Sürüşmə zonalarında aktivlik müşahidə olunur

 

Şaiq Niftiyev: «Salyan-Hacıqabulda torpaq aralanmasına qərbi xəzər lineamentinin aktivləşməsi təsir edib»

 

 Son vaxtlar respublikamızda da müşahidə olunan seysmik aktivlik müxtəlif fəsadlara səbəb olub. Ölkə ərazisindəki sürüşmə zonalarında aktivləşmə var. Zəlzələdən sonra Hacıqabul rayonu ərazisində torpaq aralanması baş verib. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri həmin əraziyə baxış keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji-hidrogeoloji və mühəndisi, geoloji prosesləri öyrənən partiyanın rəisi Şaiq Niftiyevin sözlərinə görə, ərazidə baş verən torpaq parçalanmasının Qərbi Xəzər lineamentinin aktivləşməsinin nəticəsində əmələ gəldiyi müəyyən olunub: «Hacıqabul və Qobustan rayonları bu translitosfer yarığının üzərində yerləşdiyinə görə, Hacıqabul rayonunda 05 mart 2011-ci il tarixdə maqnitudası 3,5 bal gücündə olan zəlzələ baş verib. Qobustan rayonu ərazisində isə 13 mart 2011-ci il tarixində Şixzairli və Ərəbşahverdi palçıq vulkanları aktivləşib. Lineamentin təsir zonasında yerləşən Kürsəngi-Xıdırlı sahəsində bir neçə palçıq vulkanı qrifonları da bu tarixlərdə aktivləşib.  Neotektonik aktivləşmə nəticəsində Qərbi Xəzər translitosfer yarığı boyunca yerləşən Muğanlı, Şərədil və Acıdərə (Bakı –Şamaxı yolunun 106-107-ci kilometrliyi) sürüşmə sahələrində də aktivləşmə müşahidə olunub. Tektonik aktivləşmə nəticəsində Şirvan-Salyan magistral avtomobil yolunda və Yeni Xələc kəndində bir neçə evdə çatlar əmələ gəlib».

S.Niftiyevin sözlərinə görə, digər sürüşmə zonalarında ciddi dəyişiklik müşahidə olunmur: «Yalnız Muğanlı və Acıdərə ərazisindəki sürüşmə zonalarında aktivlik var. Hazırda Azərbaycanda  sürüşməyə meyilli 178 sahə var. Onların əksəriyyəti yaşayış məntəqələri, yəni bilavasitə insanlar yaşayan ərazilərin yaxınlığında yerləşir. Etnogen geoloji proseslər intensivliyinə görə, bizim idarə tərəfindən xəritə tərtib edilib. Həmin xəritədə etnogen geoloji proseslərə məruz qalan bütün sahələr dəqiq göstərilir. Azərbaycanda baş verən sürüşmələrin əksəriyyəti texnogen amillərlə bağlıdır. Sürüşmə zonalarının hamısı yamaclarda yerləşir və həmin ərazidə tikilən evlərin sayı son dövrlər çoxalmışdı. Həmin yamaclar elə yamaclardır ki, orada nəmliyin artması torpaqda dözümlülüyün itməsinə, plastikliyin artmasına səbəb olur və bu da axın verir. Bütün sürüşmələr axın tipli sürüşmələrdir. Güclü yağışlardan sonra sürüşmə halları aktivləşir. Ölkə ərazisində baş verən sürüşmələrdə atmosfer çoküntülərinin miqdarının artmasının müəyyən təsiri var».

Paytaxtda torpaq sürüməsi təhlükəsinə gəldikdə isə Ş.Niftiyev Bakı ərazisində sürüşmə ehtimalı olan ərazilərdə monitorinqlərin davam etdirildiyini vurğuladı: «Abşeron rayonundakı bütün sürüşmə zonaları tərəfimizdən ciddi monitorinq edilir. Amma hazırda paytaxtdakı sürüşmə zonalarında dəyişiklik yoxdur. Artıq bir dəfə sürüşmə baş verən Bayıl qəsəbəsində demək olar ki, hər gün monitorinq aparılır. Həmin əraziyə qoyulan mayaklar yoxlanılaraq vəziyyət araşdırılır. Bayıl qəsəbəsində sürüşmə ehtimalı hələ də qalmaqdadır. Bayıl ərazisində qorunma işləri daha yüksək səviyyədə aparılmalıdır. Əks-halda yenə də həmin ərazidə sürüşmə baş verə bilər.  Amma Abşeron rayonu ərazisində yaxın vaxtlarda sürüşmənin aktivləşəcəyi ilə bağlı əlamətlər görünmür. Buna baxmayaraq, həm Bayıl qəsəbəsi, Əhmədli-1, Əhmədli-2 sahələri, Nərimanov abidəsinin yaxınlığındakı sürüşmə sahəsi nəzarət altındadır. Həmin ərazilərdə hal-hazırda nisbi stabillik davam edir. Ancaq Bayıl yamacında texnogen amillərin aktivliyi müəyyən problemlər yarada bilər».

 

 

Xalid

 

Üç nöqtə.- 2011.- 6 aprel.- S. 10.