Tomas Hammarberq Azərbaycanı müharibədən çəkindirməyə çalışır

 

Cümşüd Nuriyev: “Torpaq üstündə yaşamayan avropalılardan heç nə gözləməyə dəyməz”

 

 Avropa Şurası Parlament Assambleyasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammarberq rəhbərlik etdiyi təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı verdiyi hesabat zamanı Azərbaycandan olan deputatların suallarını cavablandıranda açıq şəkildə bəyan edib ki, Ermənistanın zəbt etdiyi ərazilərdəki suların vaxtaşırı olaraq müxtəlif radioaktiv və bioloji tullantılarla zəhərləməsi nəticəsində bir sıra balıq növləri məhv olması, meşələrin amansızcasına qırılması nəticəsində bir sıra quşların və heyvanların normal həyat və artım şəraitinin pozulması və onların kütləvi şəkildə ölməsi məsələsinin həlli onlarlıq deyil. Ancaq bu sualı digər Avropa ölkəsinin nümayəndəsi, misal üçün Kiprli deputat versəydi, reaksiya bilirsiniz hansı ildırım sürətilə gələrdi. Gəlmədisə, demək onlar bizi bəyənmirlər. Zorla özümüzü avropalı etməklə iş alınmır axı? Əsil işi isə ermənilər görür. Həm torpaq işğal ediblər, həm də o nəzarətsiz torpaqlarda narkotik plantasiyalar salıb məhsulunu da Avropalı centlemenlərə göndərirlər. Onlar da hallananda ermənilərin sağlığına bir tost deyirlər.

Görəsən, bu hal nə vaxtadək davam edəcək? Bilinmir. Bilinən odur ki, dünən səhər tezdən bizim hərbi qırıcı təyyarələrimiz və helikopterlərmiz cəbhəboyu bölgələrdə avia uçuşlar edərək erməniləri yüngülcə qorxuya salıblar. Ancaq əsil qorxu salmağın vaxtı deyilmi? Avropalılar, elə ATƏT-in ət yeyən həmsədrləri də belə olmağı istəməzlər, yəni onlar qəti şəkildə bəyan edirlər ki, müharibə heç bir tərəfə xeyir gətirməz. Bunu ona görə deyirlər ki, ermənilərin uduzacaqlarını bəri başdan bilirlər. Əgər bilsəydilər ki, ermənilər yenə nəsə edə bilərlər, onda yüz faiz özləri bizi təxribata çəkib müharibənin başlanılmasına start verərdilər. Vermirlərsə, deməli, ermənilərin gücünə arxayın deyillər. Və buna görə də hər tribunada əllərinə fürsət düşən kimi Hammarberq kimiləri işləri heç də hamar olmayan ermənilərin xeyrinə nala-mıxa vururlar. “Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk qrupu üçlüyünün üzərinə düşür. Ümüd edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqları məsələləri ilə məşqul ola biləcəyik. Son vaxtlar həmsədrlər çox böyük fəaliyyət göstərirlər”. Görəsən mister Tomas “çox böyük fəaliyyət” deyəndə nəyi nəzərdə tutur? Regiona yeyib içməyə gəlməklərinimi?. Necə olmasa, azərbaycanlılarla ermənilər qafqazlıdırlar və onlar qonağın necə qarşılanıb yola salınmasını yaxşı bilirlər.

Elə bu baxımdan atətçilərin dillərinin dadı damaqlarında qalıb. Yoxsa, üzlərinə pis baxsaydılar, tez-tez bu yanlara gəlməzdilər. Və yenə də bu münaqişənin tənzimlənməsi yolunu münaqişədə olan tərəflərin üzərinə atırlar. Belə atətçilik etməyə nə var ki?.  “Özləri istəmir, əlimizdən nə gəlir ki? Qoy tərəflər öz siyasi iradələrini göstərsinlər…”. Qəribə məntiqli suallardır. Və bilirlər ki, elə cavablarının da  təsdiqə ehtiyacı yoxdur. Əgər AŞPA kimi mötəbər bir təşkilatın avropalı komissarı belə düşünürsə, bu problemin həlli yollarının sonu görünürmü? Görünmür. Bütün bu fikirləri mülahizə etmək üçün politoloq Cümşüd Nuriveyin fikrini öyrənməyə çalışdıq. “Əslində Tomas Hammarberq bu sözləri deməklə zəifliklərini boyunlarına alırlar.  Onlar onsuz da heç nə həll etmək iqtidarında deyillər. Yadınıza salın, indiyədək Avropa hansı münaqişəni sülh yolu ilə həll edib? Belə hal olmayıb. Dərindən düşünəndə Azərbaycan kimi ölkələr Avropanın marağında deyil. Bu bölgə daha çox ABŞ-la Rusiyanı düşündürür. Rusiya buranı əldən verməməyə çalışır, ABŞ isə öz yurisdiksiyasına keçirməkdən ötrü dəridən qabıqdan çıxır. Avropanı çox zaman köhnə dünya adlandırırlar. Onların düşüncələrində artıq nə köhnəlik qalıb, nə də yenilik. Onların çoxüzlü siyasətləri bir çox xalqların başında çatlayır. Heç uzağa getməyək, Avropanın Fransa, Almaniya kimi ölkələri BMT-nin Təhlükəsizlik Şurasını məcbur elədi ki, Liviyanı bombalasınlar. Özü də qəribədir ki, heç o qərardan 4 saat keçməmiş hərbi təyyarələr Liviyanı bombaladı. Deməli, onlar buna çoxdan hazır imişlər. Belə siyasəti olan Avropadan nəsə gözləməyə dəyərmi? Yəqin onlar düşünür ki, Azərbaycan da Afrikanın geridə qalmış hansısa ölkəsidir. Əslində onların Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün atdıqları addımların heç bir tarixi, hüquqi və mənəvi kökü yoxdur. Azərbaycan öz məsələsini özü həll etməlidr. Sonra Azərbaycanı məcbur etməyə çalışırlar ki, öz konstitusiyasına zidd olaraq hər hansı bir bölgəsində referendum keçirsin. Azərbaycan belə səhvi ata bilməz. Yeganə yol torpaqlarımızı hərbi yolla azad etməkdir. O da inşallah olacaq. Daha bundan sonra torpaq üstündə yaşamayan avropalılardan heç nə gözləməyə dəyməz”.

 

 

Babək Göyüş

 

Üç nöqtə.- 2011.- 15 aprel.- S. 6.