“Sovetski”, “İçəri şəhər”, bir də “Sanka zver”

 

Bunlar Fuad Poladov üçün həyat məktəbi olub

 

O, bir də sənətini dəlicəsinə sevir

 

Bugünkü müsahibimi dərin, olduqca dərin bir dəryaya bənzədirəm. Çox sakit görkəmi var o dəryanın, təbii ki, onun dərinliklərində təlatümlər, fırtınalar baş verir. Dərinliyinə baş vurduqca yeni qatlar açılan, açıldıqca müəmmalılığını özündə saxlayan dərya ilə aktyor (yox yalnız “aktyor” kəlməsi onun sənətinin böyüklüyünü ifadə edə bilmir, sadəcə Fuad Poladov demək daha böyük məna verir) Fuad Poladov arasında qəribə bir bənzərlik görürəm. Bu dəryanın önündəyik, bəlkə bir dərinliklərə baş vurmağa cəhd edək...

- Bilirəm ki,  sənətə orta məktəbdən kinoya çəkilməklə gəlmisiniz...

- 10-cu sinifdə oxuyarkən kinostudiyanın nəzdində yaradılmış aktyorluq kurslarına daxil oldum və oradan kinoya dəvət aldım. 132 nömrəli məktəbdə oxuyurdum, o da İncəsənət İnstitutu ilə üzbəüz idi. Bəzən diplom tələbələrin tamaşalarında da uşaq rollarında oynayardım. İnstitutun rektoru məni orda görüb dəvət etdi institutda təhsil almağa... Amma peşəkar səhnəyə kinodan gəlmişəm.   

- İncəsənət İnstitutunda Tofiq Kazımovun kursunda təhsil aldınız, sonra o sizi Milli Dram Teatrına dəvət etdi və ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında Savalan rolunu oynayıb teatrın ştatına götürüldünüz. Eyni vaxtda kinostudiyada da çalışırdınız?

- Yox, kursları artıq başa vurmuşdum və teatra bağlandığım vaxtlarda kinodan uzun müddət ayrıldım. Teatrda artıq ciddi surətdə repertuara daxil oldum.

- Artıq televiziya tamaşalarına da çəkilirdiniz...

Mənim uşaqlıq xəyalımda Emin Bəxtiyarov böyük iz buraxıb, niyə o tamaşaları vermirlər, bilmirəm...

- Deyəsən, lentləri bərpa etməyə ehtiyac var, ona görə.

- O obrazlarınıza indiki zaman bucağından baxmaq çox maraqlı olardı. Emin Bəxtiyarov nifrət qazanan bir obraz idi, mənfi demək istəmirəm, amma ona o nifrəti məharətlə qazandırmışdınız. Bu, deyirlər, aktyorun ustalığıdır?

- O nədir, deyə bilmərəm, amma məni indi də bəzən küçədə “Alov”, “Atayevlər ailəsi  tamaşalarından tanıyırlar. Baxmayaraq ki, mən o obrazların hər ikisində oynamaqdan imtina etmişdim. Mərhum Lütfi Məmmədbəyov çox israrla mənə o rolları oynadıb.

- İndi deyirsinizmi ki, nə yaxşı o vaxt o obrazları oynamışam, çünki fərqli və maraqlı xarakterlərdir...

- Əlbəttə. Televiziyada onlardan sonra, Ramiz Həsənoğlu ilə “Fatehlərin divanı” maraqlı oldu, bir də Mehriban Ələkbərzadə ilə “Cəza”  maraqlı işlərdən biri idi. 

- Lap bu yaxınlarda həmkarlarımdan biri “Təhminə və Zaur” tamaşasındakı Zaur obrazınızdan danışarkən dedi ki, onun pencəyini çıxarıb atmaq jesti özü səhnədə bir tamaşadır.

- Təşəkkür edirəm o həmkarınıza.

