Coğrafiya şairi
hekayə
Mən
ağlım kəsəndən Fərruxu coğrafiya müəllimi
tanıyırdım deyə, bir dəfə yuxuda onu
coğrafiya xəritəsi şəklində doğulan
görmüşdüm. Bədəni SSRİ idi. Boynu nazik
olduğundan, baş bədəndən aralı ada şəkli
almışdı. Hülqumu ada ilə materik arasında işləyən katerdi.
Bir ayağı Kamçatka yarımadası, o biri
ayağısa nə səbəbdənsə bədənə
bitişmiş Saxalin adasıydı.
Təqaüdə də çıxdı, pedinstitut xatirələrindən ayrıla bilmədi.
Kişi coğrafiya şairiydi. Böyük çaylar elə bil qəşəng qızlardı - hey onlardan danışardı. Kim bilir, bəlkə haçansa o çayların birinə evlənmişdi də.
Fərrux müəllimi heç vaxt puldan söhbət eləyən görmədim. Hərdən mənə elə gəlirdi ki, o, pulu tanımır. Yaydan-yaya öz həyət məhsullarını satmağa aparanda da, deməzdi pul qazanmağa gedir, deyərdi gedir havasını dəyişməyə.
Molla məclisindəsə peyğəmbər aleyhissəlamdan, ya şəhid imam Hüseyndən danışılanda, o da müvafiq tərzdə coğrafiyanı işə verərdi. Məsələn, Məhəmməd hansı şəhərdə dünyaya göz açıb, indi həmin şəhərin iqlimi necədir, əhalisi hansı təsərrüfatla məşğuldur. Məkkəylə Mədinənin arası nə qədərdir və sair.
Bu molla məclisləri rayon avtobusunda olurdu. Özü yan-yana düşməsəydi, mollalarla söhbəti tutmurdu, çünki onların bəlağətli səsi gedib avtobusun o başına çatanda özününkü heç iki-üç adamlıqda eşidilməzdi. Bir gün o, molla Mirələmə deyəsi:
- Siz maddi
nemətlər istehsal eləmirsiniz!
Molla Mirələm
də qayıdıb:
- Elə
coğrafiya müəllimləri də, - dedi. - Müəllimim
də olubsunuz, kitab sözlərdə danışmayın.
Qudurasan qurbağa, elə bil xəritədə Moskvanı tapmaya dünənki Ələm deyil. Fərrux müəllim adının qabağındakı "mir” önlüyünü atıb daim onu sovet balasına çevirirdi. Amma Mir özünü tanıyan kimi xət saxladı, yəni özünü tanımağı mollalığıyla bir düşdü.
Fərrux müəllim indiyəcən elə bilərdi ki, sovetlikdən Rusiya şəhərlərinə alverə gedən və o şəhərləri gözüyumulu tapanlara onun verdiyi biliklər kara gəlir. Özündən razı tərzdə bunu deyəndə, bu cavan molla üzünün təbəssüm əzələlərini tərpətdi:
- Bəli, sizin camaatımıza bəxş etdiyiniz bilik alverin artmasının səbəbkarıdır. Müəllimim də olubsunuz, bundan cinayət qoxusu gəlir.
Bu sözlərdən sonra gözü molla məxluqundan qorxmuşdu. Quru şərdilər; onlarla çənələşmək xatadır. Həm də daha bilirdi ki, özü də maddi nemətlər istehsal eləmir, ancaq qanuni surətdə eləmir - bunu dövlət bilir. Mollalarınkısa qeyri-qanunidir. Qoy molla da canı çıxsın hökumət işində işləsin - lap onun kimi maddi nemətlər istehsal elənməyən işdə.
Xüsusən, kök mollalar gözünün düşməni idi. Arvadı deyəndə ki, köklük heç də xoş güzəran, ya xoşbəxtlik əlaməti deyil, o qışqırardı:
- ... Əlamətidir!
- Bə istəyirsən bədbəxt olsunlar?
- Halal zəhmətlə xoşbəxt olana kimin nə sözü.
- Get minbərdə bir saat boğazını yırt, onda görərsən halaldır, ya qeyri-halal.
- Mən mütrüblüyü bacarmaram!
