Qımır kəndinin fəxarətli oğlu...

 

Düşmənin hərbi vertalyotunu məhv edən Musa Nuhiyev...

 

 Onun xobbisi uşaqlıqdan at belində iti ilə birlikdə bağları, bağçaları çölləri gəzmək, seyr etmək idi... Kəndimizin yanındakı çaylardan, göllərdən balıq tutmağı da xoşlayardı. Həm də qardaşım təsərrüfatcıl, zəhmətsevər adam idi. Torpağa bağlı, təbiəti sevən idi bizim Musamız...

Əziz qardaşımdan günlərlə, aylarla danışsaq da qardaşımızın 23 illik ömür yolundan, hələ hərbidəki uğurlarından, Vətən Müharibəsindəki göstərdiyi şücaətlərdən, döyüş yoldaşlarının ən ağır döyüşlərdə necə xilas etməsindən – söbət açsaq vaxt yetməz...

...Cəmi 23 il yaşamış Musa Nuhiyevdən 3 yaş böyük olan bacısı Gülnar danışdıqca Musanın atası Nüsrət kişi, anası Laləzar xanım, bizim söhbətimizdə iştirak edən Zaqatala Rayon İcra Hakimiyyətinin Qımır kənd üzrə ərazi nümyəndəliyinin məsul əməkdaşı Ramil Həsənov və həmsöhbəti olduğum mən də kövrəlməməyə bilmirdik... Şəhid bacının qəlbi sanki od tutub yanırdı, para-para olmuşdu, yeganə qardaşını itirən bacı ürəyi necə dözərdi, nec ə tap gətirə bilərdi?! Bu şəhid bacısını anlamaq çətin deyildi... zərif, gözəl, incə, hələ də intizarla qardaşının yolunu gözləyən Gülnar xanımı..!

...Nəhayət, şəhid atası Nüsrət kişi dilləndi: “Oğlum Musa, həqiqi hərbi xidmətini 03.10.2016 –cı il tarixindən 05.04.2018 –ci il tarixinədək Naxçıvan Muxtar Respublikasında Sərhəd Qoşunlarında Nehrəm kəndində nümunəvi xidmət edib. Hərbi xidmətdə olanda Ermənistanla sərhəddə sərhəd pozucularının, təxribatlarının, hücumlarının və silahlı basqınların qarşısının alınmasında fədakarlıq göstərib. Nümunəvi xidmətə görə dəfələrlə mükafatlandırılıb, təşəkkürnamələr alıb, hətta məzuniyyətə də buraxılıb. Musa əsgərlikdə hərbi silahların və texnikaların sirrlərini də dərindən öyrənib. Hərbi sahəyə meyli daha da artıb. O, həqiqi hərbi xidməti uğurla başa vurduqdan sonra, müddətli hərbi xidmətdə qalmaq üçün Müdafiə Nazirliyinə müraciət edərək, müəyyən müddətdən sonra hərbi qulluqçu kimi fəaliyyətə başlayıb...”

Vətən fədaisinin ailə üzvlərindən öyrəndim ki, o, əvvəlcə MN –nin Tədris-Təlim Mərkəzində təkmilləşmə təhsilini alıb və bir neçə dəfə təlimlərdə iştirak edib. Sonra o, MAXE kimi Müdafiə Nazirliyinin Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissəsində qulluqçu olaraq hərbi xidmətə başlayıb. Namusla, Vətən eşqi ilə ön cəbhə xəttində... düşmənin gözünə dik baxa-baxa...

