“Niderland parlamentində
azərbaycanlıları da görə biləcəyik”
Niderland-Belçika koordinasiya
şurasının əlaqələndiricilərindən biri,
diaspor fəalı Şamil Mustafayevin Modern.az-a müsahibəsini
təqdim edirik:
-
Uzun müddətdir ki, Azərbaycandan kənarda fəaliyyət
göstərirsiniz. Niderlandda ölkəmizi tanıtmaq
üçün hansı işləri
görürsünüz? Ümumiyyətlə, fəaliyyətiniz
nədən ibarətdir?
- Ölkəni tanıtmaq üçün əsasən mədəniyyət yönümlü işlər görürük. Məsələn, müxtəlif universitetlərdə Azərbaycan günləri təşkil edirik, Azərbaycanın bayram günlərində tələbə və ya iş yoldaşlarımızla milli mətbəximizdən olan yemək və şirniyyatları paylaşırıq, müxtəlif idman (əsasən futbol) yarışlarında iştirak edirik. Oktyabrın 2-də Rotterdamda keçiriləcək “Red Bull Neymar Jr’s Five” futbol turnirində Azərbaycan adı ilə çıxış edəcəyik. Həmçinin sosial şəbəkələrdə davamlı olaraq xarici dostlarımız və ya iş yoldaşlarımız üçün Azərbaycan haqqında məlumatlar paylaşırıq.
Müharibə dövründə fəaliyyətimiz bir qədər fərqli idi. Parlamentin önündə müxtəlif aksiyalar keçirirdik, deputatlarla görüşməyə, həmçinin “Facebook”da açdığımız xüsusi səhifə vasitəsilə Qarabağ həqiqətlərini yerli ictimaiyyətə çatdırmağa çalışırdıq.
- Bir
azərbaycanlı olaraq xaricdə hansı
çətinliklərlə üzləşirsiniz?
Sonradan bura gələn azərbaycanlı olaraq üzləşdiyim ən böyük çətinlik yerli dili öyrənməkdir. Buna səbəb isə yerli əhalinin mükəmməl şəkildə ingilis dilində danışmasıdır. Onlarla holland dilində danışmağa çalışdığın zaman çətinliklə üzləşirsən. Hətta sənə rahat olsun deyə, ingilis dilində danışırlar. Beləcə yerli dili öyrənmək çətinləşir.
Digər çətinliyimiz yerli xalqın bizi çox da yaxşı tanımamasıdır. Məsələn, bəzi insanlar düşünür ki, Azərbaycan İslam dəyərləri əsasında idarə olunur. Həmçinin ermənilərin uzun müddətdir bu bölgələrdə yaşadığını nəzərə alsaq, yuxarı dairələrdə onların təsir gücü daha böyükdür. Bu isə bizə təbliğat işində çətinlik yaradır. Ancaq zamanla bunlar da dəyişir. Həm Niderlanda ilk gələn azərbaycanlıların övladları böyüyür və müxtəlif qurumların yüksək vəzifələrində işləməyə başlayırlar, həm də 2010-cu illərdən bu yana buraya təhsil almaq üçün gəlib qalanların və ya iş üçün gələnlərin sayının artması gələcəyə ümidlə baxmağa sövq edir.
-Təmsil etdiyiniz ölkədə Azərbaycan necə
tanınır? Bizim haqqımızda nə
deyirlər?
-Əlbəttə, Azərbaycanı tanıyırlar. Hansı coğrafiyada yerləşdiyimizi, qonşularımızın kim olmasını və hansı beynəlxalq tədbirləri keçirdiyimizi çox gözəl bilirlər. Məsələn, son zamanlar, ən çox maraqlandıqları mövzu Bakıda keçirilən “Formula -1” üzrə Azərbaycan Qran-Prisidir. Bizimlə söhbət edərkən həm yarışdan zövq aldıqlarını, həm də Bakının gözəlliyini dilə gətirirlər. Bu isə, əlbəttə, bizim üçün xoşdur.
