Paxıl

 

hekayə

 

Söz vaxtına çəkər. Alça fəsliydi. Ətraf alça qoxuyurdu. Bütün günü eləcə çarpayıda uzanardım. Deyirdin dünyanın yükünü belimə yükləyiblər. Ayaqlarımdan daş asılmışdı. Gözlərim özü-özünə qapanırdı. İki ay idi nə məktəbə gedirdim, nə məşqə. Heç kəslə danışmaq belə istəmirdim. Eləcə gecə-gündüz usanmadan yatırdım.

Atam anama gözünü ağardıb: "Bundan mənə oğul olacaq?" - deyirdi.

Anam yumşaq gülüşü ilə atamın hirsini sığalladıqdan sonra üstümü özünün toxuduğu yun örtüklə örtə-örtə: "Bir-iki ilə dünyanın sərt üzünü görəcək. Qoy xətri nə qədər istəyir atası evində yatsın da!" - deyirdi.

Atam dünyanın sərt adını eşidən kimi yumşalırdı. Üzümdən öpüb dinməz-söyləməz şirin baxışları ilə üzümə baxırdı. Onun bu sevgi dolu baxışlarından ağzımda, nədənsə, turş alça tamı yaranardı.

Həmin o turş günlərin biri atam həmişəki kimi nahar vaxtı evə gəldi. Alça vaxtı günəşin istisiturş olur deyə, adam tez acır axı. Kəllə qapının ağzındakı əlüzyuyanda bir xeyli yuyunduqdan sonra atam anamdan əlüz dəsmalı istədi. Və elə ordanca üzünü mənə tutub sözləri yaş-yaş: "Səninlə bir sinifdə oxuyan Firudin dənizdə boğulub ölüb!" - dedi.

Ağzımdakı alça tamı qəfil şirinləşdi. Atamın "Firudin bu gün dənizdə boğulub ölüb" sözləri dəfələrlə qulağımda təkrarlandı. Və mən o alça fəslində qəfil anladım ki, Firudinin ölümünə əməlli-başlı sevinirəm. Və bundan utanmıram. Özümdən belə gizlətdiyim qisas planım isə qiyamətə qaldı. Firudin daha yoxdur.

İki ay idi evdən həmin bu Firudini görməyim deyə çıxmırdım. O məni həyətdə, qızların gözü qarşısında döymüşdü. Döyülməyim bir yana dursun, qorxduğum üçün hələ ondan üzr belə istəmişdim. O, hündür, sağlam oğlan idi. Sinif qızları ancaq onu sevirdi. Mən tərəfə baxan belə yoxdu. Hətta məktəbin gənc müəllimələri belə, ona sevgi məktubları yazardılar. Atası ona maşın alıb bağışlamışdı. Məktəbə maşınla gəlirdi. Varlı ailədəndi. Həmişə cibində pulu olardı. Sinif qızlarını restoranlara aparıb qonaq edər, onlara yeni filmlərin ilk göstərisinə biletlər tapardı. Yuxarı sinfin qızları ilə məktəb zirzəmisində min bir oyundan çıxardı. Bir iki dəfə özüm onun qaravulunu çəkmişdim. Hərəyə bir ad qoyardı. Atam taksi sürücüsü olduğu üçün mənə "bir manat" deyərdi. Tatar Marata "Mumu", Əjdərin oğlu Murada yekəqulaq olduğu üçün "Çeburaşka" deyərdi. Onunla üç dəfə dalaşmışdım. Zalım balası deyirdin fildir. Allah ondan heç nəyini əsirgəməmişdi. Gücü də vardı, bəxti də, gözəlliyi də, ağlı da. Hər dəfə də məni qanıma-qəltən eləyib göndərirdi anamın üstünə. Məktəbin damına çıxıb bir neçə dəfə yuxarıdan başına daş da atmışdım. Hamısı da yan keçmişdi. Bir dəfə onu bıçaqlamaq istəmişdim. Tərslikdən bıçaq kəmərinə ilişmişdi. Allah həmişə onun tərəfindəydi. Görünür, bu günə qədər. Sonuncu dəfə Füruzəyə görə dalaşdıq. Hamının gözü qabağında məni döydü. Axşam isə mənə öz şərfimlə ayaqqabılarını sildirdi. O gündən evdən çölə çıxmırdım. Üstümə ağırlıq çökmüşdü. Hamıdan, ən çox da özümdən utanırdım. Axı Firudin nəyə görə məndən üstün idi? Axı niyə görə o? Mən yox.

Atamın "Firudin ölüb" xəbərindən göz görəsi dirçəlmişdim. Bu dəyişiklik onun da gözündən qaçmamışdı. Mənim bu qəfil dirçəlişimə sərt baxışları ilə bir xeyli baxdıqdan sonra atam: "Sən niyə belə sevinirsən?" - soruşmuşdu.

İçimdəki sevinci gizlədə bilməyib, bərkdən gülə-gülə: "Onunla aram yox idi. Elə yaxşı olub ki, ölüb!" - dedim.

