Qorxuram ki, xanımlar mənimlə yola getməsinlər

 

Ramil Qasımov: “çətin xasiyyətli” olduğumu da düşünürəm”

 

“Şənbə qonağı”mız son günlər ən çox teatrsevərlərin müzakirəsinə səbəb olub desək, yanılmarıq. Fikrimcə, martın 27-də ifa etdiyi Koroğlu obrazı ilə o teatrların diqqətini cəlb edə bildi. İllər öncə Bülbülün, Lütfiyar İmanovun oynadığı obraza həyat verən qonağımız Ramil Qasımov Koroğlunu özünün səhnə vəsiqəsi kimi qiymətləndirdi. Gənc yaşında teatrda uğur qazanan qonağımızla görüşümüz isə teatrda deyil, tam başqa mühitdə baş tutdu.

- Maraqlıdır, niyə Ramil Qasımovla teatrda, yaradıcı mühitdə deyil, məhz rəsmi iş ortamında yəni ofisində görüşdük?

- Həmişə deyirəm ki, mən xalqımın azad oğluyam. Uşaq yaşlarımdan həmişə mənim bir amalım, məqsədim olub. Azərbaycanın adını layiqincə dünyada təmsil və təbliğ etmək. Bunu isə Musiqili Komediya Teatrı çərçivəsində edə bilməzdim və buna görə də qəti qərar verdim. Öz şirkətimi qurdum, estrada teatrını yaratdım. Və vətənimin mədəniyyətinin inkişafı uğrunda iri addımlarla irəliləyirəm. Bu mənim qarşıma qoyduğum ən vacib məqsəddir. Mən mütləq Azərbaycanı xaricdə təmsil etməliyəm. Ona görə də bu ofisimdə öz işlərimi qururam. Öncə onu deyim ki, “R&D” yaradıcılıq istehsalat birliyi yanvar ayından etibarən fəaliyyət göstərir.

- “R&D” şirkətinin fəaliyyəti hansı yöndə olacaq?

- “R&D” şirkətində mədəniyyət yönündə müxtəlif işlər görülür. Məsələn, birinci qolu “Biz Bakıdanıqestrada sinfonik orkestridir. İkinci qolu xeyriyyəçi disklərin çıxarılmasıdır. Qeyd edim ki, bu lahiyə çərçivəsində biz uşaq musiqi sənətində müstəsna xidmətləri olmuş Ahmet Şefeqin diskini çıxarmışıq. Digər üçüncü qolu isə istedadlı gənclərin inkişafı ilə bağlıdır. Belə ki, biz istəyirik ki, Azərbaycanın hər bir bölgəsindən olan gəncləri bir yerə yığıb, onların  istedadlarını üzə çıxaraq, maarifləndirək. Düşünürəm ki, bunların hamısı cəmiyyətimizə faydalı olan işlərdir.

- Sadaladığınız lahiyələr heç asan başa gələn işlər deyil. Bu işdə dəstəkçinizin kim olduğunu bilmək istərdik...

- “Azerfon”, “Vodefonmilli dəyərlərimizə qiymət verir, sponsurluq edir. Bundan başqa isə bu sahədə mənimlə işləyən Zemfira xanım, Məmmədhüseyn müəllim Elməddin müəllimdir. Hamımız əl-ələ verib, çalışırıq.

- “R&D” şirkətinin rəhbəri vəzifəsində çalışmaq sizi teatrdakı yaradıcı fəaliyyətinizdən ayırmır?

- Bilirsiniz, mənim fikrimcə yaradıcı insan o şəxsə deyirlər ki, o bütün sahələrdə çalışsın, öz şücaətini göstərsin. Mən həm də dirijoram, xor-dirijor təhsili almışam. Rəssamlıq bacarığım da var, gözəl rəsmlər, fotolar çəkirəm. Yəni bunların hamısı yaradıcılıq daxilindədir. Yaradıcı insan adi insanlardan az da olsa fərqlənir. Çox işlərlə məşğul olmur. Lakin mən öz işimi özüm etməyi sevirəm. Həm də məndə işi aparmaq, liderlik bacarığı var.

