İkinci sinif müəlliməsi
üçün qızılgüllər
(hekayə)
Yadımdadı,
mənə deyərdilər ki, uşaqlıq həyatın ən
xoşbəxt çağlarıdı… (Keçmişin ən
yalın yalanı)
Bertran Rassel
Hüqo Homerin atası şairdi. Bugün-sabah Hüqo
Homer ömrünün doqquzuncu ilinə qədəm qoyacaq.
Əlbəttə, o da şair olacaq. Hər halda, atası bu qənaətdədi. Çünki hər dəfə oğluna baxanda
öz uşaqlığını, daha doğrusu, bənzərsiz
keçmişini görür.
Hüqo Homer qəribə uşaqdı. Hamı belə deyir: müəllimlər,
dostlar, qohumlar… Amma atası, əksinə, onu
normal, tamamilə normal bir uşaq sayır.
– Senyor
Alvares Xunko!
Zeytun rəngli
arıq sifəti olan, gözləri qalın
qaşlarının altında itib-batan, hündür, quru,
qanıacı adam Bruno Andon qəmgin səslə
dillənir. Bir vaxtlar Maliyyə Nazirliyində işləyib
indi təqaüdə çıxan bu kişi
Alvares Xunkonun qonşusudu. O, növbənöv
qızılgüllərdən bəzənən gözəl
torpaq sahəsinin sahibidi. Ardınca bir də:
– Senyor Alvares Xunko, – deyib öskürür. – Mənim üçün
nə qədər ağır olsa da, sizi xəbərdar etməliyəm
ki, oğlunuz Hüqo Homer oğrudu.
– Hörmətli
qonşu, zəhmət də olsa, bu bəyanatınızın
nəyə əsaslandığını mənə izah edə
bilərsiz?
– Əlbəttə, senyor Alvares Xunko, mən lap
çoxdan duyuq düşmüşdüm ki, kimsə mənim
kolluqlarımdan qızılgülləri qırıb
oğurlayır. Müşahidə aparmağa
başladım. Çünki təqaüdə
çıxdığıma görə bu işlə məşğul
olmağa kifayət qədər vaxtım var. Əvvəlcə
bu qənaətə gəldim ki, əlbəttə, əgər
özgəsinin mülkiyyətinə təcavüz etməyi
iş saymaq olarsa, oğru iş başında gecələr
olur. Amma bir neçə yuxusuz gecədən
sonra əmin oldum ki, yox, heç də belə deyil. Özüm üçün
aydınlaşdırdım ki, oğru səhərlər hərəkət
eləyir. Hətta saatı da müəyyənləşdirdim:
təxminən səkkiz radələrində. Bundan
sonra pusquda dayandım. Təmkinlə görülən
bütün işlər kimi mənim səbrim də öz bəhrəsini
verdi. Nəhayət, saat yeddi qırx yeddidə
mən sizin Hüqo Homer adlı əziz oğlunuzu hasarın
yanındakı kolluğun ağ
qızılgülünü qıran yerdə yaxaladım. Ona
tərəf qışqırdım: “Niyə mənim
qızılgüllərimi qırırsan?” Amma
oğlunuz, üzr istəyirəm, senyor Alvares Xunko, xətrinizə
dəyməsin, amma sizin oğlunuz hətta utanmadı da.
Onun o cinayətkar vücudu yaşına qəti
uyğun gəlmirdi. Hələ üstəlik,
gülə-gülə mənə nəsə bir söz də
atdı, amma nə dediyini ayırd eləyə bilmədim,
çünki ağır eşidirəm. Sonra
da çox zərif bir hərəkətlə
şapkasını yerdən götürüb öz yoluyla
getdi – mənim qızılgüllərim də əlində.
– Siz də
gördünüz ki, həmin adam Hüqo
Homerdi?
– Öz
gözlərimlə senyor, öz gözlərimlə… Yeddinci onluğu xırdalasam da, şükür ki,
gözlərim hələ də əla vəziyyətdədi.
