Sonuncu dərs
Həmin səhər dərsə gecikdiyim
üçün danlanacağımdan qorxurdum, üstəlik
müsyö Amel bizə feili-sifəti öyrənməyi
tapşırmışdı, mənsə heç nə
bilmirdim. Birdən ağlıma gəldi ki, dərsi
buraxım, gedim dağda-dərədə veyillənim.
Hava da elə isti, elə gözəliydi ki...
Meşənin kənarından qaratoyuq nəğməsinin,
taxta sexinin arxasındakı Rippersk çəmənliyindən
isə təlim keçən almanların səsləri gəlirdi. Bu məni
feili-sifətdən daha çox cəlb edirdi, amma şeytana
uymayıb dərsə tələsdim.
Bələdiyyə binasının yanından keçəndə
elanlar lövhəsinin qarşısında toplaşan
camaatı gördüm. Son iki ildə müharibədəki məğlubiyyətlər,
rekvizisiya, komendantın əmrləri kimi xoşagəlməz
xəbərləri biz oradan alırdıq.
Addımlarımı yavaşıtmadan düşündüm:
"Görəsən, yenə nə baş verib?"
Şagirdi
ilə birlikdə elanı oxuyan dəmirçi Vaxter məni
görüb hayladı: "Ey balaca, məktəbə tələsirsən?
Çatacaqsan, çatacaqsan narahat olma."
Deyəsən, o mənimlə məzələnirdi. Töyşüyə-töyşüyə
müsyö Amelin evinin qarşısındakı baxçaya
girdim.
Adətən
dərs başlayan vaxt qopan səs-küyü küçədən
belə eşitmək olardı: partaların siyirtmələri
açılıb-örtülər, hamı daha yaxşı əzbərləmək
üçün əlləriylə qulaqlarını tutub
xorla dərsini təkrarlayar, müəllim də xətkeşini
tez-tez taqqıldadaraq, "Sakit olun, sakit olun", - deyərdi.
Bu qarğa bazarının arasından sivişib sakitcə
öz yerimə keçməyi planlaşdırırdım,
amma bu gün nədənsə səs-səmir yoxuydu, elə
bil bazar günüydü. Açıq pəncərədən
gördüm ki, yoldaşlarım yerlərinə keçiblər,
iri xətkeşini qoltuğunun altına sıxan müsyo Amel
də dala-qabağa addımlayır. Mən
bu cür sakitlikdə qapını açıb içəri
necə keçəcəkdim? Necə
qızardığımı və əsdiyimi təsəvvürünüzə
gətirin. Amma heç nə olmadı.
Müsyö Amel hirslənməmişdi, əksinə
mehribancasına mənə dedi ki, Frans, oğlum yerinə
keç, az qalmışdı dərsə
sənsiz başlayaq.
Qorxum keçdi. Özümə gələndə, müəllimin
bayramsayağı yaşıl sürtu k geyindiyini, büzməli
qalstuk taxdığını, başına qara
naxışlı, ipək papaq qoyduğunu gördüm.
O, ancaq inspektor gələndə, ya da mükafat mərasimlərində
bu qiyafədə olardı. Heyrətdən donub
qalmışdım, sinifdə nəsə başqa, qeyri-adi əhval-ruhiyyə
vardı. Məni hər şeydən
çox təəccübləndirən adətən boş
olan arxa partaların da dolu olmasıydı. Ayrılmaz
üçlük: qoca Hauzer, keçmiş bələdiyyə
sədri, keçmiş poçtalyon və kəndimizin digər
sakinləri hamı kimi dinməzcə oturmuşdular. Onların üzündən qüssə
yağırdı. Hauzerin dizlərinin
üstündə köhnə, kənarları
cırılmış əlifba kitabı, onun da üzərində
böyük eynəyi vardı.
Hələ də nə baş verdiyini anlamağa
çalışırdım ki, müsyö Amel kürsüyə
qalxıb bizə müraciət etdi. Onun səs tonu bayaq məni
qarşılayanda olduğu kimi mehriban və ciddiydi:
"Uşaqlar, bu gün mən sonuncu dəfə sizə dərs
keçəcəm. Berlindən Elzas və Lotorengiyanın məktəblərində
ancaq alman dilinin tədris edilməsi barədə əmr gəlib...
