Bakı adını soyad götürən komandan

 

 – Mürsəl paşanın həyat hekayəsi

 

Qafqaz İslam Ordusunun Bakını xilas etməsinin tarixi dəyərinin ən gözəl ifadə edildiyi məqalələrdən biri 1935-ci ildə mühacirətdə çap olunanQurtuluş” jurnalının 11 sayının baş yazısıdır. “Bir zəfərin ildönümü” başlıqlı məqalədə bu cümlələrə yer verilib: “Şübhəsiz ki, İstiqlal savaşımızda təsiri əsirlər və nəsillərcə qalacaq milli cümhuriyyətin qurtuluşu, varlığı bu xilasa borcludur... Bu xilasla təkcə altı ay əvvəl rus bolşevikləri tərəfindən silahsız Türk əhali üzərində törədilmiş qanlı qırğının intiqamı alınmayıb... Tarix yeni bir Türk hökumətinin qurulmasını növbəyə qoymuşdu. Bu xilas ilə Azərbaycan Cümhuriyyətinin varlığı təmin olunurdu... Osmanlı ordusunun Azərbaycana göstərdiyi yardım və Anadolu məhmədciyinin Bakı qapılarındakı cihadı qardaş istiqlalı və Türk varlığı üçün edilmiş cihadların ən müqəddəsidir... Bu fədakarlıq ortaq türk tarixinin daim təqdirlə yad edəcəyi ucalığın bir timsalı olaraq qalacaqdır. Azəri Məmişlə qol-qola qardaş məzarında yatan Məhmədciyin xatirəsi bizə müqəddəs fədakarlığın nə olduğunu minnət və şükranla bildirəcəkdir... Bakı alınmasa idi, şübhəsiz ki, Azərbaycan Cümhuriyyətinin quruluşu beynəlmiləl dəyərini qazanmaz, mübarizəmizin dövlətlər tərəfindən tanınması üçün, bəlkə bir nəsil daha gözləmək lazım gələrdi...”.

Sanki zərrəbinlə seçilmiş bu cümlələrin hər biri öz həqiqiliyini zaman keçdikcə təsdiqlədi, hadisədən 103 il sonra da Bakıda şövq və həyəcanla qeyd edilməsi bu azadlığın tarixi əhəmiyyətini isbat etmiş oldu.

Şübhəsiz ki, bu zəfər başda Məhəmmədəmin Rəsulzadə olmaqla Azərbaycan liderlərinin doğru siyasi addımları, Osmanlı sultanının, Hərbiyyə naziri Ənvər paşanın və təşkil edilən Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın, ordunun zabitlərinin və əsgərlərinin fədakarlığı nəticəsində baş vermişdi. Liderlər diplomatik masada, zabitlər hərb yolunda varlıqlarını qoyaraq işğalı bitirdilər. Həmin komandanlardan biriazad etdiyi şəhərin adını özünə rəsmi soyad seçən Mürsəl paşa idi.

 

***

 

Mürsəl paşa 1881-ci ildə Ərzurumun Dərviş ağa məhəlləsində İsmayıl Haqqı bəylə Ümmügülsüm xanımın ailəsində doğulub. Ərzurumdakı əsgəri edadini bitirdikdən sonra 1898-ci ildə İstanbulda hərbiyyə məktəbinə daxil olub. 1901-ci ildə bu məktəbdən teymən rütbəsi ilə məzun olub. Hərbi təhsilini davam etdirmək üçün 1901-ci ildə Ərkani-Hərb məktəbinə göndərilib. 1902-ci ildə baş leytenant rütbəsinə yüksəldilib. 1904-cü ildə isə bu məktəbi yüzbaşı rütbəsi ilə bitirib.

1904-cü il yanvarın 20-də 4-cü orduda xidmətə başlayıb. Həmin ilin martın 3-də ilk hərbi vəzifə yeri olan Ərzincandakı 22-ci süvari alayı 2-ci bölük komandanlığına göndərilib. Həmin il Sivasda göstərdiyi xidmətlərinə görə 5-ci dərəcəli Məcidiyyə nişanı ilə təltif edilib. 1907-ci ildə Ərzincandakı hərbiyyə məktəbinə riyaziyyat müəllimi olaraq təyin olunub, buradakı xidmətlərinə görə 4-cü dərəcəli Məcidiyyə nişanına layiq görülüb.

