“Mən ürəyimin yarısını itirmişəm”

 

Pərviz Məmmədov: “Hərdən düşünürəm ki, görəsən niyə Anar “sağol” demədi... ”

 

 Son zamanlar sosial şəbəkələrdə insanların ən çox yazdığı fikirlər sırasında ölüm və olum məsələsinin üstünlük təşkil etdiyini desək yanılmarıq. Xüsusən də “ölüm yaşa baxmır” ifadəsi daha çox işlədilir. Əslində bu bir həqiqətdir. Yaşa baxmayan ölümün isə gəncləşdiyi fikrini çoxları təsdiqləyir. Elə Anar Məmmədxanovun ölümü də bir daha bizi bu fikirə inanmağa vadar etdi.

Məlum olduğu kimi, Milli Məclisin keçmiş üzvi, "Bakılı Oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov aprelin 24-də ürək tutmasından dünyasını dəyişib.

Anar Məmmədxanov - çoxlarının dostu idi.. Və çoxları da onu özünə əsl dost bilirdi. Bu gün barəsində danışan hər bir kəs bu sözləri deyir “o dostluq etməyi bacarırdı”... Hər kəslə mehriban ünsiyyət quran, hətta tanımadığı insanlara kömək etməyə çalışan, daim nələrsə etməyə cəhd göstərən Anarın əsl dostu kim idi sualına cavab tapmaq çox çətindir. Çünki, hər kəs onu yanında hiss edirdi. Bəs o? Onun əsl dostu kim idi? Məncə, o eyni zamanda çoxlarının dostu olmağı da yaxşı bacarırdı. Elə Pərviz Məmmədovun da dostu idi. Nəin ki, dostu, hətta... Müsahibim demişkən, “bizi bir çox məqamlar birləşdirsə də, əsas olaraq o mənim ürəyimin yarısı idi”.

Bu günədək Anar barəsində yazılan heç bir məqalədə bu insanın dostu barəsində söylədiyi xatirələri oxumadım. Çünki, Anar Məmmədxanov barəsində çox insanlar danışdı, bircə Pərviz Məmmədovdan başqa... Əslində isə Anarın ən çox görüşdüyü, söhbətləşdiyi şəxs məhz Pərviz Məmmədov idi desək yanılmarıq. Məlum olduğu kimi, “Bakılı Oğlanlar” komandasının keçmiş kapitanı bir neçə ildi ki, “ULTRA” prodakşının prezident kimi çalışırdı. Uzun illərdir ki, dostluq etdiyi Pərviz Məmmədov isə direktoru idi. Necə deyərlər, Anarın sağ əli idi. 

P.Məmmədovla söhbətə başlayanda onun ilk sözü “Mən bir sözlə deyim ki, ürəyimin yarısını itirmişəm” oldu: “Biz uzun illərin dostu idik. Onunla tanışlığımız “Bakılı oğlanlar” klubunun yaradıldığı vaxtlara təsadüf edir. KVN komandası üçün seçimlər keçirilərkən tanış olduq. Elə o zamandan dostluğumuz başladı, son günədək... Əslində biz yalnız dost deyildik. Anar mənim böyük qardaşım idi. O özü də həmişə deyirdi ki, mən Pərvizin böyük qardaşıyam. Mənə çox dəstək oldu. Gənc bir oğlan idim, əlimdən tutub bu pilləyə qədər gətirdi. Son günədək bizim dostluğumuzla yanaşı işbirliyimiz də davam etdi. Hər zaman bir-birimizin yanında olurduq. Hətta deyim ki, ölümündən bir gün öncə də bir yerdə idik. Birgə “Comedy şou”nu izləməyə getmişdik. Heç ağlıma belə gəlməzdi ki, sabah bu vaxt artıq Anar olmayacaq. Əhvalı çox yaxşı idi, deyib-gülürdü. Ümumumiyyətlə, o çox zarafatcıl, ünsiyyətcil insan idi. Elə bir gün olmurdu ki, biz danışmayaq. Gün ərzində ən azı 2-3 dəfə zəngləşirdik. O mənə tapşırıqlar verirdi. Sonuncu söhbətimiz zamanı sağollaşanda “sağol” demədi. Hərdən düşünürəm ki, görəsən niyə “sağol” demədi... Nə bilim vallah onun ölümü barəsində danışmaq həm çox ağırdır, həm də qəribədir”.

Anar Məmmədxanovun ölüm xəbərini isə ona Murad Dadaşov çatdırıb: “Murad zəng edib dedi ki, Anar ölüb. İnana bilmirdim, inanmaq istəmirdim”.

Pərviz Məmmədov bəzi KİV-lərdə Anar Məmmədxanovun hakimiyyətdəki məmurların təzyiqləri nəticəsində gərginlik keçirdiyi, bu səbəbdən də ürəyinin dözmədiyi ilə bağlı yazılanlara da münasibət bildirdi. Xatırladaq ki, deyilənlərə görə, Əli Əsədov (Azərbaycan Respublikası Prezidentinin köməkçisi – red.) Anar Məmmədxanovu verdiyi müsahibəyə görə danlayıb və təhdid edib. Müsahibim isə sualın cavabında “Anarın ölümündən 30 dəqiqə sonra Əli Əsədov artıq orda idi” dedi: “Bu sözü deyənlər utansınlar. Anar kimi bir insanın ölümünə bu cür don geyindirmək düzgün deyil. Ayıb olsun onlara... Bu sözü deyən 3-5 adam var, hansı ki, özləri də elə o cürdür. Burda olanlar çox yaxşı bilir ki, hadisədən yarım saat keçməmiş Əli Əsədov gəldi”.

Pərviz Məmmədovla söhbət əsnasında o da məlum oldu ki, sən demə mərhum ölümündən iki gün öncə yeni filmin çəkilişlərini bitirmişdi. P.Məmmədovun sözlərinə görə, filmin süjet xətti “Kubinka” barəsindədir. Ölümündən iki gün öncə bədii hissələrin çəkilişləri qurtarmışdı. Bu gündən isə artıq montaj işlərinə başlayırıq. Çalışacağıq ki, “40” mərasiminə kimi hazır edək”.

 

 

Üç nöqtə.- 2011.- 27 aprel.- S. 13.