“Azadlığın
məhdudlaşdırılması” cəza növü
cərimələrlə əvəzlənir
Eldar Əsgərov: “Bu cəza
növü indiyənədək özünü doğrultmayıb”
Parlamentin
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
aprelin 26-da keçirilən iclasında Cinayət və Cəzaların
İcrası məcəllələrinə dəyişikliklər
edilməsi haqqında qanun layihələrinin müzakirəsi
aparılıb. Sözügedən komitəsinin sədri Əli
Hüseynlinin bildirdiyinə görə, hər iki qanun layihəsi
qanunvericilik təşəbbüsü subyekti – dövlət
başçısı İlham Əliyev tərəfindən
parlamentə göndərilib. Komitə sədri qeyd edib ki, hər
iki sənəd həm də ötən müddət ərzində
müvafiq İşçi Qrupu tərəfindən öyrənilib.
“Qeyd edim ki, hər iki məcəllə ilə bağlı
parlamentin İnsan hüquqları komitəsinin üzvləri tərəfindən
də bir neçə təklif irəli
sürülmüş və onlara da baxılmışdı.
Amma nəzərinizə çatdırmaq istəyirəm ki, hər
iki məsələ bizim komitənin müzakirə predmetidir və
onların komitəmiz tərəfindən parlamentə təqdim
edilməsi nəzərdə tutulur”, - deyə Ə.Hüseynli
sözlərinə əlavə edib.
Sonra
qanun layihələri barədə məlumat verən Milli Məclis
(MM) Aparatının əməkdaşı Eldar Əsgərov
bildirib ki, qüvvədə olan Cinayət Məcəlləsi 1999-cu ildə qəbul
olunub və həmin Məcəllənin 3-cü bölməsi
var ki, o, əsasən cəzalara həsr olunub: “Həmin
bölmənin 42-ci maddəsində cəzanın növləri
sadalanır və bu sadalanma içərisində
“azadlığın məhdudlaşdırılması” cəza
növü də öz əksini tapıb. Həmin dövrdən
bu vaxta kimi bu cəza növü ilə məhkum olunmuş bəzi
məhbuslar məhkumluqları ola-ola digər cinayət əməlləri
də törədiblər. Çünki bir növ onların
üzərində nəzarət yoxdur. Ona görə belə
demək mümkünsə, bu cəza növü indiyənədək
özünü doğrultmayıb”. E.Əsgərovun sözlərinə
görə, bu yaxınlarda Konstitusiya Məhkəməsinin
plenumunda “azadlığın məhdudlaşdırılması”
cəzasına məhkum olunan bir vətəndaşın
işinə baxılıb ki, bu şəxs eyni zamanda müxtəlif
vaxtlarda başqa cinayət əməlləri də törədib:
“Səhv etmirəmsə,
Xəzər rayon Məhkəməsi məsələ
qaldırmışdı ki, bu şəxslə nə cür
davranılmalıdır. Açığı deyək ki,
Konstitusiya Məhkəməsi də böyük çətinliklə
üzləşmişdi. Lakin bununla belə, plenum həmin
şəxslə bağlı qərar qəbul etdi. Bunu
xatırlatmaqda məqsədim odur ki, “azadlığın məhdudlaşdırılması”
cəza növü özünü doğrultmur. İndi
dövlət başçısı tərəfindən
qanunvericilik təşəbbüsü qaydasında daxil olan
qanun layihəsində də Cinayət Məcəlləsinə
59 dəyişiklik təklif olunur. Ümumilikdə
götürəndə Cinayət Məcəlləsinin 101 maddəsində
dəyişiklik
edilib. 3 maddə yeni redaksiyada verilib. 3 maddənin sanksiyası
dəyişdirilib yeni sanksiya verilir. Bundan başqa, Cinayət Məcəlləsinə
2 maddə əlavə olunub. Eyni zamanda nəzərinizə onu
çatdırmaq istəyirəm ki, burada keçid müddəaları
da nəzərdə tutulub. Yəni, qanun qəbul olunandan sonra
“azadlığın məhdudlaşdırılması” ilə
bağlı məsələnin icra mexanizmi necə olmalıdır”.