Bəli, öz gözlərimlə! – Bruno Andon qəflətən
səsini qaldırıb qəzəblə deyir. – Olmaya, mənə
inanmırsız?
– Nə
danışırsız, hörmətli qonşu! Amma hər halda, oğlumu çağırıb
sizin yanınızda sorğu-suala çəkəcəm.
Etiraf edim ki, bu hadisə məni müəyyən qədər
narahat etdi…
– Bəs
necə, senyor! Belə balaca bir uşaq, amma artıq…
– O
sözü dilinizə gətirməyin! –
Hüqo Homerin atası Alvares Xunko onun sözünü kəsir.
– İcazə verin, ittihama keçməzdən əvvəl
uşağın özünü dinləyim. Bu hadisə
məni müəyyən qədər narahat etdi…
– Sizin
yerinizdə olsaydım, mənim də rahatlığım
pozulardı. Özü də çox pozulardı, lap
çox!
– Bu məni
müəyyən qədər narahat edir, – Hüqo Homerin
atası əvvəlki təmkinlə sözünün
davamını gətirir, – çünki oğlum olduqca nəcib,
tərbiyəli, həssas, həqiqətən də kövrək
hisslər sahibi olan bir məxluqdu…
–
Özündən soruşun, senyor Alvares Xunko! – əsəbi
tarıma çəkilən Bruno Andon az qala əmr eləyir.
– Mən
belə də edəcəyəm, qonşu.
Senyor
Alvares qonşu otağa boylanıb çağırır:
– Hüqo
Homer!
Hüqo Homer peyda olur. Gözlərinin və
üzünün təbəssümü işıq
saçır.
– Nədi,
ata? Axşamınız xeyir, senyor, – Bruno Andonu
salamlayır.
Amma salamı cavabsız qalır. Ata qonşunun
ittihamını oğluna çatdırıb
sözünü sualla tamamlayır:
– İndi sözün nədi?
–
Sözüm odur ki, doğrudan da belə olub, ata.
– Sən
qonşumuzun bağından qızılgüllər
oğurlamısan?
– Mən
demirəm ki, oğurlamışam, ata, deyirəm ki, senyor
Andonun bağının qızılgüllərini kəsmişəm.
Hirsi-hikkəsi
ərşə qalxan qonşu müdaxilə eləyir:
– Məgər
eyni şey deyil?
– Xeyr,
senyor. Qızılgül bağdan küçəyə
sallanmışdı. Deməli, o artıq
sizə məxsus deyildi. Əgər
küçədəydisə, deməli, ordan keçən hər
kəsin ixtiyarında idi. Mən bir dəfə
də o qızılgüllərdən ötrü çəpəri
aşmamışam. Mən ancaq çəpərdən
küçəyə sallanan qızılgülləri kəsmişəm.
– Qiyamət
bəraətdi! – qızılgüllərin
sahibi əsəbdən boğula-boğula
çığırır.
–
Qonşu, mən heç də düşünmürəm ki,
oğlum özünə bəraət qazandırmaq
üçün əlləşir, – Hüqo Homerin atası
deyir.
– Nə-ə?
– Bruno qeyri-ixtiyari heyrətlənir və sözünün
dalını gətirə bilməyib dərhal da susur. Sifəti bozarıb, alnındakı damarlar aydınca
görünür.
– Sən
o qızılgülləri nə səbəbə kəsirdin?
– ata oğlundan soruşur.
– Mənim
əvvəlki tərbiyəçimə – ikinci sinif müəlliməsi
senyorita Moraya hədiyyə etmək üçün. O elə
gözəldi! Elə həzin səsi var ki,
danışanda adamın qulağı dincəlir.
Gözləri də eynən ulduz kimidi! Adi ulduz
yox ha, dan ulduzu kimi. Həm də məni necə istəyirdi!
Onun şagirdi olanda mənə necə gözəl
kitablar bağışlamışdı. Əgər
indi dördüncü sinifdə oxuyuramsa, onu unutmalıyam?
