Dünya iqtisadiyyatı hər gün
100 milyard dollar itirir
Əli Məsimli: «Bəzi şirkətlərin
itirdikləri vəsaitlərin həcmi isə 5 milyard dollara qədər
yüksəlib»
ABŞ-ın
kredit reytinqinin «Standart end Poors» agentliyi tərəfindən
aşağı salınması amerikalı konqresmenlərinin
ABŞ-ın borc tavanının qaldırılması və
büdcə kəsirinin azaldılması istiqamətində
operativ şəkildə razılığa gələ bilməməsinin
nəticəsidir. Bu fikri ABŞ prezidenti Barak Obama səsləndirib.
ABŞ
prezidentinin sözlərinə görə, reytinqin
aşağı düşməsindən qaçmaq olardı,
ancaq bunun üçün gərək Konqres üzvləri
vaxtında kompromisə getmək üçün istək
nümayiş etdirə idi. Onun sözlərinə görə,
reytinqin aşağı salınması ABŞ-ın
hesabları ödəyə bilməməsi səbəbindən
deyil, Vaşinqtondakı siyasətçilərin bir araya gələrək
məsələləri həll edə bilməməsinə
görədir.
ABŞ
prezidenti «bu bizim özümüzün özümüzə
vurduğumuz yaradır» deyib. Ağ Ev rəhbəri vurğulayıb ki, 2007-ci ildən
sonra ölkə iqtisadiyyatın bərpası kifayət qədər
sürətlə getmir. Onun sözlərinə görə,
buna daxili amillərlə yanaşı, neftin qiymətinin
artımına gətirib çıxaran Yaxın Şərqdə
baş verən qarışılıqlıq və
Yaponiyadakı dağıdıcı zəlzələ səbəb
olub.
Qeyd edək
ki, ABŞ-ın kredit reytinqinin aşağı
salınmasından sonra keçirilən ilk hərraclarda bu
ölkənin aparıcı fond indeksləri 5,4 - 6,9 faiz-ə
qədər düşüb. «Dow Jones» indeksi isə 5,42 faiz dəyərsizləşib.
Bu, onun maliyyə böhranının tüğyan etdiyi 2008-ci
ilin dekabr ayından bu yana ən yaxşı göstəricidir.
Geniş bazar indeksi «S&P 500» 6,66
faiz, yüksək texnologiyalı şirkətlər
indeksi «NASDAQ» 6,9 faiz düşüb. Neftin qiyməti də son
8 ay ərzində kəskin şəkildə ucuzlaşıb.
Nyu-Yorkda neftin bir barrelinin qiyməti həftə ərzində
7 faiz azalaraq 81 dollara qədər azalıb.
İqtisadçı
millət vəkili Əli Məsimli bildirdi ki, Avropa daxil olmaqla
bütün dünyada səhmlərin, indekslərin qiymətləri
düşüb: «Amerikanın kredit
reytinqinin aşağı salınması Birləşmiş
Ştatlar daxil olmaqla dünyanın aparıcı
birjalarında narahatlıq yaradıb. İlkin hesablamalara görə, indekslərin qiymətinin
düşməsi yalnız bir gündə dünya
iqtisadiyyatına 100 milyard dollardan artıq ziyan vurub. Bir
sıra şirkətlərin isə itirdikləri vəsaitlərinin
həcmi 5 milyard dollara qədər yüksəlib».
İqtisadçının
sözlərinə görə, yaranmış vəziyyət
yalnız idekslərin, səhmlərin qiymətinin
aşağı düşməsinə deyil, dünya
iqtisadiyyatında yeni böhranın yarana biləcəyi ilə
bağlı narahatçılığın
formalaşmasına da səbəb olub: «Birjalarda indekslərin
aşağı düşməsinin, eləcə də
ABŞ-ın uzun müddət defolt təhlükəsi ilə
üz-üzə qalmasının səbəbi Amerikanın
xarici borcunun yüksəlməsidir. Belə ki, ABŞ-ın
xarici borclarının məbləği 14 trilyon 300 milyard
dollardır. Adambaşına düşən xarici borc 45 min 97 dollar, xarici borcların ümumi daxili məhsuldakı
payı 97 fazidir. Bu da Birləşmiş Ştatların
tarixində ən kritik hədd hesab edilir».
