«Diasporamızın
formalaşması Heydər Əliyevin adıyla
bağlıdır»
BDM: «Qərbi Azərbaycanlıların
müraciəti yerində atılmış addımdır»
Beynəlxalq Diaspora Mərkəzinin
Direktoru İsmayıl Ağayev və Çexiyadakı Azərbaycan
diasporasının üzvü, professor Azər Kərimov
«Üç nöqtə»nin qonağı olub. Onlarla müsahibəni
sizə təqdim edirik.
- Bir neçə il əvvəl
xaricdə yaşayan azərbaycanlıların lobbiçilik fəaliyyətinin
zəif olması, onların pərakəndə fəaliyyət
göstərmələri və sair kimi tənqidi fikirlər
tez-tez səslənirdi. Son
dövrlər xeyli fəallıq hiss olunur. Bu fəallıq nə
ilə bağlıdır?
Azər
Kərimov: - Mən uzun müddət Avropada yaşayan bir insan
kimi deyə bilərəm ki, xaricdəki Azərbaycan
diasporası əvvəlki deyil. İndi bu diaspora doğrudan da
xeyli mütəşəkkil olub və fəallaşıb.
Bizim Xocalı soyqırımıyla bağlı tədbirimizə
əvvəllər 40 nəfər
yığışırdısa, indi 1500-2000 nəfər gəlir
və biz çağırış etmədən ora
toplaşırlar. Bildiyiniz kimi, mənim Çexiyaya getməyim
necə deyərlər, «rəsmi şəkildə» baş
verib. 1987-ci ildə, Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin və Təhsil Nazirliyinin müsabiqəsindən
keçərək, xaricə müəllimlik fəaliyyətinə
göndərilmişəm. Çexiyada qədim elm və mədəniyyət
mərkəzi olan Masarik universitetin fəlsəfə
kafedrasının professor-doktoruyam. Bu illər ərzində Azərbaycanı
layiqli surətdə təmsil etməyə
çalışmaqla yanaşı, təmasda olduğum
bütün insanlara-xarici iş adamları, ziyalılar, elm
adamları, yaradıcı kollektivlərlə, rəsmi şəxslərlə,
səfirlərlə görüşlərimdə Azərbaycan haqqında,
bizim tarixi problemlərimiz haqqında, tarix boyu məruz
qaldığımız ədalətsizliklər barəsində
məlumatlar verməyə çalışmışam. Beynəlxalq tədbirlər
zamanı hiss etmişəm ki, artıq Azərbaycana maraq
artıb, ölkəmiz haqqında xaricdəki insanlar əvvəlki
qədər məlumatsız deyillər. Azərbaycan
diasporasının birləşməsi məlum olduğu kimi,
mərhum prezident Heydər Əliyev cənablarının
ideyası olub. 2001-ci ildə Bakıda keçirilmiş
Dünya Azərbaycanlılarının Birinci Qurultayında mən
nümayəndə kimi dəvət olunmuşam. Və Heydər
Əliyev cənabları ilə şəxsən
görüşmüşəm. O zaman mərhum prezident
çox maraqlanırdı ki, xaricdə nə qədər
ziyalılarımız var, onlar nə fikirdədirlər,
onları bir bayraq altında necə birləşdirmək olar.
Onun elə həmin qurultayda
səsləndirdiyi bir tövsiyyəsi bizimçün amal olub
ki, harada olmağımızdan asılı olmayaraq müstəqil
bir dövlətimizin mövcudluğu ilə böyük qürur duymalı və
hamımız o vətən üçün
çalışmalıyıq. Mən özüm deportasiyaya
məruz qalmış bir nəslin nümayəndəsiyəm.
Biz qərbi Azərbaycanın Göycə mahalındanıq.
Babam Məşədi Qasım Hacı Kərim oğlu Azərbaycan
Respublikasının ensiklopediyasına düşmüş
tarixi şəxsdir. O, 1914-16-cı illərdə
Laçının məşhur xalq qəhrəmanı Soltan
bəylə birgə ermənilərə qarşı
vuruşub. Türk paşaları Xosrov paşa, Nuru paşa gələndən
sonra da onlarla birlikdə vuruşub. Hətta ona təklif olunub
ki, türk ordusunun sərdarı rütbəsi verilməklə
Türkiyəyə getsin. Lakin babam Məşədi Qasım
Hacı Kərim oğlu bundan imtina edib. Deyib ki, mən əmlakımız
mal-qaramın sayı qədər erməni
öldürmüşəm. İndi Türkiyəyə getsəm,
deyərlər, Məşədi qorxdu qaçdı. Onun bu
igidliyini görən türk paşaları Soltan bəylə
birlikdə Ağdamın Qasımlı kəndini mənim
babamın şərəfinə adlandırıblar. Mən belə
bir nəslin nümayəndəsiyəm.