Yeni müəlliminiz sabah gələcək.
Bu gün sonuncu dərsimiz fransız dilidir.
Xahiş edirəm, mümkün qədər diqqətlə
qulaq asın."
Onun sözləri mənə toxundu. Ah, əclaflar. Deməli, bələdiyyə binasının elanlar
lövhəsində bu barədə yazılmışdı.
Sonuncu fransız dili dərsi! Mənsə hələ təzə-təzə
yazmağı öyrənirdim! Deməli, daha heç vaxt
öyrənə bilməyəcəm! Hər şey bura qədərmiş!
İtirdiyim vaxta - quş yuvaları tapmaqdan, Saarda xizək
sürməkdən ötrü buraxdığım dərslərə
görə heyfislənirdim. Elə bu gün
daşıyarkən qollarımı ağrıdan və mənə
darıxdırıcı gələn qrammatika, müqəddəslərin
tarixi kitabları indi gözümə köhnə
dostlarımmış kimi görünürdülər,
onlardan ayrılacağım üçün kədərlənirdim.
Bəs,
Müsyö Amel?! Onu bir daha görməyəcəyimi
düşünəndə, verdiyi cəzaları və xətkeş
zərbələrini unudurdum. Yazıq! O, bugünki dərsin
şərəfinə bayramsayağı geyinmişdi. İndi kəndimizin qocalarının bura niyə gəldiyi
aydın oldu. Sanki bununla onlar məktəbə
tez-tez baş çəkmədiklərinə görə
üzr istəyirdilər, onlar müəllimə 40 illik sədaqətli
xidmətinə görə təşəkkür edirdilər
və məğlub vətənə öz borclarını
qaytarırdılar.
Öz adımı eşidib düşüncələrdən
ayıldım.
Dərsə cavab vermək növbəsi mənə
çatmışdı. Bu bədnam feili-sifətin
qaydalarını hündürdən, aydın və səlis
şəkildə cavablandırmaq üçün indi nələrdən
keçməzdim! Amma ağzımı açan
kimi dilim topuq vurdu, partanın arxasında pərt vəziyyətdə,
başımı yuxarı qaldırmağa cəsarət etmədən
dayandım. Müsyö Amel üzünü mənə
tutdu:
-
Oğlum, Frans, səni danlamayacam, sən yəqin, yetərincə
vicdan əzabı çəkəcəksən... Həə, vəziyyət belədi. Sən
günaşırı düşünürsən ki, tələsməyə
nə ehtiyac var, sabah öyrənərəm
də. Axırda da nə olur? Özün görürsən. Bizim
Elzasımız dərsi hər gün təxirə
salırdı, bütün bədbəxtliklərimizə də
səbəb budur. İndi onlar "öz doğma dilinizdə
oxumağı, yazmağı bacarmırsınız, siz necə
fransızsınız?", - deyəndə haqlı deyillərmi?
Frans, oğlum, buna görə başqaları
yox, məhz sən günahkarsan. Özümüzü
məzəmmət etmək üçün kifayət qədər
səbəb var. Valideynləriniz təhsil almağınıza
o qədər də ciddi yanaşmadılar. Əlavə bir-iki manat qazanmaq üçün
tarlada və toxuma dəzgahlarında işləməyinizi
üstün tutdular. Özüm də
günahkaram. Dərs demək əvəzinə, sizə
tez-tez baxçamı sulamağı tapşırmırdım
bəyəm, kefimə balıq tutmaq düşəndə də
heç bir vicdan əzabı çəkmədən sizi evə
buraxmırdım?..
Cümlədən cümləyə keçən
müsyö Amel bizə fransız dilindən, onun
dünyanın ən gözəl, ən aydın, ən
sağlam dili olmasından danışırdı. Deyirdi ki, biz onu daim
mühafizə etməli, heç vaxt unutmamalıyıq,
çünki bir xalq qul olmağa məhkum ola
bilər, ancaq öz dilini qoruyarsa, zindanın
açarlarını öz əllərində saxlayar. Sonra müsyö Amel qrammatika kitabını
götürüb növbəti dərsini keçməyə
başladı. Məhz indi dərsi bu qədər
asan başa düşdüyümə görə təəccüblənirdim.
