«Həyatımın
hekayətləri»nin qısa hekayəti
Əziz Alpoud: «Heç şübhə etmirəm ki,
üçrəngli bayrağımız Millət Məclisinin
binası üstündə yenə də dalğalanacaq»
Giriş əvəzi:
İnsan həyatı qısa olduğundan onun baş
hekayətləri də qısa olur. Ancaq həyatda
bəzən elə adamlar doğulur
ki, onların baş hekayətləri bütöv bir xalqın
baş hekayətinə çevrilir. Bilmirik, 93 il mühacir
ömrü sürmüş və Azərbaycanda heç
kəsə məlum olmayan bir insanın hekayəti belə
hekayətlər cərgəsinə qatılacaqmı?
Azərbaycanlı mühacirin nadir əlyazması
tapıldı
Ölkə mediası
bir neçə gün öncə “Azərbaycanlı
mühacirin nadir əlyazması tapıldı”
başlığı ilə bir xəbər yaydı. O xəbərdə Azərbaycan mühacirətinin
naməlum isimlərindən olan Əziz Alpoudun indiyə
qədər geniş oxucu kütləsinə, elmi -
ədəbi ictimaiyyətə məlum olmayan və heç
bir yerdə nəşr edilməyən 600 səhifəlik
“Həyatımın hekayətləri” adlı memuarı
haqqında qısaca bilgi verilmişdi. Bir jurnalist kimi bu
xəbərə qayıtmağa bizi nə sövq etdi? Təbii orda yazılanlar: 1905-ci ildə Tiflisdə
ermənilərin azərbaycanlılara qarşı
törətdikləri qırğınlar, 1918-ci ilin mart
soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti
dövrü, XI Qırmızı Ordunun Azərbaycanı
işğal etməsinin gizlin məqamları, Ənvər
Paşanın Bakıya gəlişi, 20 -
ci illərdə baş verən bolşevik
repressiyalarının təfərrüatları, Bakı,
Rostov, Moskva, Tambov, Arxangelsk və Xolmoqorı
həbsxanalarında güllələnmə hökmü
ilə sürgünlük və dustaq həyatı yaşayan
müəllifin - Əziz Alpoudun
ölüm düşərgəsindən qurtulduqdan
sonra əvvəl İrana, sonra
isə Türkiyə və Almaniyaya mühacirət
etməsi, həbsxanada olarkən SSRİ-nin xarici işlər komissarı
Çiçerinlə, sonralar isə Atatürk və Hitlerin
yavəri ilə keçirdiyi görüşlər...
Xatırladaq
ki, bu memuarı Azərbaycan oxucusu ilə tanış edən
yazar Zakir Sadatlıdır. Elə müsahibəni də ondan
alırıq.
-
Zakir bəy, öncə bu memuarı necə
tapdığınız
barədə məlumat verərdiniz?
- Əslində mən o onu
tapmamışam, o məni tapıb. Özü də xoş
bir təsadüf nəticəsində.
-
Bəs deyirlər, təsadüflər olmur, hər
şey zərurətdən doğur.
- 1998-ci ildə şəxsi
arxivimdəki sənədləri gözdən keçirirdim
və əlimə rus dilində yazılmış bir
məktub “düşdü”. Uzun illər idi ki,
saxlayırdım. Yenidən götürüb
oxumağa başladım. 8 səhifəlik olan o məktub
1953-cü il mart ayının 24-də Paris
şəhərindən Əkbər ağa
Şeyxülislamzadə tərəfindən məşhur
Gəncə üsyanının başçılarından
birinə - İstanbulda yaşayan Cahangir bəy
Kazımbəyliyə ünvanlanmışdı.
Əkbər ağa bəy öz dəst-xətti ilə
yazdığı məktubda Azərbaycanın
mühacirətdə yaşayan görkəmli ictimai-siyasi
xadimləri haqqında qısa da olsa məlumat verir,
Azərbaycanın bolşevik işğalına məruz
qalmasının səbəblərini analitik olaraq anladır,
eyni zamanda ayrı-ayrı şəxslərin
müstəqillik zamanı
və müstəqillikdən sonrakı
fəaliyyətləri ilə bağlı müxtəlif
mülahizələr irəli sürürdü. Məktubda
adları sadalanan böyük şəxsiyyətlərin
demək olar ki, hamısını tanıyırdım. Orda mənə naməlum olan yalnız bir isim
vardı, o da Əziz Alpoud idi. Əkbər ağa cəmi
bircə cümlə ilə onun adını çəksə
də onu böyük tarixi şəxsiyyət kimi
xarakterizə edir və ona qarşı törədilən
haqsızlıqlardan heyrətini gizlətmirdi.
