Qurbanınız qoyun olsun!
Qurban bayramı və ya
Dini qurban kəsmə bayramı — İslam aləmində ən
möhtəşəm bayramlardan biridir. Bütün müsəlman
aləmində hər il hicri təqvimi ilə Zilhiccə
ayının 10-cu günündən başlayır və adətən
üç gün davam edir. Mərasimlərdə qoyun,
qoç, inək, dana və ya dəvə kəsilir.
Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir,
bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər
pay verilir, qurban kəsən özü də bərabər pay
götürə bilər. Ənənəyə görə
dilənçi və kasıblar bayram günü ac
qalmasınlar deyə bu gün mərasimlərə dəvət
olunurlar.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban
kəsmə mərasimi
İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar
günahdan təmizlənmək,
qəzəblənmiş Allahın
könlünü almaq
və s. nəzərdə
tutulurdu.
Hicrinin (Məhəmməd Peyğəmbərin
Məkkədən Mədinəyə
köçməsinin) ikinci
ilindən sonra dini qurban kəsmənin
İslam aləmində
başqa məqsədləri
və səbəbləri
yarandı. Belə ki, dini qurban kəsmə İslam aləmində böyük ruh yüksəkliyi, dindarlıq,
xeyriyyəçilik, başqalarına
kömək etmək kimi əlamətlərə
yiyələndi.
Dini qurban kəsmə İbrahim Peyğəmbərin
həyatında baş
verən əhvalatdan sonra yaranıb. Yuxuda Allah İbrahim
peyğəmbərə oğlu
İsmayılı qurban
verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda da
yazılıb.
Allaha qəlbən yaxın
və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər
oğlu İsmayılı
qurban kəsməyə
hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı"
da deyirlər.
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi
mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir
çox dinlərdə
insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı
odda yandırırdılar.
Onlar bu yolla Allaha
yaxın olduqlarını
göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə
təbii fəlakətlərdən,
daşqınlardan hifz
olunmaq üçün
uşaqları suya atırdılar.
İslam dünyasının ən
müqəddəs bayramlarından
sayılan Qurban bayramı bütün müsəlman ölkələrində
təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik
əldə etdikdən
sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il
27 oktyabr tarixli "Azərbaycan Respublikasının
bayramları haqqında"
Qanununa əsasən Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində
bayram edilir.
Üç səmavi
dinin - Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif
formada qurbanlıq mövcuddur. Lakin İslamda bu
ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb
edir. Onun əsasında Allaha
sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı
durur.
İnsanları halallığa, paklığa
səsləyən Qurban
bayramının çox
maraqlı tarixi və şərtləri
var.
Qurban bayramı
islam aləminin
ən möhtəşəm
və müqəddəs
bayramıdır, dərin
tarixə malikdir və hər il dünya müsəlmanları
tərəfindən qeyd
edilir. Bu bayram
özü ilə hamıya saflıq, təmizlik gətirir.
"Rəbbin
üçün namaz
qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür",
"Biz hər bir ümmət üçün
bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi
dördayaqlı heyvanların
üstündə (onları
kəsdikləri zaman)
Allahın adını
çəksinlər" kimi
münasibətlər göstərilir.
Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər
deyir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış
və müsəlmanların
sünnəsinə (yoluna)
əməl etmişdir".
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır.
Quranda yazılıb:
"Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız
çatır".
İnsan Allahın yaratdığı
ən şərəfli
və ən üstün məxluqdur. Allah özünün yaratdığını
özü yolunda qurban kəsilməsini qəbul etmir.
İsmayıl Qurbanında kəsilən
heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq
kimi seçilən heyvan qoç, iribuynuzlu dana,
yaxud da dəvə olmalıdır.
Nəsil
artımında dişi
heyvanların müstəsna
rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır.
Lakin dana,
yaxud dəvənin bir yaşı tamam olsa, daha
yaxşıdır. Qurbanlıq
dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən
heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı
nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür.
Kəsiləcək qurbanlıq gözəgəlimli
olmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq
heyvanın ətini Allahın imkansız bəndələri ilə
bölüşmək, onları
sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi
durur.
Bəzən bir neçə adam
bir heyvan alıb onu öz
aralarında bölüşməklə,
yaxud gedib bazardan ət alıb gətirməklə
öz qurbanını
kəsmiş hesab edirlər. Lakin İslam dininə
görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə
nəfər yığışıb
bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə
düşmüş ət
payını ən azı üç hissəyə bölmək
mümkün olsun.
Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya
paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri
odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol
verilmir. Bu bayramda
istənilən dindən
olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının
imkanlarından bəhrələnsin,
adi günlərdə
yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki,
insanlar Allahın xoşuna gələcək
bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri
də budur ki, qurban kəsmək
yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə
qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün
borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə
imkansızların birliyi,
qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha
xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə
görə, kasıblar
isə-dünya nemətindən
əldə etdiklərinə
və başqalarından
gördükləri mərhəmətə
və qayğıya görə.
Ramilə
Üç nöqtə.- 2010.- 14 noyabr.- S. 9.