Dünyanın
ən böyük brijası olan Nyu-York Fond birjasının
Amerikada yerləşdiyini xatırladan iqtisadçı mütəxəssis
Vüqar Bayramov isə dedi ki, kredit reytinqinin aşağı
düşməsi Nyu-York Fond birjasında indekslərin ucuzlaşmasına,
Avropa daxil olmaqla bütün qitələrdə səhmlərin,
indekslərin qiymətinin azalmasına gətirib
çıxarıb: «Avropa Birliyi, xüsusilə
Yunanıstandan sonra İtaliya və
İrlandiya iqtisadiyyatlarında problemlərin
yaşanması, bu ölkələrin səhmlərinin dəyərinin
aşağı düşməsi böhran təhlükəsinin
artmasına, o cümlədən reallaşmasına səbəb
olub. Bütövlükdə böhranın ikinci mərhələsi
başlayarsa bu, dünya , həmçinin Azərbaycan
iqtisadiyyatına mənfi təsir edəcək. Çünki
Dövlət Neft Fondunun aktivlərinin əhəmiyyətli
hissəsi ABŞ-ın dövlət istiqrazlarının
alınmasına yönəldilib. Dövlət istiqrazları
az riskli hesab edilsə də, «Standard and Poor's» reytinq agentliyinin
son qiymətləndirmələri Amerikanın dövlət
istiqrazlarının da gəlirlik səviyyəsinin aşağı
düşdüyünü gösətirir. Hansıki bu, Neft Fondunu aktivlərinin idarə
edilməsindən əldə etdiyi
vəsaitlərinin azalmasına gətirib çıxara
bilər».
Məlumat
üçün bildirək ki, fondun aktivlərinin 47 faizi
Avropa Birliyində saxlanılır. Avropa Birliyində
müşahidə edilən böhran da birmənalı şəkildə
DNF-ın aktivlərinin idarə
olunmasından əldə edilən vəsaitin həcminin
azalmasına təsir göstərəcək.
İqtisadçılar
Rusiya birjalarında da səhmlərin qiymətlərinin
aşağı düşməsinin müşahidə
edildiyini vurğulayır. Proseslər belə deməyə əsas
verir ki, böhranın ikinci mərhələsində
böhranın vuracağı ölkə daha çox Rusiya
olacaq. Nəticədə bu ölkədən Azərbaycana
daxil olan vəsaitlər azalacaq. Hətta böhranın ikinci mərhələsinin
azərbaycanlıların Rusiyadakı biznesi üçün
ciddi təhlükələr yaradacağı ehtimal edilir. Yeri
gəlmişkən, Rusiya mətbuatının
hesablamalarına əsasən il ərzində Azərbaycana 5
milyard dollara yaxin vəsait göndərilir. Həmin vəsaitlər
regionlarda yaşayan əhali üçün sosial baxımdan
böyük dəstəkdi. Bunları nəzərə alsaq
Rusiyadakı böhranın Azərbaycandakı sosial vəziyyətə
təsiri qaçılmazdır.
İqtisadçı Ə.Məsimli böhranın dünya, eləcə də Azərbaycan iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmədiyini söylədi. O, digər narahatçılıq kimi Azərbaycanın rezervlərinin önəmli birhissəsinin dollarla saxlanmasını göstərir: «ABŞ-ın kredit reytinqinin aşağı düşməsi dolların məzənnəsinin azalmasına gəritib çıxara bilər. Bütövlükdə dolların məzənnəsi ilə bağlı proqnozlar göstərir ki, böhranın ilk aylarında dolların məzənnəsinədə azalmalar baş verəcək. Sonrakı mərhələdə isə dolların başqa valyutalara, eləcə də manata təzyiqinin artması müşahidə ediləcək. Bu da böhran başladıqdan sonra Mərkəzi Bankın mütəmadi olaraq dövriyyəyə dollar buraxmasına, eləcə də manatın məzənnəsinin qorunması yönündə xərclərini kəskin artırmasına gəritib çıxaracaq. Bütün hallarda dünya ciddi böhranla üz-üzədir. Bu böhran maliyyə ilə yanaşı real sektorda ciddi böhran yaradacaq. Nəticədə dünyada və Azərbaycanda istehlak mallarının qiyməti artacaq».
Əfsun
Üc nöqtə.- 2011.-13
avqust.-S.9.