Aygün Bayramova məsuliyyətli Leylidir

 

“Hər tamaşadan sonra elə bil ağır yükün altından çıxıram”

 

O, Opera və Balet Teatrının Leylilərindən biridir. Sənətə uşaqlıqdan gəlib, yaxşı ustadlardan dərs alıb. İndi onun öz dəsti-xətti, öz yolu var. Qonağımız başını aşağı salıb işi ilə məşğul olan, muğam ifaçısı, muğam qədər ağır, sanballı Aygün Bayramovadır.

 

- Sizinlə eyni dövrdə yaşadığımızdan yaradıcılığınız gözlərimin qarşısında inkişaf edib, uşaqlıqdan tanıyıram sizi, balaca Aygünü…

 

- Hə, o vaxtlar hər şey başqa idi, tələbəlik illəri daha maraqlı idi, sənətə daha məsuliyyətlə yanaşardıq. Asəf Zeynallı adına musiqi məktəbində bir yerdə oxuduğumuz uşaqlarla indiyə qədər əlaqələrimiz var. Bir-birimizlə zəngləşirik, görüşürük, sevincimizdən, kədərimizdən xəbərdarıq. İndi nə dərslə maraqlanırlar, nə birini o birinin taleyi maraqlandırır. Heç nəyə həvəs yox, ancaq telefon, internet, oyunlar, məktublaşmalar. Dərsdə zəng gəlir, tələbə xahiş edir ki, müəllimə, anamdır e, olar cavab verim. Dərs də pozulur. Maraqsızlaşıb, mənasızlaşıb hər şey. Nə isə, bunlar bir yana, dediyiniz o balaca Aygün böyüyüb.

- Bilirəm artıq ustadsınız, tələbələriniz var, bura qədər balaca Aygünün keçdiyi yoldan, böyümə prosesindən danışaq.

- Doqquz yaşımdan oxuyurdum, qardaşımın da yaxşı səsi vardı, “Qarabağ bülbülləri”ndə oxuyurdu. Gördü səsim var, tutdu əlimdən apardı məni o vaxtkı “Pionerlər evi”nə. Oxutdurdular məni, “Qarabağ şikəstəsi” oxudum. Dedilər yaxşı səsi var, gələcəyi böyükdür. Ondan sonra elə festivallara  gedirdik, oxuyurduq. 1980-ci illərdə rəhmətlik Xeyransa Məmmədova ki, oxumağa başladı, kiçik yaşı ilə böyük əsərlər aldı çiyinlərinə, oxudu, böyük də uğurlar qazandı. Allah rəhmət eləsin, yaxşı ifaçı idi, dünyasını tez dəyişdi. O vaxt Heydər Əliyev fərman verdi ki, rayonlarda nə qədər istedadlar var üzə çıxarılıb gətirilməlidir  Bakıya ki, onlar musiqi təhsili alsınlar, Azərbaycan muğamı, musiqisi inkişaf etsin. Müsabiqələr başlandı, mən də iki dəfə müsabiqənin qalibi oldum. Bülbül adına Orta İxtisas Musiqi məktəbinə qəbul olundum və getmədim. 1985-ci ildə bir də müsabiqədə iştirak etdim və yenə keçdim. Bu dəfə münsiflər heyətinin üzvləri İslam Rzayev, Şövkət xanım, Arif müəllim soruşdular ki, qızım, bu nə məsələdir sən hər il qəbul olunursan, amma gəlmirsən? Dedilər bəlkə atan icazə vermir? Atam dedi yox, özü ürək edib ata-anasından ayrılıb gələ bilmir, evin kiçiyidir, ərköyündür. Arif Babayev bizim kənddə çəpər qonşumuz idi, o, da məni dilə tutdu. Axır ki, qərar verdim və bu dəfə artıq Asəf  Zeynallı adına musiqi məktəbinə oxumağa gəldim. Oxuduğum müddətdə İslam Rzayevlə, Arif Qazıyev Muğam Teatrını yaratdılar. Şövkət xanım  mənim 4 illik ustadım dedi ki, yaxşı, istedadlı uşaqları götürürlər get ora. Mən də axırıncı kursda idim, getdim İslam Rzayev dedi bu qızın səsini dinləyib Asəf Zeynallıya mən qəbul etmişəm, indi heç oxumağına ehtiyac yoxdur, ürəyi istəyir qoy, oxusun. Balaca Şur-Şahnaz ifa etdim. Çox işlədim orda, sonra da Musiqi Konservatoriyasına qəbul olundum. Orda da Arif Babayevdən dərs aldım.

- Müəllim sarıdan bəxtiniz gətirib…

- Çox xoşbəxtəm o sarıdan. Hərdən düşünürəm ki, bu günlərimizi Arif müəllim gördü, uğurlarımıza sevinir,  kaş Şövkət xanım da görə biləydi. O qədər gözəl insan idi, hərdən bizə evində dərs keçirdi. Qapıdan girən kimi soruşurdu ki, ac deyilsiniz? Deyirdik yox, deyirdi gözümün içinə bax, yalan deyərsən ha..., gəl keçək mətbəxə görək nə var, mən də acam. Sənəti ilə bərabər böyük insan idi. Bilirdi ki, valideynlərimiz yanımızda yoxdur, onların göstərdiyi qayğını göstərməyə çalışırdı. Adamın üzünə baxanda necə insan olduğunu bilirdi. 

