Gənclərin kitaba marağı artır
Azərbaycan müstəqilliyini
əldə etdikdən sonra əlifbanın dəyişməsi
və digər məsələlər gənclərin ədəbiyyata
marağını azaltdı. Bununla belə internetdən
istifadənin də kütləviləşməsi kitaba
qarşı bir laqeydlik yaratdı. Son vaxtlar gənclər
arasında kitaba olan maraq artmaqdadır. Belə ki, xarici ədəbiyyatların
və klassik Azərbaycan ədəbiyyatlarının latın
əlifbasında dərc olunmasından sonra belə gənclərin
ədəbiyyata marağı yaranır. Müstəqilliyimizi
qazandıqdan sonra paytaxtda əsasən tələbələrin
daha çox üz tutduğu Milli Kitabxana göz önünə
gəlirdisə, son zamanlar qəsəbələrdə fəaliyyət
göstərən kitabxanalarda da fəallıqlar
müşahidə olunmaqdadır. Qəsəbələrdə
sakinlərin kitaba olan marağını öyrənmək
üçün Badamdar qəsəbə kitabxanasına üz
tutduq. Kitabxana əməkdaşı Sədaqət
Vaqifqızı suallarımızı cavablandırarkən
bildirdi ki, son vaxtlar kitaba olan maraq artmaqdadır. Onun fikrincə
kitabxanaya müraciət edənlərin əksəriyyətini
gənclər təşkil edir. Həmçinin yuxarı
siniflərdə oxuyan şagirdlər də kitabxanadan geniş
istifadə edirlər. “Kitabxanaya müraciət edənlər
müxtəlif yaş həddini əhatə etsə də əsas
müraciət edənlər gənclərdir. Bununla belə qəsəbə
ərazisində yerləşən 236 və 239 saylı orta məktəblərin
10-11-ci sinif şagirdləri də müraciət edirlər”. Sədaqət
xanım onu da bildirdi ki, gənclərin maraqlandıqları əsasən
xarici ədəbiyyatdır. “Yerli müəlliflərin əsərlərinə
də müraciət edənlər çox olur”.
S.Vaqifqızından kitab
götürənlərin gündəlik sayını təxmini
olaraq bildirməsini istədikdə isə qeyd etdi ki, iyirmi nəfərdən
çox oxucu gün ərzində kitabxanaya müraciət
edir.
Mədəniyyət və
Turizm İdarəsinin səyyar kitabxana layihəsindən
istifadə edərək kitab
alınıb-alınmadığını Sədaqət
xanımdan soruşduqda bildirdi ki, onun növbəsində
heç bir oxucu səyyar kitabxana layihəsindən
yararlanmayıb. Eləcə də kitabxananın problemlərinin,
çatışmayan kitabların olub,
olmadığını soruşduqda isə qeyd etdi ki, bir
sıra kitablar var ki, bizdə yoxdur. “Bəzi kitablar var ki,
oxucular müraciət etdikdə onları boş qaytarmaq məcburiyyətində
qalırıq”.
Məhərrəm
Üç nöqtə.- 2010.- 20 noyabr.- S. 19.