Böyük Çölün haqq
aşığı
Türk insanı
Boz Çöllərin sahibi olduğu kimi, onun dilini də , məişətini
də gözəl bilib. Ona görə səhralarla, küləklərlə,
tufanlarla da dost olmağı bacarıb. İnsanın dost ola
bilmədiyi, təkcə elə insan özüdür.
Çünki bir-birinə istək də, hirs də insandan gəlir. O zamanlar idi. Üfüqlərə
qədər uzanan Boz Çöllərdə də tayfa
müharibələri, intriqaları olurdu. Bu tayfa müharibələrinin
də əsasını
mal-mülkŞ heyvan-qara sahibi olan bəylər, kənxudalar
edərdilər. Kaş ki, etməsəydilər.
Əslində , türkün birliyini, əzmini qüdrətini
qıran elə bu xırda tayfa mübarizələri oldu. XVIII
əsrin axırları, XIX əsrin ortaları Mərkəzi
Asiya Respublikalarında da həyat öz axarı ilə
getmirdi.
Böyük Çöldə sərhəd yox idi. Bu gün yaşadığın auldan, kənddən , obadan xoşun gəlmədi, çadırını söküb, dəvəyə, ata yükləyib, ailənlə birlikdə çıxıb getmək olurdu. Böyük cüzün Şapıraşı nəslindən olan Jabay kişi də tayfa mübarizəsinin bədəlinə gəlmişdi. Hamilə həyat yoldaşı Uldanı da götürüb, Alatau dağlarının ətəyinə, Jambıl əyalətinə gəldi. Qışın soyuğu-qarı səhrada yolu tapmağa çətinlik törətsə də, çöl adamı yolu hava ilə, heyvanın hənirtisi, günəşin çıxıb-batması, ulduzların düzülüşü ilə bilir. 1846-cı ilin fevral soyuğu iliklərə işləyəndə Uldan yükünü yerə qoydu, ay parçası kimi bir oğlu gəldi dünyaya. Bu kəndin ətrafındakı qonşular onlara həyan oldular. Jabay çöl adamı idi. Böyük bir məşəqqəttdən canını və ailəsini qurtarıb, Jambıl diyarına sığınanadan sonra, rahatlıq tapmışdı. Elə buna görə də Jabay oğlunun adını Jambıl elinə uyğun olaraq “Jambıl” qoydu.
Səhrada qadının işi nə ola bilər? Ər səhər tezdən evdən çıxıb heyvan-qara üçün ot-ələf dalınca, odun-oduncaq, ev üçün azuqə dalınca gedər, yurtada qalan oğul uşaq da ananın buyruğuna müntəzir olardılar. Biri heyvanları örüşə aparar, biri sağılmış südü tədaürk edər, axşam da örüşdən qayıdan mal-heyvanı yerbəyer edib, oğul-uşağı, ailəni rahatlayardılar. Qışı yurtanın içərisində qoyulmuş isti sobanın hesabına qızınardılar. Qazax türkcəsində çadıra “Yurt, Jurt”- deyirlər. Keçədən hazırlanan bərli-bəzəkli Yurtaların başının üstündəki mərkəzdə olan yumru şanırakın ipini çəkər, evin havasını dəyişərdilər. Yurtanı ona görə dairəvi qururlar ki, səhra küləkləri onu aşırmasın, soyuq içəri dolmasın, Belə qurulmuş çadırların içərisi qışda isti, yayda sərin olur. Belə olur çöl işi, çöl məişəti, çöl adəti.
Jambıl da uşaqlıqdan bu səhralarda at sürüsü, heyvan sürüsü saxlayan qonşuların əhatəsində oldu. Çobanlıq edirdi. Çoban ki, sürünü səhralara yaydı, işi-gücü gözəl təbiət mənzərəsindən zövq alıb aləmi seyr etmək idi. Ətrafda kitabı-yazısı olan adam yox idi ki, təhsil alaydılar. Eşitdikləri ana- nənələrin mahnıları, böyük kişilərin rəvayətləri idi. Bu yerlərdə həm də saza-sözə böyük qiymət verərdilər. Əlində dombra və ya saz olan birsi bir tayfa içinə gəldimi, qonşu tayfalardan olanlar da həmin elə yığışardılar. Saz, dombra çalan aşıq söz qoşub, dastan söyləyərdi. Gördüklərindən danışıb, çöl adamını xəbərdar edərdi. Burada əlində saz gəzdirən adam həm də elin söz aparıb-gətirəni, alimi-üləması , dərd yelkəni idi. Söz qoşub oxuyan təkcə kişilər deyildi, qadınlar da elin məişətini, güzəranını bayatı- layla kimi oxuyub bir-birinə ötürərdilər.