Məhərrəm ayında məscidə gedənlərin dalınca deyinərdi:
- Getdilər
havayı yeməyə.
Onda arvad
onunla dilləşərdi:
- Sənin
ki malını yemirlər.
- ... Verilən
xümsü, zəkatı basıb qamarlayırlar!
- İndiyəcən heç bir xüms, zəkat veribsən? Barı sən
dinmə.
- Məndən
nə xüms, nə zəkat - maaşım bu aydan o ayı
güclə görür.
- Elə
də danışır...
Fərrux mərkəzi partiya qəzetlərindən
özgə bir şey oxumazdı. Bircə cavanlıqda
"Başsız atlı” romanını, onu da
yarısınacan oxumuşdu və həmin roman onun xatirində
qəribə canlılar yaşayan bir ada kimi yer tutmuşdu.
Mərkəzi qəzetləri oxuyanda ona elə gəlirdi
dünya ilə əlaqəsi itməyib, həm də belə
çıxırdı ki, hamıdan mədənidir. Respublika, ya rayon qəzetləri - batıb geridə
qalmaq əlamətiydi. O, Moskvadakı siyasi büro qərarlarını
şeir kimi əzbər bilirdi. Respublika siyasi
bürosu qərarlarınasa məhəl qoymazdı; onları
oxumağa və hacət - Moskvadakılardan köçürmədilər.
Onun nitqi (xüsusən məktəbdə) Nuh əyyamında
yazılmış qəzet məqaləsinə bənzəyirdi.
- Partiya -
hökumətimiz dini sevmir.
Ürəyində
Allah xofu olan bir müəllim daim onun əleyhinə
çıxardı:
- Ona
qalsa, din də partiya - hökuməti sevmir. Bir də nə bu
oğlan deyil, nə o - qız: sevişələr.
-
Yoldaşlar, müəllim olan bir şəxsin belə deməyi
heç bir qəlibə sığmır!
- Qəlibi
neynirəm! Mən öz fikrimi heç bir qəlibə
salma istəməzdim.
- Bu,
özbaşınalıqdır!
- Bəs
necə? Biz doğulmuşuq özbaşına
olaq, özgəbaşına yox.
-
Hökumət əleyhinə çıxmağa dair maddədən
xəbərin var?
-
Özü də partiya - hökumətin dini sevməməyini
sən özündən uydurubsan. Din və hökumət sadəcə
ayrılıblar; burda sevməmək söhbəti yoxdur.
- Bir az da qalsa, sübut eləyəcəksən ki,
qatıq ağ deyil, qaradır.
Ürəyində
Allah xofu olan müəllim öz dediyinin üstündə
dururdu:
-
Özün də, ay Fərrux müəllim, indiyəcən
partiyaçı deyilsən. Səndən soruşan gərək:
niyə qorxursan?
- Pul istəyirlər,
mən də deyirəm: qulaqlarınızın dalını
görəndə.
- Daha bu nə
partiya oldu!
- Guya Kərbəlaya
gedən havayı gedir!
Fərrux müəllim qəzet oxuya-oxuya,
haqlı-haqsız çap olunan bütün qanunların tərəfini
saxlaya-saxlaya qocaldı. Əgər, haqsız qəzetdə
haqlı qələmində gedirdisə, onun üçün
də olurdu haqlı, haqlı haqsız qələmində
gedirdisə, olurdu haqsız. Ona görə
də daha qəzetsiz haqlıyla-haqsızı ayırd eləyə
bilmirdi. Poçtalyon iki-üç gün qəzet gətirməyəndə
(o da təzə xasiyyət tapıb, qəzetləri
yığıb-yığıb birdən verir), onun da
iki-üç gün, lap dünya batsa da, dünyanın
batmağına dair heç bir fikri olmurdu. Ona deyiləndə
ki, filankəs haqlıdır, tutulmamalıydı, amma tutulub, Fərrux
müəllim cavab verirdi:
- Mənim
əlimdə material yoxdur, bəlkə haqsızdır... Qəzetdə çıxıb?
- Kor-kor,
gör-gör, buna nə material. Özü də
bir sürü uşağı var.
