairi
yerə qoymuşdu.
Elə həmin gün fotoqrafların biri yaxınlaşıb çəkdiyi
şəklin birini ona bağışlamışdı.
2 fevral 2020
Azər Abdulla
Türküstan.- 2021.- 31 avqust-6 sentyabr.- S.14.