- 26 yaşında opera səhnəsində Koroğlu obrazını yaratmaq heç bir ifaçıya nəsib olmayıb.

- Mən artıq “Koroğlu” obrazının mənə gətirdiyi uğuru unutmuşam. Məncə belə də olmalıdır. Əgər mən bütün günü desəm ki, ay mən belə oynadım, ay mən ən gənc Koroğlu oldum, onda inkişaf olmayacaq. Artıq mən Koroğlu barədə deyil, edə biləcəyim yeni işlər haqqında düşünürəm.

- O hansı işlərdir?

- (Bu an iş cədvəlini bizə göstərir) İşlərimiz çoxdur. Məsələn, Heydər Əliyev sarayında, Flarmoniyada, Sumqayıtda, Gəncədə konsert proqramları, “Arşın mal alan” tamaşasının yeni quruluşda səhnələşdirilməsi və.s. Yavaş-yavaş həyata keçirməyə çalışacam. Bundan başqa pedaqoji fəaliyyətimlə də məşğul oluram. Aprelin 7-dən 11-dək mənim tələbəm Yasin Həsənov Sank Peterburqda 11-ci Uşaq Vokal Festivalında çıxış edəcək.

- “Koroğlu” obrazına hazırlıq prosesi nə qədər vaxt apardı?

- Əslində mən bu rola uşaqlıqdan hazırlaşıram. Çünki, müəllimim  Mobil Əhmədov hər zaman “Koroğlu”dan müəyyən hissələri öyrədirdi. Ancaq məhz bu tamaşaya hazırlığa gəlincə isə, heç 2 ay tam hazırlaşmadım. Opera və Balet Teatrı tərəfindən təklif gəldikdən sonra yanvar ayının sonunda məşqlərə başladım. Təccüblü görünsə də, cəmi bir dəfə “praqon” oldu.

- Bildiyimizə görə, bu tamaşanı Bülbülə həsr etmişdiniz?

- Bəli, mənim ifa edəcəyim “Koroğlu” operası dahi Bülbülə həsr olunmuşdu.  Bu tamaşanı ona görə Bülbülə ithaf etdim ki, onun ruhu şad olsun, görsün ki, bu sənət, bu məktəb, bu nəsil yaşayır, davam edir. Bəlkə də tamaşanı Bülbül müəllimin ruhuna ithaf etdiyim üçün bu qədər uğurlu alındı. Mən tamaşadan öncə fəxri xiyabana gedərək Üzeyir Hacıbəylidən, Bülbüldən, Lütfiyar İmanovdan xeyir dua aldım, məzarlarına gül qoydum. Onlardan mənə halallıq vermələrini istədim.

- Milli dəyərlərə, keçmişinə bağlı insanlardansınız. Bəs texnologiyanın inkişaf etdiyi bu zamanda milliliyi qorumaq çətin deyilki?

- Qeyd edim ki, mən Avropa əsərlərinin burada təbliğinin çox əleyhinəyəm. Niyə? Zənnimcə, biz daha çox milli operalarımızı dünyada təbliğ eləməliyik. Necə ki, Bakı Musiqi Akademiyasında Puççininin, Verdinin klavirləri var, həmçinin, milli operalarımızın notları dünyanın musiqi ocaqlarında olmalıdır. Biz alnı açıq, üzü ağ hər yerdə - istər Böyük Teatrda, istər La-Skala Teatrında, istərsə də dünyanın müxtəlif musiqi məkanlarında “Leyli və Məcnun”, “Koroğlu, “Şahsənəm”, “Sevil”, “Nizami”, “Vaqif”, “Natəvan” və digər operalarımızı nümayiş etdirə bilərik. Çünki bu əsərlərimizdə Azərbaycanın milli koloriti təcəssüm olunur.

