Pakistandan medal alan azərbaycanlı

 

Məhəmməd Kəngərlinin 15-ci anım gününə ithaf

 

Azərbaycan mühacirətinin son lideri olan Məhəmməd Kəngərli 1914-cü il avqust ayının 10-da Qarabağda doğulub. Atasının adı Mircəfər, anasının adı Qızxanımdır. Ailədə 9 övlad olublar.

 

Yurddaşlar! Müqəddəs vətənimizin bolşeviklər tərəfindən istilasından 21 il sonra ələ keçən bir fürsəti işin başlanğıcında bəzi səbəblərdən zühur edən xətalara rəğmən yaxşı qarşıladınız və əldə silah əbədi düşmənə qarşı döyüşlər verdiniz. Vətən övladlarından şəhidlərimiz oldu, yerləri behişt olsun, hamısını hörmətlə yad edirik. Hərb qəhrəmanı gənclər! Siz tələsməyin, araqızışdıranların təbliğatlarına inanıb geri dönmək kimi tələsikliyi qəbul etməyin.

Vətəndaşlar, məlumunuz olsun ki, sizlər “Ostministrliklərdə” işlədiniz, legionlar qurdunuz, cəbhələrdə silahlı cəng yapdınız, qəzet və jurnal buraxdınız, xalqımız üçün şərəfli xidmətlər göstərdiniz, qəhrəmanlıqlar etdiniz, dəvətə inanmayın, çünki, hamınız onlara görə vətən xaini və hərb günahkarı sayılacaqsınız. Bunun da cəzasını hamınız bilin. Vətən həsrətinə köks gərin. Olduğunuz ölkələrdən ayrılmayın, milli təşkilatlarımız ətrafında birləşin, bundan aldığınız güclə də mücadilənizi davam etdirin. Əski nəsil bu davanı 26 ildir belə yürüdür. Ana vətən Türkiyə də sizin arxanızdadır. Hər zamankı kimi sayıq olun. Özünüzə müvəqqəti yaşayacağınız bir ölkə seçin. Biz sizin Türkiyəyə hicrət etmənizə kömək edərik, fəqət Amerikaya da gedə bilərsiniz, orası da elə lap yaxşı ictimai sistemi olan məmləkətdir. Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız ölkələrdə sizə bəxtiyar olmanızı diləyirik. Bu vəsiqə ilə qısa adı “ADB” olan “Azərbaycan Demokrat Birliyi” ətrafında birləşməyə çağırırıq”.

1947-ci ilin qışında Almaniyanın Mittenvald düşərgəsindəki 101 azərbaycanlının almanlar tərəfindən məcburi şəkildə Melrixştadtda SSRİ-yə təhvil verilməsinin qarşısını Kəngərli alıb. Amerika hərbçiləri ilə danışıqlar aparan Kəngərli onların Amerika işğal bölgəsində qalmasını təmin edib. Bu hadisə alman mətbuatında “101-lər edamdan döndü” başlığı ilə verilib.

1947-ci ildə ADB “Azərbaycan tarixindən” adlı kiçik risalə nəşr edib.

Kəngərlinin təşəbbüsü ilə 1948-ci il mayın 28-də Münhendə Azərbaycan Cümhuriyyətinin elan edilməsinin 30-cu ildönümü qeyd olunub. Müharibədən sonra baş tutan bu ilk böyük toplantı diqqət çəkib, amerikalı bir elmi heyət 5 gün Azərbaycan mövzusu ətrafında Kəngərli ilə müzakirə aparıblar.

1948-ci ildə ruslar onun Münxendəki Baader Strasse No: 74 ünvanında yerləşən iqamətgahına hücum ediblər. Sovet ordusundakı bir tatarın xəbər verməsi nəticəsində Kəngərli bir gün öncədən qaça bilsə də, təşkilatın bəzi sənədləri və möhürü rusların əlinə keçib. 1949-cu ildə Bielefeld şəhərində ingilis ordusunda bir müddət məsləhətçi olub, daha sonra müalicə üçün Münxen yaxınlığındakı Qautinq sanatoriyasına gedib. O, burada əksəriyyətinin yəhudilər olduğu 1700 yataqlı xəstəxanada “Patienten Komittee”-nin (Xəstələr komitəsi) rəhbəri olub.