- Məktub sizin əilinizə
hardan keçmişdi?
-
Mənim əsgərlik yoldaşım
- Əkbər ağa
barəsində bəlkə bir az
məlumat verəsiniz?
-
Şeyxülislamzadə 1918-ci il
mayın 28-də Azərbaycanın müstəqilliyinə imza
atan şəxslərdən biri, o dövrün ziyalısı
və ictimai xadimidir. 1998-ci ildən bəri
Əziz Alpoud haqqında məlumat əldə etmək
istəyirdim. Nə Bakıda, nə Tiflisdə, nə
də Ankarada onun barəsində bilgi vardı. Bunun
səbəbini isə tam sonralar bildim. Və
bildim ki, Əziz Alpoud adlı bir şəxs olmayıb, bu,
sadəcə olaraq onun gizli ləqəbi imiş. Uzun illər Almaniya və Türkiyədə
mühacirətdə yaşayan Əziz Alpoudun əsl adı
isə Mirəbdüləziz Seyiddir. Ta 2008-ci ilin
dekabrınadək ümidimi tamamilə üzmüşdüm,
ancaq o vaxt Ankarada keçirilən hekayə
yarışmasındakı iştirakım Əziz Alpoudun
“tapılmasına” gətirib çıxartdı. Belə ki, orda türk yazarlarından biri Əziz
haqqında bilgisi olduğunu bildirdi və 2010-cu ilin mayında
onun köməkliyilə Əziz Alpoudun türk dilində
yazılmış bu memuar əsərini elektron variantında
mənə göndərdilər.
- Və
başladınız oxumağa. İlk
baxışdan sizi o əsərdə cəlb edən nə
oldu?
-
Tarixi şəxsiyyətlərimiz, xalqımız və
cümhuriyyət dövlətimiz haqqında ciddi və
böyük əhəmiyyət kəsb edən məqamları
tapdım.
- O məqamlar
əsasən hansılardır?
-
21-ci əsrin ortalarında mühacirətdə
yaşayan bir azərbaycanlının Azərbaycanın
müstəqilliyinə olan inamı. Bu inam o
əsərin əsas süjet xəttidir. Təsəvvür
edin, 1961-ci ildə yazılmağa başlayan bu əsərin
girişində Əziz Alpoud nə yazıb? “Heç şübhə etmirəm ki,
üçrəngli bayrağımız Millət Məclisinin
binası üstündə yenə də dalğalanacaq və
Xəzərdən əsən küləklər onu
salamlayıb oxşayacaq. Ölməyib o
günü görsəm, necə də xoşbəxt olaram”.
Bu əlyazmalarda 1903-cü ildən başlayaraq
ta ötən əsrin 70-ci illərinədək bir dövr
əhatə olunur. 1905-ci il Tiflisdə ermənilərin
Çar Rusiyasının havadarlığı ilə
azərbaycanlılara qarşı törətdikləri
qırğınlar, həmin dövrlərdə
ermənilərin Bakıda etdikləri vəhşiliklər,
ilk Azərbaycan Cümhuriyyətinin yaradılması
üçün seçilən məkan və şərait,
1918-cil il mart soyqırımının
təfərrüatları, müstəqilliyimizə doğru
gedən yollar, xilaskar Türk Ordusunun Azərbaycana
gəlişi, Xİ Qırmızı Ordunun Bakını
işğal etməsi və s.
- O dövrü
əhatə edən belə səpgili materiallar istər tarix
kitablarında, istərsə də müəllif
yazılarında geniş yer tutub. Əziz
Alpoudun qələmə aldığı bu əsərdə
daha fərqli nələr var?
-
Sözsüz ki, belə əsərlər çox
yazılıb, ancaq inanın ki, bu kitab o yazılanların tam
əksinə olaraq əsl faktlara söynənərək tarixi
məqamlarımıza yeni düzən verəcək.
- Konkret olaraq tarixi
şəxsiyyətlərimizdən kimlərin haqqında
geniş bilgi verilib?
-
Bunların adlarını sadalasaq, siyahı çox uzun
alınar. Bu kitabda bizim tarixdən
tanıdığımız və
tanımadığımız çox
şəxsiyyətlərin adları çəkilir. Fətəli
Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmmədəmin
Rəsulzadə, Nağı Şeyxzamanlı, general Tlexas, ilk
ordumuzun qurucusu, polkovnik Cahangir Cahangirbəyli, Azərbaycandan
kənarda Mirzə Kiçikxan, Rusiyada Çiçerin,
Türkiyədə Atatürk və Alparslan Türkeş,
Almaniyada Hitlerin yavəri və digər tarixi
şəxsiyyətlərimiz... Yeri gəlmişkən,
onu da deyim ki, Əziz Alpoud Atatürklə, sonralar isə
Alparslan Türkeşlə dostluq əlaqəsində olub.
