Altaylardan Uludağa türk dünyasında Bursa
vaxtı
Tarixin dəyişiminin
başlandığı yer - Osmanlı bəyliyindən cahan
dövlətinə çevrilən böyük
imperatorluğun ilk paytaxtı Bursa. Antiq Bitinya, Pers, Makedoniya, Roma, Bizans,
Anadolu, Səlcuklu və Osmanlı uyqaqlıqlarına ev sahibliyi etmiş və o mədəniyyətləri
günümüzə qədər özündə yaşadan
şəhər. Hər tərəfi cənnəti
xatırladan Bursanın meşə örtüyü Türkiyənin
digər bölgələrindən daha çoxdur, Uludağda
və ətrafında dünyanın ən nadir ağacları
yetişir. Hər daşı,
torpağı, tini, döngəsi, kilsəsi, camisi qədim bir
dövlətin tarixi, yadigarı, termal suları buynuzlu İskəndərdən
bu günə qədər şəfa qaynağıdır.
Yorğun şəhər deyil Bursa, yaşamaqdan
usanmayıb, keçən hər gün filizlənir, həyata
tutunur, canlanır. 2022-ci il
başlayandan bu gizəmli şəhər qollarını daha
geniş açaraq Türk Dünyasını qoynuna alır. Mart ayı boyu şəhərin bir neçə
yerində çadırlar qurulub Novruz şənlikləri
keçirildi, tonqallar qalandı, bütün türkdilli
ölkələrin musiqi və rəqs qrupları bayram şənliyini
canlandırdılar. Anladılması mümkün olmayan
o gözəl tabloda Türk Dünyası bir can,
bir nəfəs kimi görünürdü. Dünyanın
yetərincə topu-tüfəngi, Yer üzünü bir andaca
məhv etməyə qadir nüvə silahı var. Ancaq
dünya əlcə boyda sevgiyə, barışa, mərhəmətə
möhtacdır. Bir məqsədi də var
bu sirli şəhərin. Yaxın illərdə
dünyanın mədəniyyət paytaxtı olmaq.
Türk
dilində danışan xalqlar və ölkələr
arasında dostanə və qardaşlıq əlaqələrini,
ortaq türk mədəniyyətini, dilini, sənətini, adət-ənənələrini
gələcək nəsillərə çatdırmaq məqsədi
daşıyan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) qərarı ilə Bursa 2022-ci il
Türk Dünyasının Mədəniyyət Paytaxtı
elan edildi. YUNESKO-nun Yaradıcı Şəhərlər
siyahısına da daxil edilən Bursa bu il dünyanı
başına toplayacaq kimi görünür - tarixi ilə, xalq sənəti
ilə, qədim mədəniyyəti, gözəl təbiəti
və mənəviyyatı ilə insanı içinə
çəkən ürəyi ümid qaynağı
insanları ilə.
TÜRKSOY
ilə yaradılan iş birliyi çərçivəsində
Bursa ilboyu Altaylardan Uludağa Türk Dünyası ədəbiyyatçılarının,
şair və ozanlarının saz-söz sənətinə,
dastan deyişmələrinə, şeir-qəzəl gecələrinə,
mədəniyyət və sənət sərgilərinə,
türk xalqlarının qadın rəssamlarının bir
arada buluşmasına, qədim və müasir türk mədəniyyətinin
fotolarda nümayişinə, beynəlxalq kitab fuarlarına,
qarşılıqlı muzey sərgilərinə, simpoziumlara,
musiqi festivallarına, milli teatrlara, Qorqud Ata Türk
Dünyası Film Festivalına, fərqli coğrafiyalarda
yaşayan uşaqların milli oyun şənliklərinə,
sırf türk gələnəyinə məxsus milli idman
növlərinə, at yarışlarına, yağlı
güləş, qırqpınar, göçəbə
oyunlarına, fərqli türk mətbəx mədəniyyətlərinə
ev sahibliyi edəcək. Bundan başqa, türk
xalqlarından gətirilən rəmzi ağac əkilməsi
kampaniyaları təşkil olunacaq, Bursanın tarixi yerləri
bərabərcə ziyarət olunacaq. TÜRKSOY-a görə
insanlıqla yaşıd bir tarixin, zəngin mədəniyyətin
varisləri olan türk xalqlarının bütün yönləri
ilə dünyaya anladılması və dünya mədəniyyətində
haqq etdiyi yeri tutmasına ehtiyacı var. Yuxarıda qeyd etdiyimiz
kimi, Bursanın hədəfləri növbəti illərdə
Avropanın və dünyanın Mədəniyyət
paytaxtı olmaqdır.
Böyük
Türk Dünyasının 2012-ci ildə Astana ilə
çıxdığı bu yolda mədəniyyət
paytaxtı bayramı hər il tarixi, təbiəti
və turizm imkanları yüksək səviyyədə olan
bir türk şəhərində qeyd edilir. "Mədəniyyətlərin
buluşma noktası" adını daşıyan Türkiyənin
dördüncü böyük şəhəri Bursa bu il Türk Dünyasının Mədəniyyət
Paytaxtıdır. Altaylardan Uludağa türk
coğrafiyasında Bursa vaxtıdır bu il.
