Bakının məşhur qonaqları:
İndira Qandini Azərbaycana
gətirən SƏBƏB
Azərbaycan
özünün qonaqpərvərliyi ilə məşhurdur.
Ölkəmizə gələn əcnəbilər
xalqımızın qonaqpərvərliyindən ürəkdolusu
danışır, süfrəmizin zənginliyindən söz
açır, Azərbaycan təbiətinin gəzməli-görməli
yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz
bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi
ilə dünyaya səs salmış millət kimi
tanınır.
Ötən
illər ərzində çox məşhurlar Bakıda qonaq
olublar. Həmin məşhurların qısa və ya
uzunmüddətlik səfərləri Bakının və
insanlarımızın keçmişində silinməz izlər
qoyub.
Modern.az
saytı məşhurların Bakı səfəri haqqında
silsilə məqalələri davam etdirir.
“Bakının
məşhur qonaqları” layihəsində müxtəlif illərdə
paytaxtımızda olmuş şöhrətli simaların səfərindən,
onların təəssüratlarından söz
açılır, o səfərlərin şahidilərinin
xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..
Budəfəki
yazımızda Hindistanın baş naziri olmuş İndra
Qandinin Bakıya gəlişindən bəhs edirik.
İndira
Qandi 1917-ci il noyabrın 19-da Hindistanın Allahabad şəhərində
dünyaya gəlib. Onun ailəsi Hindistandakı Britaniya
müstəmləkəçiliyinə qarşı fəal
mübarizə aparanlardan idi.
İndira
hələ məktəb illərində müstəmləkə
siyasətinə etiraz edən aksiyalarda və tətillərdə
iştirak edirdi.
1934-cü ildə 17 yaşlı İndira ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqorun təsis etdiyi Xalq Universitetinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra anasının ölümü ilə bağlı təhsilini yarımçıq qoyub və ailəsinin yanına qayıdıb. 1937-ci ildə isə təhsilini artırmaq üçün Böyük Britaniyaya yollanıb. O 4 il ərzində Oksford Universiteti yanında fəaliyyət göstərən Somervel kollecində tarix, antropologiya və dövlət idarəçiliyi ilə bağlı dərs alıb.
Tələbəlik illərində İndira London iqtisadiyyat məktəbində təhsil alan hindistanlı tələbə Feruz Qandi ilə tanış olub. Elə Qandi soyadı da buradan qaynaqlanır.
İndira Qandi həyat yoldaşı Feruz Qandi ilə
1942-ci ildə isə onlar ailə həyatı qururlar. Feruz Qandinin zərdüştlük dininə sitayiş edən fars xalqının nümayəndəsi olması ailəsini narazı salsa da, İndira Qandi buna önəm vermir. Toydan bir neçə ay sonra Britaniya polis orqanları onları siyasi fəaliyyətə görə həbs edir. Feruz Qandi yalnız 9 ay sonra həbsdən azad olunur. 1944-cü il avqustun 20-də onların Raciv, 1946-cı il dekabrın 14-də isə Sancay adlı oğul övladları doğulur.
15 avqsut 1947-ci ildə Hindistan müstəqil dövlət elan olunanda İndira Qandinin atası Cəvahirləl Nehru ölkənin baş naziri idi. O zaman 30 yaşı olan İndira Qandi Oksford Universitetini bitirən evli xanım və 2 oğlu anası idi.
Hindistan müstəqillik qazanandan sonra İndira Qandi atası, baş nazir Cəvahirləl Nehrunun şəxsi katibəsi oldu. Elə o vaxtdan etibarən siyasi karyerası sürətlə irəliləməyə başladı. O, hakimiyyətdəki Hindistan Milli Konqres Partiyasının üzvü oldu. Atasını bütün xarici səfərlərində müşayiət edən İndira Qandi tezliklə ölkəsində populyarlıq qazandı.
1952-ci ildə
İndira əri Feruz Qandini parlament deputatı seçdirir.
1958-ci ildə infarkt keçirən Feruz 2 il sonra 57
yaşında qəfildən dünyasını dəyişir.
1959-cu ildə
İndira Qandi Hindistan milli konqres partiyasının sədri
seçilir.
