Mikrolayihələrdən 23,4 min məcburi köçkün faydalanıb

 

Hazırda qəsəbələrdə yaşayan 3 mindən çox insana kredit verilib

 

Qeyd edək ki, 2010-cu ilin birinci yarısında ölkə ərazisində yaradılmış yeni müəssisələrin təqribən 6-7 faizi qaçqın və məcburi köçkünlərə verilən güzəştli kreditlər hesabına yaradılıb. Bu müddətdə onlar üçün 1500-dən artıq yeri yaradılıb. 2011-ci ilin 6 ayı ərzində isə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyionun struktur bölmələri ilə qarşılıqlı fəaliyyət nəticəsində 742 nəfər daimi işlə təmin olunub, 258 nəfərə işsizlik statusu verilib, 296 nəfərə işsizlik müavinəti təyin edilib. 284 nəfər əmək bazarının müasir tələbləri əsasında peşə hazırlığı kurslarına cəlb olunub. Azərbaycanın təhsil naziri Misir Mərdanov təhsil müəssisələrinin fəaliyyət göstərdiyi ərazilərə yaxın yerlərdə məskunlaşmış və işləməyən məcburi köçkünlərin vakant yerlərinə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə əmr imzalayıb. Əmrdə həmçinin nazirliyin tabeliyində olan təhsil müəssisələrində çalışmış və özlərindən asılı olmayaraq yerindən məhrum olmuş məcburi köçkünlərə 2012-ci il yanvarın 1-dək orta aylıq əməkhaqqının ödənilməsinin təmin edilməsi öz əksini tapıb. Mərdanov orta aylıq əməkhaqqı alan məcburi köçkünlərin dəqiqləşdirilmiş adlı siyahılarının qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim olunmasını tapşırıb.

Azərbaycan Nazirlər Kabineti 9 mart tarixində büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər barədə qərar verib.

Bundan başqa, beynəlxalq maliyyə təşkilatları da qaçqın və məcburi köçkünlərin işlə təmin olunmasında və onların həyat şəraitinin yaxşılaşdırılmasında fəal iştirak edir. Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında bağlanmış kredit sazişi üzrə cari ilin 6 ayı ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 85 müxtəlif növ icma mikrolayihəsi başa çatıb və bu mikrolayihələrdən 33,5 min nəfər əhali faydalanıb ki, bunlardan da 23,4 mini məcburi köçkünlərdir.

Dünya Bankı və Azərbaycan Hökumətinin maliyyə vəsaiti hesabına Azərbaycanın müxtəlif rayon və şəhərlərində 179 nəfərə, o cümlədən 147 nəfər məcburi köçkünə, ümumi məbləği 276 min manat təşkil edən mikrokreditlər verilib. Bu mikrokreditlərdən 524 nəfər məcburi köçkün faydalanıb ki, bu da onların məşğulluğunun təmin edilməsində mühüm önəm daşıyır.

Hazırda Azərbaycanda iri aqrar komplekslərinin yaradılması istiqamətində işlər davam etdirilir. Bununla bağlı dövlət başçısının Nazirlər Kabinetinin iclasında verdiyi göstərişdən sonra Azərbaycanda yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi işlərinə start verilib. Artıq komplekslər üçün torpaqların əsasən hansı ərazilərdə axtarılacağı təqribən də olsa müəyyənləşdirilib. Bura Qazax, Samux rayonları və Kür-Araz ovalığına daxil olan ərazilər aiddir. Ümumiyyətlə, KürAraz çayları keçən bütün rayonları əhatə edəcək. Belə komplekslərin dövlətə məxsus qış otlaqlarında və asudə dövlət torpaq fondundan ayrılmış ərazilərdə yaradılması nəzərdə tutulur. Onlardan toplanan məhsulların emalı ilə bağlı müəssisələr də yaradılacaq. Kompleksin ərazisində əkin sahələri ilə yanaşı zəruri infrastruktur, o cümlədən burada işləyənlər üçün yaşayış obyektləri tikiləcək. Bundan başqa, kompleksin yaxınlığındakı yaşayış məntəqələrinin sakinləri burada çalışa biləcəklər. Bunun üçün kompleks işçi qüvvəsinin çox olduğu yaşayış məntəqələrinin yaxınlığında yaradılması nəzərdə tutulur. Məsələn, qaçqın şəhərciklərinin yaxınlığında da yaradıla bilər, burada işçi qüvvəsi çoxdur. Yəni, həm qaçqınlar işlə təmin olunar, həm də kompleks lazımi işçi qüvvəsini əldə edər. Əgər yaxınlıqda yaşayış məntəqəsi yoxdursa, burada çalışanlar başqa ərazilərdən də gətirilə və burada yaşaya bilərlər. Bu, qaçqınların həm işlə, həm də evlə təminatında çox önəmli faktordur. Aqrar kompleksin ərazisində emal müəssisələrinin yaradılması isə ölkə iqtisadiyyatına daha bir töhvədir. Bu istiqamətdə artıq təcrübə var. Ötən il istifadəyə verilən Biləsuvardakı "Natural Green Land" kənd təsərrüfatı müəssisəsi və konserv zavodu da bu qəbildəndir. Kənd təsərrüfatı müəssisəsi 3450 hektar əkin sahəsi var ki, onun da 2839 hektarı suvarılan sahələrdir. Əkilən torpaq sahələri əvvəllər örüş yeri kimi istifadə edilsə də, indi əraziyə drenaj kanalları çəkilib, müasir suvarma sistemi yaradılıb və əkin üçün yararlı vəziyyətə gətirilib. Bundan başqa, müəssisədə 250 nəfər işlə təmin olunub, lakin mövsümlə əlaqədər orada işçilərin sayı 2500-ə çatdırılır. Onların da əksəriyyəti qaçqınlardır. Bu kimi müəssisələrin açılması işsizlik probleminin aradan qaldırılması ilə yanaşı, qaçqınların həyat şəraitinin aradan qaldırılmasında da önəmli rol oynayacaq.

