“Türkün dilində
yazılmış hər bir şeir dəyərlidir”
“Türküstan” qəzetinin suallarını Dünya Gənc
Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı cavablandırır.
-
Əkbər bəy, Dünya Gənc
Türk Yazarlar Birliyinin (DGTYB) dövlət qeydiyyatına alınmasının 10 ili
tamam olur. İstərdik söhbətimizə 10 il öncəni xatırlamaqla
başlayaq. Necə yarandı DGTYB?
-
Diqqətinizə görə təşəkkür edirəm. Bildiyiniz
kimi, DGTYB 1998-ci ilin sentyabrında - qazaxların sözü ilə desək
qırxüyək ayında Qazaxıstanın Türkistan şəhərində təsis
olunub. 1999-cu ilin iyununda isə uluslararası ictimai birlik olaraq dövlət
qeydiyyatına alınıb. Yeri gəlmişkən,
mən DGTYB-nin yubileyi münasibəti ilə yalnız DGTYB üzvlərini
deyil, bütün yaradıcı gəncliyi, ədəbiyyata can yandıran hər
kəsi, Türk Dünyası sevdalılarını təbrik etmək istərdim.
Böyük
çıxmasın, DGTYB-nin yaranması zamanın tələbi idi. Bizdən öncə
Dünya Türk Gəncləri Birliyi yaranmışdı - 1992-ci ildə.
Yadımdadır, mən hələ 1997-ci ildə Bakıda bu Birliyin
Başqanlar Toplantısında çıxış edərkən Türk Dünyası gənclərinin
birliyi yönündə müşahidə etdiyim çıatışmazlıqlardan söz açmışdım.
Sonra-1998-ci ilin may ayında Ankarada keçirilən bir sonrakı Başqanlar
Toplantısında DTGB-nin altqurumlarının, yanqurumlarının yaxud DTGB
platformasında dayanan, fərqli ixtisas sahibi olan gəncləri birləşdirən
qardaş birliklərin yaradılmasını təklif etdik, təklifimizi geniş
şəkli ilə əsaslandırıb, örnəyi, yazarlar arasında birliyi
sağlamaq üçün səy cöstərə biləcəyimizi ifadə
etdik. Bu, DTGB-nin o zamankı Başqanı Talqat Əhmədişinin Birliyin həyatında
yeni aşamaya keçilməsinin zərurəti barədə məruzəsindəki
fikirləri ilə də səsləşirdi. Talqat bəy
qarşılıqlı görüşlərin, həsrət gidərmələrin,
tanışlıqların gözəl olduğunu, ancaq bütün bunların artıq bitlavasitə
işə çevrilməsini, konkret sonuclara bağlanmasını təmənna
edirdi, biz də eynən elə düşünürdük. Nəhayət Toplantı
nümayəndələrinin yekdil qərarı ilə, Türk Dünyası gənc
yazarlarinin birliyini gerçəkləşdirmək üçün Təşkilat Komitəsi
yaradıldı. Uzun sözün qısası, 1998-ci ilin sentyabrında Xoca Əhməd
Yesəvi yurdunda keçirilən VIII Türk Dünyası Gənclik Günləri
və Qurultayında arzuolunan qurumun Dünya Gənc Türk Yazarlar Birliyi
adı ilə yaradılması gerçəkləşdirildi. Bununla da Türk Dünyası ədəbi
gəncliyinin təşkilatlanması baş tutdu; istedadlı gəncliyin üz
tutacağı yeni (fərqli!) ünvan oluşdu; sağ duyulu türk gəncliyi
toplumun, ulusun, dünyanın halını bədii ədəbiyyatda əks
etdirməyə, ədəbi məh-sulların mübadiləsinə,
yeni yaradıcılıq mükalimələrinə stimullaşdı; bununla da “Türkün
səsi” toplusu işıq üzü görməyə başladı.
Ayrıca
respublikamızın özündə ədəbi mühitin canlanmasında, sağlam rəqabət
ortamının yaranmasıda heç şübhəsiz ən önəmli çalışmalar məhz
bizim adımızla bağlıdır. Təbii, daha geniş danışmaq olar, ancaq deyirəm
hələlik bununla yetinək.
-
Aydındır. Mən ikinci sualımı verim, Birlyinizin adında böyük bir etnos və
böyük bir coğrafiya əks olunub. Bəs reallıqda necə, DGTYB Türk
Dünyasının nə qədər gənc yazarını özündə birləşdirir?
