Pakistandan medal alan azərbaycanlı

 

Məhəmməd Kəngərlinin 15-ci anım gününə ithaf

 

Azərbaycan mühacirətinin son lideri olan Məhəmməd Kəngərli 1914-cü il avqust ayının 10-da Qarabağda doğulub. Atasının adı Mircəfər, anasının adı Qızxanımdır. Ailədə 9 övlad olublar.

 

Tədqiqatçı Hafiz Sadıqa görə, Məhəmməd bəy Tərtər rayonunda kəndli ailəsində doğulub, orta təhsilini də orada alıb. Vəfatı ilə bağlı “Azərbaycan” jurnalındakı yazıya görə, yaxınları Qarabağ üsyanlarında iştirak etdiyi üçün bir neçə məktəb dəyişdirməli olub. II Dünya müharibəsi əsirləri ilə bağlı Arolsen arxivlərindəki sənədlərdə adı Mirmamed (belə görünür ki, əsli Mirməhəmməd), soyadı Quliyev, doğum yeri isə Şuşa olaraq qeyd olunub. Bu sənədlər bilvasitə onun iştirakı ilə doldurulduğu üçün Şuşada doğulduğuna qərar verməliyik. Yenə həmin sənədlərdə yeni soyadı kimi Kəngərli, dini mənsubiyyəti məhəmmədi (yəni İslam), milliyyəti türk göstərilib.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra gizli şəkildə fəaliyyət göstərən Müsavat firqəsinin çətiri altında çalışan “Gənc Azər” təşkilatına Məhəmməd bəy 1928-ci ildə qatılıb. İlk siyasi fəaliyyəti Ağdərə, Tərtər, Bərdə, Ağdamda rus işğalına qarşı Müsavat firqəsinin qrupları arasında əlaqələndiricilik olub. “Gənc Azər”ə dayısı Hüseyn bəy tərəfindən cəlb edilib. Hüseyn bəy 1931-ci ildə güllələnib. Atası isə Sibirə sürgün edilib. İllər sonra Kəngərli Almaniyada səfirlikdə çalışarkən ailəsindən xəbər ala bilib, yaşlı atasının sağ olduğunu eşidib. Atası 104 yaşında vəfat edib. Mülayimləşmə dönəmində Azərbaycandakı qohumları Türkiyəyə gələ bilib.

M.Kəngərli 1933-cü ildə (Hafiz Sadıqa görə 1936) Bakıda Tibb fakultəsinin rus bölməsinə daxil olub, daha sonra qeydiyyatını ləğv etdirərək o zamankı adı ilə Leninqrad şəhərinə yollanıb, 1938-1939-cu illərdə Leninqrad Hərbi Tibb Akademiyasından məzun olub. Amma Türkiyə arxivindəki sənədlərdə 15.07.1938-ci ildə Azərbaycan Bakı Tibb İnstitutunu bitirməsi qeyd edilib. Həmçinin ingilis dilində bildiyi yazılıb.

Təhsilini bitirdikdən sonra Kəngərli Sovet ordusuna yüzbaşı rütbəsi ilə hərbi həkim kimi daxil olub, 1939-cu ilin noyabr ayında başlayan SSRİ-Finlandiya müharibəsinə görə cəbhəyə göndərilib. 1940-cı ilin fevralın 19-da Kotka şəhəri ətrafında finlərə əsir düşüb. Həmin ilin mart ayında qarşılıqlı şəkildə əsirlərin dəyişdirilməsi nəticəsində SSRİ-yə təhvil verilib. Məhəmməd bəy sorğu-sual edilib, nəzarət altında saxlanılıb.

SSRİ-nin Baltik ölkələrinə qarşı başlatdığı səfər zamanı Kəngərli 1940-cı ilin avqust ayının ilk həftəsində Tartu şəhərinə, ardınca Viljandiyə, Purnuya, sentyabr ayında isə Latviyanın Siqulda qəsəbəsinə göndərilib. Daha sonra Belorusiyanın Qomel şəhərinə göndərilib, lakin burada yerli xalqla təmasda olduğu üçün bölgədən uzaqlaşdırılıb.