- Əslində “Koroğlu” tamaşasının anşlaq keçməsi hələ də teatra marağın olduğunu sübut edir. Əgər elədirsə, bəs niyə çoxları teatra marağın azalmasından şikayətlənir?

- Əslində teatra maraq var, sadəcə olaraq insanları maraqlandıracaq teatrlar azdır. “Koroğlu” tamaşasının biletləri bir həftə öncədən satılmışdı. Çünki, 26 yaşında gəncin “Koroğlu”nu oynaması marağa səbəb olmuşdu. Düşünürdülər ki, görəsən, 26 yaşında gənc bu rolu necə oynayacaq? Sizə deyim ki, tamaşaya gələnlər sırasında kritiklər də var idi. Hansı ki, baxırdılar görsünlər mən necə oxudum, oynadım. Allahın köməyi ilə tamaşa uğurlu keçdi. Orada iştirak edən peşəkarlar xoş sözlərini dedilər, təbrik etdilər. Polad Bülbüloğlu mənə təbrik məktubu yazdı, səmimi sözlərini bildirərək yüksək qiymətləndirdi. Onu da deyim ki, Polad müəllimin anası Adelya xanım (Bülbülün həyat yoldaşı – red) tamaşa bitdikdən sonra mənə yaxınlaşaraq “Bülbüldən sonra sevdiyim ikinci “Koroğlu” sən oldun” dedi. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Mənim üçün maddiyatdan çox mənəvi dəyərlər önəmlidir. Çünki mənim maddiyyatım mənim ifamdır.

- Gənc yaşda Koroğlu oynayan Ramil Qasımovu yaxın gələcəkdə daha hansı obrazlarda görəcəyik?

- Düzü, hələlik heç bir tamaşada oynamaq istəmirəm. Çünki, oynaya biləcəyim bir rol yoxdur. Pis çıxmasın, amma mən artıq çox diqqətli olmalıyam. “Koroğlu” kimi önəmli obrazın uğrundan sonra adi tamaşalarda iştirak edə bilmərəm. Çünki, “Koroğlu” mənim səhnə vəsiqəmdir. Həm ki, mən aktyor deyiləm, vokalçıyam. İnşallah gələcəkdə mənə uyğun rol olsa oynayaram.

- Şəxsi həyatınızda vəziyyət necədir?

- Sözsüz ki, hər bir sənətçi kimi mənim də şəxsi həyatım var. Ancaq mən şəxsi həyatımı gündəmə gətirməyi sevmirəm. Təbii ki, bu  barədə düşünürəm və düşünəcəm də. Ancaq hələlik karyeram barədə daha çox düşünürəm. Fikrimcə, ilk öncə işimdə istədiyim yerə yüksəlməliyəm, planlarımı reallaşdırmalıyam. Daha sonra ailə haqqında düşünəcəm.

- Bəs Ramil Qasımovun seçimi həmkarları arasından ola bilərmi?

- Hər bir sahədə çalışa bilər. Aktyor, müğənni, rəssam, rəqqasə mənim üçün heç bir fərqi yoxdur. Necə deyərlər, sən Leyliyə Məcnunun gözü ilə bax. Əsas odur ki, o, mənimlə yaxşı olsun. Amma səmimi etiraf edim ki, qorxuram ki, xanımlar mənlə yola getməsinlər. Çox ambisiyalı insanam. Həttaçətin xasiyyətliolduğumu da düşünürəm. Yəqin bütün bunlar bürcümə görədir. Ümumiyyətlə, oxatanlar bir az hökmranlıq etməyi sevir. Ancaq düşünürəm ki, illər keçdikcə bu da düzələcək.

 

 

Aysər Həsənli

 

Üç nöqtə.- 2011.- 2 aprel.- S. 15.