"İqtisadiyyatımızın inkişafı dünyada bir fenomendir"

 

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib

 

 Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib. Dövlət başçısı əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub. Akademiyanın prezidenti Mahmud Kərimov bildirib ki, ərazidə fəaliyyət göstərən Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar təmir olunub, geniş yaşıllıq zolağı salınıb. Sonra Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib. Yığıncağı giriş sözü ilə açan AMEA-nın prezidenti Mahmud Kərimov bildirib ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. Dövlət başçısı yığıncaqda giriş nitqi söyləyib. Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını vurğulayıb, bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev qeyd edib ki, 1945-ci ildən fəaliyyət göstərən akademiya böyük və uğurlu yol keçib, alimlərimiz ölkəmizin inkişafına layiqli töhfələr veriblər. Amma buna baxmayaraq, müstəqilliyin ilk illərində akademiyanın ləğv edilməsi ilə bağlı fikirlər səsləndirib. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bu təhlükəni aradan qaldırıb.

Akademiyada Azərbaycanın elitası cəmlənib”, - deyən prezident İlham Əliyev bildirib ki, ölkənin tərəqqisi elmin inkişafı olmadan mümkün deyil. Dövlət başçısı elmi tədqiqatların ölkədə aparılan iqtisadi siyasətlə bağlılığının diqqətdə saxlanılmasının vacibliyinə toxunaraq Elmin İnkişafı Fondunun bu sahədə xidmətlərindən danışıb. O bildirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elmin, təhsilin, iqtisadiyyatın birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər getməlidir. Alimlərimizin elmdə qazandığı uğurlara toxunan prezident İlham Əliyev Azərbaycanın geoloq alimlərinin XX əsrdə həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrilməsi onların elmi kəşflərinin nəticəsidir. Hazırda ölkəmizdə böyük neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin getdiyini diqqətə çatdıran dövlət başçısı bunun yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd edib. “Azərbaycan iqtisadiyyatının inkişafı dünyada bir fenomendir”, - deyən prezident İlham Əliyev bu tərəqqinin təməlində elmin inkişaf prioritetlərinin dayandığını diqqətə çatdırıb. Dövlət başçısı Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayaraq akademiyanın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Bildirib ki, hazırda ölkəmizdə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir və bunlar dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə, intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib. Artıq ölkədə hərbi-sənaye kompleksi də yaradılır. Bu gün Azərbaycanda 430 adda hərbi təyinatlı məhsul buraxılır və gələcəkdə onların sayı artırılacaq. Humanitar elmlərin də inkişafının diqqət mərkəzində olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu sahədə aparılan elmi işlərin səviyyəsi təqdirəlayiqdir. Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətinə toxunan prezident İlham Əliyev Dağlıq Qarabağın qədim və əzəli Azərbaycan torpağı olması ilə bağlı sanballı elmi əsərlərin sayının daha da çoxaldılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov 2010-cu ildə həyata keçirilən elmi tədqiqatlar və onların istiqamətləri barədə hesabat məruzəsi ilə çıxış edib. Akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Akif Hacıyev, Vaqif Fərzəliyev və Bəkir Nəbiyev hesabat məruzəsi ətrafında müzakirələrdə çıxış ediblər, təkliflərini söyləyiblər. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının hesabatı səsə qoyularaq təsdiq edilib. Səslənən təkliflərə münasibət bildirən Prezident İlham Əliyev qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd edib. Yığıncaqdan sonra Prezident İlham Əliyevə gələcəkdə akademiyanın strukturunda yer alan bəzi binaların inşası və yenidən qurulması ilə bağlı həyata keçirilən işlər barədə məlumat verilib. Dövlət başçısı akademiyanın digər hissəsində aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olub.

 

 

Elməddin MURADLI

 

Üç nöqtə.- 2011.- 27 aprel.- S. 3.