“Qarabağ münaqişəsinin həlli
vacibdir”
Mevlut Çavuşoğlu: “Bu
problem Cənubi Qafqazda təhlükəsizliyi təmin etməyə
mane olur”
Mevlut Çavuşoğlu Avropa Şurası Parlament
Assambleyasına (AŞPA) rəhbərlik
edən ilk türk vətəndaşı olmaqla yanaşı,
qurumun tarixində bu vəzifəni icra edən ilk gənc
prezidentdir. O deyir ki, 47 üzv ölkənin 800 milyon
insanına rəhbərlik etmək nə qədər qürur
verici olsa da, bir o qədər məsuliyyət tələb
edir. Onun AŞPA-ya sədrliyi dövründə 2005-ci ildən
işini dondurmuş Dağlıq Qarabağ Alt Komissiyası fəaliyyətə
başladı. AŞPA sədri ilə söhbətimizdə həm
bu, həm də digər məsələlərə
toxunduq.
- Mevlut bəy, 13 aydır ki, Avropa Şurası
Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsini
daşıyırsınız. 42 yaşında bu kürsüyə
əyləşən ilk gənc prezident siz oldunuz, yoxsa sizdən
öncəki illər bu postu tutan digəri vardı?
-
AŞPA sədri vəzifəsini yerinə yetirən ilk
türk parlamentar olmağımla yanaşı, həm də bu
qurumun 61 illik tarixi dövründə bu vəzifəyə
seçilmiş ən gənc AŞPA rəhbəri mən
oldum. Bildiyiniz kimi, AŞPA-da 7 il Türkiyəni təmsil
etmişəm. Onu da vurğulayım ki, məndən öncə
bu kürsüdə əyləşən digərləri ən
azı 15-20 il AŞPA üzvü olduqdan sonra prezident
seçilirdisə, mən 7 illik fəaliyyətimdən sonra
AŞPA-ya sədri seçildim. Xatırladım ki, bu günə
kimi 5 fransız, 4 ingilis, 3 ispan, 2 alman, 2 hollandiyalı, 2
belçikalı, 2 avstriyalı, 1 danimarkalı, 1 isveçli
və 1 də isveçrəli parlamentari AŞPA-ya prezidentlik
edib. Yəni sədrlər həmişə bu 10 ölkədən
birindən seçilib. Vyananın Şərqi olan bir ölkədən
AŞPA-ya seçilən ilk rəhbər şəxs mən
oldum.
- Prezident seçiləcəyiniz
barədə məlumatınız vardı, yoxsa bu sizin
üçün bir sürpriz oldu?
-
2002-ci ildə Türkiyədə keçirilən parlament
seçkilərdə millət vəkili və ölkəmin
AŞPA-dakı nümayəndə heyətinin sədri olduqdan
sonra bu qurumun rəhbəri olmaq hədəflərimdən biri
idi. Buradakı ən əhəmiyyətli dönüş
nöqtəsi Türkiyə hökumətinin həyata
keçirdiyi çox önəmli islahatlar sayəsində
ölkəmin 2004-ci ildə AŞPA-da sınaq prosesindən
uğurla çıxmasıdır. Bu inkişaf, sınaq prosesindən çıxmış
bir ölkənin AŞPA sədrliyinə gedən yolu aça
bildi. Mən də hədəfimə çatmaq
üçün çox səy göstərərək pillələri
qərarlı şəkildə çıxmağa
çalışdım. Qurumda bir sıra vəzifələrdə
oldum: siyasi işlər və sınaq komissiyasının,
Belarusiya Alt Komitəsinin üzvü, Miqrasiya Komissiyası Alt
Komitənin, Miqrasiya, Qaçqınlar və Əhali
Komissiyası idarələrinin rəhbəri, həmçinin
Bosniya və Hersoqovina Sınaq Komitəsinə nəzarət vəzifələrini
icra etdim. Eyni zamanda AŞPA-da ən böyük
üçüncü qrup olan Avropa Demokratlar Qrupunun sədr
müavini və məsləhətçisi vəzifələrində
çalışdım. AŞPA-nın siyasi qrupları
arasında illərdir mövcud olan "centilmenlik müqaviləsi"ylə
Avropa Demokrat Qrupunda olmağım da AŞPA prezidentliyinə
gedən yolumu açdı. Nəhayət, Avropa Demokratlar Qrupunda
namizədliyimi qazandım və AŞPA sədri vəzifəsinə
seçildim. Xülasə, bu vəzifəyə seçilməyim
bir təsadüfün nəticəsi deyil, qərarlı və
əzmli bir işin məhsulu olduğu üçün bunun
sürpriz olmadığını deyə bilərəm.