Ümumiyyətlə, qaçqınların məşğulluğu ilə bağlı digər tədbirlər planı çərçivəsində də mühüm addımlar atılır. Məsələn, məşğulluq orqanları daimi olaraq qaçqın və məcburi köçkünlərin işsizlik problemini araşdırır və müəssisələrdə yeni yerlərinə tələb olanda ilk növbədə, həmin insanların təminatına üstünlük verir. Onu da qeyd edək ki,  ölkədə məşğulluq orqanlarında rəsmi qeydə alınmış təqribən 41 min nəfər işsizin 14 min nəfəri qaçqın və məcburi köçkünlər olub. Məşğulluq xidməti bu insanların işlə təminatı, müxtəlif peşələrə cəlb olunması, işsizlik müavinətlərinin təyin olunması və digər tədbirləri həyata keçirərək mühüm nəticələr əldə edib. Məsələn, məşğulluq orqanları tərəfindən işlə təmin olunan 28382 nəfərdən 1865 nəfəri, rəqabətə davamlı peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunan 4827 nəfərdən 471 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunan 1508 nəfərdən 190 nəfəri, kvota üzrə işlə təmin edilən 1213 nəfərdən 254 nəfəri, işsizlik müavinəti təyin edilən 5687 nəfərdən 630 nəfəri qaçqın və məcburi köçkünlər olub. Bundan başqa, Azərbaycan hökuməti hər bir qaçqın ailəsinə 12 sot həyətyanı torpaq sahəsindən əlavə, təsərrüfatla məşğul olmaq üçün 60 sot torpaq verib, eyni zamanda, ən aşağı faizlə, təxminən 3 faizlə kreditlərlə təmin edib. Hökumət onların yerləri ilə təmin olunmaları üçün davamlı tədbirlər görməkdədir. Hazırda bu qəsəbələrdə 3 mindən çox insana kreditlər verilib.

Onu da qeyd edək ki, hökumət qaçqın və məcburi köçkünlərin məşğulluğunun həlli ilə yanaşı, onların sosial vəziyyətini yüksəltmək üçün ünvanlı yardım mexanizminin imkanlarından yararlanmaları üçün geniş imkanlar yaradıb. Məsələn, ölkə üzrə 166332 ailəyə təyin edilmiş ünvanlı dövlət sosial yardımının bir hissəsi məcburi köçkün ailələrinə verilir. Yəni, 11212 məcburi köçkün ailəsi sosial yardımlarla əhatə olunub. Həyata keçirilən bu məqsədyönlü tədbirlərin nəticəsi olaraq məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı düşüb.

 Cari ilin 6 ayı ərzində məcburi köçkünlərin kommunal xidmətlərlə bağlı yaranmış problemlərin həll edilməsi üçün komitə tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarının 41 məskunlaşma obyektlərinə 20 ədəd müxtəlif markalı güc transformatorları, 12 ədəd KTP şkafları, 32 ədəd artezian və digər su nasosları, 2030 metr müxtəlif markalı güc kabelləri, 37000 metr elektrik naqilibir sıra başqa yardımçı avadanlıq və materiallar verilib.

Xatırladaq ki, son 20 ildə Azərbaycandakı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə 4,5 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Həmin vəsaitin 2,6 milyard dolları büdcə vəsaiti, 1 milyard dolları Dövlət Neft Fondunun vəsaiti, 900 milyon dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.

 

 

Üç nöqtə.- 2011.- 26 avqust.- S.5.