Faiq Ələkbərlinin Rəsulzadə
haqqında kitabı nəşr olundu
AMEA
Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı
elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının
(BAO) Türk Dünyası ilə əlaqələr üzrə
müavini, fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin
“Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi
görüşləri: milli həmrəylik və azərbaycançılı”
adlı monoqrafiyası “Elm və təhsil” nəşriyyatında
işıq üzü görüb. Monoqrafiya Azərbaycan və
Türk dünyasının böyük oğlu, Azərbaycan
Cümhuriyyətinin qurucusu, politoloq, sosioloq, filosof-mütəfəkkir
Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi
görüşlərinə, milli həmrəylik (solidarizm) və
azərbaycançılıq təlimlərinə həsr
olunub. Öncə, monoqrafiyada M.Ə.Rəsulzadənin sosial-fəlsəfi
görüşləri kontekstində sosial-demokratiya, milli
demokratiya, liberalizm, islamçılıq,
müsavatçılıq cərəyanları hərtərəfli
şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin
sosial-fəlsəfi görüşləri ilə birbaşa
bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm)
təlimi dünyəvilik və türk fəlsəfəsi
kontekstində araşdırılmış, bu cərəyanla
bağlı sosial-fəlsəfi fikirləri şərh
olunmuşdur. Monoqrafiyada M.Ə.Rəsulzadənin azərbaycançılıq
təliminin banisi kimi “Azərbaycan” milli ideyasının
sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı
şəkildə tədqiq edilmişdir. Eyni zamanda, monoqrafiyada
M.Ə.Rəsulzadənin qafqazçılıq,
türkçülük, ya da yeni turançılıq və
Türk federasiyası məsələlərinə dair
baxışları da geniş şəkildə öz əksini
tapmışdır.
Monoqrafiyadan
fəlsəfə, sosial fəlsəfə, sosiologiya, siyasətşünaslıq
və başqa elm sahələrində çalışan
mütəxəssislər – alimlər, tələbələr,
magistrlər, doktrantlar, eyni zamanda geniş oxucu kütləsi
faydalana bilər.
Qeyd edək ki, müəllif böyük azərbaycanlının, Azərbaycan
Türk bilgəsinin elmi-fəlsəfi, siyasi-ideoloji, sosial-fəlsəfi
yaradıcılığı ilə bağlı 1999-cu ildə
magistr işi (“XX əsrdə
Azərbaycan xalqının fəlsəfi fikir
tarixində Məhəmməd Əmin Rəsulzadənin rolu”), 2005-ci ildə isə fəlsəfə
üzrə fəlsəfə doktorluğu
dissertasiya işi (“XX əsrdə
Azərbaycanın ictimai-siyasi və fəlsəfi
fikir tarixində Məhəmməd Əmin
Rəsulzadənin yeri və rolu”) yazıb müdafiə edib.
Eyni zamanda, F.Ələkbərlinin
2007-ci ildə “Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü” əsəri
öncə Quzey Azərbaycanda, daha sonra 2014-cü ildə
Türkiyədə nəşr olunub. Bütün bunlarla
yanaşı, müəllif böyük
filosof-mütəfəkkir, tanınmış dövlət xadimi M.Ə.Rəsulzadədən onlarla elmi və publisistik məqalələr yazaraq
bir çox konfrans və simpozium-larda
məruzələr edib.
Türküstan.- 2022.- 22-28 fevral. S.
13.