Atam ağzındakı tikəni udduqdan sonra ayağa qalxdı. Dayandığı hündürlükdən kirimişcə sevinc dolaşan gözlərimin içinə baxdı. Bir xeyli susduqdan sonra qəfil üzümə sərt bir sillə vurub iyrənirmiş kimi yerə tüpürdü və zarıya-zarıya: "Mənim belə oğlum ola bilməz!" - qışqırdı.

Heç nə olmayıbmış kimi ayağa qalxıb alça rəngində olan təzə pencəyimi əynimə geyindim. Həyət qapısından çölə çıxanda əməlli-başlı sarsıldım. Firudini bütün Bakı öz oğlu kimi sevə-sevə köhnə qəbiristanlığa doğru aparırdı. İlk dəfəydi onun xurmayı saçı çiyinlərinə tökülmüş anasını görürdüm. Gözəl qadın imiş. Ağlamaq da ona çox yaraşırdı. Atasının da "cinc nəsildən" olduğu görən kimi bəlli olurdu. Firudinin ölümü belə, mənim sağ qalmağımdan dəbli idi. Cansız bədəninin önündə aparılan şəkli belə, məndən yaraşıqlı idi. Görəsən, mən dənizdə batsaydım kimlər şəklimin arxasınca gələcəkdi. Məni kim basdıracaqdı? - deyə düşündüm. Atamın əlikirli sürücü dostları? Beş-on nəfər qohumum? Görəsən, mən ölsəm bu qədər adam toplanacaqdımı? Ay toplandı ha. Çolaq ayı, çəp keçi. Mənim kimim var ki. Füruzə də burdaydı. Firudinlə son dəfə ona görə dalaşmışdım. O da hönkür-hönkür ağlayırdı. Eybi yox. Qoy nə qədər xətri istəyir ağlasın. Firudin daha yoxdur. Mən isə burdayam. Sağam. Varam. Sabah da olacam. Bu gün olmasa da, sabah mütləq Füruzə onu yox, məni seçəcək. Torpağın üzü soyuqdur. Ölüm insanı unutdurur. Axır ki, bu savaşı mən qazandım. Hə, necədir Firudin? Nəhayət ki, səndən üstün ola bildim. Sən yoxsan, mən isə varam...

Sinfimizin qızları səf tutub Firudinin arxasınca qəbiristanlığa doğru gedirdilər. Onlar da Firudinin anası kimi saçlarını açıb çiyinlərinə tökmüşdülər. Diz döyüb ağlayırdılar. Oğlanların üzündə qəribə ağrı, mənə tanış olmayan qəribə bir hüzn vardı. Ən yaxın dostum Kamran uzaqdan məni görsə də yaxına gəlmirdi. O da ağlayırdı. Birdən-birə hiss etdim ki, istəməsəm belə, mən də kövrəlirəm. Gözüm yaşarır. Sonra düşündüm ki, Firudin yaşamaq üçün məndən daha yaxşı, daha ağıllı və daha gözəl idi axı. Onun bu dünyada yaşaması ətrafı üçün daha maraqlı ola bilərdi. Bəs, görəsən, nədən o yoxdur? Və nədən mən onun yerində olmaq istəyirəm? Bu istək məndə hardan yaranıb? Mən niyə belə düşünürəm? Axı Firudin sağlığında mənə pislik eləməmişdi. Həmişə mən onun yerində olmaq istəmişdim deyə, sözümüz çəp gəlmişdi. Pulum olmayanda Firudin cibimə pul qoymuşdu, yeməyim olmayanda mənə yemək almışdı. Axı nəyə görə mən həmişə onun kimi olmaq və nəhayət "O" olmaq istəmişdim. Axı o, özündən başqa heç kəs olmaq istəməmişdi. Mən isə həmişə onun yatdığı qadınlarla yatmaq, onun sürdüyü maşınları sürmək, onun həyatını onun kimi yaşamaq istəyirdim. Onun uğurunu, gözəlliyini və ağlını əlindən almaq istəyirdim. Axı o mənə neynəmişdi ki, hər dəfə onunla dalaşmaq, onun gözlərini vurub çıxarmaq istəyirdim? O zaman hələ ağzımda alça tamı ola-ola bu hirs mənim içimdə hardan əmələ gəlmişdi?

Söz vaxtına çəkər. Firudunin dənizdə boğulduğu həmin o alça fəslindən sonra daha ağzım dad bilmir. Turş ilə şirini bir-birindən ayıra bilmirəm. Ağzımın tamı da Firudinlə birgə dənizdə batdı nədi? Deyilənə görə, hər gedən səndən nəsə aparır axı. Görəsən, nəyə görə həmin o alça fəslində mən yox Firudin batdı? Bəlkə elə dənizdə batmaq ağız tamını itirməkdən daha yaxşıdır.

 

Orxan Fikrətoğlu

 

Türküstan.- 2021.- 7-13 sentyabr.- S.14.