- Sizin teatr tamaşalarındakı bütün obrazlarınızın siyahısını çıxarıb onlar haqda söhbət aça bilərdim, amma eləmədim. Yəqin ki, özünüz də oynadığınız “bütün obrazlar yüksək səviyyədədir” fikrindən uzaqsınız, ona görə yalnız məndə iz buraxan, yadda qalan  obrazlarınızdan danışmağa üstünlük verdim. Filmoqrafiyanızda 37 film adı var, Rasim Ocaqovun “Ad günü” filmi də, amma ordakı rolunuz yadıma düşmədi?

- Doğrudan 37-dir?.. Təəccüblü gəldi mənə, kinoda ondan çox az obrazın adını çəkə bilərəm.  Onların çoxunu hesaba salmıram, birini rejissorun xatirinə oynamışam, başqa birini nəyinsə xatirinə. İndi eləmərəm e, o vaxt cavan olmuşam. Məsələn, elə “Ad günü”ndə Rasim Ocaqov birtəhər başımı tovladı, xahiş etdi ki, bunu ancaq sən edə bilərsən.

- Teatrdakı rollarınız belə yadda qalıb- Napaleon, Hamlet, Sezar, Bunin.... Siyahını artıra bilərsiniz?

- Hə.. Timonla, İblislə... bunlarla artıra bilərəm.

- Keçək filmlərinizə. Eyni dövrlərdə çəkilmiş bir sıra filmlər oldu- “Arxada qalmış gələcək”, “Ovsunçu”, “Günaydın, mələyim”, “Güllələnmə təxirə salınır”, “Küçələrə su səpmişəm”. Bu filmlər çəkildiyi illərdə gənc rejissorların dəyirmi masası oldu və orda deyildi ki, nə qədər Fuad Poladov çəkiləcək və təkrar edəcək? Başqa aktyor yoxdur? Fikir o baxımdan deyilirdi ki, yəni əvvəlki rejissorlar, eyni aktyorlar, imkan versinlər biz də çəkək, yenilərini gətirək...

- Götürək o obrazları, bir-bir gözdən keçirək, hansı bir-birini təkrar edir, elə mən o dörd filmdəki rolları kinoda uğurlu hesab edirəm.

- “Arxada qalmış gələcək” filmini də?

- Düzdür, zəif filmdir, amma Qarabağ hadisələri ilə bağlı olduğu üçün mənə əzizdir. O mövzuda ilk rolumdur. Hesab etmirəm ki, bu rollar bir-birini təkrar edir. Ola bilsin ki,  bir-birinin ardınca ekranlara çıxdığı üçündür...

- Və kimlərisə qıcıqlandırıb...

- Ay, sağ olun...

- “Ovsunçu”dakı obrazınız maraqlı və böyük obrazdır, amma elə bil ssenari onu açmaq iqtidarında deyil. Təhsil görmüş, yüksək səviyyəli bir insanı zamanın, dövrün saldığı vəziyyət daha qabarıq verilməli idi...

- Kənardan elə görünə bilər, amma mən hesab etmirəm ki, açılmayıb. İnqilabdan əvvəl aristokrat, xaricdə təhsil almış insan indi sadəcə zamandan intiqam almaq istəyir. Dəstəyə başçılıq edir, axırda da özünü vurur. Bu qəhrəmanın, bir növ, etirazıdır, quruluşa protestidir. Bəlkə hansısa bir səhnə ilə daha da açmaq olardı, amma bədii material o idi.

- Deyirlər Gürcü kino məktəbi, İran kino məktəbi var, Azərbaycan kino məktəbi yoxdur, amma məncə “Bir cənub şəhərində”, “Güllələnmə təxirə salınır” kimi filmlər Azərbaycan kinosunun məktəbidir,- demək olar...

- Mən bu siyahıya “Axırıncı aşırım”,  “Şərikli çörək”, “Bizim Cəbiş müəllim” filmlərinin də əlavə edərdim.