– Hörmətə
bir bax! – Bruno Andon qışqırır. Sonra bu oğlan uşağına “siz”lə müraciət
eləyir. – Bəli, sizin keçmiş müəllimənizi,
həmin o xeyirxah və gözəl qızı unutmamağınız
çox təqdirəlayiq haldı. Amma niyə
axı siz bu rəğbət hissinizi mənim hesabıma
nümayiş etdirməlisiz? Niyə ona mənim
qızılgüllərimi hədiyyə etməlisiz?
– Senyor,
axı sizə dedim ki, həmin qızılgüllər
çəpərdən küçəyə
sallanmışdı.
– Ona
görə də sən hesab eləyirsən ki, – coşub təzədən
“sən”ə keçir, – o güllər mənlik deyil?
– Bəli,
senyor.
– Amma
hakimlər başqa fikirdə olardı, oğrunun biri oğru!
– Senyor
Bruno Andon, – ata müdaxilə eləyir, – siz əzizlərinizin
canı, uşağın ürəyinə toxunmayasız. Özünüz də görürsüz ki, rəngi
necə ağarıb, dodaqları əsir, gözləri
yaşarıb, indicə hönkürəcək.
– Məgər
siz, senyor Alvares Xunko, – özü də bildiyimə görə
yazıçısız, – məgər siz hərəkətinə
bəraət qazandırmaqdan ötrü özündən
gic-gic nəzəriyyələr icad edən doqquzyaşlı
bir burnufırtıqlının özünü bu cür
aparmasını dəhşət hesab etmirsiz?
– Xeyr,
qonşu, siz səhv edirsiz. Mənim oğlum
öz bəraəti üçün hansısa nəzəriyyə-filan
icad eləmir. O, bəraət söhbətini
ağlına belə gətirmir. Oğlan tam səmimi
şəkildə, ürəyinin ən saf yerində əmindi
ki, əgər o qızılgüllər çəpərdən
küçəyə çıxıbsa, deməli, artıq
sizə məxsus deyil. Həm də axı
o həmin gülləri satmaq üçün dərməyib.
Əgər sizin gülləri satsaydı, bax
onda həqiqətən ona oğru demək olardı. Amma o həmin gülləri hədiyyə edib. Hələ üstəlik, əgər o,
qızılgülləri indiki müəlliminə hədiyyə
etsəydi, deməli, bu hərəkətiylə onun
qılığına girmək məqsədi güdəcəkdi.
Bax onda, mən də sizin kimi deyərdim ki,
oğlum oğurluq eləyib. Amma axı o həmin
gülləri özünün gözəl, cəzbedici,
yaraşıqlı və xeyirxah ikinci sinif müəlliməsinə hədiyyə edib ki, ondan da
daha nəsə ummur və nəsə gözləmir. Qonşu, sizin o qızılgüllərə
çox gözəl tale qismət oldu. Onlar
poeziya, bəlkə də, məhəbbət qoxusu gələn
bir gözəl xatirənin dirilməsinə xidmət etdi.
–
Sözünüzdən belə çıxır ki, – hirs-hikkəsi
ərşə qalxan Bruno Andon səsini qaldırır, – bəli,
sizin sözünüzdən məhz belə çıxır
ki, güllərimi qoparıb özünün gözəl,
yaraşıqlı, füsunkar, daha kim
bilir, necə müəlliməsinə apardığına
görə mən bu uşağa minnətdar olmalıyam?
Senyor Alvares Xunko, bilin ki, əgər sizin oğlunuz mənim
qızılgüllərimi Kartizianlar ordeninin təməlini
qoyan, mənim də adını daşıdığım və
səcdə elədiyim müqəddəs Bruno məbədinə
aparsaydı belə, yenə hesab eləyəcəm ki, sizin
oğlunuz qızılgüllərimi oğurlayıb. Amma siz mənimlə razı deyilsiz. Eləmi, senyor?
– Bəli,
qonşu.