Müharibə dövründə də ölkəmizə maraq böyük idi. Tələbə və ya iş yoldaşlarımız davamlı olaraq konflikt haqqında maraqlanırdılar. Mədəniyyətimiz isə Niderlandda çox da tanınmır. Həm milli musiqimizi və mətbəximizi, həm də adət-ənənələrimizi yerli xalqa tanıtmağa çalışırıq. Buna görə də mədəniyyət yönümlü işlərin sayını artırmalıyıq.
- Bildiyimiz kimi, Avropada erməni lobbisi güclüdür və
aktiv fəaliyyət göstərir. Əlbəttə,
istər Vətən Müharibəsi dövründə, istərsə
də müharibədən sonra bizim diaspora təşkilatlarımızın
fəaliyyətində böyük aktivlik müşahidə olunur. Hətta bəzi məqamlarda ermənilərdən
daha üstün görünürük. Ümumilikdə isə
erməni təxribatlarına, onların uydurma
kampaniyalarına qarşı hansı işlər görülür?
- Müxtəlif aksiyalar təşkil edirik, məktub kampaniyaları yaradırıq, deputatlarla görüşürük, mətbuata müsahibə verməyə və ya məqalə göndərməyə çalışırıq, sosial şəbəkələrdə yerli dildə paylaşımlar edirik. Həmçinin, yerli partiyalara qoşulmaq qərarı vermişik. İşlərimiz düzgün istiqamətdə getsə, bəlkə də bir gün Niderland parlamentində azərbaycanlıları görə bilərik. Ən azından buna ümid edirik.
- Azərbaycanlılar
daha çox hansı
işlərlə məşğul olurlar?
-Azərbaycanlılar daha çox maliyyə, audit, hüquq, təhsil və IT sahələrində çalışırlar. Təbii ki, digər sahələrdə də çalışan azərbaycanlılar var, məsələn, tibb sahəsində. Amma, azərbaycanlılar son zamanlar daha çox yuxarıda sadaladığım sahələr üzrə bu ölkəyə üz tuturlar.
- Orada
yerli sakinlər arasında tanınan azərbaycanlılar
varmı?
- Niderlandda ölkə üzrə tanınan azərbaycanlıların olduğunu sanmıram. Ancaq, “Philips”, “ING”, “Booking”, “Shell” və digər yerli şirkətlərin yüksək vəzifələrində çalışan azərbaycanlılar var. Ümid edirəm, gələcəkdə o şəxslər verdikləri töhvələrinə görə ölkə üzrə də tanınarlar.
Dünyasını dəyişənlər arasında isə İkinci Dünya Müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış qəhrəman, bu ölkənin Kral ailəsinin fəxri üzvü, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı Məmməd Məmmədovu göstərə bilərik.
- Azərbaycan və
Niderland fərqli coğrafiyalarda
yerləşən ölkələrdir. Bəs, ölkələrimiz
arasında daha hansı fərqli
xüsusiyyətlər mövcuddur?
- Mədəniyyət, hava, milli mətbəx, adət-ənənə, insanların düşüncələri. Bunların hamısı fərqlidir. Biz də burada yaşayan azərbaycanlılar olaraq bu cəmiyyətə inteqrasiya etməliyik. Düzdür, bəzi insanlar inteqrasiya ilə assimilasiyanı səhv salırlar. Assimilasiya etsək, o zaman öz dəyərlərimizi unutmuşuq olarıq. Buna görə də yerli dili öyrənib maksimum şəkildə inteqrasiya etməliyik ki, yerli əhali də bizi rəğbətlə qarşılayıb, fikirlərimizə hörmətlə yanaşsınlar.
- Ölkəmiz üçün
darıxırsınızmı?
-10 ildən çoxdur ki, ailəmdən və ölkədən kənar yaşayıram. Artıq öyrəşmişəm. İldə ən azı bir dəfə ölkəyə səyahət etdiyim üçün darıxma hissi nadir hallarda olur.
Aysel
Türküstan.- 2021.- 21-27 sentyabr.-
S.5.