Zaqatala RİH –nin Qımır kənd üzrə ərazi nümayəndəliyinin məsul əməkdaşı Ramil Həsənovun söhbətimizə qoşularaq, baş çavuş Musa Nuhiyev barəsində belə dedi: “İndi şəhidlik zirvəsini fəth edən, kəndimizin fəxri olan Musa, hələ hərbidə qulluq edəndə də inadkar, sağlam düşüncəli, mərd, mətanətli, qəlbi Vətən sevgisi ilə, şirin arzularla aşıb-daşan gənc idi. Onun xidmət etdiyi hərbi hissədəki qulluqçular Musa ilə fəxr edirdilər. “Onunla biz ölümə getməyə də hazırıq. Çünki o, saf qəlbli, Zaqatalanın mərd oğludur, canımızdır” deyərdilər. Mürəkkəb hərb sahəsinin seçimində yanılmamışdır. Musa digərlərinə nümunə olan hərbi qulluqçu olmaqla yanaşı, həm də yaxşı atıcı, sərrast minamyotçu olub. İkinci Vətən Müharibəsindən əvvəl doğmalarının yanından gələndə danışardı ki: “qarşımızda böyük imtahanımız var, o imtahanı əla versək, rahat olarıq...” Musanın nəyə işarə vurduğunu çox yaxşı başa düşürdük. 27 sentyabr 2020 –ci il tarixində başlanan Ermənistan-Azərbaycan Müharibəsinin ilk günündən Musa Nuhiyev ağır döyüş əməliyyatlarında iştirak etdi və əsil qəhrəmanlıq göstərdi. O, atıcı kimi silahlı düşmənin onlarla hərbi texnikasını və canlı qüvvəsini də məhv etdi, dəfələrlə ağır yaralanan döyüşçülərimizi də xilas edib və hospitallara yola salıb. Musa Nuhiyev Müharibə başlayandan bölük komandiri olub... Onun bölüyündə də özü kimi dəyanətli, cəsur hərbiçilər xidmət edib, düşmənə “vay” veriblər... Bəli, Musanın ömür yolu az olsa da, o, amansız, göylərdən od ələyən müharibədə böyük şücaət göstərib və torpaqlarımızın düşməndən azad edilməsində böyük hünərlərin sahibi olmuşdur.

Əlbəttə ki, zəfər qələbəsi qazanılmasında, müharibədə neçə-neçə igidlərimizin qanı töküldü, şəhadətə-əbədiyyətə qovuşdular, qazi oldular... neçə-neçə gələcək nəslin dəfələrlə oxuyacağı dastanlar yaratdılar – Qımır kəndinin qüruru Musa Nuhiyev kimi... Onlar bizim ulu torpaqlarımızı düşməndən azad etməklə yanaşı, üç rəngli al bayraqlarımızı da torpaqlarımıza sancaraq torpaqlarımıza təzə bəfəs verdilər. Bizim mərd igidlərimizin can qoyub, xilas etdikləri torpaqlarımızda cənnətə çevriləcək və şəhidlərin ruhları isə daima pərvazlanacaqdır...

Şəhid bacısı Gülnar xanım deyir ki, Musagilin tabor komandiri olmuş, 2016 -cı ilin aprel döyüşlərinin fəal iştirakçısı olmuş və Qax rayonunun Lələpaaş kəndindən olan tcrübəli zabit Aqil Ömərov onlarda olarkən Musa Nuhiyevin göstərdiyi şücaətlərdən, keçdiyi hərb, döyüş yolundan ürək dolusu ilə danışmışdı...

Xatırlama: Nuhiyev Musa Nüsrət oğlu hərbi qulluqçu kimi xidmətə Ağdam rayonunun Təzəkənd kəndindən başlayıb. Hüsənli kəndində xidmətini davam etdirib. Onun döyüş yolu isə Ağdam rayonundan başlayıb, Suqovuşan, Füzuli, Xocavənd döyüşlərində mərd-mərdanə döyüşüb, yenidən Ağdam istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib, elimizin qəhrəman oğlu! Sağ qalan döyüşçü yoldaşlarının bildirdiklərinə görə Musa Nuhiyev sərrast, tərbiyəli minamyot atıcısı olmaqla yanaşı, həm də bacarıqlı kəşfiyyatçı olub. Düşmən artileriyası fasilə verən kimi Musa kəşfiyyatçılara qoşularaq düşmən mövqelərini tam dəqiqləşdirilməsində hərəkət edirdi. Müəyyənləşdirildikdən sonra isə mövqelərin atəşə tutulmasında birbaşa iştirak edir, düşməni darmadağın edirdilər...

Cəsur döyüşçümüzün son döyüşü - 16 oktyabr 2020 –ci il tarixində oldu...