– Deməli,
siz də doqquzyaşlı oğlunuzla onun əsassız,
müəmmalı, mücərrəd, qanuna zidd baxışlarını
bölüşürsüz. Onun bu hərəkətinə,
bəlkə də, nəsə bir ad vermək olar. Amma
bilmirəm, nə ad verim! Sizin ona bu cür qahmar
çıxmağınızı isə mən, senyor Alvares
Xunko, qəti tərəddüd etmədən cinayət
adlandırıram. Sizin oğlunuz, bu zavallı oğlunuz
çox gözəl tərbiyə alır! Əlvida, senyor!
Bruno Andon şlyapasını düzəldib küçəyə
çıxır, amma dərhal da bozarmış sifəti təzədən
qapıda peyda olur.
– Sizdən
bir təvəqqem var. Gələcəkdə özünüzə
əziyyət verib mənimlə salamlaşmayın. Salamınızı almayacam.
–
Yaxşı, qonşu.
– Bundan
başqa, sizə xəbərdarlığım da var. Əgər
oğlunuz bir də mənim qızılgüllərimi əkişdirsə,
onu bu əllərimlə elə cəzalandıracağam ki… hə,
prinsipsiz ata, sizin əvəzinizə ona dərsi özüm
verəcəyəm.
– Bu, hədədi?
– Bəli.
Amma yaxşısı budu, başqa cür hərəkət
eləyim. Elə günü bu gün
çəpərin yanındakı kolu kökündən
dartıb çıxaracam. Qoy daha
küçəylə keçənlərin
rahatlığı pozulmasın.
– Yox, yox!
– oğlan qışqırır. – O kol elə
körpədi ki! Ona toxunmayın. Söz verirəm, bundan sonra bir qızılgülə
də əlim dəyməyəcək.
– Amma mən
onu dartıb çıxaracam, dartıb çıxaracam! – Bruno Andon qapını çırpıb gedir.
– Bu ki dəlidi!
– Hüqo Homer dillənir.
– Amma, əlbəttə,
özünü normal adam sayır, –
atası deyir. – O da, xeyli başqası da… Şəxsi
mülkiyyətlərinin əhəmiyyətini yüksək
qiymətləndirənlərin hamısı bizləri dəli
sayır. Ancaq hər şey öz yerində,
oğlum, sənə elə gəlmirmi ki, gələcəkdə,
yaxşısı budu, belə qanqaraçılıqlardan
qaçmaq üçün özgənin bağından
gül qırmayasan.
– Hətta
əgər çəpərdən çölə sallansa
da? – Hüqo Homer, hər halda, soruşmağı lazım
bilir.
– Bəli,
əzizim, çəpərdən çölə sallansa da. Mən hər həftə sənə nə qədər
lazımdısa, o qədər pul verəcəm ki, sevimli
müəlliməni qızılgüllərsiz qoymayasan.
Oğlan əllərini
bir-birinə vurub deyir:
– Əla! Ata, bilirsən…
– Nə demək istəyirdin? – atası soruşur.
– Bilirsən, ona qızılgül hədiyyə eləyəndə mənə tərəf əyilib yanağından öpməyə icazə verir. Onun yanağı lap məxmər kimidi, həm də istidi, ətirlidi. Ata… – təzədən susur.
– Danış, oğlum, dayanma. Nə demək istəyirdin?
– Ata, iyirmi yaşım olanda öz müəlliməmlə evlənə bilərəm?
– Hələ
on bir il gözləməlisən. Bəs onun neçə yaşı var?
– İyirmi. Soruşmuşam.
– Deməli,
sənin iyirmi yaşın olanda onun otuz bir yaşı olacaq. Yaxşısı budu, sən onun qızıyla evlənəsən.
Nə fikirləşirsən?
– Onun
qızı da özü kimi gözəl olacaq?
– Əlbəttə.
–
Yaxşı, ata, onda mən onun qızıyla evlənəcəyəm.
Alvaro Unke
Türküstan.-
2021.- 31 avqust- 6 sentyabr.- S.15.