Müəllimin danışdıqlarının
hamısı çox, həddindən çox asan idi. Ola bilsin, dərsə heç vaxt indiki kimi diqqətlə
qulaq asmamışdım, bəlkə də müəllim
heç vaxt onu belə səbrlə izah etməmişdi.
Yazıq qoca sanki getməmişdən əvvəl
bildiklərinin hamısını bizim beynimizə yeritmək
istəyirdi.
Qrammatika dərsindən sonra hüsn-xəttə
keçdik.
Müsyö Amel bu gün bizim üçün yeni, iri,
gözəl yazı nümunələri
hazırlamışdı: "Fransa, Elzas, Fransa, Elzas". Nümunələri partaların dəmir
çubuqlarına keçirdiyimizdən sinif otağında
bayraq kimi dalğalanırdılar. Başımız
yazı yazmağa qarışmışdı, kağıza
sürtülən peroların cızıltısını
saymasaq ətrafda tam sükut hökm sürürdü.
İçəriyə qəfil dürtülən may böcəklərini
də eyninə alan yoxuydu, uşaqlar elə
cidd-cəhdlə səy göstərirdilər, sanki bu, elə
fransız diliydi. Məktəbin damındakı göyərçinlər
astaca quruldayırdılar, mən öz-özümə
düşündüm: "Bəlkə onları da almanca
oxumağa vadar edəcəklər?"
Hərdənbir gözümü vərəqdən
ayırıb sakitcə kürsüdə əyləşən
müsyö Amelə baxırdım. O, gözlərini ətrafdakılara
elə dikmişdi, sanki bu kiçik məktəbi
baxışlarına hopdurub özüylə birgə aparmaq
fikrindəydi. Özünüz
düşünün - ömrünün 40 ilini o burada
keçirib, onun qarşısında həmişə eyni
baxça, eyni sinif otağı olub. Yalnız
partalar sürtülməkdən cilalanıb, həyətdəki
şabalıd ağacları böyüyüb,
özünün əkdiyi mayaotu indi pəncərədən
dama qədər sarmaşıb. Kim bilir,
indi onlardan ayrılmaq və yuxarı mərtəbədə
sandıqları hazırlayan bacısının
yır-yığışını eşitmək onun
üçün nə qədər ağırdır.
Axı onlar sabah gedirlər, buraları birdəfəlik
tərk edirlər.
Ancaq o, dərsi sona çatdırmaq üçün
özündə güc tapdı.
Hüsn-xəttdən
sonra tarix dərsi idi; sonra körpələr bir
ağızdan, aramla "ba, be, bi, bo,
bu" deməyə başladılar. Gözündə
eynək, əlində əlifba kitabı tutub arxa skamyada oturan
qoca Hauzer də hərfləri təkrarlayırdı. O
uğurlu olmaq üçün bacardığı qədər
səy göstərirdi: həyəcandan səsi titrəyirdi,
onun məzəli görkəmi vardı, bizim hamımız
gülmək və ağlamaq istəyirdik. Ehhh! Mən o dərsi
heç vaxt unuda bilmərəm...
Birdən
kilsənin günorta zəngi çalındı, sonra da ibadətə
səsləniş... Eyni anda pəncərələrin
altında təlimdən qayıdan prussiyalıların
şeypurlarının sədaları eşidildi. Bənizi ağappaq, kürsüdən dikələn
müsyö Amel mənim gözümə heç vaxt indiki
kimi böyük görsənməmişdi.
-
Yoldaşlar, - o dedi, - yoldaşlar, mən... mən...
Qəhər
onu boğdu, sözünü axıra qədər deyə bilmədi,
lövhəyə tərəf çevrilib əlinə təbaşir
götürdü və var-qüvvəsiylə, iri hərflərlə
yazdı: "Yaşasın Fransa!"
Sonra yerindəcə donub qaldı, başını divara
dayayaraq ağzını açmadan əliylə bizə
işarə elədi. Yəni: "Bu qədər... Gedə bilərsiniz..."
Alfons Dode
Tərcümə etdi: Cavid Ramazanov
Ədəbiyyat qəzeti.- 2021.-
14-20 sentyabr.- S.15.