- 47 üzv dövlətdən 800
milyon insanı təmsil edən bir təşkilata rəhbərlik
etmək çətin deyilmi?
-
Avropa Şurası 47 ölkədən 800 milyon insanı təmsil
edən, Belarusiya xaricindəki bütün Avropa ölkələrini
əhatə edən, yeganə pan-Avropa təşkilatıdır.
Avropa Şurasının siyasi platforması olan Parlament Assambleyası,
demokratiya, insan haqları və qanunun aliliyinin əsas dəyərlərini
həm üzv olan ölkələrdə, həm üzv olmayan
qonşu coğrafiyalardakı ölkələrin
inkişafı üçün mühüm işlər
görür. Bu çətin hədəflərin içində
üzv ölkələrin siyasi qərarsızlıqlarının
həlli üçün də "parlament
diplomatiyası" yolu ilə səy göstəririk. Bu hədəfləri
aşmaq asan deyil, qətiyyət, əzm və çox iş
tələb edir. AŞPA sədri seçildiyim gündən
bu yana 50-dən çox rəsmi və iş ziyarəti həyata
keçirmişəm. Siyasətçilərlə, QHT
nümayəndələrilə, ölkələrin din xadimlərilə
görüşlərim olub. Bununla yanaşı, parlamentlərdə,
universitetlərdə və xarici siyasət institutlarında
65-dən çox mühazirə oxumuşam.
- Oturduğunuz kürsüdən, yəni
"yuxarıdan" iclas zalı necə görünür?
Axı siz də bir zamanlar “aşağıda” əyləşmişdiniz.
-
AŞPA 47 ölkədən olan parlamentariləri bir araya gətirən
təşkilatın 800 milyon insanını təmsil edən
beynəlxalq bir qurum olan Parlament Assambleyasına sədrlik etmək qürur olmaqla
yanaşı, hər şeydən əvvəl çox məsuliyyətlidir.
Mən də AŞPA sədrinin əyləşdiyi
kürsüdən bu məsuliyyəti şüurlu surətdə
layiqincə yerinə yetirməyə çalışıram.
- AŞPA prezidenti kimi keçən
il ölkəmizə ilk səfərinizdə müxalifətlə
görüşünüzdə Müasir Müsavat
Partiyasının sədri Hafiz Hacıyev də iştirak
etdiyi üçün onlar görüşə qatılmayaraq
sizi pis vəziyyətdə qoymuşdu. Bu son gəlişinizdə
müxalifət partiya nümayəndələrilə
görüşmədiniz. Bu, o hadisəylə bağlı
idi, yoxsa, siz sadəcə
Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumunda iştirak etmək üçün bura gəlmişdiniz?
-
Ölkənizə bu son səfərim Azərbaycan hökumətinin
təşəbbüsü və YUNESKO-nun, BMT-nin Mədəniyyətlər
İttifaqı, Avropa Şurası və İSESKO-nun dəstəyi
ilə təşkil edilən "Dünya Mədəniyyətlərarası
Dialoq Forumu"nda iştirak və
çıxışımla bağlıydı. Forumun gündəliyi
çox sıx olduğu, əvvəldən planlaşdırıldığı
üçün sadəcə ölkə
başçısı, Milli Məclisin Sədri və xarici
işlər naziri ilə görüşməli oldum.
- Azərbaycanlı millət vəkillərinin
AŞPA-dakı is fəaliyyətini necə qiymətləndirirsiniz,
onların fəaliyyətindən razısınızmı?