- Özünüz indi bir ustadsınız, sizcə tələbələrininz sizin barənizdə belə məhəbbətlə danışarlar?  

- Bax onun bizə qarşı olduğu münasibəti mən də öz tələbələrimə göstərməyə çalışıram. Onlar da bizim o vaxt çıxıb gəldiyimiz kimi valideyn yanından çıxıb gəliblər. Bizə yaxşı qayğı göstərilirdi, qalmağa yerimiz də var idi. İndi tələbələrimiz hamısı kirayədə qalırlar. Soruşuram, maraqlanıram ki, pulunuz varmı, nəyəsə ehtiyacınız yoxdur ki, başqasını deməyin, elə müəllimənizə-mənə müraciət edin deyirəm. Elə münasibət yaradıram ki, tələbə çəkinməsin. Bir də görürsən bir tələbə o birindən utanır, o saat  hiss edirəm. Çağırıb yanıma deyirəm ki, çəkinmək lazım deyil, hərənin öz qavrayış səviyyəsi var. Muğamın elə şöbələri var ki, bəzi tələbələr onu gec qavrayır. Tələbə var izah edirsən götürür yazır diktafona, telefona ki, sonra da qulaq asıb diqqətlə öyrənsin

- Sizinlə çiyin-çiyinə çalışan tələbəniz var?

- Bir yerdə yox, başqa musiqi oğaqlarında çalışırlar.

- Muğam Teatrında nə qədər işlədiniz və Opera və Balet Teatrına necə oldu gəldiniz?

- Bir 10 il Muğam Teatrında işlədim. Eyni vaxtda məni Opera və Balet Teatrına dəvət edirdilər. Mən ürək eləmirdim, gəlirdim tamaşalara, baxırdım, öyrənirdim. Çox məsuliyyətli işdir, opera səhnəsi fərqli səhnədir. Burda yalnız səs çox azdır, rola girməyi, obraz yaratmağı da bacarmalısan. Özü də bir-neçə saat həm ifa etməlisən, həm obrazda olmalısan. Həm də mən bu səhnəyə gələndə artlq tamaşaçı məni tanıyırdı, qəbul edirdi. Bu da mənə ikiqat çətin idi ki, birdən yeni ampulada qəbul edilmədim və qazandığım imici də itirdim. Şükür ki, bütün bu məsuliyyətlə yanaşmağım bəhrə verdi, bu səhnədə də qəbul olundum, özü də Leyli kimi.

- Mənsum müəllim Məcnunu neçə dəfə ifa etdiyini sayır, siz neçə dəfa Leyli olmusunuz?

- Vallah, mən saymamışam, çox oynımışam.

- Bəs, neçə Məcnun dəyişmisiniz?

- Çox vaxt Mənsum İbrahimovla oynamışam,  Səbuhi İbayevlə oynamışam. Mənim üçün çox məsuliyyətli işdir, tamaşadan bir həftə sonra özümə gəlirəm.  Elə bir ağır bir yükün altından çıxıram.

- Leylinin sevgisini səhnədə oynamaq üçün onu həyatda yaşamaq lazımdır?

- Yaşamadan da dərk edə bilərsən, gərək obrazın məsuluyyətin anlayıb, bütünlüklə obraza daxil olursan. İfaçı var ki8, səhnədə obrazdaikən zalda kimin oturduğunu da görür. Məndən soruşurlar ki, gördün məni, gəlmişdim tamaşana. Mən görə bilmərəm, orda tamaşaçını görsəm, deməli o tamaşa alınmayıb. “Leyli və Məcnun” psixoloji tamaçadır, onu elə-belə oynamaq mümkün deyil. İlk dəfə Leylini məşq edəndə reyissorumuz Hafiz Quliyev dedi ki, sən səhnədə, tamaşada Aygün deyilsən, xahiş edirəm bunu dərk et, ya Leyli ol, ya da alınmayacaq. Tamaşadan çıxdın, yenə Aygünsən. Bu sözlər mənim qullaqlarımda səslənir, mən tam Leyli oluncaya qədər. Bəzən ifa zamanı tamaşaçını görəndə mənfi təsir alıram, bütün tamaşaçılarda müsbət enerji ola bilməz axı, əgər tamaşa vaxtı mənfi enerji alsam, oynaya bilmərəm, ona görə də elə zalı hiss etməsəm daha yaxşıdır.

Başqa operalardan heç danışmırsınız...

- “Leyli və Məcnun” etalondur, ondan yuxarı yoxdur

- Yəqin idmanı da Leylinin xatirinə edirsiniz?

- Yalnız Leyliyə görə yox, səhnədə olan adam gərək formada olsun, görkəmi də zövq oxşasın.

- Bütün bunlar çox yaxşı, amma qadın üçün ailə xoşbəxtliyin başlanğıcıdır...

- Hələ ki, ailə qurmamışam, , subayam.

- Subaylıq sultanlıqdır?

- Həmişə yox, amma  sənət adamının ailəsi barədə danışıb hər şeyi açıq ortaya tökməyini xoşlamıram. Ona müqəddəs, toxunulmaz  bir şey kimi baxıram. Düzdür, ailə böyük xoşbəxtlikdir, olar də...hələ nə var.

- Xarici səfərləriniz çox olur...

- Biri barədə siz artıq yazmısınız, təzə gəlmişəm, birinə də hazırlaşıram, inşallah.

- Uğurlar olsun.

 

 

Ramilə

 

Üç nöqtə.- 2010.- 18 dekabr.- S.15.