Kimsəsizlər
şəxsiyyətini necə təsdiq etdirsinlər?
Nazir Quliyev: «Sənədi olmayan
uşaqlar təhsil və səhiyyə xidmətləri
almaqdan məhrum olur»
Hazırda
respublikamızda şəxsiyyətini təsdiq edən
müvafiq sənədləri olmayan onlarla şəxs var.
Müxtəlif səbəblərdən şəxsiyyət vəsiqəsi
ala bilməyən belə insanlar hüquqlarının
reallaşdırılması sahəsində ciddi problemlər
yaşayır. Xüsusilə, uşaqlar təhsil və tibbi
xidmət almaqdan məhrum olur. Hazırda da həyatlarının
müəyyən dövrlərində cəzaçəkmə
müəssisəsində olan, doğum haqqında şəhadətnaməsi
və ya daimi yaşayış yeri olmayan onlarla şəxs
şəxsiyyət vəsiqəsi ala bilmir. Vətəndaşların
şəxsiyyətini təsdiq edən sənədlə təmin
olması problemini həll etmək üçün nə kimi
işlər görülməlidir?
Məsələyə
münasibət bildirən Uşaq Hüquqları üzrə
QHT Alyansının icraçı direktoru Nazir Quliyevin sözlərinə
görə, hər bir vətəndaş şəxsiyyətini
təsdiq edən sənədlə təmin olunmalıdır:
«Azərbaycan müstəqillik əldə etdikdən sonra
müxtəlif konvensiyalara qoşulub. Həmin beynəlxalq sənədlərə
görə, vətəndaşın daimi yaşayış
yerinin olmaması onun şəxsiyyəti təsdiq edən sənəd
ala bilməməsinə əsas vermir. Hər bir vətəndaş
şəxsiyyətini təsdiq edən sənədlə təmin
olunmalıdır. Amma Azərbaycanda bu problem uzun müddət
aktual olaraq qalırdı. Həyatlarının müəyyən
dövrlərində cəzaçəkmə müəssisəsində
olanlar, küçə həyatı yaşayanlar, internat evlərində
böyüyən və doğum haqqında şəhadətnaməsi
olmayan yeniyetmələr, doğum haqqında sənəddə
valideynlərinin hansınınsa adı göstərilməyən
uşaqların sonradan şəxsiyyət vəsiqəsi ilə
təmin olunması problemə çevrilmişdi. Amma qeyd
etdiyimiz kimi, bu kimi hallar vətəndaşların şəxsiyyətini
təsdiq edən sənədin verilməməsi
üçün əsas ola bilməzdi. Həmçinin, bu vətəndaşların
hüquqlarının pozuntusu idi. Sənədi olmayan
uşaqlar təhsil və səhiyyə xidmətləri
almaqdan məhrum olur, yuxarı yaşlılar isə iş tapa
bilmirdilər. Buna görə də məsələ mütəmadi
olaraq gündəmə gətirilirdi və sonda Konstitusiya Məhkəməsinin
bu məsələ ilə bağlı bir şərhi oldu. Həmin
şərhdə də göstərilirdi ki, daimi
yaşayış yerinin olmaması vətəndaşın
şəxsiyyətini təsdiq edən sənədi ala bilməməsinə
əsas ola bilməz. Sonradan Nazirlər
Kabinetinin də müvafiq qərarı oldu və bu kimi şəxslərin
sənədlə təminatı məsələsi qismən həll
edildi».
«VƏTƏNDAŞIN SƏNƏDİNDƏ
ATA, YAXUD ANA ADI GÖSTƏRİLMƏYƏNDƏ ONA
MÜNASİBƏT BİRMƏNALI OLMUR»
N.Quliyevin
sözlərinə görə, bu sahədə daha ciddi problem
küçə həyatı yaşayan uşaqlarla
bağlı yaşanırdı: «Küçədə
yaşayan uşaqların bir qismi rayonlardan gəlib və
heç bir sənədləri yoxdur. Həmçinin, elə
uşaqlar var ki, nigahdan kənar doğulub və valideynləri
haqqında məlumat əldə etmək çətindir.
Apardığımız araşdırma zamanı indiyədək
təxminən 50 nəfər bu cür uşağın sənədlə
təmin edilməsi məsələsinə kömək
etmişik. Eyni zamanda əvvəllər internat evlərində
böyüyən uşaqlara şəxsiyyət vəsiqəsi
verilərkən orada şəxsin yaşadığı
ünvan kimi internat evinin nömrəsi göstərilirdi.