- Azərbaycan
müstəqillik əldə edən gündən bu yana
ölkədə baş verən prosesləri yaxından
müşahidə edən bir parlamentar kimi son illər
aparılan sosial-iqtisadi inkişafdan çox razıyam. Azərbaycanın
demokratik dövlət quruluşu, güclü iqtisadiyyatı,
sosial bazası və mədəni həyatı ilə Cənubi
Qafqazda nümunə olan bir ölkə olduğunun
şahidiyik. Ölkənizin AŞPA ilə yaxından əməkdaşlıq
etməsi müsbət haldır və bundan çox
razıyam. Azərbaycanı AŞPA-da təmsil edən
nümayəndə heyətinin bu qurumun müxtəlif
komissiyalarında, həm də Baş Assambleyanın işlərində
yaxından iştirak etdiyi üçün qurumun ən aktiv
heyətləri arasında özünəməxsus yeri var. Azərbaycanlı
millət vəkillərinin Avropa Şurasının birgə dəyərlərinin
inkişaf etdirilməsində yaxından iştirak etdiyi
üçün onlara minnətdarlığımı bildirirəm.
Azərbaycan demokratiya yolunu davam etdirərsə, ölkədə
azad fikir və söz azadlığı təmin olunarsa, ədalət
gücləndirilərsə və bu kimi atacağı hər
addım ölkənizi daha da gücləndirəcək və
onu Avropaya daha sıx tellərlə bağlayacağına
ümid edirəm.
- Dağlıq Qarabağla bagli nə
kimi iş görmüsünüz? Deyə bilirsiniz ki bu
işlə ATƏT-in Minsk qrupu məşğuldur. Amma
bütün tərəflər etiraf edir ki bu qrupun fəaliyyəti
heç bir işə yaramır. Bir yandan da deyə bilərsiniz
ki AŞPA-da Dağlıq Qarabağla bağlı Alt Komitə
fəaliyyətə başlayıb. Amma onun işində
iştirak etməkdən çəkinən Ermənistan tərəfinə
səlahiyyətlərinizdən istifadə edib niyə
heç bir tədbir görmürsünüz?
-
Avropada demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərini
yaymaq və daha da inkişaf etdirmək işi hələ
tamamlanmayıb. Avropada hələ də donmuş ixtilaflar,
münaqişələr var. Bunların başında
dayananı Dağlıq Qarabağ problemidir ki, bu gün Cənubi
Qafqazda təhlükəsizliyi və sabitliyi təmin etməyə
mane olur. Bölgədə qalıcı və əhatəli
sülhün təmin olunmasında, bütün Avropa qitəsinin
sabitliyi üçün Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
həlli lazımdır. Bu baxımdan, ATƏT-in Minsk qrupu tərəfindən
aparılan müzakirələrin davam etdirilməsini əhəmiyyətli
sayır və bu müzakirələrin qısa zamanda həll ediləcəyinə
ümid edirik. Mən, Vyananın Şərqindəki
coğrafiyadan AŞPA sədri seçilən ilk üzv
olduğum üçün, quruma rəhbərlik etdiyim
dövrdən Avropanın Şərqində qalan ölkələrin
problemlərinin AŞPA-nın gündəliyinə ən səmərəli
şəkildə salınması və bu ölkələrin
səsinin layıqincə eşidilməsi istiqamətində
ciddi səy göstərirəm. 2005-ci ildə AŞPA-nın
Bürosunda qəbul edilən bir qərar çərçivəsində
yaradılması nəzərdə tutulan Dağlıq
Qarabağ Alt-Komitəsinin bu il yenidən fəaliyyət
göstərməsi istiqamətində addım atdıq. Haqqında
danışılan alt-komitənin
fəaliyyəti üçün 2005-ci ildən bu yana bir
neçə dəfə cəhd edilsə də, müxtəlif
səbəblərdən davamlılığını saxlaya
bilməyib. Bu komitənin fəaliyyəti istiqamətində
atılan addım, Dağlıq Qarabağ münaqişəsinin
həlli prosesində davam etdirilən digər beynəlxalq səylərə,
AŞPA Parlamenti çərçivəsində kömək
etmək məqsədini daşıyır. Bu istiqamətdə
əlaqədar parlamentarilərlə əməkdaşlıq
mühüm əhəmiyyət kəsb edir və biz bu əməkdaşlığa
səy göstəriləcəyinə ümid bəsləyirik.
Laçın SƏMLA
Üç nöqtə.- 2011.- 26
aprel.- S. 4.