Atası
Cəvahirləl Nehru ilə...
1964-cü
ildə atası - baş nazir Cəvahirləl Nehru
dünyasını dəyişir. Bunun ardından İndira
Qandi deputat, sonra isə informasiya naziri təyin olunur.
1966-cı
ildə Hindistanın baş
naziri Şastri qəfildən dünyasını dəyişir.
Onun ölümündən sonra Hindistanın baş naziri
postuna İndira Qandi seçilir.
Beləliklə,
İndira Qandinin 6 il davam edəcək ilk baş nazirlik
dövrü başlayır. Onun dövrübdə Hindistanın
ən iri 14 bankı milliləşdirilir, kənd təsərrüfatında
keçirilən islahatlar uzun illərdən sonra ölkəni
ərzaq idxalçısından ixracatçısına
çevirir, ilk Atom Elektrik Stansiyası inşa olunur.
Onun milliləşdirmə
siyasəti Hindistan milli konqresindəki varlı təbəqənin
narazılığı ilə qarşılanır.
İndiranı partiyadan xaric etmək üçün təşəbbüs
göstərilsə də, Qandi partiyadaxili qarşıdurmadan
qalib ayrılır və Milli konqresin parçalanmasından
sonra Müstəqil Konqres Partiyasını yaradır.
1971-ci ildə
SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı təhrik
etməsi və eyni zamanda birbaşa hərbi yardım göstərmələri
ilə bu iki ölkə arasında müharibə
başlayır. Bu müharibədən Hindistan qalib
çıxır.
Qələbə
İndira Qandinin reytinqini zirvəyə qaldırır. Lakin
müharibənin iqtisadi fəsadlarının
yaratdığı böhran, təbii artımın inzibati
qanunlarla ləngidilməsinə çalışılması
və müxalifət partiyalarına qarşı təzyiqlər
onun populyarlığının azalmasına səbəb olur.
1977-ci ildə
keçirilən parlament seçkiləri zamanı İndira
Qandi məğlub olur. Bundan sonra iki dəfə korrupsiya
ittihamı ilə həbsə salınır.
Buna
baxmayaraq, İndira Qandi yenidən siyasi arenaya dönür və
1978-ci ildə parlament üzvü, 1980-ci il seçkilərində
isə qalib gələrək yenidən baş nazir olur. Lakin
onun qələbə sevinci çox çəkmir.
Qandi kütlə
qarşısında...
Özünün
baş nazir postunda varisi gördüyü, Hindistan Milli
Konqresinin baş katibi olan oğlu Sancay Qandi 1980-ci il iyunun 23-də
şəxsi təyyarəsində qəzaya düşür və
həyatını itirir.
1980-ci ildə
Hindistanın Pəncab vilayətində kompakt yaşayan sinkhlərlə
yerli hindlilər arasında etnik zəmində gərginlik
yaranır.
1981-də
özlərini müstəqil icma elan edən sinkhlər
müqəddəs Sarmandir-Sahib məbədini ələ
keçirirlər. Qandinin göstərişi ilə məbədin
azad olunması əməliyyatı başlayır. Nəticədə
500-dən artıq sinkh öldürülür və məbədə
ciddi zərər dəyir. Sinqh lideri Jarnail Sinqh məhv edilir.
Bu əməliyyatlar
zamanı İndira Qandiyə nifrət edənlər
arasında onun iki mühafizəçisi - əslən Pəncabdan
olan Satvant Sinqh və Beant Sinqh də vardı...
Onda sinkhlər
qisas alacaqları ilə bağlı bəyanat yayırlar.
Yaxınları İndira Qandiyə əslən Pəncabdan
olan mühafizəçilərini qovmağı məsləhət
görürlər, lakin o, bunu ciddiyə almır.
1984-cü
il oktyabrın 31-də britaniyalı aktyor və
yazıçı Piter Ustinovla planlaşdırılan
müsahibə zaman İndira Qandini öz mühafizəçiləri
güllələyirlər. Milliyətcə sinkh olan mühafizəçilər
Beant Sinqh və Satvant Sinqh xanım baş nazirə çoxlu
atəş açırlar. Yaxınlıqdakı digər
mühafizəçilər qəsdçiləri
öldürsələr də, 33 güllə yarası alan
Qandinin həyatını xilas etmək mümkün olmur.