II Məşrutiyyətin (1908) elanından sonra Ərzincandakı məktəb İstanbula köçürüldüyünə görə 1909-cu ildə o, 4-cü Ordu Ərkani-Hərbiyyə Dairəsi 2-ci şöbə zabitliyinə təyin olunub. 1910-cu ildə hərbi təhsilini artırmaq üçün Almaniyaya göndərilib, 1911-ci ildə orada ikən minbaşı rütbəsinə yüksəldilib. 1912-ci ildə İstanbula qayıtdıqdan sonra 13-cü Kolorduya təyin edilərək Bağdada göndərilib. Ardınca Elazığ, Van, Erciş bölgələrində xidmət edib.

 

I Dünya müharibəsi illəri

 

Osmanlı dövlətinin I Dünya müharibəsinə qatılması ilə səfərbərlik elan edilib, Mürsəl bəy də Ərzurum tərəflərə keçərək 22-ci, 23-cü süvarı alaylarını hərbə hazırlayıb. 1914-cü ildə rusların Osmanlı sərhədlərini keçməsi nəticəsində baş verən Köprüköy savaşlarına qatılıb. Həmin ilin dekabrında ona yarbay rütbəsi verilib. 1915-ci ildə 34-cü Piyada diviziyası komandanlığına, ardınca 2-ci Nizamiyyə Süvari diviziyası komandanlığına təyin edilib. Bu vəzifədə ikən Qafqaz cəbhəsində, ArazMurad çaylarının şimalındakı bir çox müharibə və hərəkatlarda iştirak edib. 1916-cı ildə 32-ci Piyada diviziyası komandanlığına göndərilib. Kop və Məryəm dağı müharibələrində göstərdiyi xidmətlərinə görə Hərb medalı ilə mükafatlandırılıb. Yenə həmin il 14-cü Piyada diviziyası komandanlığına, ardınca 12-ci Piyada diviziyası komandanlığına təyin olunub. 1917-ci ildə Gümüş Ləyaqət nişanı və Gümüş İmtiyaz medalı ilə təltif olunub.

 

Qafqaz İslam Ordusunda xidmət

 

19 yanvar 1918-ci ildə Mürsəl bəy 5-ci Qafqaz diviziyası komandanlığına təyin edilib. Diviziyası ilə birgə Gümrü, Qarakilsə üzərindən Gəncəyə gəlib. Gəncədə diviziyası ilə birgə Qafqaz İslam Ordusunun komandanı Nuri paşanın əmrinə daxil olub. Kürdəmir-Qaraməryəm xəttində erməni və rus ordularını məğlub edərək Şamaxı istiqamətinə yönəlib. Şamaxıda olarkən şəxsən Nuri paşanın özü tərəfindən göstərdiyi şücaət təqdir edilib, 3-cü dərəcəli Məcidiyyə nişanı ilə təltif olunub. Avqust ayında Bakı üzərinə hücum planlandığı zaman Mürsəl bəy şəhərdəki ermənilərə bu şəkildə müraciət edib: “Bakı uğrunda Osmanlı ordusu hərbi əməliyyatlar aparır. Əgər siz şəhəri döyüşsüz versəniz, onda dinindən və milliyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqları təmin ediləcəkdir, ermənilər istərlərsə onların Bakıdan Ermənistana maneəsiz gedişi təmin ediləcəkdir. Lakin müqavimət göstərsəniz onsuz da şəhər alınacaq və bu halda tökülən qanların və dəyən ziyanın məsuliyyəti sizin üzərinizə düşəcək. Əgər siz şəhəri verməyə hazırsınızsa, öz nümayəndənizlə cavab göndərin”.

Ermənilər bu müraciətə cavab göndərməyiblər.

13 sentyabr 1918-ci ildə imzaladığı əmrdə Mürsəl paşa yazıb: “Allahın yardımı ilə sabah səhər Bakıya qarşı hücum hərəkatına başlanılacaqdır”.

Nəhayət, 15 sentyabr saat 9 radələrində Bakı şəhəri işğaldan azad edilib. Bakıya ilk daxil olan komandan da Mürsəl paşa olub. Şəhərin azadlığı uğrunda göstərdiyi xidmətlərinə görə Altın Ləyaqət medalı ilə mükafatlandırılıb.

 

Faiq Ələkbərli

 

Türküstan.- 2021.- 21-27 sentyabr.- S.6.