Ən yaxın dost
O dost həyatımızı belə dəyişməyə
qadirdir
Kitabsız yaşamaq-kor, lal, dilsiz yaşamaq deməkdir.
(Sencer)
Sovet dövründən
fərqli olaraq kitaba olan marağın azlığından
xüsusən də gənclərin az mütaliə etməsindən
çox danışılır. Səbəbləri isə
müxtəlifdir. Ümumiyyətlə, “Sonuncu dəfə
hansı kitabı oxumusunuz?” - sualına əksəriyyətdən
eşidəcəyiniz cavab belə olacaq: “Məktəb
vaxtı” - yəni ev tapşırığı olaraq verilən
hansısa əsəri. Çox vaxt “nəyimə
lazımdır e... nağıl oxumaq, nə oxumuşam bəsimdi,
gedim iş-güclə məşğul olum, beş manat
artıq pul qazanım” deyənlərə də rast gəlirik.
Unutmaq olmaz ki, seçdiyin peşədən, yaşından
asılı olmayaraq mütaliə etmək həmişə
vacibdir. Əks halda sürətlə keçən zaman səni
arxada qoyacaq və sən də keçmişdən gələn
canlı ekspanat rolunu oynayacaq və beləliklə də məğlub
olacaqsan.
Əhalinin
yaşayış səviyyəsini nəzərə alsaq
insanlar daha çox kitab mağazalarına deyil, kitabxanalara
üz tuturlar. Yeri gəlmişkən, onu da qeyd edək ki,
müasir dövrdə elektron kitabxanalardan istifadə edənlər
də var. Ancaq etiraf etmək lazımdır ki, ümumiyyətlə
hər hansı bir kitabı oxuyarkən aldığın təəsüratı
heç vaxt kompyuterdə oxuduğun ədəbiyyatdan ala bilməzsən.
Bu bir başqa yazının mövzusudur.
Bəs, görəsən,
tələbələrin tez-tez üz tutduqları kitabxanalarda
vəziyyət necədir?
1922-ci ildə yaradılmış, 1939-cu ildə isə maarifçi-dramaturq Mirzə Fətəli Axundovun adı verilmiş, Azərbaycanda ən zəngin kitabxana sayılan Milli Kitabxanada nadir hallarda axtarılan kitabı tapmazsan. İlk yaranan zamanlarda 5000 nüsxə kitab olsa da, hazırda kitabxananın fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Bu Milli Kitabxanada 25 şöbə, 26 bölmə fəaliyyət göstərir.
Hər bir sahədə texnologiyanın inkişaf etdirilməsi əsas məqsəd olduğu bir dövrdə Milli Kitabxanada da 2003-cü ildən avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqinə başlanıb. Bununla yanaşı elektron kataloqun tərtib edilməsi, həmçinin kitabların elekton versiyalarının yaradılması işinə də başlanılıb. Ancaq hələ ki, oxucuların demək olar ki, 80 faizi bundan istifadə etmir. Səbəb virtual kitabxananın çox kasıb olmasıdır. Nəzərə alsaq ki, kompyuterlərin sayı məhduddur oxucuları qınamaq da olmaz. Nəticədə oxucular yenə də xeyli vaxt itirərək axtardıqları müəllifi kataloqdan tapmalı və sifariş verdikdən sonra bir kitab üçün ən azı iyirmi-iyirmi beş dəqiqə gözləməlidirlər.
Sürət əsrində bunun nə demək olduğu bizə adi görünür, xarici qonaqlara isə bu çox gülünc görünərdi. Ona görə də demək olar ki, xarici tələbələrin Milli Kitabxanamızın harada yerləşdiyindən xəbərləri belə yoxdur.
Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan Gənc Ədiblər Məktəbi (GƏM) də Axundov Kitabxanasında fəaliyyət göstərir. 2008-ci ildə təşkil edilən GƏM-in müasir Azərbaycan ədəbiyyatının inkişaf etməsində rolu böyükdür. Gənclər hər ayın birinci şənbə günü kitabxanada yığışırlar. Dərnəyin üzvlərinin çoxu hazırda jurnal və qəzetlərdə, saytlarda fəaliyyət göstərən gənc yazarlardı. Yığıncağa tanınmış insanlarlar dəvət olunur, həmçinin gənclər öz şeirlərini oxuyur və bu şeirlər müzakirəyə qoyulur. Dərnəyin fəal üzvlərinə diplomlar da verilir.
Bakı şəhərində yerləşən kitabxanalardan biri də Səməd Vurğun adına kitabxanadır. Rus və Azərbaycan şöbələrindən ibarət olan kitabxananın oxucularının çoxu azərbaycanlılardır. Fondda kifayət qədər kitab olduğunu deyən uşaq ədəbiyyatı bölməsində çalışan kiabxanaçı oxucu azlığından şikayətləndi. Oxucuların əsasən dünya ədəbiyyatına maraq göstərdiklərini bildirən nəzarətçi onları çox vaxt razı sala bilmədiyini söylədi. Çünki təzə nəşr olunan dünya ədəbiyyatı nümunələri antalogiyalarda ixtisarla çap olunduğundan oxucuların narazılığına səbəb olur.
Digər qədim kitabxanalardan biri də Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı Nizami rayon filialıdır. 1958-ci ildən fəaliyyət göstərən kitabxanada daha çox rus dilində nəşrlər yer alıb. Ümumilikdə isə kitabxanada 70 mindən çox kitab var. Prezidentin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunan latın qrafikalı kitabların kitabxanada kifayət qədər olduğunu deyən Sevil xanımın şikayəti müasir yazarlardan idi. Sevil xanım ən yeni ədəbiyyat seriyasından demək olar ki, heç bir nəşrin gətirilmədiyini dedi. “Yazarlar kitablarını verirlər kitab mağazalarına, heç olmasa bir nüsxə də olsun bizə hədiyyə vermirlər ki, qoyaq oxu zalına, gələn oxucuları da əliboş qaytarmayaq”.
Bəzən lazımsız əşya bilib kənara qoyduğumuz balaca bir kitabın həyatımızı dəyişməyə qadir olduğunu unuduruq. Doğrudan da insanın həyatında, onun bir şəxsiyyət kimi formalaşmasında kitablar qədər rol oynaya biləcək nə ola bilər?
Məşhurlardan biri belə deyib: “Kitablar heç vaxt səni aldatmayacaq yoldaşdır”. Onlarla dost olmağa dəyər.
Türkan ZAMANOVA
Üç nöqtə.- 2010.- 6 noyabr.- S. 10.