Bildirirlər ki, həmin gün səhər saatlarından düşmən qüvvələri artileriya silahları, iri çaplı avtomat və pulemyotlarla Ağdam rayonunun Hüsənli kəndindəki və digər mövqelərimizi dayanmadan atəşə tuturdular. Mərmi, top yağdırırdılar. Həmin döyüşün qızğın məqamında isə düşmənlərin hərbi kəşfiyyat vertalyotu bizim mövqelərimizə daxil olur. Döyüşçülərimizin komandiri olmuş Şamil Əliyevin əmrindən sonra Musa və digər minamyçularımız ermənilərin vertalyotunu vurub, yerə salıblar. Düşmən texnikasının məhv edilməsində 120 min minamyotun

sərrast atıcısı Nuhiyev Musa xüsusi şücaət göstərirdi... Amma daha da azğınlaşan erməni daşnakları döyüş əməliyyatının apardığı əraziyə daha çox silah tuşlayaraq və mərmilər yağdırırlar. Düşmənlərlə yanaşı həmin döyüşlərdə bizim tərəfdə xeyli itki verir, bu, Musa və onun silahdaşları üçün son döyüş olur... Onun döyüşçü yoldaşlarının çoxu ağır yaralanırlar, Musa Nuhiyev isə aldığı qəlpə yaralarından qəhrəmancasına həlak olub. Şəhidlik zirvəsini fəth edib. Həmin döyüş əməliyyatı zamanı ən ağır yaralananlardan biri də Musa ilə çiyin-çiyinə döyüşən Şəmkir rayon sakini Qoca Namazov olub. O, həmin qızğın döyüşdə hər iki ayağını itirərək, döyüş meydanında qoyub...

...Söz yox ki, Musanın silahdaşları onların qanını yerdə qoymayıb, qisasını alıblar, düşmənə qan uddurub və onların üzərində qələbə çalıb... Zəfər, şanlı qələbə...

Bütöv Azərbaycanın xilaskarı olmuş, tarixi torpaqlarımızın azad olunmasında xüsusilə fədakarlıq göstərmiş Musa Nüsrət oğlu Nuhiyev 16 oktyabr 2020 –ci il tarixində Zaqatala rayonunun Qımır kənd qəbristqanlığındakı Şəhidlər Xiyabanında son mənzilə yola salındı. İctimaiyyət nümayəndələrinin, hərbiçilərin, böyüklü – kiçikli rayon sakinlərinin və vətənpərvərlərin iştirakı ilə...

...Düzdür, bir bacının, bir qardaşı – namus, qeyrət, əsil vətəndalıq, qəhrəmanlıq, ucalıq - əbədiyaşar simvolu olan şəhid Musa Nuhiyev insanların qəlbində daima yaşayacaq. Onun göstrədiyi qəhrəmanlıqlar gələcək nəsillər tərəfindən öyrəniləcəkdir. Vətənə “Can” deyənlər isə heç vaxt ölməyəcəkdir.

Həsrətlə gözlədik bizlər yolunu,

Açdı qara torpaq sənə qolunu.

Qoyarkən məzara şəhid oğlunu,

Axdı gözlərindən yaşı ananın.

Ölkə başçısının sərəncamı ilə Musa Nüsrət oğlu Nuhiyev “Vətən uğrunda” medalı ilə təltif olunub.

Qeyd: Vətənimizin, torpaqlarımızın azadlığı uğrunda şəhadətə qovuşan Mua Nüsrət oğlu Nuhiyevin uyuduğu əsil qəbirdən başqa, onun son döyüşdə olduğu, şəhid olduğu yerdə Ağdam rayonunun Hüsənli kəndində döyüşçü yoldaşları simvolik olaraq qəbir qazıblar. Həmin qəbirdə isə Musanın həlak olarkən tökülən qanı və Qocanın döyüş meydanında qaldığı ayaqları uyuyur.

 

davamı gələn sayımızda

 

Elman Maliyev

Azərbaycan Jurnalistlər Birliyini üzvü

 

Türküstan.- 2021.- 28 sentyabr-4 oktyabr.- S.12.