1941-ci ildə Almaniya-SSRİ müharibəsi başladıqdan sonra Kəngərli avqust ayında İrana, daha sonra Krım cəbhəsinə göndərilib. 1942-ci ilin fevral ayında Feodosya yaxınlığındakı bir kənddə Stalinin Krıma fövqəladə səlahiyyətlə göndərdiyi şəxsin 15 krımlı mücahidi hər kəsin gözü önündə qətlə yetirməsi Məhəmməd bəyə ağır təsir edib, onda qarşı tərəfə keçmək arzusu yaranıb. Məhz bu zaman şiddətli alman hücumu nəticəsində Məhəmməd bəy Krımda almanlara əsir düşüb.

 

Rəsulzadənin himayəsində

 

1942-ci ilin iyununda Kəngərli Berlin yaxınlığındakı Vustrauya aparılıb, burada müalicə olunub. Həmin dövrdə Almaniyada olan Məhəmmədəmin Rəsulzadə onu çətinliklə xilas edib. O, 6-9 noyabr 1943-cü ildə Əbdürrəhman Fətəlibəylinin liderliyində baş tutan Milli Azərbaycan Qurultayında müşahidəçi qismində iştirak edib. Müharibə illərində Kəngərli Ukrayna şəhərlərində almanlar tərəfindən qurulan səhra xəstəxanalarında çalışıb, daha sonra Rumıniyanın Konstansa şəhərinə göndərilib. Bu illərdə Rəsulzadə də artıq almanların təkliflərini qəbul etmədiyi üçün Rumıniyaya geri qayıtmışdı. Buna görə də Kəngərli burada olduğu müddətdə Türkiyənin Rumıniya səfiri Həmdullah Sübhi Tanrıövərin iqamətgahında tez-tez Məhəmmədəmin bəyi ziyarət edib.

1944-cü ildə Rumınıya kralının əleyhinə başlayan üsyandan sonra Kəngərli Macarıstana gedib, Balkardi bölgəsindəki bir hava hücumunda yaralanıb. Avstriyanın Qraz kəndində müalicə aldıqdan sonra may ayının ilk həftəsində Amerika ordusunun əlinə keçib. 1945-ci ilin avqust ayında Fulda şəhərində yaşaması şərti ilə azad edilib.

 

Azərbaycan Demokrat Birliyi

 

Müharibə dövründə Almaniyada yaşayan Kəngərli sülhdən sonra müsəlman və türk əsirlərin xilası ilə bağlı fəaliyyət göstərib.

O, Rəsulzadənin götərişi ilə 1946-cı ildə yaradılan Azərbaycan Demokrat Birliyinin rəhbəri olub. Təşkilatda Yusif Qəhrəman (başqan vəkili), Vahid Xasməmmədli (katib), Heydər Atak (mühasib), Dr.Fəyyaz Qasımoğlu (üzv), Dr.Əhməd Yaşat (üzv), Dr.İbrahim Badal (üzv) kimi şəxslər yer alıblar. ADB-nin qurulmasında bir məqsəd də Müsavat partiyasının Almaniyada açıq fəaliyyət göstərə bilməməsidir. Kəngərli öz əl yazısı ilə “Azərbaycan mücahidlərinə çağırış” adlı bildiriş dərc edərək hərəkətə keçib. Bildirişdə yazılıb:

“Əziz mücahidlər! Altı ildir davam edən ikinci cahan hərbi artıq sona yetdi: hərb almanların məğlubiyyəti, qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim mücadiləmiz isə davam edəcək, çünki müqəddəs vətənimizi işğal altında tutan sovet kommunist rejimi müttəfiqlərin yanında yer almaq imkanına sahib oldu.

 

Ardı gələn sayımızda

 

Dilqəm Əhməd

 

Türküstan.- 2021.- 7-13 sentyabr.- S.16.