1988-ci
illərdə baş
vermiş sonuncu deportasiyadan sonra Ermənistanda bir nəfər
də olsun azərbaycanlı qalmayıb. Dekabr ayının
5-ni – azərbaycanlılardan etnik təmizlənmə gününü
ermənilər bayram kimi qeyd edirlər. Və sözsüz ki,
bu tarixi ədalətsizlik, haqsızlıq,
köçhaköç qərbi Azərbaycandan olan hər
bir ailənin həyatında iz qoyub. Amma biz bu dərdləri
dünyaya çatdırmaqla bağlı mütəşəkkil
fəaliyyətə məlum qurultaydan sonra
başlamışıq.
- Yeri gəlmişkən, bu
yaxınlarda qərbi Azərbaycandan olan ziyalılar Minsk qrupuna
müraciət qəbul ediblər. Bu müraciətə
münasibətiniz necədir?
Azər
Kərimov: - Mən o məsələni tam izləyirəm.
Sözsüz ki, ermənilərin referendum tələbi müqabilində qərbi
Azərbaycandan məcbürən köçürülmüş insanların
hüquqları bərpa olunması da gündəmə gətirilməlidir.
Azərbaycan Milli Təhlükəsizliyinə çox minnətdarıq
ki, bizim xahişimizlə müəyyən arxivlər
açıldı, Ermənistandan deportasiya olunan azərbaycanlılarla
bağlı faktlar, sənədlərlə tanış olduq.
Kim nə qədər əmlak qoyub, hansı maddi ziyan dəyib,
hamısı rəsmi sənədlərlə təsdiq olunur.
Yəni biz artıq məsələnin bu formada, hüquqi zəmində
qaldırılmasının tərəfdarıyıq. Əlimizdə
bu cür tutarlı faktlara əsaslanan müraciətlər
olsa, biz onu dünyaya yayarıq. Beynəlxalq Diaspora Mərkəzi
Avropanın mərkəzində fəaliyyət göstərən
böyük bir qurumdur. Nümayəndəliklərimizin
Avropanın bütün ölkələri ilə əlaqələri
var. Bu məlumatları kifayət qədər nüfuzu olan
kütləvi informasiya vasitələrinə,
Praqa şəhərində yerləşən televiziya və
mətbuata təqdim etməyə çalışarıq. Təsəvvür
edin ki, bu cür tələbləri Avropanın mərkəzindən
dünyaya yaysaq, bir neçə Avropanın dilindən də
bu məsələ səslənsə, necə gözəl
effekti olar? Lobbi, diaspora böyük qüvvədir. Mənim
yadımdadır, Serj Sarqsyana Fransada Türkiyə-Ermənistan
sərhədlərinin açılması ilə bağlı
bir sual verdilər. Sarqsyan
düşünülmədən belə bir cavab verdi. Mən
cavabı o dəqiqə tutdum. Sarqsyan dedi ki, canım, diaspora məndən
üstün bir qüvvədir, mən ona təsir edə bilmərəm.
Onun sözündən belə çıxdı ki, bu gün
Avropada yaşayan ermənilər diaspora bayrağı
altında birləşdikləri üçün Ermənistanın
prezidentindən də üstün bir qüvvədirlər. Onda
biz niyə durmuşuq?
İsmayıl
Ağayev: - Bilirsiniz ki, diasporumuzun formalaşması ulu öndər
Heydər Əliyev cənablarının adıyla
bağlıdır. Diasporamızın fəaliyyəti ilə
bağlı Azər müəllim ətraflı
danışdı. Mən isə bizim fəaliyyətimizə dəstək
olan qurumlardan, insanlardan danışmaq istərdim. Bildirmək
istəyirəm ki, xarici ölkələrdə, avropada Azərbaycanda
baş verənləri çatdırmaq üçün son
illər əlimizdə xeyli vəsait yaranıb. Bunlar isə
Heydər Əliyev fondunun Azərbaycan həqiqətlərinin
dünyaya yayılmasıyla bağlı gördüyü
işlərlə bağlıdır. Fondun nəşr etdiyi
kitablar, əyani vəsait bizim xeyli köməyimizə
çatır. O cümlədən Milli təhlükəsizlik
naziri hörmətli Eldar Mahmudovun rəhbərliyi altında
deportasiya, soyqırımı, qaçqınlar, məcburi
köçkünlər haqqında çəkilən film və
buraxılan kitablar bizə çox kömək edir. Və təbii
ki, bu məsələdə bizə mayaq olmuş, yol göstərən
Diaspora ilə İş Üzrə Dövlət Komitəsi ilə
əməkdaşlığımızı qeyd edə bilərəm.