- Yox,
materialsız bir söz demək çətindir. Özü də
uşaq bir sürü olmayır, on sürü olsun - nə dəxli
var!
Öz uşaqları böyüyüb əldən
çıxmışdılar; indi hərəsi ölkənin
bir guşəsində qərar tutmuşdu. Əvvəl
hamısının da sortu birdi - ateist. Müəllim
həyata, özü demişkən, "bir partiya” ateist
buraxmışdı. Təkcə Fərəc
elə bir qarışlığmdan atasının əleyhinə
çıxardı deyə, ateist olmamışdı. Atası Allah-mallah yoxdur, deyəndə, o, tərsliyinə
salıb deyərdi var. Və elə belə vərdişkar
olub Allahı "tanıdı”. Qızlarsa
uşaqlıqdan ateistdilərsə də, ata evini tərk eləyəndən
sonra boyluluq vaxtı bir-iki dəfə başlan gicəllənəndə,
gördülər hardasan - burdasan, başları üstündə
Yaradan var. Fərrux müəllim qaldı tək-tənha.
Yas məclisində
biri, məsələn, Perm şəhərinə alverə
getməsindən danışanda, Fərrux müəllim də
söhbətə qoşulmaq üçün (söhbətə
qoşulmağa başqa sözü yoxdu) ondan soruşardı:
- Permə
qədər bilirsən neçə kilometrdir?
- Mən
elə şeyi bilmərəm.
- Perm
hardadır?
- Necə
yəni hardadır? Bu nə sualdır?
- Şimaldadır, şərqdədir? Yainki...
- Ay
müəllim, təqaüdə də çıxıbsan, ta
o coğrafiyanı qatla qoy sandığa, sən bir olan Allah!
- O,
ateistdir, - kimsə böyürdən dilləndi. - Allaha and
vermə.
- ... Yox
axı, gərək hər bir savadlı adam
bilə hansı şəhər harda yerləşir.
- Bizim
savadımız qıcqırıb. Bir də
Bakıda minirsən ərpalana, yəni təyyarəyə, təyyarə
səni aparıb qoyur istıdiyin nöqtəyə. Daha nə fərqi - şimala uçursan, ya cənuba.
Mən şəhərlərin neçə kilometrliyini yox,
yolunun neçə manatlığı: bilərəm.
Onda müəllimin hülqum kateri adayla materik arasında
iti-iti işləməyə başlayardı.
Ömrü boyu Fərrux müəllim radionun insan
orqanizmi faydalı verilişlərinə qulaq
asmışdı. Hər səhər xalça
üstündə radionun müşayiətilə idman eləyərdi.
Elə ona görə arıq da olsa, bədəni
"siçan” əzələlərlə doluydu. Konsertlərin də ki, xoş bioloji təsiri
hamıya məlumdur.
Axır vaxtlar İranı tutub azanlara qulaq asardı. Azan vaxtı
radionun səsini alçaldardı ki, eşidənlərin nəzərində
gözdən düşməsin. Azanı
xoşlamağını heç özü bir yana
yozub çıxara bilmirdi. Bəlkə onu da müalicəviliyinə
görə xoşlayır - başqa nə səbəb ola bilər!
Gəl ki, məscid üçün də ürəyi
axırdı.
Ancaq orda keçmiş düşmənləri
otururdu. Hərçənd xəritədə Moskvanı
tapmayan Ələm şagirdi olmuşdu, özünə
söz verirdi: əgər hamı kimi məscidə getsə,
bir də onun sovet balası olmağına cəhd göstərməz.
Daha onu Mir-Ələm çağırmağa
razıydı. Əcəb ərəb dilini danışa
biləsən, satışda Quran ola,
alıb oxuyasan!
İdman sayəsində bir xəstəliyi yoxdusa da,
get-gedə İran radiosunun azanlarından anlayırdı ki,
ömür gec-tez qurtarasıdır. Yuxusu qaçan gecələr o
dünyanın şəkilləri kimi hər gün gəlib
özünü Fərrux müəllimə göstərirdi:
o dünya gah ulduzlu-aylı olurdu, gah da kömür kimi qara...
Rafiq TAĞI
Türküstan.-
2021.- 21-27 sentyabr.- S.14.