Ta qədimdən sənaye və ticarət mərkəzi,
tarım və turizm bölgəsi, şəfalı termal
suları, əl sənətləri və xalq sənətləri
şəhəri Bursanı ziyarət etməyə, milli və
modern mədəniyyətlə qucaqlaşmağa tələsin.
İl boyu tədbirlər təkcə
Bursanın mərkəzində deyil - Osmanlı yadigarı
Cumalıkızıkda, Gölyazıda, İznikdə, Trilyedə
və başqa turistik yerlərdə də təşkil
olunacaq.
Uluçinar,
Cumalıkızık, İznik, Gölyazı, Trilye
Osmanlı dövlətinin böyüməsində və
zəfərlər qazanmasında, sonra da Türkiyə
Cümhuriyyətinin iqtisadiyyatının, sənayesinin
inkişafında Bursanın rolu və mövqeyi birincidir. 1361-ci ildə
Ədirnənin fəthindən sonra Osmanlının Rumeli
torpaqlarının paytaxtı Ədirnə, Anadolu
torpaqlarının paytaxtı Bursa olur. 1453-cü
ilə - İstanbulun fəthinə qədər bu statusu davam
edir. Odur ki, günün indisində də
Bursanın hansı tərəfinə getsən tarixin və mədəniyyətlərin
izi ilə qarşılaşacaqsan. İpək
və toxuculuq deyəndə dünyada ilk ağıla gələn
yerlərdən biri Bursadır. İpəkçilik
və toxuculuq tarixi 1600 illik tarixi əhatə edən şəhər
sonralar Osmanlının ipək və toxuculuq paytaxtı
olmuşdur.
Yeddi əsrdir
qaya kimi dimdik dayanan uluçinar hər il
yenidən yeşərir və kölgəsində yüz minlərlə
turistə yer verərək, Bursanın iqtisadi inkişafına
önəmli təsir göstərir, insanların yaşam
qaynağına çevrilir. 18-20 metr çevrəyə malik
bərəkətli ağacın altında Osmanlı
zamanında yeniçerilərə maaş
verilirmiş. Bursanın markasına çevrilən
uluçinarı görməyə, kölgəsində xurma
tatlısı ilə çay içib şəkil çəkdirməyə
dünyanın dörd bir yanından turistlər
axışır.
Cumalıkızık Osmanlı imperatorluğunun ilk
dönəm memarlığının örnəklərini
indiyədək yaşadan tarixi köydür. Dar döngələrdən
köyə girdinmi, daxil olursan yeddi əsr öncəyə.
Hər tərəfi tarix qoxuyan köyü
dövlət də, köylülər də göz bəbəyi
kimi qoruyur. Cumalıkızıklıların
yaşam tərzi də bir başqadır, mədəniyyətin
ən gözəl nümunəsi olan əl sənəti həm
də köy əhalisinin yaşam qaynağıdır.
Maraqlı suvenirlər, xanımların tikmələri,
hörmələri, naxışları, bəzək əşyaları,
gəlinciklər, nişan hədiyyələri
və mətbəxə aid nə varsa qədim türk mədəniyyətinin
varlığını özündə yaşadır. Nə zaman getsən dünyanın dörd bir
yanından turist axını sel kimidir, onlar insanları ilə
bir-birlərini tamamlayan bu sirli köyü heyranlıqla ziyarət
edirlər. Cumalıkızık 2014-cü
ildə YUNESKO-nun Dünya Mədəni İsr Siyahısına
alınaraq nadir inci kimi qoruma altındadır.
İznik sanki yaşayış məskəni deyil, minillərdir
açıq hava altında antik muzeydir. Bursanın
şimal-şərqində yerləşən İznik antik
dövrlərdə "Altın şəhər"
adlanırmış. Tarixi o qədər qədimdir
ki, araşdırıb ortaya çıxarmaq çətin
olduğundan əfsanələrə istinad edilir. Roma,
Bizans, Səlcuklu və Osmanlı mədəniyyətlərinin
arxeoloji və etnoqrafik qalıntıları ilə birləşərək
muzeyləşmiş şəhərdir. Türklər
inanırlar ki, bu sehrli şəhər Makedoniya kralı
böyük İskəndərin komandanları tərəfindən
milatdan əvvəl 279-da qurulmuşdur, qoynunda izi olmayan
uyqarlıq yoxdur. Yalnız sultan Orhan bəy
tərəfindən 1331-ci ildə fəth edilərək
Osmanlı sultanlığına qatılıb. İznik antik yapısı, tapınaqları, kilsə
və məbədləri ilə hələ də
dünyanı heyrətə sala bilir.