Qanun
layihələri ilə bağlı E.Əsgərovun məlumatı
dinlənildikdən sonra onların ətrafında müzakirələrə
başlanılıb. Sözügedən komitənin
üzvü, ixtisasca
hüquqşünas olan Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev
hər iki Məcəlləyə təklif olunan dəyişiklikləri
dəstəklədiyini bildirməklə yanaşı, qeyd edib
ki, Cinayət və Cinayət-Prosessual
məcəllələrinə kompleks şəkildə yenidən
baxılmalı və onlara əsaslı dəyişikliklər
edilməlidir. Millət vəkili xüsusilə andlı
iclasları institutu ilə bağlı məsələnin cinayət
qanunvericiliyində əksini tapmasının vacibliyini
vurğulayıb: “Qeyd edim ki, andlı iclasları institutunun
yaradılması ilə bağlı məsələ vaxtilə
müvafiq qanunvericiliyə daxil edilmişdi. Çox təəssüflər
olsun ki, bu məsələ sonradan təxirə salındı
və bugünədək açıq qalır. Ancaq onu da qeyd
edim ki, qonşu Rusiyada andlı iclasları institutu çox
effektli bir institut kimi ölkə həyatına daxil olub. Ona
görə artıq nəhayət bunu Azərbaycanda da tətbiq
etməliyik”. Millət
vəkili həmçinin cinayət qanunvericiliyində cəza
təyini ilə də bağlı məsələlərə
yenidən baxmağın lazım olduğunu söyləyib.
Digər
hüquqşünas millət vəkili, Ədalət
Partiyasının (ƏP) sədri İlyas İsmayılov ilk
öncə müzakirəyə çıxarılan qanun layihələri
ilə bağlı parlamentin müvafiq şöbəsi tərəfindən
deputatlara arayışların təqdim olunmamasına öz
iradını dilə gətirib. Sonra millət vəkili şəxsiyyət
əleyhinə yönəlmiş cinayətlərlə
bağlı cərimə cəzalarının nəzərdə
tutulmasına öz etirazını bildirib: “Ümumiyyətlə,
son zamanlar cərimə cəzalarının tətbiqi
çox geniş yayılıb ki, mən də şəxsən
bunu düzgün hesab etmirəm. Təsəvvür edin, cərimə
cəzası təyin olunur, amma bu, varlılara heç bir təsir
etmir. Yəni, onlar pullarını – kəsilmiş cərimələri
ödəyib, öz işlərini bitmiş sayırlar və
bununla da cərimələrin onlara heç bir təsiri olmur.
Cərimə cəzalarının, sadəcə, kasıblara,
imkansız insanlara ağır təsiri olur. Hesab edirəm ki,
cəza cinayətin mahiyyətindən doğmalıdır. Bu
baxımdan da cəzanın motivi ilə cərimənin motivi əlaqələndirilməməlidir”.
İ.İsmayılov deputat həmkarı Q.Həsənquliyev
kimi indiyə qədər
Azərbaycanda andlı iclasları institutunun
yaradılmamasından da narazılığını ifadə
edib: “Hələ sovetlər dövründə məhkəmələrdə
“xalq iclasçıları” institutu var idi və bu da
özünü doğruldurdu. Ona görə hesab edirəm ki,
artıq bizdə də andlı iclasları institutu
yaradılmalıdır”. Millət vəkili, ümumiyyətlə,
qanunvericiliyin dəyişdirilməsi və təkmilləşdirilməsi
yönündə heç də hər zaman Avropanın tələblərinin
nəzərə alınmasının düzgün
olmadığını iddia edib: “Mən kor-koranə şəkildə
Avropanın tələblərinin nəzərə
alınmasının tərəfdarı deyiləm. Şəxsən
mən belə hesab edirəm ki, hər bir qanun o ölkənin
öz tələblərinə uyğun olmalıdır”.
Geniş müzakirələrdən sonra hər iki qanun layihəsi
parlamentin plenar iclasına tövsiyə olunub.
Elməddin MURADLI
Üç nöqtə.- 2011.- 27
aprel.- S. 5.