- Rasim Ocaqov rəhmətlik deyirdi ki, mən müharibədən film çəkə bilmərəm, çünki o dövrü yaşamamışam. Nəyi yaşamışamsa onu ekrana uğurla gətirə bilərəm. Sizin “Güllələnmə təxirə salınır”da yaratdığınız Xan ona görə canlı alınıb ki, öz yaşadığınız mühiti, gözünüzün qarşısında baş verənləri oynamısınız - Bakı mühitini...

- Elədir. Mən o cür insanları görmüşəm, onlarla yaxınlığım olub. O vaxt bir məşhur “oğru” var idi,  ümumittifaq miqyasda tanınırdı. “Sanka zver” ləqəbli - adı Cabir idi. Onunla ünsiyyətdə olmuşam, dəfələrlə.

- “Banda”sına qoşulmamısınız?

- Təəssüflər olsun ki, (gülə-gülə deyir) yox. Yaxın tanıdığım insanlar olub. “Sovetski”də böyümüşəm, məktəb dostlarım da İçərişəhərli uşaqlar olublar.

- Məktəbdir...

- Bəli, böyük həyat məktəbi.   Əgər o obraz belə canlı alınıbsa, bunların böyük təsiri var.

- O filmdə yaxşı sillə vurmağınız var, həyatda kimisə elə vurmusunuz?

- Cavanlıqda olub, mən də vurmuşam, məni də vurublar, çox şələ-şulux uşaq olmuşam, indi dalaşan deyiləm. 

- Həyatdan sillə almısınız?

- Elə sillə ala-ala gedirik də...

- Sizi  zərbə  kimi tutan”  söz olub?

- Çalışmışam ki, o vəziyyətə gətirib çıxartmayım. Hiss etmişəm ki, irəlidə “söz silləsi” ala bilərəm, onu dəf etməyi bacarmışam.  Həyatdan da alacağım zərbələri əvvəlcədən qabaqlamışam.

- Dost bildiyiniz adamlarla münasibətdə də?

- Bəli, əvvəlcədən o həddə çatmağa qoymuram.

- Yəqin  zərbə ala biləcəyinizi hiss edəndə sınmırsınız, sınsanız, sonra necə güc tapıb düzəldərsiniz qəddinizi?

- Həyatda keçdiyin yol var e, həyat universitetləri, həmin anlarda onlar insana çox kömək edir.  Hələ gənc ikən, uşaq ikən yan-yörəndə sınan, əyilən, tapdanan, əzilən insanları o qədər görürsən ki, bu vəziyyətə düşməməyi öyrənirsən, bu situasiyalara düşəndə necə çıxmaq lazım olduğunu öyrənirsən. 

-Deməli, həyatın nəbzini tuta biləcək qədər siyasətçisiniz?

-Həyatda hə, amma siyasətin ifrat formasında yox. Bir dəfə bir həmkarım başqa bir adam haqqında qəzəblə danışdı mənim yanımda ki, o qoymadı məni inkişaf etməyə, qol-qanad açmağa. İntiqamımı mən almasam, oğlum alacaq, o, belə, o, filan. Üstündən az bir müddət keçmiş,  müşavirədə bu adam durdu həmin adam haqda elə yüksək fikirlər dedi ki, mat qaldım. Çıxanda çalışıb onunla üz-üzə durdum ki, gözlərimin içinə baxsın.  Baxdı... qulağıma da pıçıldadı ki “ə..siyasətdi də”...Tutdum yaxasından, çəkib özümə tərəf mən də onun qulağına pıçıldadım ki,  hər şeyin öz adı var, bu siyasət deyil.... Ona görə indi siz işlətdiniz, mən onu dəyişmək istədim.

- Uzaqgörən olar?

- Hə...Ola bilər.

- Amma siyasətçisiniz də. Sizə verilən suallara diplomatik cavablarınızın şahidi olmuşam. Amma  bu siyasətcillik bayaq dediyinizdən deyil ha...

- Bildim, onu mənə deyənlər olub, radikallığı sevmirəm. Tərbiyəmi,  ya başqa bir şeymi... nə isə radikal olmağa qoymayıb. Çalışmışam nə radikal müxalifət olum, nə də iqtidar, obyektiv fikir, düzgün mövqe yaxşıdır.  Hər şeyin öz forması var.