Onun nəşini
Camna çayı sahilində yandırırlar. Dəfn
tonqalını onun oğlu Raciv Qandi alovlandırır. Qədim
adətə görə Qandinin külünü çaya
buraxırlar. Mərasimdə bir neçə milyon insan
iştirak edir.
Bunun hadisənin ardınca Pəncab əyalətinə
hücum edən hindlilər minlərlə yerli sakini qətlə
yetirdilər, sinkhlərin məbədlərini isə
yandırdılar.
Ondira
Qandi və oğlanları...
İndira
Qandinin ölümüdən sonra baş nazir postuna onun
oğlu Raciv Qandi seçildi. Amma o da anasının taleyini
yaşadı. 5 il baş nazir olan Raciv Qandi 1991-ci ildə
seçkiqabağı mitinqlərin birində “Tamilin
Azadlıq Pələngləri” adlı terorçu təşkilat
tərəfindən öldürüldü.
İndira
Qandinin baş nazir olduğu dövrlərdə Hindistanla
SSRİ arasında əlaqələr güclənmiş,
dostluq münasibətləri möhkəmlənmişdi.
Baş
nazir olduğu müddətdə İndira Qandi dəfələrlə
SSRİ-yə səfər etmişdi. 1970-ci illərin əvvəlində
Moskvaya növbəti səfərlərinin birində İndira
Qandi SSRİ-nin o vaxtkı rəhbəri Leonid Berejnevə Azərbaycana
da getmək istədiyini bildirəndə Sov.İKP MK-nın
Baş katibi təəccüblənir.
Məlum
olur ki, İndira Qandini Azərbaycana aparan səbəb
Bakıdakı “Atəşgah” məbədini ziyarət etmək
istəyidir. O, hələ 1950-ci ildə də atası ilə
SSRİ-yə səfər edəndə Cəvahirləl Nehru
onu Bakıya – “Atəşgah” məbədinə
aprıbmış.
SSRİ rəhbərliyi
dərhal göstəriş verir ki, “Atəşgah”ı ziyarət
etmək arzusunda olan Hindistan baş nazirinin istəyi təmin
olunsun.
Və beləliklə
də İndira Qandinin Azərbaycandakı tarixi məkana ziyarəti
təşkil olunur.
Xanım
baş nazir SSRİ-də...
Amma həmin
vaxt bir problem ortaya çıxır: sən demə,
Bakının Suraxanı rayonu ərazisində yerləşən
bu məbəd o zaman baxımsız vəziyyətdəymiş.
Hətta tarixi məkan kimi fəaliyyət göstərməyən
məbədin günbəzindəki atəş də
söndürülübmüş.
Qeyd edək
ki, "Atəşgah" Bakının 30 kilometrliyində,
Abşeron yarımadasının Suraxanı qəsəbəsinin
cənub-şərq hissəsində yerləşir. Hələ
lap qədim dövrlərdə həmin ərazidə atəşpərəstlərin
ziyarətgahı olub. Ora VII əsrdən etibarən hind dini
ziyarətgahı kimi də zəvvarların inanc yeri imiş.
Hindistanlılar
vaxtilə dünyanın ən müxtəlif ölkələrindən
bu ocağa ziyarətə gəlirmişlər. Bu ənənə
ərəb istilasına qədər davam edib. Ərəblərin
Azərbaycanı istilasından, əhalinin İslamı qəbul
etməsindən sonra atəşpərəstlərin - zərdüştlərin
ibadətgahı unudulub. Zərdüşt dinindən dönmək
istəməyənlər isə təqib edildiyindən ölkəni
tərk etdiblər. Nəticədə ibadətgah
baxımsızlıqdan uçub-dağılıb.
XVII əsrdə
Şərqlə Qərb arasında ticarət, mədəni və
diplomatik əlaqələr Böyük İpək Yolu boyunca
genişlənmiş və ölkəmizin ərazisindən gəlib
keçən hindlilərin sayı çoxalmışdı.
