Bakı adını
soyad götürən komandan
Mürsəl paşanın həyat
hekayəsi
Azərbaycan
Parlamentinin üzvü Əhmədhəmdi Qaraağazadə
mühacirətdə yazdığı məqaləsində
(“15 sentyabr 1918”, “Yeni Kafkasya”, sayı 24) Qafqaz İslam ordusunun
Bakıya daxil olduğu həmin günü belə
xatırlayıb: “İslam ordusu komandanı Nuru paşa həzrətləri
sevimli siması ilə Bakıya girərkən minlərlə
xalq ona qəlbdən və vicdani-millidən qopan hörmətlə
baş əyir, digər tərəfdən vüqarlı və
ciddi duruşu dərin bir etimad təlqin edən gözləriylə
Mürsəl paşa da sürəkli alqışlarla
qarşılanır, böyük fədakar və qəhrəman
vətənpərvər şəhid Nazim bəy də əl
üstündə gəzdirilir, bütün türk ordusu
xalqın minlərlə alqış tufanıyla türk
oğlu türk vətənini, Bakını ziyarət edirdi”.
Mürsəl paşa həbs olunur
Osmanlı
dövlətinin I Dünya müharibəsində məğlub
olub İngiltərə ilə Mudros müqaviləsini
imzalaması nəticəsində Qafqaz İslam Ordusu və
komandanları Qafqazı tərk etmək məcburiyyətində
qalıb. Batum yolu ilə Trabzona getmək istəyərkən
Mürsəl bəy 1919-cu il fevralın 20-də Batumdakı
ingilis işğal güclərinin komandanlığı tərəfindən
həbs olunub. Onun “günahı” bu şəkildə idi:
“Qafqazda Azərbaycan qüvvətləri komandanı Nuri
paşanı dəstəkləmək, Bakıda qətliama
göz yummaq və Türk ordusunun geri çəkilməsini
gecikdirmək”.
Yeddi
ay Batumda həbsdə qaldıqdan sonra Çanaqqalaya göndərilib,
orada da 5 ay yarım təknəfərlik hücrədə əsir
saxlanılıb. Türk ordusunun buraya hücum edəcəyi xəbərini
alan ingilislər 1920-ci il martın 1-də digər əsirlərlə
birgə Mürsəl bəyi də Malta adasına
sürgünə göndəriblər. Mürsəl bəy 20
ay Maltada San Salvatore qalasında əsarətdə qalıb. Nəhayət
25 oktyabr 1921-ci ildə ingilislərlə aparılan əsir
mübadiləsi nəticəsində azad olunub, Maltadan
İneboluya göndərilib. Mustafa Kamal paşanın öndərliyində
aparılan milli mücadiləyə qoşulmaq
üçün İneboludan Ankaraya yollanıb. Həmin ilin
noyabrın 24-də 6-cı Süvari diviziyası
komandanlığına təyin edilib. 1922-ci ildə 1-ci
Süvari diviziyası komandanlığında xidmətə
başlayıb. Qurtuluş savaşının taleyini həll
edən Böyük Təərrüz və Başkomandan
Meydan müharibələrində iştirak edib. Bu xidmətlərinə
görə 1922-ci il avqustun 31-də mirlivalıq rütbəsinə
yüksəldilib. Yunan ordusunun məğlubiyyəti üzərinə
azad edilən yerlər daxil olub, 1922-ci ilin 9 sentyabrda İzmirə
daxil olan komandanlar arasında yer alıb. 2-ci Süvari
diviziyası ilə birlikdə İzmirə daxil olan ilk tümən
komandanı olaraq teleqrafla Mustafa Kamal paşaya məlumat verib.
Türkiyənin İstiqlal mücadiləsindəki bu xidmətlərinə
görə Mürsəl paşa Qırmızı şəridli
İstiqlal medalı ilə təltif olunub.
Cümhuriyyət illərində
Cümhuriyyətin
ilk illərində Mürsəl paşa ən ağır
bölgələrdə xidmət edib. 1924-cü ildə Mardin
bölgəsinə göndərilib. İngilislərin dəstəyi
ilə baş tutan Nasturi və Şeyx Səid
üsyanlarının yatırılmasında iştirak edib.
Mürsəl
paşanın həyatındakı ən maraqlı hadisələrdən
biri də onun Türkiyədəki atçılıq
idmanının inkişafı ilə bağlı xidmətləridir.
1935-ci ildə Almaniya, Budapeşt, Vyanada at yarışı
müsabiqələrində iştirak edib, Türkiyəyə
uğur qazandırıb. 1938-ci ildə səhhəti ilə
bağlı ordudan tərxis olunub.
1934-cü
ildə Türkiyədə çıxan soyad qanunundan sonra
işğaldan azad etdiyi şəhərin adını qəbul
edib. Mürsəl Bakü bəy 1943-cü ildə Kocaelidən
millət vəkili olaraq fəaliyyətə başlayıb.
Parlamentdə hərbi, səhiyyə, atçılıq kimi
mövzularda çıxışlar edib.
Vəfatından
bir müddət öncə Mürsəl paşa yenidən
Bakının azadlığı uğrunda cəhd göstərməyə
çalışıb. Belə ki, II Dünya müharibəsi
illərində 1942-ci ilin may ayında Almaniyanın Türkiyədəki
səfiri fon Papen Mürsəl Bakü paşa ilə
görüşüb. Mürsəl paşa Papenə Türkiyə
ordusunda öz ölkələri haqqında yaxşı məlumatlara
malik olan çoxlu sayda Qafqaz, xüsusilə Azərbaycan mənşəli
zabitlərin xidmət etdiyini, onlardan gələcək işlərdə
istifadə edilməsinin mümkünlüyündən bəhs
edib.
Mürsəl
paşa 1945-ci il sentyabrın 22-də İstanbulda infarkt nəticəsində
vəfat edib, Zincirliquyu məzarlığında dəfn
olunub. Daha sonra İstiqlal Hərbi komandanlarının nəşlərinin
dövlət məzarlığına köçürülməsi
ilə bağlı qanuna əsasən 1988-ci ildə nəşi
Ankaraya daşınıb.
Mürsəl paşa alman və fransız dillərini bilib. Müjgan xanımla
evliliyindən Lamiyə,
Ədalət və Aliyə adlı üç qızı dünyaya gəlib.
Dilqəm Əhməd
Türküstan.- 2021.- 28 sentyabr-4
oktyabr.- S.6.