-
Ənənəvi söz də olsa deyim, biz təbii, kəmiyyət
yox, keyfiyyət marağındayıq. İstəsəydik - hər “diləkçə”yə
“hə” cavabı vermiş olsaydıq, indi yüzlərlə üzvümüz olardı. Digər
tərəfdən fərqli ideoloji məkanlarda, fərqli
quruluşlarda yaşayan, ayrı-ayrı dövlətlərin vətəndaşları
olan gənclərin bir çatı altında birləşməsi Sizə elə
də asan gəlməsin. Biz söykəndiyimiz dəyərləri
qutsal sayırıq. Ona görə də hər nə qədər eyni
soydan, eyni boydan olan yazarları birləşdirsək də məhz
tüzük gərəyi sənəd təqdim etmiş, istedadına güvəndiyimiz,
habelə yaşamını professional ədəbiyyata adamış yazarlara
üstünlük veririk. Bir olay da var - əgər üzvümüz Birliklə
ardıcıl təmasda bulunmursa, biz onun üzvülüyünü, necə deyərlər,
həqiqi üzvlük saymırıq. Bununla belə, Türk Dünyasının önəmli bir
hissəsində təmsil olunuruq, ardıcıl yazışmalar aprdığımız, fikir
mübadiləsində bulunduğumuz dəyərli üzvlərimiz var.
Onların çoxu öz ölkəsində, toplumunda, ədəbi-ictimi mühitdə
səz sahibi olan insanlardı.
- Birliyə üzvlükdə hansısa meyarlar
varmı? Məsələn, birliyə yalnız milli mövzuda yazan yazarlar
qəbul olunur və s.
- Əsas
meyar istedad, Nizamnaməni qəbul etməkdir. Mövzu məsələsinə gəldikdə, açığını deyim, səmimiyyətlə,
Nizami müəllimin (prof.dr. N.Cəfərov nəzərdə tutulur - red.) sözü olmasın, sadəlöhvcəsinə yazılmış,
türkün dilində (fərq etməz hansı türkcədə olur-olsun) yazılmış hər bir şeir
bizim üçün dəyərlidir. Türkcədə gözəl yazmaq
özü elə millilik deyilmi, dilə, mədəniyyətə
xidmət deyilmi?
Bu anlamda bic-vələdüzna,
öz soyundan, kökündən qopmuş, havadan asılmış (göylərə ünvanlanmış, göy üzünə yazılmış yox ha!) şeirləri - əgər şeir demək olarsa, bizm hadisə
saymırıq, ümumiyyətcə
saymırıq, doğma bilmirik.
-
Birliyin bütün Türk Dünyasını içinə alan hansı layihələri var?
-
Türksoylu xalqlar arasınada ədəbi-mədəni ilişkilərin
inkişafı və möhkəmləndirilməsi sahəsində
çalışmaq; «Ortaq türk dili və əlifbası»nın formalaşdırılmasının
perspektivini araşdırmaq, ortaq türk dəyərlərinin qorunmasına,
aktuallaşmasına səy göstərmək; gənc yazarların
toplantılarını, görüşlərini təşkil etmək; ayrı-ayrı mədəniyyət
və sənət birlikləri ilə qarşılıqlı - yararlı əməkdaşlıq
ilişkiləri qurmaq; nəşr, çeviri işi ilə məşğul olmaq,
kitabxanalar qurmaq; istedadlı gəncləri, türk mədəniyyəti
qarşısında böyük xidmətləri olan fikir və söz adamlarını ödülləndirmək
kimi görəvlər məhz üstənməyə çalışdığımız işlərdəndir.
Cari, perspektiv çalışmalarımızda əsasən bu dediklərimizə
köklənib.
Türk
Dünyası gənc şair, yazıçı və bilim adamlarının yaradıcılıq örnəklərinin
toplandığı “Türkün səsi” topluluarının nəşrini (indiyədək 8
sayı işıq üzü görüb), Füzüli Uluslararası Şeir Yarışmasını (iki dəfə),
Türk Dünyası Şeir Şölənini örnək gəstərmək olar. Həmçinin
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının dəstəyi ilə araya-ərsəyə
gətirdiyimiz vebsaytı (www.dgtyb.org) da bu sıraya aid edərdim. Digər
çoxsaylı işlərimizdən də danışa bilərik, lakin onlar bəzən
bir ölkəni, yaxud iki-üç topluluğu əhatə etmişdir.
- Ümumiyyətlə hazırda gənc türk
yazarlarının yaradıcılığında aparıcı mövzular hansılardır?
- Burada birmənalı fikir söyləmək
çətindir. Deyək ki, hər nə qədər şeirin sınır
tanımayan əzəli-əbədi mövzuları olsa da (Tanrı eşqi, sevgi,
həsrət və s.), bununla belə deyək ki, Türkiyəli
yazarla Altaylı yazarın, Qazax yazarı ilə Kərküklü yazarın şeirləri
həm mövzu, məzmun, həm də forma baxımından bir xeyli fərqlilikləri
özündə daşıyır. Əslində bu fərqlilik problem deyil, bu bir
xalçanın ilmələri kimi, bir ustanın işlədiyi fərqli
naxışlar kimi gözəldir. Gözünlə yox, ruhunla oxuyanda görürsən
yakutun da, çuvaşın da, özbəyin də, uyğurun da, tatarın da, balkarın
da ürək çırpıntısı eynidir, qələm fərqli coğrafiyalarda, fərqli
əllərdə eyni ritmlə döyünüb... İstər-istəməz
deyirsən: “Bu dərd mənə tanış gəlir”. İstər-istəməz
bütövlüyə, birliyə, ortaq keçmişin energetikasına qayıdış, bəlkə
inersiya ilə ora gediş görünür soy qardaşlarımızın şeirlərində...