Bu iki böyük şəxsiyyət ona böyük inam
bəsləyib...
-
Müəllif Azərbaycanın o vaxtkı
şəxsiyyətlərini necə xarakterizə edir?
-
Həm müsbət, həm də mənfi. Fətəli Xan Xoyski istisna olmaqla, onların
heç birini yüksək səviyyəli intellekt sahibi hesab
etməyib. Hətta, onların
bəzilərini qorxaqlıqda və milli xəyanətdə
suçlayıb. Kitabı oxuyanda elə
şok məlumatlara rast gələcəksiniz ki,
indiyədək sitayiş etdiyiniz şəxslər bir göz
qırpımında öz funksionallıqlarını
tamamalilə itirəcək.
- Əziz Alpoudun
Ənvər Paşayla
görüşü ilə bağlı hansı
gizli məqamlardan söz açılır?
-
Elə məqamlar çoxdur. Misal
üçün, 1920-ci ilin sentyabrında Bakıda
keçiriləcək şərq müsəlmanlarının
qurultayına Ənvər Paşa da nümayəndə kimi
dəvət olunubmuş, ancaq Nəriman Nərimanov onun xalqla
görüşünə bilavasitə maneçilik
törədib. Əziz Alpoud bu məqamları
çılpaqlığı ilə qələmə alıb.
Eyni zamanda həmin qurultayda türk
kommunistlərinin və başqa şəxslərin
Ənvər Paşaya etdikləri haqsız hücumlardan da
söhbət açılır.
- Daha hansı gizli
məqamlar var?
-
Onların sayı çoxdur. Təkcə onu deyim ki,
1921-ci il oktyabrın 31-də “Qurtuluş”
adlı Ümumazərbaycan təşkilatı Azərbaycanda
sovet hakimiyyətini devirməyi
planlaşdırırmış. Bu
təşkilatın mərkəzi
Çəmbərəkkənddə olub,
başçıları Həsən adlı bir şəxs,
köməkçiləri isə Ələsgər və Əziz
Alpoudun özü olub. Bu üçlük
sistemilə qurulmuş təşkilatı məxfi
şəkildə peşəkar hərbçilər və
xalqın bir çox vətənpərvər
nümayəndələri də dəstəkləyirmiş.
- Bəs, planın
həyata keçməsinə kimlər maneçilik
törədib?
-
Bu, acı bir təsadüfdən olub. O vaxtlar Nargin
adasında bolşeviklər tərəfindən
güllələnən vətənpərvərlərdən
biri o təşkilatın gizli planını ağzından
qaçırıb.
- Təbii ki, 600
səhifəlik bir kitabdakı bütün məqamları bir
müsahibəyə yerləşdirmək olmaz. Ona görə
də sonda Əziz Alpoudun həyat yolu haqqında bir neçə
kəlmə deyin?
-
Bu şəxs ötən əsrin
əvvəllərində Tiflisin 1-ci klassik gimnaziyasında
təhsil alıb, sonra Estoniyanın Tartu Dövlət
Universitetinin tibb fakültəsinə qəbul olunub. Tələbə olarkən o, universitetdə
tələbə hərəkatının liderlərindən
biri olub. Hətta, 1917-ci ilin fevral
Burjua-Demokratik İnqilabından sonra 22 yaşında
Estoniyanın rabitə və teleqraf naziri vəzifəsinə
təyin olunub. Az sonra isə
təhsilini Xarkov Universitetinin hüquq fakültəsində
davam etdirib. 1918-1920-ci illərdə Əziz
Alpoud Azərbaycanın dəmir yolları üzrə baş
hakimi olub. 1921-ci ildə çevriliş
planına görə həbs olunaraq haqqında
güllələnmə hökmü çıxarılıb
və elə bu hökm altında da sürgün olunub. Sürgün edildiyi şəhərlərin
xəritəsi də çox maraqlıdır.
- Bəs sonra?
-
Sonrası isə qalsın kitab nəşr olunan
günə...
P.S. Çap olunacaq bu kitabda
Azərbaycan Demokratik Cümhuriyyətinin ən ünlü
simalarından biri haqqında tükürpədici və
danılmaz faktlarla sübut edilən bilgiləri biz
bilərəkdən açıqlamadıq...
Babək Göyüş
Üç nöqtə.- 2010.- 15 dekabr.- S. 9.