Jabayın oğlu Jambıl 14 yaşına yetişmişdi. Əlində dombra görən adamın yanından əl çəkməzdi. Atası onun dombraya meyl etməyindən heç xoşhal deyildi. Lakin Jambıl fürsət düşən kimi Jetisu yaylaqlarında dombranı əlinə alıb, dizin üstünə, ürəyinin üstünə sıxardı. Simlərin ahəngdar səsi səhra küləklərinə qarışıb, pərdə-pərdə yayıldıqca, Jambıl da o musiqilərin müşaiyəti ilə söz qoşub oxuyardı. Ancaq özü də bilmirdi ki, bu dediyi şerləri, mahnıları necə başa gətirir. Özünün haqq aşığı olduğundan xəbəri yox idi. Anası Uldan oğlunun səsinin və istedadının heyranı idi. Lakin Jabay kişi, hər vəclə oğluna mane olmaq istəyirdi. Deyirdi ki, beş-on dənə heyvanımı kim idarə edəcək. Atası razı olmasa da, anasının xeyir-duası ilə bir gün yurdu tərk edib, mahallarından xeyli uzaqda yaşayan Suyunbay Aronulının evinə gəldi. Suyunbay el aşığı idi. Arda-bərədə Jabay kişinin yaşadığı tərəflərə gedəndə Jambılın səsini dinləmiş, qoşub söylədiyi küylərə qulaq asmışdı. Bilirdi ki, bu uşağa ustadlıq etsə, gözəl gələcəyi ola bilər. Onun haqdan bir aşıq olduğuna inanmışdı. Nə az, nə çox, Jambıl 6 il aşığın yanında qalıb, dərs aldı, həm də ona şəyirdlik etdi.
Elə lap gənc yaşlarında özünü öz yazdığı şer ilə belə təqdim edirdi:
Bir qarlı-tufanlı, qara gecədə
Jambıl dağlarının ətəklərində
Nə bir xoş gün gördü, nə də güzəran,
Anam məni
bu dünyaya gətirdi...
El camaat yurtumuza
yığışdı,
Atam da
adımı “Jambıldır”-dedi.
Dərsini ustadlardan aldı. Yaşıdı və
dostu Abay Kunanbayev idi. Onunla ona görə dost olmuşdu
ki, Abay Kunanbayev də bəy-xan insafsızlığına,
sinfi münasibətlərinə qarşı idi. Abay Kunanbayev kəndlinin, aulda yaşayan yazıq
insanların, zəhmətkeş insanların tərəfini
tutub atasından dönmüşdü. Özünün
varidatı ilə kənd-kəsəkdə oxumağa meyli olan
uşaqlara dərs keçib, kitab oxudurdu. Hər
ikisi atalarından incik idilər. Bir də
ki, onları dombra-söz kimi qarşılıqlı
maraqları, söhbətləri var idi. Ustad
məclislərinə gedərdilər.
O
vaxtın toyları-düyünləri də
aşıqsız, akınsız keçməzdi. Qazax dilində
ifadə etsək, bütün toylarda akınlar dombra
çalar, aytıs deyər, jır söyləyər, tolqav
açar, dastan
danışardılar. Toy sahibinin istəyinə görə, bəzən
15 gün toy çalınardı. Ucu-
bucağı görünməyən boz səhralardan qonaqlar
axışıb toya gələrdilər. Ona
görə də hər gələn qonağı layiqincə
qarşılamaq üçün toylar bir neçə gün
uzanardı.
“Aytış” sözü bizim türkcəmizə “deyişmə” deməkdir. Artıq söhbəti-sözü,
şerləri, aytışları el-el gəzən
akını böyük ustad akınlar öz aralarına
almışdılar. Qazax elinin, yurdunun məşhur akınları ,öz
dövrünün söz və sənət sahibləri
olan Aygümüş xanım,
Bakıtbay, Sarı aşıq, Sarbaş, Kulanayan, Dosmaqambet,
Şaşubay, Kulmanbet, Maykot kimi böyük el
aşıqları onunla söz alıb, söz verirdilər,
deyişmə məclisləri təşkil edirdilər.
Ardı gələn sayımızda
Dilqəm Əhməd
Türküstan.-
2021.- 28 sentyabr-4 oktyabr.- S.16.