“Ozan” Çelyabinskdə Azərbaycan
həqiqətlərini yayır
Rafael Quliyev: “Biz televiziyalara yol taparaq Xocalı
soyqırımını tanıtdırırıq”
DÜNƏN “RİA Novesti” Beynəlxalq Xəbər Agentliyinin
binasında Rusiyanın Çelyabinsk Vilayətində fəaliyyət
göstərən “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin
Çelyabinsk regional təşkilatının sədri Rafael
Quliyev mətbuat konfransı keçirib. Konfrans “Ozan” mərkəzinin
10 illik fəaliyyətinin ildönümünə həsr
olunmuş tədbirlər sırasında keçirilib. Rafael
Quliyev bildirdi ki, “Ozan”ı yaradarkən qarşımızda bir
fikir var idi ki, Azərbaycandan gələn
soydaşlarımızı qarşılayaq, yerləşdirək.
« Fəaliyyətə
başladıqdan sonra hiss etdik ki, yeni vasitədən istifadə
etməliyik. Bu məqsədlə də “Ozan” qəzetini təsis
etdik və artıq 41-ci sayı işıq üzü
görüb. İndi də hiss edirik ki, qəzetdən də
artıq bir iş görməliyik. Başladıq kitablar,
jurnallar çap etdirməyə. Bu gün Rusiyada elə bir ali
məclis yoxdur ki, bizim səsimiz eşidilməsin.
Qarşıda duran planlarımıza gəldikdə isə qeyd
edim ki, Azərbaycan-Rusiya əlaqələrini inkişaf etdirmək
üçün 2011-2012-ci illər üçün plan
hazırlamışıq və bunun üçün də Azərbaycan
Mədəniyyət Nazirliyinə müraciət etmişik.
Biz, çalışırıq ki, azərbaycanlı biznesmenləri
Çelyabinskə, onların biznesmenləri isə Azərbaycana
sərməyə qoysunlar. Bu gün azərbaycanlı müəllim
– professorlarımız, həkimlərimiz, biznesmenlərimiz
Çelyabinskdə ilk onluğa düşürlər”.
Konfransda «Üç nöqtə»nin “Çelyabinskdə
yaşayan ermənilərlə azərbaycanlıların
münasibəti necədir və onlar hansısa problemlər
yaratmırlar ki?” - sualını cavablandıran R.Quliyev
bildirdi:
“Onlar hər zaman bizim arxamızca gəlirlər. Ancaq
çata bilmirlər. Onlar bizimlə rəqabət apara bilmirlər”.
İkinci sualımıza - “Ozan” Azərbaycan həqiqətlərini
və Xocalı soyqırımını necə təbliğ
edir?” cavabı belə oldu: “Biz,
Çelyabinskdə Xocalı soyqırımının, Azərbaycan
həqiqətlərinin təbliğ olunması
üçün xeyli işlər görmüşük. Qəzetimiz
vasitəsi ilə təbliğat aparırıq, internet
saytımız fəaliyyət göstərir. Bundan əlavə
televiziyalarda materiallar yayırıq. Düzdür, müəyyən
tapşırıqlar olur və problemlər yaradırlar. Ancaq
biz müxtəlif vasitələrlə tapıb televiziyalara yol
tapırıq və materiallarımızı yayırıq”.
Məhərrəm
Üç nöqtə.- 2010.- 25 dekabr.- S. 5.