- Təbii ki,  ziyalılığı itirməmək şərti ilə.

- Ay sağ ol. Deyirsən,  sözün arif adama çatırsa, bu kifayətdir.

- İnternetdə haqqınızda bir tamaşaçınız belə yazıb “Səhnə adamı”, belə çıxır ki, sizi yalnız belə görür tamaşaçı?

- Yox, niyə ki, mən dost kimi də yaxşı dostam.

- Yaxşı dost da indi nadir tapıntıdır.

- Təəssüf ki, itirə-itirə gedirik. Ailə başçısı kimi də yaxşı olmağa çalışıram, ata kimi də, sadəcə səhnəni dəlicəsinə sevirəm də, yəqin bu fikir ondan irəli gəlir.

- Bəs, dəlicəsinə sevmək düzgündür?

- Ola bilər düzgün deyil, amma elədir...

- Səhər işə gedincəyə qədər düşüncənizi nə məşğul edir? İşə qədərki Fuad...

- Əgər teatrda, yaxud filmdə obraz yaradacaq prosesdəyəmsə artıq gecədən gözlərim yumulunca, bəlkə yuxuda da, səhər duran kimi də yalnız o obrazla yaşayıram.

- Xanımınıza heç qibtə etmədim...

- Hə...ona görə də bəzən inciklik olur. Məndən evdə söz almaq çətindir, inciyəndə deyirəm vallah, işim danışmaqdır də, gün ərzində o qədər danışıram ki, qoyun indi dincəlim. Yolda gedəndə də bəzən məşq edirəm, bir də görürəm, ətrafdan baxırlar, sən demə ucadan danışmışam, düşünüblər ki, havalanıb, nədir...

- Hansı halda “iş gördüm” deyirsiniz?

- Çox nadir halda, həmişə hazır obrazıma baxıb deyirəm, burda niyə belə eləmişəm. Hər tamaşadan sonra özümü qınayıram, tənqid edirəm, düşünürəm ki, növbəti dəfə bunu  başqa cür edərəm. Teatrın üstünlüyü odur, bu gün eləmədiyini sabah düzəldə bilərsən, başqa cür edə bilirsən. Özümə baxmağı sevmirəm, həmişə səhv tapıram deyə. Bununla belə işimdən, sənətimdən  zövq alıram...

- Qayıtdınız evə, bir uşaqla, evin qayğısı ilə maraqlanırsınız?

- Beynimin bir kurəsi məşğulkən belə, bir ailə başçısı, ata kimi borcumu, vəzifəmi unutmuram. Əlbəttə maraqlanıram, hər səhər bazarlığı özüm edirəm, evdə hər şey olduğuna əmin olmasam, işləyə bilmərəm.

- Heç ailəni diqqətdən kənarda qoyduğunuz, özünüzü qınadığınız olub?

- Yəqin ki. Ailəyə qarşı bacardığım qədər diqqətli olmağa çalışıram. Mənim üçün ən birinci ailədir, işdə fikrim ailənin yanında qalmasın deyə, az qala  riyazi hesabla hamısını yerində, vaxtında edirəm.

- Maddi, yoxsa mənəvi kapitala üstünlük verirsiniz?

- Təbii ki, mənəvi.

- Hollivudda maddi kapitalınız da bol olardı.

- Valideynlərlə vətəni seçə bilməzsən, seçilməzdir. İmkan düşüb, dəvətlər olub, getməmişəm. Türkiyədə çəkilişlərdə oldum, müəyyən olunan vaxtdan bir az uzandı, dilxor olmuşdum. Geridəkilərdən, ailədən nigaran qaldım.

- Bayaq dediniz sənəti dəlicəsinə sevirəm, elə bildim başqa heç nəyi, heç kimi sevməzsiniz.  

- Ailədən sonra!

 

 

Ramilə QURBANLI

 

Üç nöqtə.- 2010.- 25 dekabr.- S.15.