Uşağın hansı internat evində böyüməsinin
onun şəxsiyyət vəsiqəsinə yazılması isə
bəribaşdan onun üçün ayrı-seçkilik
yaradırdı. Rəsmi qurumlara edilən çoxsaylı
müraciətlərdən sonra bu problemin həlli qismən
mümkün oldu. Artıq şəxsiyyət vəsiqələrində
internat evlərinin nömrəsi əvəzinə həmin
müəssisənin yerləşdiyi hüquqi ünvan
göstərilir. Bundan başqa internat evlərində
böyüyən 40-dək uşaq var idi ki, onların ya
doğum haqqında şəhadətnamələri yox idi.
Yaxud da həmin sənəddə ata, yaxud ana adı göstərilməmişdi.
Təbii ki cəmiyyətimiz hazır olmadığından vətəndaşın
sənədində ata yaxud ana adı göstərilməyəndə
ona münasibət birmənalı olmur. Həmin şəxs
istər-istəməz normal qəbul olunmur. Bu uşaqların
da doğulduqları rayonun icra hakimiyyətləri, yerli qəyyumluq
şöbələri ilə əlaqə yaradaraq bu problemitn həllinə
yardım etdik. Həmçinin, məhkəmə qaydasında
həmin uşaqların ata və ana adlarının sənədlərinə
yazılmasına yardım göstərdik».
N.Quliyev
hesab edir ki, elə tədbirlər görülməlildir ki,
uşaq internat evlərinə tərk edənədək onun
şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi
mümkün olsun: «İnternat evlərində böyüyən
uşaqların şəxsiyyət vəsiqəsi alması
artıq həllini tapır. Sadəcə həm də ciddi tədbirlər
görülməlidir ki, həmin uşaqlar internat evini tərk
etmədən şəxsiyyətini təsdiq edən sənədi
ala bilsin. Küçə uşaqları isə müəyyənləşdirilərək
müxtəlif günərzi mərkəzlərinə yerləşdirilməli
və onların qeydiyyatı aparılmalıdır. Belə
olan halda ölkə qanunvericiliyinə əsaslanılaraq
onların da sənədlə təminatını həyata
keçirmək mümkün olar. Çünki Nazirlər
Kabinetinin qərarına uyğun olaraq, əgər vətəndaşın
daimi yaşadığı yer yoxdursa, o, ərazi üzrə
polis şöbəsinin hüquqi ünvanında qeydiyyata alınır.
Bu qayda cəzaçəkmə müəssisələrini tərk
edən və daimi yaşayış yeri olmayan vətəndaşlara
aiddir. Onlar ərazi üzrə polis bölmələrində
qeydiyyata alınmalıdır».
N.Quliyevin
sözlərinə görə, həmin şəxslərə
bəzən polis bölmələrində əngəllər
yaradılır: «Polis bölmələri, xüsusən, həbsdən
çıxan şəxslərin şəxsiyyət vəsiqəsində
polis bölməsinin hüquqi ünvanının
yazılmasında maraqlı deyillər. Onlar bildirir ki, həmin
şəxslər cinayətə meylli olur və belə
hallarda məsuliyyət polis bölməsinin üzərinə
düşür. Amma ailədə böyüyən şəxs
də cinayət törədə bilər və bu işdə
məsuliyyət valideyinlərin
üzərinə düşmür».
Təhsil
Nazirliyinin nəznində yaradılan De-institusionalizasiya və Uşaqların Müdafiəsi
İdarəsinin rəisi Məlahət Hacıyeva isə
uşaqların doğum haqqında şəhadətnamə və
şəxsiyyət vəsiqələrinin alınması məsələsinə
xüsusi diqqət ayrıldığını
vurğuladı. Təhsil Nazirliyi bu istiqamətdə əlaqədar qurumlarla
iş aparır. Bunun nəticəsində Ədliyyə
Nazirliyinin müvafiq dəstəyi ilə 2009-cu ildə 33 nəfər
uşağa, 2010-cu ildə isə 31 nəfər uşağa
doğum haqqında şəhadətnamə alınıb. Bu
istiqamətdə işlər davam etdirilir.
Xalid
Üç nöqtə.- 2011.- 27
aprel.- S. 8.