Gölyazı, masmavi suların içində cənnətin
bir guşəsi. Bursanın Nilufər ilçəsinə
bağlı məhəllədir Gölyazı və dərin
yarımadanın üstündə qurulmuşdur. Yazılı qaynaqlardan bilindiyinə görə
miladdan əvvəl altıncı yüzillikdə tikilən
şəhər Bizans dönəmində dini ibadət yeri kimi
istifadə olunurmuş. Gölyazının
möcüzəsini anlatmaq sözlə mümkün
olmadığından hər kəsə o cənnəti
görməyi arzulayıram.
Trilye. Bir yeri kəşf etmənin ən doğru yolu,
oranı gəzib görməkdir. Çox
qədim memarlıq mədəniyyətlərini özündə
yaşadan Trilye Bursanın Mudanya ilçəsində, Mərmərə
dənizinin sahilindədir. Cinli-pərili
evləri belə bu qədim, əsrarəngiz yerlərdə
görmək mümkündür. Xanlar,
hamamlar, kilsələr, tapınaqlar, camilər, yat
limanları, tərtəmiz, şəffaf dəniz havası,
daha nələr. Trilye 1330-dan Osmanlı
idarəsinə girmiş, özündən əvvəlki mədəniyyətlərlə
bərabər, türk mədəniyyətini də
özündə yaşatmışdır.
"Hacivat
Qaragöz" oyunu
Türk xalq teatrının bir qolu olan "Hacivat
Qaragöz" oyunlarının tarixi 7-8 əsr əvvəllərə
dayanır. Əfsanəyə görə, oyunun qəhrəmanları
Bursada yaşayan Hacivat və Qaragöz məşhur Ulu caminin
inşasında çalışırlarmış. Hacivat hiyləgər və kələkbazın biri,
hər kəsin nəbzini tutmağı bacaran
fırıldaqçıymış. Fağır
və sadəlövh Qaragözə yalandan vədlər verib
öz yerinə işlədir, sonra o biçarəni
çalışıb ailəsinə para qazanmaqdan çəkindirib
özü ilə gəzib-tozar, işləyənlərə də
mane olarmış. Vaxt-vədə
yetişir. Orxan qazinin dediyi vaxtda cami
hazır olmur və günahkar Hacivatla Qaragöz hesab edilir.
Hər ikisinin də başı kəsilərək edam edilir. Bu edamdan sarsılan
şeyx Küstəri uzun zaman kədər içində
yaşayır və onların xatirəsini yaşatmaq
üçün kuklalar düzəldib pərdə
arxasından oynatmağa başlayır. Bununla
da təkcə Türkiyədə deyil, dünyada nadir incəsənət
növü olan kukla oyununun - "Hacivat Qaragöz" Türk
Xalq Teatrının əsası qoyulur. Fəlsəfi
və təsəvvüf düşüncə məqsədli
bu oyun bursalıların, sonra da bütün türk
xalqlarının sevimlisinə çevrilib. "Hacivat Qaragöz" bir
neçə il əvvəl Azərbaycan
teatrsevərlərinin də qonağı olmuş,
alqışlarla qarşılanmışdır.
Sağlıq
turizmində məmnuniyyət
Bursa coğrafi və iqlimi baxımdan torpaqlarının
çoxu şəfa qaynaqlı termal sularla zəngindir. Tərkibindəki
kükürd, radon və duz baxımından olduqca zəngin
fiziki və kimyəvi özəlliklərinə görə
Avropanın termal sularından daha çox öndədir.
Qaynaq zənginliyi baxımından Türkiyə
dünyada ilk 7 ölkə arasındadır. Bursanın termal qaynaqları bir turizm cənnətidir.
Xəstəxanalarda müalicə ilə bərabər,
qapalı termal su hovuzları fəaliyyət göstərir.
Müalicə alan xəstələr hər
gün hovuzlardakı qaynar kaplıca sularında da müalicə
alırlar. Təbii müalicəyə
üstünlük verən insanlar kimyəvi dərmansız
sağlam yaşam üçün Bursanı və Türkiyənin
termal suları olan başqa bölgələrini seçir. Bursadakı
kaplıcalar onlarca xəstəliklərin aradan
qaldırılmasında əvəzsizdir.
Beynəlxalq
Türk Mədəniyyəti Təşkilatının
(TÜRKSOY) martın 30-da Bursada keçirilən
"Bursa-2022" Türk Dünyasının Mədəniyyət
Paytaxtı açılış mərasimində bildirildi ki,
Bursa il ərzində türk dünyasının əsas mədəniyyət
mərasimlərinə ev sahibliyi edəcək bu qədim şəhər
rəsmi heyətlər başda olmaqla qonaqlarına qucaq
açır. TÜRKSOY-un Daimi Şurasının martın həmin
gün keçirilən iclasında elan edildi ki, 2023-cü ildə
Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhəri olacaq.
Sağlıq olsun, gələn il Türk
Dünyasını Qafqazın incisi, müqəddəs ziyarətgahımız,
ruhumuzun şüşəsi Şuşa qarşılayacaq.
Rəsmiyyə RZALI
Qarayeva
Türküstan.-
2022.- 17-23 may.- S.4.