ADB 1951-ci ildə üzvlərinin Türkiyəyə gəlməsi səbəbindən fəaliyyətinə son verib.

 

Müharibədən sonra

 

Müharibədən sonra Məhəmmədəmin Rəsulzadə ilə Əbdürrəhman Fətəlibəyli arasındakı qarşıdurmada Kəngərli birincinin yanında yer alıb. 1952-ci ildə “Kafkasya” jurnalının 9-cu sayında “Yüzbaşı Mir Memmed Kengerli” imzası ilə “Ə.Düdənginskinin “hesabı”na dair” adlı məqalə dərc etdirib. 1951-ci ilin 30 noyabrında Münxendə Şərqi Avropa, Qafqaz və Türküstan mühacir qruplarının M.Levitskinin sədrliyində baş tutan konfransında qəbul edilən qərarda da müstəqillik tələbi irəli sürülüb. Azərbaycan adına bu sənədi Məhəmməd Kəngərli imzalayıb.

Məhəmməd bəy 1952-ci ildə Türkiyəyə gəlib, Ankarada Azərbaycan Milli Mərkəzində və Azərbaycan Kültür Dərnəyində çalışıb. 1966-cı ildə dərnəyin sədri seçilib.

1952-1979-cu illərdə Türkiyənin Səhiyyə və Sosial Yardım Nazirliyinin müxtəlif xəstəxanalarında baş həkim, səhiyyə müdiri, Qızılay Baş müdir müavini, Türkiyənin Bonndakı səfirliyində müşavir vəzifələrində çalışıb. 1963-cü ildə Kipr hadisələrində Lefortaya gedib, orada Qızılay xəstəxanasını qurub. Sonradan Türkiyədə Anıtlar Dərnəyinin sədri olaraq fəaliyyət göstərib.

Azərbaycanda Meydan hərəkatı dönəmində Ermənistandan köçürülən azərbaycanlılar və Qarabağ məsələsi daim diqqətində olub, mərhum prezident Əbülfəz Elçibəylə yaxın münasibətdə olub.

1954-cü ildə Ankarada Sabiha xanımla evlənən Kəngərlinin iki övladı olub.

M.Kəngərli 17 avqust 2006-cı ildə tətildə olduğu Marmarisdə ard-arda keçirdiyi iki infarkt nəticəsində vəfat edib, 22 avqustda Ankarada Karşıyaka məzarlığında dəfn olunub.

Fəaliyyəti boyunca Məhəmməd bəy bir sıra ali medallara layiq görülüb. Bu medallardan ikisi xüsusilə diqqətçəkicidir. 1965-ci ildə o, Pakistan ilə Hindistan arasındakı Kəşmir məsələsi ilə bağlı başlanan müharibədə Türkiyə səhiyyə qrupu və xəstəxanası sədri olaraq istər cəbhədə, istərsə də arxa cəbhədə xəstəxanalarda göstərdiyi fədakarlıqlara görə Pakistan parlamenti və prezidenti tərəfindən 1967-ci ildə “Ali Xidmət Qızıl Ləyaqət Medalı” ilə təltif olunub. 1981-ci ildə o, Almaniya Federal Parlamenti və prezidenti tərəfindən Türkiyə-Almaniya arasındakı sosial müdafiə müqavilələri və ikitərəfli münasibətlərdəki xidmətlərinə görə “Böyük Xaç” medalına layiq görülüb. 1993-cü ildə isə Şimali Kipr Türk Respublikasının 10-cu ildönümü medalı ilə mükafatlandırılıb.

Şübhəsiz ki, müzəffər ordumuz tərəfindən Şuşanın azad edilməsi Məhəmməd Kəngərlinin timsalında mühacir şuşalıların da ruhlarının şad olmasına səbəb olub.

 

Dilqəm Əhməd

 

Türküstan.- 2021.- 14-20 sentyabr.- S.16.