Elə
onların təşəbbüsü ilə 1713-cü ildə
Suraxanıdakı qədim məbədin xarabalıqları
üzərində atəşpərəstlərin ziyarətgahı
yenidən qurulub.
Suraxanıdakı
"Atəşgah" məbədi...
"Atəşgah"
təbii qazın çıxdığı əbədi
sönməz alovların yerində inşa edilmiş bir od məbədidir.
“Atəşgah”ı bu abidəni sifariş vermis hindlilərin
planı üzrə yerli ustalar tikiblər. Mərkəzi məbəd-səcdəgahı
isə 1810-cu ildə hindli tacir Kançanaqaranın vəsaiti
ilə inşa edilib.
"Atəşgah"
məbədin özündən, hind guşənişinlərinin
hücrələrindən və zəvvarlar üçün
otaqlardan ibarət idi. Ümumiyyətlə, abidə
memarlıq üslubuna görə hələ Midiya
dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının
tikinti ənənələrini əks etdirir. Lakin həm də
özündə bəzi hind məbədlərinin əlamətlərini
saxlayıb.
SSRİ-
qurulanda - “Oktyabr inqilabı”ndan sonra “Atəşgah” məbədini
kerosin zavoduna çeviriblər. Gümbəzindəki od isə
söndürülüb.
Amma buna
baxmayaraq, “Atəşgah” bir tarixi abidə kimi hindlilərin
yadından çıxmamışdı.
Sonralar elə
hindistanlıların təşəbbüsü ilə məbəd
yenidən ziyarət yerinə çevrilib, alovu
yandırılıb.
Hətta
1950-ci illərin sonlarında Cəvahirləl Nehru qızı
İndira Qandi ilə birlikdə SSRİ-yə gələndə
bu məbədi ziyarət etmişdi.
İndi -
20 il sonra İndira Qandi “Atəşgah”ı yenidən ziyarət
etmək istəyirdi.
"İndira
Qandi xalçası"...
O zaman Azərbaycana
Heydər Əliyev rəhbərlik edirdi. Moskvadan Heydər
Əliyevə zəng edilir və ona İndira Qandinin Bakıya
gələcəyi - müqəddəs
yeri ziyarət etmək arzusunda olduğu bildirilir. Dərhal məbədin
fəaliyyəti bərpa edilir, ora gedən yol asfaltlanır,
tikili təmir edilir, ən əsası isə “Atəşgah”da
alov yenidən yandırılır.
İndira
Qandi Moskvadan Bakıya gələrək, Suraxanıya gedir və
“Atəşgah” ziyarətini gerçəkləşdirir.
Məlumatlara
görə, Azərbaycana qısamüddətlik səfərindən
çox razı qalan İndira Qandi Bakıda gördüyü
qonaqpərvərlik barədə SSRİ rəhbəri Leonid
İliç Brejnevə də bəhs edir.
Sonralar Azərbaycanda
İndira Qandinin bu səfərinin şərəfinə onun
şəkli əks olunmuş xalça da toxunur.
Qeyd edək
ki, İndira Qandi “Atəşgah” məbədini ziyarət
etmiş yeganə ünlü sima deyil. Vaxtilə fransız
yazıçı Aleksandr Düma, rusiyalı kimyagər Dmitri
Mendeleyev və bir çox başqaları “Atəşgah”ı
ziyarət ediblər.
Məşhur
hind aktyoru, sovetlər dövründə azərbaycanlı
tamaşaçıların sevimlisi olmuş Amitabx
Baççan da Bakıya gələrkən “Atəşgah”a
gedib.
Hazırda
Azərbaycanda xeyli hindistanlı yaşayır. Onlar əsasən
neft şirkətlərinin dəvəti ilə gələn
mütəxəssislər, iş adamları, bir qismi isə tələbələrdir.
Bu şəxslər də vaxtaşırı Suraxanıya
gedir və “Atəşgah”ı ziyarət edirlər.
Ə. Qafarlı
Türküstan.- 2021.- 31 avqust-6
sentyabr.- S.16.