Və biz Diaspora Mərkəzi olaraq Ermənistandan qovulan
ziyalıların problemlərini beynəlxalq aləmə
çatdırmaq üçün şura
yaratmışıq. O şuranın üzvləri millət vəkili
olmaqla Azərbaycanda çox hörmətli insanlardır,
hüquqşünaslardır. Ermənistandan qovulan beş nəfərin
ərizəsini artıq Avropa məhkəməsinə təqdim
etmişik. Onlar da onu icraata götürüblər. Belə
bir vaxtda mən də düşünürəm ki, bu
müraciət yerində edilib. Diaspora Mərkəzi Ermənistandan
deportasiya olunmuş azərbaycanlılarla bağlı təkliflər
paketi hazırlayıb. Burada ikili vətəndaşlıq,
onların Ermənistanda keçirilən seçkilərdə
iştirak etməsi və öz torpaqlarına
qayıtmaları ilə bağlı onlarda hüququn
olması, dəymiş maddi ziyanın ödənilməsi və
sair kimi məsələlər
nəzərdə tutulub.
- Beynəlxalq Diaspora Mərkəzinin
fəaliyyəti əsasən Türkiyədə nəzərə
çarpır. Bu nə ilə bağlıdır?
-
İsmayıl Ağayev: - Bu, təbiidir. Türkiyənin
İqdır və Qars bölgəsinə də Azərbaycandan
çoxlu sayda insanlar köç etmişlər. Ora da bizim
doğma vətənimizdir. İqdırlılar özlərini
həm Azərbaycan, həm də Türkiyə vətəndaşı
hiss edirlər. Bayaq adı çəkilən Soltan bəy
Laçın bölgəsində ermənilərə
qarşı çox mətin bir mübarizə aparıb və
ermənilərin aparmaq istədikləri soyqırıma imkan
verməyib. Laçın yeganə bir bölgədir ki, orada
ermənilərə qarşı sonadək mübarizə
aparılıb. Bu isə Soltan bəyin adıyla
bağlıdır. Sonradan o, məlum hadisələrlə
bağlı məcburiyyət qarşısında qalaraq Azərbaycanı
tərk edib və Qars bölgəsinin Azərbaycanla sərhəd
hissəsində Qoçqoy kəndində yaşamağa məcbur
olub. O zaman həm Göyçə mahalından, həm də
digər bölgələrdən olan qəhrəman insanlar
onunla çiyin-çiyinə vuruşublar və Soltan bəyin
yaxın qohumları diasporanın üzvləridir. Biz 31 martda
Qoçqoy kəndinə getdik, Soltan bəyin məzarı
üzərində Azərbaycan bayrağını
dalğalandırdıq. Onun məzarı üzərində
xatirə lövhəsi qoyulmasını və gələcəkdə
abidəyə çevrilməsini
artıq gündəmə gətirdik. Çanaqqala şəhidlərinin
məzarları üzərinə də öz lövhəmizi
qoymuşuq. Bu işdə millət vəkili Gülər Əhmədovanın
xüsusi rolunu qeyd etmək
istərdim.
- Türkiyə rəsmi dairələrinin
diasporanın təşəbbüslərinə reaksiyası
necədir?
- Əvvəllər,
Türkiyə rəsmiləri bu məsələnin
üstündən keçirdilər. Bu dəfə isə
çox yaxşı haldır ki, cənab Rəcəb Təyyub
Ərdoğan Çanaqqala hadisələrinin 96-cı
ildönümündə bu məsələni
şükranlıqla yad etdi. Bu isə həm də onunla
bağlıdır ki, bizim bu gün qeyd etdiyimiz məsələlərə
Azərbaycan ictimaiyyətində
geniş diqqət var. Eyni zamanda diasporanın tədbirləri
daim Azad Azərbaycan və ANS televiziyaları tərəfindən işıqlandırılır.
Üç nöqtə.- 2011.- 9
aprel.- S. 6.