Sərgi salonunun ən kədərli “eksponatı”

 

Esse

 

Aradan illər keçib, amma mən hələ də o tənha musiqiçini və onun bənzərsiz ifasını unuda bilmirəm. O mənim həyatda eşitdiyim ən gözəl melodiya idi. Bəzən həmin o musiqini büsbütün unutmamaq üçün xatırlamamağa çalışıram, qorxuram ki, xatırlaya bilməməyim birdəfəlik unutdurar o bənzərsiz ifanı. Mən isə o musiqinin ladlarını, notlarını tam xatırlaya bilməsəm də, unudulmaz bir təəssürat, yaxud bənzərsiz bir hiss kimi yaşatmaq istəyirəm...

İllər öncə qəzetçi rəfiqəmlə beynəlxalq bir sərgiyə dəvət almışdıq, italyan şirkətlərinin təşkil etdiyi və müxtəlif sahələri əhatə edən sərgi nəhəng bir salonda keçirilirdi. Adamlar qarışqa kimi qaynaşırdı, bərbəzəkli mebellər, göz oxşayan aksesuarlar, möhtəşəm texniki cihazlar tamaşaçılara adrenalin kimi təsir etmişdi. Onlar yüksək ovqat içində ora-bura qaçır, heyranlıqla avadanlıqları seyr edir, hisləri onları üstələyəndə isə bir-birinin qolundan tutub dartır, buya digər məişət əşyasını göstərir, heyrətlərini gizləyə bilmirdilər. Əslində bütün bunlara laqeyd qalmaq da mümkün deyildi. Həm keyfiyyəti, həm də estetikası ilə mükəmməl olan italyan məmulatları hələ uzaqdan diqqəti cəlb edirdi.

Nəhəng salon balaca guşələrə ayırılmışdı, italyan şirkətlərinin hər biri bir guşədə qərar tutmuşdu. Qəzetçi rəfiqəm reportaj hazırlamaq üçün onu maraqlandıran guşəyə ayrılmışdı. Mən isə arakəsmələr boyu gəzir, hər birinin qarşısında ayaq saxlayır, bir az tamaşa edirötüb-keçirdim. Və bəzən də diqqətimi sərgilənən məmulatlardan çox qarışqa kimi qaynaşan adamlar, onların mimikaları, jestləri cəlb edirdi.

Bəlkə də o italyan musiqiçionun eşitdiyim andan qəlbimə hopan o qeyri-adi musiqisi olmasaydı, bu insan çoxluğunda özümü balaca, yalqız bir balıq kimi hiss etməkdə davam edəcəkdim.

O, orta yaşlarında arıq bir adamdı. Uzun saçları üzünü gizləyirdi yəqin ki, bu onun ürəyincə idi. Çünki mənə elə gəlir, bu adam ömrü boyu tənhalıqdan əziyyət çəkmişdi. bu qədər gözəl musiqini ancaq dünyanın ən tənha musiqiçisi çala bilərdi.

O, öz arfası ilə bu möhtəşəm italyan sərgisinin bir "eksponatı" idi. Onun iştirakında qeyri-adi heç yox idi, sərgilərdə belə musiqiçilərə rast gəlmək olur, onlar öz ölkələri haqqında informasiyanı musiqinin diliylə çatdırırlar. Qeyri-adi olan uzun illər unuda bilməyəcəyim bu musiqi idi.

Bu təbii ki, adi musiqi deyildi. Adi musiqi bu qədər gözəl, həzin dərin ola bilərdimi? Həm sevgini, həm yalqızlığı, həm bir nəfəri, həm insanlığı, həm sadəcə məni, həm sadəcə bu tənha barmaqların sehrli kədərini ifadə edə bilərdimi?..

Yaxınlıqda dinməz-söyləməz dayanıb bu bənzərsiz musiqini dinləyən eynəkli adam da yəqin belə düşünürdü. O da ovsunlanmış kimiydi. Mənə elə gəldi ki, bu nəhəng sərgi salonunda qarışqa kimi qaynaşan adamların içində onu dinləyən sadəcə ikimiz idik mən düşündüm ki, bu musiqiçi kimi, elə mənim kimi, bu eynəkli adam da yəqin tənhalıqdan əziyyət çəkir... İtalyan musiqiçi bizim heç kimə demədiyimiz sözləri, etiraf etmədiyimiz hisləri, bölüşmədiyimiz sevgiləri çalırdı. Bu barmaqların kədərli sehri ayrı-ayrı adamlar olan bizləri birləşdirir, eyni hislərə ortaq edirdi.

Maraqlıdır ki, o, bu vaxt ərzində bir dəfə olsun gözlərini qaldırıb baxmadı, ətrafa nəzər yetirmədi, alçaqkönüllü bir dərviş ruhuyla öz ilahi musiqisini ifa etdi.. Mən bu ilahi musiqinin qarşısında heykəl kimi donub qalmışdım, bəlkə onun sıxılacağını düşünərək arada nəzərlərimi çəkir başqa səmtlərə gedirdim. Amma haraya gedirdimsə, yolum yenə o italyan musiqiçinin yanından keçirdi. Saçları hələ üzünü gözlərini gizləyirdi, başını aşağıya dikib öz sehrli arfasını dilləndirirdi.

Düşündüm ki, yəqin bu adam ömrü boyu insanlardan təcrid olaraq yaşayıb. evinə mebel alıb, dəbdəbəli restorana gedib, yəqin musiqiləri üçün heç qonorar da istəməyib. Birdən mənə elə gəldi ki, o, həmin an mənim düşündüyümü duyur xəcalət çəkir elə bil. Sonra düşündüm ki, kim bilir, bəlkə vaxtsa o, bunun arzusunda olub; evinə mebel almaq, dəbdəbəli restoranlarda nahar etmək ağlasığılmaz məbləğə musiqilərini satmaq... Elə bil o, bu düşündüklərimi duydu bir az da içinə sıxıldı...

Adamlar ona məhəl qoymadan yanından laqeydcə ötüb-keçir dəbdə olan mebellərə aksesuarlara tamaşa etməyə tələsirdilər. O, isə çalır, çalırdı. Həm bir nəfər, həm hamı üçün, həm sevgi, həm göz yaşları üçün. Həm sadəcə mənim üçün, həm sadəcə bu eynəkli adam, həm sadəcə öz qərib ruhunun sehrli kədəri üçün...

 

Günel Natiq

 

Türküstan.- 2021.- 14-20 sentyabr.- S.15.