Şair
Niyaz Nəsirin bir sözü var: Xalq ruhunun cəsarəti! Bax, mən
bu sözü burada xatırlatmaq istərdim. Bir çox hallarda türk insanı nədən
yazıbsa da xəlqilik, ruhsallıq və cəsarət özünü göstərib.
-
Toplumun milli hədəflər uğrunda mubarizəyə səfərbər
olunmasında ədəbiyyatın böyük rolu var. Xüsusən də nəzmin.
Necə düşünürsünüz, Xəlil Rzadan, Bəxtiyar Vahabzadədən
və digər milli mübarizə carçılarından sonra gələn nəsil
cəmiyyəti toparlamaq gücündədirmi?
-
Hər dövrün öz sözü, hər sözün öz dövrü var, deyiblər. Ulutürkün,
şerimizin Bəxtiyarının yaşayıb-yaratdığı günlərdən bizi böyük
zaman ayırmır. Onların milli ruhlu şeriyyəti kəsintiyə uğrayıb
deyə bilmərik. Əksinə bəlkə daha dərin məzmen
daşımağa, daha çağdaş, amma məhz milli ruhlu şeirlər yazılmaqdadır.
Yeni nəsildən Dəyanət Osmanlı, Elçin İsgəndərzadə,
Elxan Qaraxanlı, Sərvər Məsum, Rəsmiyyə Sabir, lap
yeni nəsildən Namiq Hacıheydərli, Hafiz Hacxalılın adını çəkə
bilərəm.
-
Bir zamanlar Türk Dünyası Yazarlar Birliyi də yaradılmışdı. Belə deyək,
böyüklərin birliyi... Amma xeyli vaxtdır bu birlikdən səs-soraq
yoxdur. Hesab etmirsiniz ki, bu birliyi yeni biçimdə, dövrün yeni tələblərinə
uyğun şəkildə qurmağa ehtiyac var?
- Mən o birliyin fəaliyyəti barədə
bilgisizəm. Görünür, çalışma, hərəkət yoxdur.
Bu
yerdə oxucularınıza, biz DGTYB yönətimində təmsil olunan
yazarların artıq ya Birliyin adını dəyişmək, ya da bu birlikdən
istefa verib, sükanı daha gənc qüvvələrə verib, başqa bir
birlik yaratmaq barədə fikir alış-verişində olduğunu da
açıqlamaq istərdim. Görək, bəlkə də bu sorulara payıza doğru Kırımda aydınlıq gətirə
bildik.
-
“Türküstan” oxucularına sözünüz.
Əkbər QOŞALI
Altaylardan
qopan atlar
Getdiyi
göy yoluydu.
Altaylarda
doğan Aylar,
Biz çıxanda
doluydu.
Altaylardan qopan
atı,
Daha kimsə
minmədi,
Altaylardan qopan
atlar,
Ağ köpüklü
dənizlərə
Çatmayınca dinmədi.
Biz çıxanda Ay doluydu,
Biz getdikcə Ay Yolu
Ayağımız üzəngidə
əyildi,
Yay-oxumuz qırılanda,
Ay göylərdə bir yay kimi
gərildi.
Biz
çıxanda Ay doluydu,
Çıxdıq
oldu Aypara.
Ay Altayda dolunaydı,
Avropada Aypara.
Altaylardan qopan
atı,
Bir də,
bir də minərmi olam?!,
Altaylardan qopan
atın
Ağ köpüklü
dənizədək
Dinmədiyni görərmi
olam?!,
Altaylardan qopan
atlar
Avropanı nə
vaxt adlar?!.
Gəmiləri
İstanbulun eşqinə
Qılıncımı suvararam
«Babək» deyən bir cüt qolun eşqinə
Böyüdərəm doğma
yurdu
Xətainin başladığı
ulu yolun eşqinə
Yaşamaram künc-bucaqda
onun-bunun eşqinə
Yaşayaram TURAN adlı bir acunun
eşqinə
Yad sözlərə
tövbə deyib
Öz dilimdə
danışaram
Dədə Qorqud
eşqinə
Bu duyğudan kənar türkün yaşamı nə,
Eşqi nə?!.
Türküstan.- 2009.- 5-11 iyul.- S. 5.